Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5481/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi”tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Suraxanı RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı RİHnin xx.xx.2024-cü il tarixli tarixli imtina məktubunu əsassız hesab edərək, onun mənziluçot işinin Füzuli rayonundan hazırki yaşayış yeri olan Suraxanı RİH-də uçota götürülməsi vəzifəsinin Suraxanı RİH üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ildə Fizuli rayonunda doğulmuşdur, orta təhsillidir. 26 dekabr 2019-cu ildə X3 ilə Fizuli rayon qeydiyyat şöbəsində nigaha daxil olmuş, həmin nigahdan üç övladları doğulmuşdur: xx.xx.2020-ci ildə X5, - 08.07. 2021-ci ildə X4, - xx.xx.2023-cü ildə X7. Uşaqların hər üçü azyaşlıdır. Hərbi xidmətə Fizuli rayonu ərazisində yerləşən N saylı hərbi hissədə başlamış, N günlük müharibədə iştirak etmişdir. 25 oktyabr 2020-ci ildə Fizuli rayonunda yaralanmışdır. 3-cü qrup müharibə əlilidir. X1 da 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olub. Qarabağ Müharibəsinin iştirakçısı kimi Fizuli Rayon İcra Hakimiyyətində “güzəştli şərtlərlə” ev nöbəsinə dayanmışdır. Səhhətilə bağlı ailəliklə Bakı şəhərinə gələrək, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi,15 Saylı binanın 2 saylı mənzilinə qeydiyyata alınmış və 5 nəfər ailə üzvü olaraq həmin mənzildə yaşayırlar. Mənzil-uçot işiminin Fizuli rayonundan hazırki yaşayış yeri üzrə Suraxanı Rayon İcra Hakimiyyətinə köçürülməsi barədə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət etmiş, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2029-cu il tarixli məktubla cavab vermişlər ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdüralməsi Qaydalarının 8-ci bənzinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülür ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. RİH-ə təqdim etdiyiniz yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Bakı şəhərində ardıcıl olaraq 5 il daimi qeydiyyatı olmadığından yuxarıda qeyd olunan qanunvericiliyə əsasən müraciətinin həlli RİH-nin səlahiyyəti xaricindədir. Hesab edirəm ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyyətinin xx.xx.2024-cü il tarixli məktubu qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Suraxanı RİH-nin xx.xx.2025-ci il tarixli, 5-20/2-188/2025 №-li iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh Suraxanı RİH-nin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilənlərə yəni Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülürlər. İddiaçının Bakı şəhərində ardıcıl 5 il qeydiyyatda olmadığını nəzərə alaraq yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddianın təmin edilməməsinə dair qərar çıxarılması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1989-cu ildə Füzuli rayonu, Araz Dilağarda kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İddiaçının hazıkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Suraxanı RİH-nin xx.xx.2024-cü il tarixli, 5-20/2-Q-176-068/2024 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “... “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. RİH-ə təqdim etdiyiniz yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Sizin Bakı şəhərində ardıcıl olaraq 5 il daimi qeydiyyatınız olmadığından yuxarıda qeyd olunan qanunvericiliyə əsasən müraciətinizin həlli RİH-in səlahiyyətləri xaricindədir.” Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Suraxanı RİH ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-43/2-Q-25-628/2025 №-li məktubunda göstərilmişdir ki, “... Füzuli rayonunun Araz Dilağarda kəndində qeydiyyatda olmuş, hazırda isə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Vətən müharibəsi əlili İddiaçı ərizə ilə müraciət edərək, əlil kimi Füzuli Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsinə baxmayaraq, faktiki vəziyyətdə Bakı şəhərində yaşaması ilə əlaqədar mənzillə təmin olunması məqsədilə Füzuli Rayon icra Hakimiyyətində olan mənzil növbəsinin Suraxanı RİH köçürülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən İddiaçı əlil kimi Füzuli Rayon icra Hakimiyyəti başçısının 15 aprel 2022-ci il tarixli 38 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qeydiyyata götürülmüşdür. Rayon icra Hakimiyyəti başçısının həmin sərəncamının bir nüsxəsi və qeydiyyata götürülmüş şəxslərin adlı siyahısı aidiyyəti üzrə Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Vətən Müharibəsi əlili kimi İddiaçı ailə vəziyyətini və xahişini nəzərə alaraq, onun Füzuli Rayon icra Hakimiyyətində olan mənzil növbəsinin Bakı şəhəri, Suraxanı Rayon icra Hakimiyyətinə köçürülməsi xahiş edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş: Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-43/2-111/2025 №-li məktubu ilə təqdim edilmiş Füzuli Rayon İcra Hakimiyyətinin “2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin ve konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Füzuli rayonundan olan əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları barədə” xx.xx.2022-ci il tarixli, 38 №-li sərəncamında göstərilmişdir ki:
1. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının 2-ci bəndi və 2.1,-ci yarımbəndi rəhbərlik və icra üçün qəbul edilsin.
2. Füzuli rayonundan olan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təqdim edilmiş adlı siyahıları nəzərə alınsın və həmin şəxslər sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyacı olan qismində adlı siyahıda göstərilən ardıcıllıqla uçota alınsınlar (adlı siyahı əlavə olunur -15 (on beş) vərəq). Qeyd: a) İddiaçı adı siyahıda 128-dir. b) İddiaçı - xx.xx.1989-cu ildə anadan olub, İİİ dərəcəli Vətən müharibəsi əlilidir. Füzuli rayonu, Araz Dilağarda kəndində yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-6919/2025 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı adına (ümumibirgə pay) keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Füzuli rayonu, Araz Dilağardı kəndində 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixli JN-202 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-cü il tarixli, 18/2-7647 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdən Füzuli rayonu, Araz Dilağarda kəndində xx.xx.2020-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məktuba əlavə olunmuş İddiaçı qeyd olunan (ünvan 1 ) mənzilə qeydiyyata alınması əsas olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə mənzilə dair mülkiyyət hüquqları qeydə alınmış X8 xx.xx.2024-cü il tarixdə verdiyi notarial qaydada təsdiq olunmuş ərizəsində İddiaçı göstərilən ünvana qeydiyyata düşməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçıya məxsus hərbi biletdə (surəti) olana məlumatlara əsasən X8 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyatdan çıxaraq, həmin tarixdə Xidmətin Suraxanı rayon İdarəsində qeydiyyata alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; ... 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. ... 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. ... 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: ... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; ... 10.0. Mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir: 10.0.1. mənzil fondunun uçot qaydasını müəyyən etmək; 10.0.2. yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək; 10.0.3. sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahələrinə ehtiyacı olan vətəndaşların aztəminatlı hesab edilməsi əsaslarını və qaydasını müəyyən etmək; 10.0.4. bələdiyyə mənzil fonduna məxsus yaşayış sahələrinin sosial kirayə müqaviləsi üzrə aztəminatlı vətəndaşlara verilməsi qaydasını müəyyən etmək; 10.0.5. dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi məqsədilə digər kateqoriyalardan olan vətəndaşları müəyyən etmək; 10.0.6. kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 10.0.7. dövlət və bələdiyyə mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri üzrə yaşayış sahələrinin verilməsi əsaslarını müəyyən etmək; 10.0.8. mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək, belə kooperativ üzvlərinin hüquqi vəziyyətini, o cümlədən onlara mənzil-tikinti kooperativlərində yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək; 10.0.8-1. çoxmənzilli binanın idarə edilməsi qaydasını müəyyən etmək; 10.0.8-2. çoxmənzilli binanın idarə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək; 10.0.9. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili və fəaliyyət qaydasını müəyyən etmək, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin üzvlərinin hüquqi vəziyyətini müəyyən etmək; 10.0.10. yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq; 10.0.11. yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək; 10.0.12. mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək; 10.0.13. yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək; 10.0.14. vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək; 10.0.15. yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi; 10.0.16. yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənişin strukturunu, bu ödənişin hesablanması və ödənilməsi qaydasını müəyyən etmək; 10.0.17. dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək; 10.0.18. müəyyən edilmiş qaydada yaşayış sahələrinin qeyri-yaşayış və qeyriyaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsi barədə qərar qəbul etmək; 10.0.19. mənzil münasibətləri sahəsində bələdiyyələrin və yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin səlahiyyətlərinə aid edilməmiş digər məsələlər. ... 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ... Maddə 51.1 bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2 yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 51.3 vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. .. Maddə 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir Maddə 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə Maddə 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, Maddə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə
MƏHKƏMƏNİN MÖVQEYİ
Qanunvericiliyin tələbindən göründüyü kimi aztəminatlı şəxslərə, mənzillə təmin edilməsinə ehtiyacı olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması dövlətin məqsədidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin tələbinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu zaman mənzil şəraitinin yaxşılaşdırılması da layiqli həyat səviyyəsini təmin edilməsinə xidmət edir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Füzuli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 38 №-li Sərəncamına əsəsən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə mənzil növbəsinə götürülməsinin nəzərə alınmaqla, mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi vəzifəsinin Suraxanı RİH-nin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün onun mövcud mənzil qanunvericiliyinə əsasən iddiaçı son beş il ərzində yaşayış yeri üzrə Suraxanı rayonu ərazisində qeydiyyatda olmadığına istinad etmişdir. Məhkəmə ilk öncə cavabdeh inzibati orqanın imtinasının əsası ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Göründüyü kimi maddənin tələbi konkretdir. Uçota alınma məhz yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət əsasında həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından irəli gəlir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, “şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.”. Həmin Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İddiaçının şəxsiyyət vəsiqəsi ilə isə müəyyən edilir ki, onun qeydiyyat yeri, yəni yaşadığı yer məhz Bakı şəhəridir. İddiaçı da buna uyğun olaraq məhz yaşadığı yer üzrə mənzil növbəsinə götürülməsi ilə bağlı cavabdehə müraciət etmişdir ki, onun müraciəti Mənzil Məcəlləsinin 51.3-cü maddənin tələblərinə uyğun olaraq məhz yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti orqanına edilmişdir. Adıçəkilən Məcəllədə isə yuxarıda adıçəkilən Qaydalarda nəzərdə tutulmuş hər hansı istisna müəyyən edilməmiş, müddətlə bağlı şərtin tətbiqi göstərilməmiş, müraciət üçün tək şərt şəxsin yaşadığı yer üzrə müraciəti ilə əlaqədar olmuşdur ki, iddiaçı da həmin şərtin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-917/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya instansiya məhkəməsi mübahisə üzrə iddiaçının kirayə müqaviləsinə əsasən Bakı şəhərinə qeydiyyata alındığı təqdirdə, faktiki olaraq daimi yaşayış yerinin Azərbaycan Respublikasının digər ərazi vahidi olan Qazax rayonu olmasını nəzərə almış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı iddianın əsaslı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzil Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat etməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz. Göründüyü kimi, həmin iş üzrə hər nə qədər iddiaçının faktiki olaraq Bakı şəhərində yaşaması sübut edilməməsi əsası ilə iddianı rədd etsə də, faktiki Bakı şəhərində yaşama ilə bağlı halın mövcud olduğu təqdirdə iddianın təminini mümkün hesab etmiş, mütləq Bakı şəhərində uzun müddət yaşama ilə bağlı şərtin tətbiqi istisna edilmişdir. Belə ki, Ali Məhkəmənin yekun qərar qəbul etdiyi həmin işdən də göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri Bakı şəhərində son 5 il ərzində yaşamama ilə bağlı hüquqi fakta istinad etsə də, Ali Məhkəmə həmin hüquqi faktın tətbiqindən imtina etmiş, əsas nəzərə alınmalı olan halın iddiaçının faktiki Bakı şəhərində yaşayış-yaşamaması ilə əlaqələndirmişdir ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhərində faktiki yaşaması sübut olunur, əks hal isə cavabdeh tərəfindən sübut edilməmişdir. Əksinə Mənzil Kommunal İstismar sahəsinin vermiş olduğu arayışla iddiaçının faktiki olaraq Bakı şəhərində yaşaması fakti öz təsditini tapmışdır. Lakin bu hal, iddiaçının iddia tələbinin təmin olunmasına əsas olan hal qismində qiymətləndirilə bilməz. Lakin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Qeyd olunan müddəaların təhlilindən aydın olur ki, mənzil sahəsində dövlətin həyata keçirdiyi vəzifələrdən biri də yaşayış sahəsinə ehtiyacı olan xüsusi qrup şəxslərin mənzil növbəsinə götürülməsi, növbəlilik qaydasına uyğun olaraq mərhələli şəkildə mənzillə təmin edilməsidir ki, iddiaçının da mənzilə ehtiyacı olan şəxs kateqoriyasına aid olduğu istisna edilməmişdir. Belə ki, iş materiallarında olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022ci il tarixli, 38 №-li Sərəncamından göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olaraq İddiaçı Füzuli rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncam qüvvədədir və ləğv edilməmişdir və eyni zamanda məhkəmənin müvafiq sorğusuna əsasən müəyyən olunmuşdur ki, iddiaçının mənzil növbəsinin dəyişdirilməsi ilə bağlı hər hansı sərəncam qəbul edilməmişdir. Bununla da hazırkı iddianın təmininin əsasında duran mənzil sahəsinə ehtiyac adıçəkilən Məcəllənin 10-cu maddəsi ilə nəzərdə tutulmuş vəzifələr çərçivəsində dövlət tərəfindən ödənilmişdir. İddiaçı isə yuxarıda adıçəkilən yerli icra hakimiyyəti orqanının sərəncamın qəbuluna əsas olmuş hallara yenidən istinad etməklə başqa ərazi üzrə müvafiq yerli icra hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş edir ki, məhkəmə bununla bağlı iddianın əsassız olması qənaətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsindən göründüyü kimi səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş yerli icra hakimiyyətləri hakimiyyət bölgüsünə uyğun olaraq icra hakimiyyəti orqanı hesab edilirlər. Hazırkı işin faktiki halları ilə də müəyyən edilir ki, iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verən və həmin sərəncamın verilməsindən imtina edən inzibati orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu konteksdə aparılan qiymətləndirmə onu deməyə əsas verir ki, Füzuli Rayon İcra Hakimiyyəti “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci yarımbəndinə uyğun olaraq öz vəzifəsini icra etmiş və iddiaçının mənzil növbəsinə uçota alınmasını həyata keçirmişdir ki, həmin vəzifənin yenidən eyni əsasla digər yerli icra hakimiyyəti orqanından tələb edilməsi əsassız kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, doğrudur ki, iddiaçı tərəfindən təqdim edilmiş Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Suraxanı RİH-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-43/2-Q-25-628/2025 №-li məktubu ilə İddiaçı ailə vəziyyətini və xahişini nəzərə alaraq, onun Füzuli Rayon icra Hakimiyyətində olan mənzil növbəsinin Suraxanı RİH köçürülməsi xahiş edilmişdir. Lakin iddiaçının Füzuli Rayon İcra Hakimiyyətindəki mənzil növbəsinə xitam verilməklə mənzil növbəsinin Suraxanı RİH köçürülməsi ilə bağlı Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul edilməsi iş materialları ilə təsdiq olunmur. Buda bir daha onu sübut edir ki, Füzuli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 38 №-li Sərəncamı qüvvədə olduğundan İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olaraq Füzuli rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotundadır. Hazırkı işin faktiki hallarına digər bir yanaşma isə onun qeyd edilməsinə zərurət yaradır ki, iddiaçının mənzil növbəsinə götürülməsi gələcəkdə növbə çatdığı vaxt şəxsə mənzil verilməsi ilə nəticələnir ki, hazırkı iddianın təmin ediləcəyi, eyni zamanda iddiaçı yaşayış yerini müəyyən müddətdən bir dəyişəcəyi təqdirdə qeydiyyatda olacağı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil növbəsinə eyni əsaslarla götürüləcəyi təqdirdə digər növbəyə götürülmə ilə bağlı sərəncamlar ləğv edilmədən iddiaçının mənzili əldə etməsində özü ilə eyni kateqoriyada olan şəxslərə nəzərən əldə etməsində üstünlük hüququ yaradacaq və ya həmin üstünlük mənzilin verilməsi ilə bağlı olmasa da növbədə dayanma sırası ilə bağlı olacaqdır ki, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası özü ilə eyni kateqoriyada olan şəxslərdən üstünlük hüququnun əldə edilməsinə münasibətdə də təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Füzuli Rayon İcra Hakimiyyətində mənzil növbəsində olduğu təqdirdə eyni zamanda sonuncunun mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam qüvvədə olduğu təqdirdə hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olması əsası Suraxanı RİH-də yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi ilə arzuladığı hərəkət, bilavasitə təkcə iddiaçının deyil, ümumiyyətlə həmin əsas ilə mənzil növbəsinə dayanan şəxslərin hüquqlarına toxunur və bilavasitə bərabərlik hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin heç bir hüquqi əsası olmadığı üçün iddia tələbi təmin olunmamalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev