Məhkəmə qərarları › İş №2-1(112)-5480/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5480/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5480/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.03.2021-ci il tarixli **********145281 nömrəli qərarın maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən qanunsuz əlverişsiz inzibati akt hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18 iyul 2017-ci il tarixli 314 nömrəli Sərəncamına əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evini sökərək yerində təqdim etdiyi layihəyə əsasən, yeni müasir üslubda dörd mərtəbəli çoxmənzilli yaşayış evi tikmişdir. Qeyd olunan sərəncamla İddiaçı söküntu aparılan ərazidə çoxmənzilli dörd mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir. Fərdi yaşayış evinini tikintisinə 2017-ci ilin avqust ayında başlanmış və hazırda tamamlama işləri görülür. Tikinti layihəsinə uyğun olaraq bütün işlər görüldükdən sonra çoxmənzilli yaşayış evinə Suraxanı rayon İcra Hakimiyyətinin “Evlərin Hüquqi qeydiyyata alınması komissiyası” tərəfindən istismara qəbul edilməsinə dair müvafiq akt verildikdən sonra yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən “Mülkiyyət Hüquqlarının dövlət qeydiyyatına dair Çıxarış alınacaqdır. Bu Çıxarış olmadan həmin fərdi yaşayış evində olan mənzil payından heç kimə satmaq mümkün deyildir. İddiaçı tərəfindən tikinti aparılması ilə bağlı heç bir qanun pozuntusuna yol verilməmişdir. İddiaçı özünə səxsi mülkiyyətində olan mənzili söküb yerində ailəsinin ehtiyaclarına uyğun olaraq çoxmənzilli fərdi yaşayış evi tikməklə vergi ödəyicisi sayıla bilməz. Vergi əməkdaşları tərəfindən yanlışlığa yol verilmiş, şəxsi ehtiyacları üçün tikilmiş çoxmənzilli yaşayış evi beş mərtəbəli olduğundan vergi əməkdaşları onu kommersiya məqsədi üçün tikilmiş bina kimi qəbul etmiş, buna görə də yanlış nəticə çıxarmışlar. Bununla vergi əməkdaşları Vergi qanunvericiliyinin tələblərini pozmuşlar. Belə ki, vergi orqanının istinad etdiyi qanunvericilik normasının tələbindən göründüyü kimi vergi ödəyicisinin gəlirlərini və ya vergitutma obyektlərini gizlədilməsinin əlamətləri müəyyən edildikdə həmin vergi ödəyicisinin fəaliyyəti vergi orqanının müvafiq qərarına əsasən yoxlanıla bilər. İddiaçı vergi ödəyicisi deyildir, yəni qanunvericiliyin nəzərdə tutuduğu subyekt deyildir. İddiaçı adi vətəndaş olmaqla şəxsi ehtiyacları üçün tikidiyi çoxmənzilli yaşayış evi beş mərtəbəli olduğundan vergi əməkdaşları onu kommersiya məqsədi üçün tikilmiş bina kimi qəbul etmiş və bu əsasla iddiaçı tərəfindən əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 21.05.2020-ci il tarixli **********2063 nömrəli Qərar” qəbul etmişdir. Bu qərar əsassız və qanunsuzdur.Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə Sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir. İddiaçı belə fəaliyyət göstərmir, bu fəaliyyətlə məşğul olmur və bu tikintidən hər hansı mənfət götürməmişdir. Bundan başqa, iddiaçı əvvəllər tamam başqa sahədə-pərakəndə satış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla bağlı 13.01.2017-ci il tarixdə ********** nömrəli VÖEN almış, bir müddət ticarət fəaliyyəti ilə məşğul olmuş, bu işi qura bilmədiyimdən 2017-ci ilin oktyabr ayında sahibkarlıq fəaliyyətini rəsmi qaydada dayandırmışdır. Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının fəaliyyətidə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 21.05.2020-ci il tarixli **********2063 nömrəli Qərar” qəbul etməmişdən əvvəl onun fəaliyyətinə dair “Kamerial vergi yoxlaması aparılmasına dair qərar” açılmış, əsassız və qanunsuz olaraq bununla bağlı yoxlama aktı tərtib edilmişdir. Bakı şəhəri Lokal Vergilər Departamenti tərəfindən kameral yoxlama qaydasında 237951.68 manat vergi borcu hesablanması barədə 09.04.2019-cu il tarixli **********548500 nömrəli “Vergilərin hesablanması barədə Qərar” qəbul edilmişdir. Bu qərarın maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunması 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinin 11.10.2019-cu il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin 28.02.2020-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.09.2020-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Qeyd olunan məhkəmə qərarları ilə Vergi orqanının “Kameral vergi yoxlaması aparılmasının nəticəsinə dair qərarı əsassız və qanunsuz olduğundan ləğv edilmişdir. Həmin məhkəmə qərarları ilə təsdiq olunmuşdur ki, İddiaçı vergi ödəyicisi deyildir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 21.04.2021-ci il tarixli iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, fiziki şəxs yoxlanılan dövr ərzində yaşayış binasının tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı fiziki şəxs tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilməmişdir. Vergilərin və digər icbari ödənişlərin hesablanması Baş idarənin 09.10 2020-ci il tarixli **********140717 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında" Qərara əsasən verilmiş 26.01,2021-ci il tarixli “Mütəxəssis rəyinə" istinad edilmişdir. Bakı şəhər icra Hakimiyyəti Başçısının 18.07.2017ci il tarixli 314 nömrəli Sərəncamına əsasən ünvan 1, mənzil 1 saylı ünvanda fiziki şəxs İddiaçı tərəfindən yaşayış binası inşa edilmişdir. ÖMV üzrə - aparılan səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis dəvət olunması zərurəti yarandığı üçün “Mütəxəssis dəvət edilməsi” barədə 09.10.2020-ci il tarixli **********140717 nömrəli qərara əsasən Azərbaycan Respublikası "xxxx"MMC Konsaltinq və Qiymətləndirmə şirkətindən (VÖEN **********) mütəxəssis X2 dəvət edilmişdir. Mütəxəssis tərəfindən verilmiş 26.01.2021-ci il tarixli rəyə əsasən ünvan 1, mənzil 1 saylı ünvanda fiziki şəxs İddiaçı tərəfindən tikilmiş yaşayış binası üzrə yerinə yetirilmiş (01.04.2017-ci il tarixdən 01,04.2020-ci il tarixədək olan dövr üzrə) işlərin tərkibində əmək haqqı məbləği (əmək tutumu) 93565,0 (doxsan üç min beş yüz altmış beş) manat təşkil etmişdir. Bununla əlaqədar olaraq fiziki şəxsə 13099,10 manat ödəmə mənbəyində vergi hesablanmışdır. 93565,0 x 14%=13099,10 manat. ƏDV üzrə: yoxlama zamanı ünvan 1, mənzil 1 saylı ünvanda fiziki şəxs İddiaçı tərəfindən yaşayış binası inşa edilmişdir. Həmin ünvanda 1 ədəd, 1 (bir) girişli 6 mərtəbəli (5 mərtəbə+mansard) (binanın ümumi oxdan-oxa sahəsi 3345,94 m2, qeyri-yaşayış sahəsi ümumi 888,32 m2 (o cümlədən zirzəmi sahəsi oxdan-oxa 424,96 m2 (zirzəminin satışa yararlı sahəsi 373 m2, ümumi istifadədə olan satışa yarasız sahəsi 51,96 m2) 1-ci mərtəbə oxdan-oxa sahə 463,36 m2 (1-ci mərtəbənin satışa yaralı sahəsi 418,40 m2, ümumi istifadədə olan satışa yarasız sahəsi 44,96 m2)), yaşayış mərtəbəsinin oxdan-oxa sahəsi 1966,10 m2 (mənzillərin sahəsi (yararlı sahə) 1557,20 m2, ümumi istifadədə olan sahələr (pilləkən qəfəsi, meydançası, ümumi dəhliz, lift hollu 408,90 m2 ), mansard sahəsi ümumi oxdanoxa 491,52 m2 (o cümlədən satışa yaralı sahə 442,60 m2, ümumi istifadədə olan sahələr (pilləkən qəfəsi, meydançası, ümumi dəhliz, lift hollu 48,92 m2), cəmi satışa yararlı sahə 2791,20 m2 olduğu müəyyən edilmişdir. Yoxlama zamanı fiziki şəxs tərəfindən tikintiquraşdırma işləri üzrə vergitutma metodu barədə məlumat forması və bəyannamələr vergi orqanına təqdim edilmədiyi üçün vergi öhdəliyi ƏDV və mənfəət (gəlir) vergisi kimi qiymətləndirilmişdir. Yoxlama zamanı binada heç bir yaşayış və qeyri-yaşayış sahəsinin satışı müəyyən edilmədiyindən əlavə dəyər vergisi hesablanmamışdır. MDSS üzrə: mütəxəssis tərəfindən verilmiş 26.01,2021-ci il tarixli rəyə əsasən ünvan 1, mənzil 1 saylı ünvanda fiziki şəxs İddiaçı tərəfindən tikilmiş yaşayış binası üzrə yerinə yetirilmiş (01.04.2017-ci il tarixdən 01,04.2020-cı ıl tarixədək olan dövr üzrə) işlərin tərkibində əmək haqqı məbləği (əmək tutumu) 93565,0 (doxsan üç min beş yüz altmış beş) manat təşkil etmişdir. Mütəxəssis rəyinə əsasən verilmiş 93565,0 manat əmək haqqı məbləği üzrə Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanunun 14.5.2-ci maddəsinin (mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında;) 23391,25 manat (93565,0 x 25%) Sosial sığorta haqqı (MDSS-Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər (0100) bəyannaməsi üzrə 17011,81 manat, MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi üzrə 4252,96 manat, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövrlər sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 2126,48 manat) hesablanmış, 11695,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözü gedən bina iddiaçının ailə ehtiyaclarını ödəmək üçün və qohumlarının tikintidə köməyi hesabına binanı inşa etmiş, heç bir muzdlu işçi cəlb etməmiş və əmək müqaviləsi bağlamamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 46,7 kv.m, yaşayış sahəsi 35,0 kv.m. olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir; Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 314 nömrəli 18.07.2017-ci il tarixli sərəncamına əsasən, Bakı şəhəri, ünvan 4 ünvanda vətəndaş İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan çoxmənzilli yaşayış evinin şəhərsalma əsaslandırılması təsdiq edilmişdir; Bakı şəhəri, ünvan 3 ünvanında İddiaçı məxsus yaşayış binasının “Memarlıq planlaşdırma həlli”ndən görünür ki, layihə 27.03.2018-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmışdır. Layihələndirilən bina 5 mərtəbəli (+mansard), çoxmənzilli yaşayış binası olmaqla tikinti sahəsi 492,0 kv.m., binanın həcmi 10575,0 kv.m., eynitipli mərtəbələrin ümumi sahəsi 1556,4 kv.m., mansardın ümumi sahəsi 442,6 kv.m., mənzillərin sayı 24 ədəd (bir otaqlı – 16 ədəd, iki otaqlı – 4 ədəd, 3 otaqlı – 4 ədəd), birinci mərtəbənin ümumi sahəsi 437,6 kv.m., zirzəminin ümumi sahəsi 399,5 kv.m. təşkil edir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10.03.2021-ci il tarixli, **********145281 nömrəli qərardan görünür ki, səyyar vergi yoxlaması ilə büdcəyə ödəmə mənbəyində tutulan vergi üzrə 13099,10 manat, MDSS-Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər (0100) bəyannaməsi üzrə 17011,81 manat, MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) bəyannaməsi üzrə 4252,96 manat, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlər sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 2126,48 manat, cəmi 36490,35 manat məbləğində əlavə vəsait hesablanmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasən 18245,18 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 920,0 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmişdir; 26.01.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, ünvan 4 ünvanda fiziki şəxs İddiaçı tərəfindən tikilmiş yaşayış binası üzrə yerinə yetirilmiş (01.04.2017-ci il tarixdən 01.04.2020-ci il tarixədək olan dövr üzrə) işlərin tərkibində əmək haqqı məbləği (əmək tutumu) 93565,0 manat təşkil etmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 314 nömrəli 18.07.2017-ci il tarixli sərəncamı əsasında İddiaçı tərəfindən xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanda ünvanda yerləşən mənzili söküb, yerində təqdim olunmuş layihəyə uyğun olaraq çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 21.05.2020 tarixli qərarına əsasən 01.04.2017-ci ildən 31.03.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlaması ilə 36490,35 manat məbləğində əlavə vəsait hesablanmış, 19165,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda Vergi Məcəlləsinin 38-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur; 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər; 39.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır; 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir; 49.1-ci maddəsinə əsasən, Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir; 92-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan hallarda ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar; 101.1-3-cü maddəsinə əsasən, fiziki şəxslərin bu Məcəllənin 150.1.1-ci və 150.1.2-ci maddələrinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirlərindən vergi bu Məcəllənin 101.1-ci və 101.1-1-ci maddələrində nəzərdə tutulan dərəcələrə uyğun olaraq hesablanır və aidiyyəti üzrə ödənilir; 150.1 və 150.1.2-ci maddələrinə əsasən, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar ödəmə mənbəyində vergini tutmağa borcludurlar; 57.1-ci maddəsinə əsasən, bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir; 14.5.2-ci maddəsinə əsasən, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) üzrə ödəmə mənbəyindən tutulmaqla - gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir. Məhkəmə hеsаb еdir ki, Bakı şəhəri, ünvan 4 ünvanda çoxmənzilli yaşayış binasının iddiaçı tərəfindən tikintisi Azərbaycan Respublikası qanunvericiliyinin yuxarıda sadalanan normaların dispozisiya şərtlərini təmin edir. Belə ki, iş materialarında olan mütəxəssis rəyində qeyd edilən yaşayış binası üzrə yerinə yetirilmiş (01.04.2017-ci il tarixdən 01.04.2020-ci il tarixədək olan dövr üzrə) işlərin tərkibində əmək haqqı məbləği (əmək tutumu) 93565,0 manat əsas götürüldükdə, ödəmə mənbəyində tutulan vergi üzrə 13099,10 manat (93565,0 manat x 14%), məcburi dövlət sosial sığorta haqqı 23391,25 manat (93565,0 manat x 25%), Vergi Məcəlləsinin 58.1-ci maddəsi əsasən 18245,18 manat və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 920,0 manat məbləğində maliyyə sanksiyaları düzgün olaraq müəyyən edilmişdir. Məhkəmə iddia ərizəsinin “binanın kommersiya məqsədləri üçün tikilməməsi”nə dair dəlillərini mübahisələndirilən qərarın ləğvinin əsası kimi qəbul etmir. Həmin dəlillər hər hansı sübutla təsdiq edilmədiyi kimi, əksinə, iş materialarında olan binanın layihəsi və digər sənədlər ağlabatan mühakimə əsasında, 24 mənzildən və qeyri yaşayış sahəsindən ibarət 5 mərtəbəli (+ mansard) yaşayış binasının məhz əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməsi nəticəsinə gəlmək üçün əsas yaradır. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar