Məhkəmə qərarları › İş №2-1(112)-548/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-548/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-548/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə İsayeva Gülay Rəhim qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş idarəsinin Cavabdeh qarşı ("xxxx" QSC-nin üçüncü şəxs qismində cəlb edildiyi) “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş idarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə borcuna görə qiyməti 6000 manat olan “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə 24364,93 manat borcuna görə 6.000 manat dəyərində əmlakı – 2011-ci il buraxılış ili olan “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2021-ci il tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin dövlət büdcəsinə 6.000 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmə araşdırması ilə qeyd edilən avtomobilin ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-də girovda olması müəyyən edildiyindən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, "xxxx" ASC üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Qeyd edilən ipoteka müqaviləsi üzrə tələb hüququ, "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə əsasında "xxxx" QSC-yə güzəşt edildiyindən, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş "xxxx" ASC "xxxx" QSC ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, vergi ödəyicisi kimi cavabdeh qeydə alınsa da, sahibkarlıq fəaliyyətini göstərən başqa şəxsdir. Qeyd edilən avtomobil isə cavabdehin sahibliyində deyil. Həmin avtomobil etibarnamə əsasında başqa şəxslərə keçmişdir, hazırda da avtomobilin harada olması barədə cavabdehin məlumatı yoxdur. Qeyd olunanları nəzərə alaraq, cavabdehin nümayəndəsi iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. İddia ərizəsinə əlavə edilmiş ərizədə iddiaçı iş yükünün çox olmasını nəzərə alaraq, məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2020ci il tarixli **********2 saylı bildirişdən görünür ki, cavabdehdən xx.xx.2020-ci il tarixə vergilər üzrə 17.284,46 manat, faizlər üzrə 6.980,47 manat, maliyyə sanksiyaları üzrə 100 manat olmaqla, ümumilikdə 24364,93 manat vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarına əsasən, Cavabdeh (VÖEN **********) əmlakının siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********8 nömrəli protokoldan görünür ki, “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarına əsasən, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh 9.000 manat dəyərində əmlakı – 6000 manat dəyərində “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır. İş materiallarından görünür ki, əmlakın siyahıya alınması haqqında qərarın icra edilməsi məqsədi ilə vergi ödəyicisinə mülkiyyətində olan “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə siyahıya alınmaya təqdim etməsi barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin avtomobil siyahıya alınmaya təqdim edilməmiş və nəticədə vergi ödəyəcisinin iştirakı olmadan avtomobil sıyahıya alınaraq protokol tərtib edilmiş, həmçinin avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməməsi (imtina edilməsi) barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş çıxarışdan müəyyən olunur ki, “VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən Cavabdeh adına qeydiyyatda olmaqla, ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Səbail filialında girovdadır. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC ilə "xxxx" ASC arasında problemli aktivlərin satın alınması barədə xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əlavə olaraq Cavabdeh ilə bağlanmış xx.xx.2012-ci il tarixli 1340 nömrəli kredit və ipoteka müqavilələrinə dair sənədlərin təhvil-təsliminə dair S- AVK-1608 nömrəli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1, 23.1.6 və 23.1.15-1-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 №li Fərmanının 1.40-1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Lakin, hazırkı iş üzrə siyahıya alınmış avtonəqliyyat vasitəsinin satışının həyata keçirilməsi istisna edilir. Belə ki, siyahıya alınmış əmlak – VAZ 21154” markalı 90ND116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü olduğundan və bununla da avtomobil üzərində qeydiyyatla bağlı məhdudiyyət olduğundan, cavabdehin vergi borcunun həmin əmlaka yönəldilməsi və əmlakın satışı istisna edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar