Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5484/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin, 89 saylı mənzilin adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur və xx.xx.2013-cü il tarixdən pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21 a, mənzil 89-da yaşayır. Yaşadığı bina əvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmuşdur, özü də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində ("Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC) işləyir. Yaşayış yeri olmadığı üçün xx.xx.1986-cı ildən mənzil növbəsində dayanmışdır (ARDNŞ-nin rəhbərliyinin xx.xx.2011-ci il tarixli, 6 saylı protokolun 8-ci bəndi). Uzun müddət bu mənzilin alınmasını gözləmişdir. 2012-ci ilin yanvar ayında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 9 mərtəbəli, 21 a saylı binada ona (beş nəfər ailə tərkibi ilə) 5-ci giriş, doqquzuncu mərtəbədə, 3 otaqlı, sahəsi 53.04 kv.m olan 89 saylı mənzil verilmişdir. Onun adına Səbayıl rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 275 nömrəli sərəncam verilmişdir. Yaşadıqları mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunula müəyyən edilmiş qaydada toplayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Na/irliyi yanında əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin idarə xx.xx.2022-ci il tarixli. **********05 saylı məktub ilə imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pııblik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciətindən imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Həmçinin mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022- ci il tarixli, **********05 nömrəli cavab məktubu ünvanlanmışdır. Müvafiq mənzillə bağlı Səbail rayon İcra Hakimiyyətinin 275 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin ümumi sahəsinin faktiki ölçüsü 90.5 kv.m, yaşayış sahəsinin faktiki ölçüsü isə 52.8 kv.m-dır. Bundan başqa, 20 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə verilməsi ilə bağlıdır, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmçinin, müqavilədə Səbail rayon İcra Hakimiyyətinin 275 saylı Sərəncamına istinad edilməmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1 ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin, 89 saylı 3 otaqlı yaşayış sahəsinin ölçüsü 52,8 kv.km olan mənzilin İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1960-cİ il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli, 323 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a nömrəli 9 mərtəbəli evin 9 mərtəbəsindəki, sahəsi 53,4 kv.m olan 89 nömrəli, 3 otaqlı mənzildə yaşayır. Evin sahibi İddiaçıdur. Mənzil (mülkiyyətçi) icarəyə götürən Bakı şəhər MKTB-dir. İddiaçı ailəsi 6 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: İddiaçı – xx.xx.1960-cı il təvəllüdlü - özü, X4 – xx.xx.1967-ci il təvəllüdlü - həyat yoldaşı, X6 – xx.xx.1988-ci il təvəllüdlü - oğlu, X5 – xx.xx.1989-ci il təvəllüdlü - qızı, X12 – xx.xx.2016-cı il təvəllüdlü - nəvəsi, X10 – xx.xx.2018-ci il təvəllüdlü - nəvəsi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışına əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı, xx.xx.1989-ci il təvəllüdlü X5, xx.xx.1967-ci il təvəllüdlü X4 və xx.xx.1988-ci il təvəllüdlü X6 ünvan 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a-da yerləşən, 89 saylı mənzilin İddiaçı adına özəlləşməsinə və reyestrdən çıxarış alınmasına razılıq verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a-da yerləşən, 89 saylı mənzilin İddiaçı adına özəlləşməsinə və reyestrdən çıxarış alınmasına razılıq verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a-da yerləşən, 89 saylı mənzilin İddiaçı adına özəlləşməsinə və reyestrdən çıxarış alınmasına razılıq verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ 178890 nömrəli Ölüm Haqqında şəhadətnamədə göstərilmişdir ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin, ANQSİHİ Respublika Komitəsinin və ARDNŞ-nin xx.xx.2008-ci il tarixli 151 nömrəli Əmri ilə yaradılmış Mənzil məsələlərinə müstəsna qaydada baxılması barədə komissiyanın birgə iclasının xx.xx.2011-ci il tarixli, 6 №-li Protokolundan çıxarışında qeyd olunmuşdur ki, ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə mənzil uçotunda dayanan, Xəzər X13 Cənub Rayon X13 işçisi İddiaçı xx.xx.1986-cı ildə mənzil uçotuna götürülüb. 5 nəfərdən ibarət ailə tərkibi ilə (özü, arvadı, 2-oğlu, qızı) ünvan 5 ünvanında 1 otaqdan ibarət 24 kv.m. yaşayış sahəsi olan 13 nömrəli mənzildə qeydiyyatsız olaraq yaşayırlar. N.Hüsyevin qeydiyyatı Bakı şəhəri, Şimal körpüsü 9 ünvanına (inzibati bina) qeydiyyatdadırlar. Ailə üzvlərini qeydiyyatı işə ünvan 7 ünvanınadır. İddiaçı 5 nəfər ailə tərkibi ilə 3 otaqlı mənzil almaq hüququ var və ona bölgüsü aparılan mənzillərdən seçim təklif edildi. O, ünvan 8 ünvandan giriş 5, mərtəbə 9, 3 otaqdan ibarət 53,04 kv.m. yaşayış sahəsi olan 89 nömrəli mənzili seçdi və seçimini imzası ilə təsdiq etdi. QƏRARA ALİNDİ:
1. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi -21 a nömrəli evin, giriş 5, mərtəbə 9, mənzil 89, yaşayış sahəsi 53,04 kv.m. olan 3 otaqlı mənzil İddiaçı 5 nəfərdən ibarət aşağıdakı ailə tərkibinə verilsin. Özü - İddiaçı 1960-cı il təvəllüdlü Arvadı - X4 1967-ci il təvəllüdlü Oğlu - X6 1988-ci il təvəllüdlü Oğlu - X8 1994-cü il təvəllüdlü Qızı - X7 1989-cu il təvəllüdlü
2. İddiaçı mənzil uçotundan çıxarılsın.
3. Mənzilə müvafiq hüquqi sənədin verilməsi məqsədilə mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilsin. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli, 82 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 9 ünvanında yerləşən yaşayış binası əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olmuşdur. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (müvafiq tabeli qurumunun) balansına verilmişdir. İddiaçının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21 a saylı ev dövlət mənzil fonduna aid olmaqla Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 05.1 1.2015-ci il tarixli, 83 saylı sərəncamına əsasən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. 119 saylı MKİS-nin yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə tərəfimizdən mövcud vəziyyətdə təhvil alınmışdır. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 nömrəli sərəncamının 2-ci bəndinə əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən və müvafiq olaraq 150, 152, 156 saylı mənzil-kommunal istismar sahələrinin istismarındakı yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə bu sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilməsi; 3-cü bəndinə əsasən 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən və 119 saylı mənzil-kommunal istismar sahəsinin istismarındakı yaşayış binaları, inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə bu sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 nömrəli sərəncamına əlavə edilmiş 2 saylı Əlavədə Qaradağ rayon MKTB-nin tabeliyinə verilmiş 119 saylı mənzil-kommunal istismar sahəsinin dislokasiyasına daxil edilən yaşayış evlərinin siyahısında 7-ci sırada Məhərrəm Seyidov küçəsi 21a ünvanı qeyd olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Dövlət Arxivinin Bakı Filialının 15 fevral 2023-cü il tarixli, 3-48-2F/2-01016/2023 nömrəli məktubun ilə göndərilmiş sənədlərdən görünür ki: -Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 275 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 09 avqust 2012-ci il tarixli, 02 və 03 noyabr 2012-ci il tarixli, 29-1702 BB, 29-1704B, 29-1705BB və 29-2184BB, 292185 BB, 29-2247 BB saylı məktubları ilə daxil olmuş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və Azərbaycan Neft Qaz X1 İttifaqı Respublika Komitəsinin birgə iclaslarının protokol qərarlarına (pr. № 10, 2, 6, 3, 9, 13) əsasən Şirkətin mərkəzləşdirilmiş mənzil uçotu siyahısı üzrə ..., İddiaçı ... və qeyrilərinin mənzil ilə təmin edildikləri, ... bildirilməklə qərarların təsdiq olunması xahiş edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 7-4469/17 saylı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 09 avqust 2012-ci il tarixli, 02 və 03 noyabr 2012-ci il tarixli, 29-1702 BB, 29-1704B, 29-1705BB və 29-2184BB, 292185 BB, 29-2247 BB saylı məktublarını və Səbail Rayon İcra Hakimiyyəti Başçısının Mənzil məsələləri üzrə ictimai komissiyasının xx.xx.2012-ci il tarixli rəyini (pr. № 15) nəzərə alaraq: 1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin birgə iclasının aşağıda “adları qeyd edilən işçilərin mənzillə təmin edildikləri və mənzil növbəsindən çıxarıldıqları barədə”ki 06 dekabr, 11 noyabr 2010-cu il tarixli, 12 yanvar, 27 dekabr 2011 -ci il, 14 may, 03 iyul və 17 sentyabr 2012-ci il tarixli, 10, 2, 6, 3 və 9 saylı protokol qərarları təsdiq edilsin. İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, iki oğlu və qızı) Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21a saylı evin, giriş 5, mərtəbə 9, yaşayış sahəsi 53.04 kv.m. olan 3 otaqlı, 89 saylı mənzili ayrılsın və mənzil növbəsindən çıxarılsınlar. - İddiaçı - 1960-cı il təvəllüdlü - özü - X4 - 1967-ci il təvəllüdlü - həyat yoldaşı - X6 - 1988-ci il təvəllüdlü- oğlu - X8 - 1994-cü il təvəllüdlü - oğlu - X7 - 1989-cu il təvəllüdlü – qızı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2012-ci il tarixli, 29-2247 BB nömrəli məktubunda qeyd edilmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 3/6-885 saylı məktub ilə ARDNŞ-yə qaytarılan mənzil uçot qovluqlarının təkrarən baxılması üçün gğndərilir. Qəbul edilmiş qərarların təsdiqlənməsi xahiş edilir. Mənzillə təmin edilirlər: 6. İddiaçı. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********79 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, **********41 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən ünvan 11 ünvanında yerləşən mənzil hüquqmüəyyənedici sənəd üzrə və faktiki 3 otaqlı, ümumi sahəsi faktiki 90.5 kv.metr, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 53,4 kv.metr, yaşayış sahəsi faktiki 52.8, köməkçi sahəsi faktiki 37.7 kv.metrdir. Mənzil 9 mərtəbəli binanın 9-cu mərtəbəsində (blok 5) yerləşir. Qeyd: koordinatlar: -379285, - 44541989 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının Sizin adınıza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2012-ci il tarixli, 6 nömrəli protokolu, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 275 nömrəli sərəncamına əsaslanaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin 89 saylı mənzilinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan sözügedən mənzilə bağlı 2009-cu il oktyabrın 1-dək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilmədiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslərin ərizəsi. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Hazırkı iş üzrə cavabdeh öz imtina əsasını, etirazını onunla əsaslandırmışdır ki, sözügedən mənzil iddiaçıya Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 275 nömrəli sərəncamı xx.xx.2012-ci il tarixdə verilmiş, bununla da iddiaçı barəsində hüquqmüəyyənedici sənəd olan sərəncam 2009-cu ildən sonrakı tarixli olmaqla “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşməyə əsas vermir. Məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçının iddia predmeti olan mənzil özəlləşdirmək hüququ xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin aşağıdakı normalarına əsasən yaranmışdır. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. -31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. -33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. -36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: iş yerində uçota götürülmüş vətəndaşlar barəsində, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. -37-ci maddəsinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Siyahıda sonrakı dəyişikliklər haqqında müəssisə, idarə, təşkilat rəhbəri siyahını təsdiq etmiş icraiyyə komitəsinə məlumat verməlidir. -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Sadalanan normalardan müəyyən olunur ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin uçota götürülmə əsaslarından biri də iş yerində müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülmədir. İş yerində uçota götürülmüş vətəndaşların siyahılarını yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi təsdiq edir. Mənzillər müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və bu barədə müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Qeyd edilən normaların tələblərini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, Xəzər X13 Cənub rayon X14 işləmiş İddiaçı xx.xx.1986-cı ildə mənzil uçotuna götürülmüşdür. Həmin vaxtdan 2011-ci ilədək İddiaçı iş yerindən mənzillə təmin edilməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2011-ci il tarixli 6 nömrəli Protokolu ilə İddiaçı 5 nəfərdən ibarət ailə tərkibində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21 a nömrəli evin, giriş 5, mərtəbə 9, 89 nömrəli mənzillə təmin olunması qərara alınmış və o mənzil uçotundan çıxarılmışdır. Həmin mənzilə hüquq təsdiqedici sənəd verilməsi üçün İddiaçı mənzil uçot qovluğu Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 275 nömrəli sərəncamı ilə qeyd edilən qərar (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli 6 nömrəli Protokolu) təsdiq olunmuşdur. 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Hazırda iddiaçının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21 a, 89 nömrəli mənzil dövlət mənzil fonduna aid olmaqla xx.xx.2015-ci il tarixli 83 nömrəli sərəncamına əsasən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göründüyü kimi iddiaçı xx.xx.1986-cı il tarixdən ailə tərkibi ilə ARDNŞ üzrə mənzil növbəsinə götürülmüş, lakin işin faktiki hallarına əsasən mənzil iddiaçının istifadəsinə 25 ildən sonra, yəni 2011-ci ildə verilmişdir. İddiaçıya mənzil işlədiyi müəssisənin müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilmiş, o, iş yeri üzrə mənzil uçotundan çıxarılmış və yalnız bundan sonra ona təhvil verilmiş mənzil Səbail RİHnin xx.xx.2012-ci tarixli 275 nömrəli sərəncamı ilə onun adına rəsmiləşmişdir. Başqa sözlə, iddiaçının mənzillə təmin olunmağa qanuni gözlənti hüququ olmuş və bu hüquqdan irəli gələn nəticələri yalnız 2012-ci ildə realizə edə bilmişdir. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Beləliklə, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X11 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X9-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına fərq qoyulması, başqa sözlə eyni vaxtda mənzil növbəsinə götürülmüş şəxslərin, onların iradəsindən asılı olmayan hallardan irəli gələrək müxtəlif vaxtlarda mənzillə təmin edilmələri səbəbindən, sadəcə tarixə əsaslanmaqla ədalətli olmayan differensasiyanın aparılması eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Belə ki, həmin tarixdən yeni Mənzil Məcəlləsi tətbiq edilsə də, o tarixdən əvvəlki və sonrakı vaxtda verilmiş sərəncamlar predmet, tərəflərin hüquq və vəzifələri baxımından eynilik təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni müvafiq icra hakimiyyəti orqanının xx.xx.2012-ci il tarixli 275 nömrəli sərəncamını, eləcə də mənzil üzrə qeydiyyatda olan şəxslərin mənzilin özəlləşməsinə dair razılıq ərizələrini təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin iddiaya etirazında qeyd etdiyi mənzilə dair 119 saylı MKİS ilə bağlanmış müqavilənin 20 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə verilməsi ilə bağlı olması, xüsusi təyinatlı yaşayış sahələrinin isə özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməməsi dəlilinə gəlincə qeyd edilməlidir ki, yuxarıda da sadalandığı kimi iddiaçıya mənzil məhz işlədiyi dövrdə mənzil uçotuna dayanmış şəxs kimi işəgötürən DNŞ mənzil məişət komissiyası tərəfindən verilmişdir. Mənzilin yerləşdiyi bina 2012-ci ildə əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına, daha sonra xx.xx.2015-ci il tarixdən Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Hazırda da sözügedən bina Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla xüsusi təyinatlı mənzil istismar sahəsinin deyil, Birliyin 119 saylı Mənzil- Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Hazırkı halda mənzilin balansaxlayıcısı olan qurum olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi mənzilin dövlət mənzil fonduna aid olduğunu bildirir, mənzilin xidməti mənzil olmasını mübahisələndirmir. Mənzilin yerli icra hakimiyyətinin sərəncamı ilə iddiaçının daimi istifadəsinə verildiyi təsdiq edilmiş, hazırkı balansaxlayıcısı iddiaçını həmin mənzilin daimi kirayəçisi kimi qəbul edir. Beləliklə, mənzilin xüsusi təyinatlı mənzil olması öz təsdiqini tapmamışdır. Cavabdehin Mənzil Kommunal istismar sahəsi ilə bağlanmış kirayə müqaviləsinin yalnız adının “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi adlanması” sözügedən mənzilin xüsusi təyinatlı olmasını ifadə etmir və məhkəmənin qənaətinə görə bu hal cavabdehin formal imtina əsası kimi qiymətləndirilməklə mənzilin iddaçının adına özəlləşdirilməsinə mane hesab olunmur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin yaşayış sahəsi faktiki ölçüdə 52.8 kv.m olan 3 otaqlı 89 saylı mənzilinə dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, 21a saylı evin yaşayış sahəsi 52.8 kv.m olan 3 otaqlı 89 saylı mənzilinə dair İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova