Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5485/2021 29.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 64,6 yaşdan, yəni 07.04.2020-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 07.04.2020-ci il tarixdən, yəni 64,6 yaşdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, 1977-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər, həmçinin təhsil aldığı müddət və hərbi xidmət illəri nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin onun 01.01.2006-cı il tarixədək ümumi iş stajının az olması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya münasibətdə etiraz edir və hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 22 il 10 ay təşkil etdiyindən, iddiaçı ümumi iş stajı ilə bağlı şərti ödəməmiş olur. Belə ki, iddiaçının 1989-1997-ci illərdə işlədiyini iddia etdiyi 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodu və 1998-2005-ci illərdə işlədiyini iddia etdiyi "xxxx" Kiçik Müəssisəsinin həqiqətən mövcud olması və fəaliyyət göstərməsi ilə bağlı əsaslı şübhələr yaranmışdır ki, bu da həmin müəssisələrin arxiv və digər sənədlərin mövcud olmaması ilə bağlıdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən sonra İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün üç halı əsas götürmüşdür:
1. İddiaçının işlədiyi 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodu və "xxxx" kiçik müəssisəsi ilə bağlı faktiki və arxiv sənədlərinin saxlanlandığı ünvanın məlum olmaması;
2. iddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajının toplamaması;
3. 01.01.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən 1-ci və 2-ci əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək kişilərin pensiya yaşı 64 yaş 06 ay müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (hazırki halda - 62 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1955-cı il tarixdə doğulması və 07.04.2020-ci il tarixində, yəni 64,6 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı: -19.06.1974-cü il tarixdən Azərbaycan SSR Meşə və Ağac emalının Sənaye Nazirliyinin Bakı Mebel Fabrikinin 2 №-li sexdə tələbə-xarrat qəbul edilmiş, 01.10.1974-cü il tarixdə xarrat işinə 2 dərəcə verilmiş və 14.10.1974-cü il tarixdən öz xahişi ilə işdən azad edilmiş; (03 ay 26 gün) -08.01.1975-ci il tarixdən 10.04.1975-ci il tarixədək Azərbaycan SSKP “Kommunist” Nəşriyyatında İTŞ (İnzibati-təsərrüfat şöbəsi) kuryer; (03 ay 04 gün) -16.06.1977-ci il tarixdən 21.06.1977-ci il tarixədək Bakı Elektrik montaj məhsullar zavodunun nəqliyyat sahəsinə xüsusi maşın (2.5 tank) sürücü; ( 06 gün) -24.06.1977-ci il tarixdən 12.09.1978-ci il tarixədək C.Cabbarlı adına “Azərbaycan Filmi” Kinostudiyasının avtonəqliyyat sexinə 3-cü sinif sürücüsü; (01 il 02 ay 19 gün) -13.07.1978-ci il tarixdən Bakı Pambıq Fabriki Azərbaycan SSR MLP İctimai yerlərinin ilməçisi qəbul edilmiş, 25.01.1979-cu il tarixdə Yumşaldıcı-lifdidən maşınlar operatoru keçirilmiş və 06.03.1980-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (01 il 07 ay 25 gün) -25.04.1980-ci il tarixdən Azərbaycanın SSKP “Kommunist” Nəşriyyatı Avtonəqliyyat sexinə 3-cü sinif sürücü vəzifəsinə qəbul edilmiş, 06.01.1981-ci il tarixdə MTTŞ ekspeditor keçirilmiş, 01.04.1981-ci il tarixdə MTTŞ işçisi keçirilmiş və 23.04.1981ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; (11 ay 29 gün) -10.06.1981-ci il tarixdən 14.08.1982-ci il tarixədək Azərbaycan MAT Bakı PATO “Benzovoz” Xüsusi avtobazaya 3-cü sinif sürücüsü; (01 il 02 ay 05 gün) -19.08.1982-ci il tarixdən 25.08.1986-cı il tarixədək Azərbaycan SSR “Soyuzelektrozavod” AİT “Bakkondisioner” İstehsalat Birliyi Baş Ofisi-Bakı Məişət Kondisionerləri Zavodunun Nəqliyyat sexinə avtomobil sürücü; (04 il 07 gün) -06.02.1989-cu il tarixdən 05.12.1997-ci il tarixədək Azərbaycan SSR Qosaqroprom 26 Bakı Komissarlığı adına Təmir-mexanika zavodunu nəqliyyat sahəsində sürücü; (08 il 09 ay 28 gün) -13.04.1998-ci il tarixdən "xxxx" ASTC-də sürücülər ərazi sahəsinə qəbul edilmiş, 18.07.1998-ci il tarixdə "xxxx" kiçik müəssisəsində sürücü qəbul edilmiş və 26.11.2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. (07 il 07 ay 14 gün) Məhkəmə iddiaçının təhsil aldığı dövrlə bağlı isə bildirir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 1971-ci ildən 27 iyul 1974-cü il tarixədək 8 №-li orta texniki peşə məktəbində təhsil almışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının təhsil müddəti ümumi iş stajına daxil edilərkən təhsilin başladığı müddət 01.09.1971-ci il tarixdən nəzərə alınır. Belə ki, sözügedən diplomda təhsil müddətinin başlamasının 1971-ci ildən olduğu göstərilmiş, lakin gün və ay tarixi qeyd olunmamışdır. Ümumməlum arqument odur ki, SSR dövrdə, həmçinin Azərbaycan Respublikasının bilik günün “15 sentyabr” olması qeyd edilməzdən əvvəl, təhsil müəssisələrində tədris fəaliyyəti 01 sentyabr tarixdən başlayırdı. Bu səbəbdən, Məhkəmə iddiaçının təhsil müddətinin 01.09.1971-27.07.1974 dövrü (02 il 10 ay 27 gün) əhatə etdiyi qənaətinə gəlir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletdən görünür ki, iddiaçı 28.04.1975-ci il tarixdən 28.04.1977-ci il tarixədək hərbi xidmətdən keçmişdir. İddiaçının 02 il 01 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (=30 il 11 ay 02 gün) çox təşkil edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının 06.02.1989-cu ildən 05.12.1997-ci ilə qədər işlədiyi 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodu və 18.07.1998-ci il tarixdən 26.11.2005-ci il tarixinədək işlədiyi "xxxx" kiçik müəssisəsi ilə bağlı faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmamasını əsas götürmüşdür. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı (1989- 2005-ci illər) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın 01.01.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın 01.01.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır.Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının işlədiyi 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodu və "xxxx" kiçik müəssisəsi ilə bağlı ilə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisələr ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)- 594/2021 saylı, 30.03.2021-ci il tarixli qərarı) Məhkəmə bununla bağlı öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş, 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodu və "xxxx" Kiçik Müəssisəsi, həmçinin "xxxx" ASC (26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodu əmək kitabçasında Maşzavod adlandırılmışdır) fəaliyyət göstərib-göstərməməsi, fəaliyyət göstərmişdirsə hansı tarixdən fəaliyyət göstərməsi barədə məlumatın, o cümlədən əmək kitabçasını imzalamış İ.Zeynalovun direktoru olmuş olan "xxxx" Kiçik Müəssisəsi barədə məlumatın olub-olmaması, məlumat mövcuddursa hansı VÖEN-də, nə vaxtdan vergi uçotuna alınaraq fəaliyyət göstərməsi barədə məlumatın təqdim olunması xahiş olunmuşdur. Məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarında "xxxx" Kiçik Müəssisəsi adı ilə 16 hüquqi şəxsin qeydiyyata alındığı və 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodu ilə bağlı məlumatın olmadığı bildirilmişdir. Lakin, son məhkəmə sorğularına cavab məktublarından məlum olmuşdur ki: -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı maşınqayırma icarə zavodunun bazasında "xxxx" açıq tipli səhdmar cəmiyyətinin özəlləşdirmə planı mövcuddur, iş yeri həmin müəssisə hesab edilən işlərin sayı 109 nəfər olaraq qeyd edilmiş, özəlləşdirmə planında vətəndaş İddiaçı Məhəmməd oğlunun adı 06.02.1989-cu ildən 01.04.1997-ci il tarixə qədərki “işçilər haqqında” məlumat siyahısında mövcud olmuşdur. (Əsas: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28.07.2021-ci il tarixli məktubu) -İddiaçının əmək kitabçasını imzalamış İ.Zeynalovun direktoru olmuş olan "xxxx" Kiçik Müəssisəsinin (VÖEN:**********) mövcudluğu ilə bağlı isə məlum olmuşdur ki, həqiqətən də həmin VÖEN altında müəssisə 15.02.1996-cı ildə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodunun mövcudluğu ilə bağlı irəli sürdüyü mülahizələr bir mənalı olaraq təkzib olunmuşdur. Nəzərə alınmalıdır ki, 26 Bakı Komissarı adına Mexaniki Təmir Zavodunun "xxxx" ATSC olması iddiaçı ilə eyni iş yerində işləyən vətəndaşın əmək kitabçası əsasında müəyyən olunmuş, sonradan məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda həqiqətən də Zavodun "xxxx" ATSC adı altıda fəaliyyət göstərdiyi əks olunmuş və ən əsası iddiaçının həmin dövrlərdə işləməsi ilə bağlı məlumat müvafiq olaraq təsdiq olunmuşdur. "xxxx" Kiçik Müəssisəsi ilə bağlı isə qeyd olunmalıdır ki, məhkəmə tərəfindən həmin müəssisəsinin mövcudluğu ilə bağlı aidiyyəti üzrə bütün qurumlara sorğu verilmiş və son olaraq iddiaçının əmək kitabçasında müəssisənin direktoru qismində çıxış edən şəxsin adı vasitəsi ilə Məhkəmə İşlərinin Elektron İdarəetmə Sistemindən müəssisənin VÖEN-nin müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, hətta "xxxx" Kiçik Müəssisəsi ilə bağlı hər hansı bir məlumat aşkar olunmasaydı belə, iddiaçının əmək kitabçasında həmin müəssisədə işləməsi barədə qeydləri mövcuddur ki, həmin qeydlərin mötəbərliyi ilə bağlı şübhə doğuran hər hansı bir halın olması cavabdeh tərəfindən sübut edilməmişdir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən 3 əsas ilə bağlı məhkəmə bildirir ki, 01.01.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, 01.01.2006-cı il tarixdən fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 07 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni 07.04.2020-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 64,6 yaşdan (64 yaş 06 ay), yəni 07.04.2020-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov