Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5486/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov Rayon İcra Hakimiyyətinin 16.01.2001-ci il tarixli, 46 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3/303 saylı, 0,12 ha (1200 kv.m) torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində layihəyə uyğun olaraq inşa edilmiş fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq vahid çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3/303 saylı, 0,12 ha (1200 kv.m) torpaq sahəsi Əzizbəyov Rayon İcra Hakimiyyətinin 16.01.2001-ci il tarixli, 46 nömrəli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Həmin torpaq sahəsində Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş layihəyə uyğun iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmiş və Xəzər Rayon İcra Hakimiyyətinin 20.02.2017-ci il tarixli, 39 nömrəli sərəncamı ilə sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qeydiyyata alınması cavabdehdən xahiş edilmişdir. İddiaçı həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 07.01.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi. 3/303 saylı torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciəti ilə bağlı araşdırma zamanı məlum olmuşdur ki, 01.01.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlayyihətləri xaricindədir. Bununla bağlı iddiaçıya 07.01.2022-ci il tarixli məktub ünvanlanmışdır. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.01.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi. 3/303 saylı torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 29.12.2021-ci il tarixli, ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, 01.01.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlayyihətləri xaricindədir. Belə kı, “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 23.02.2022ci il tarixli BA-00996-2022 saylı məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin başçısının “Vətəndaş İddiaçı Qala qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 16 yanvar 2001-ci il tarixli, 46 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, K.Ziya küçəsi, ev 10, mənzil 50-də yaşayan, ailə tərkibi dörd nəfərdən ibarət İddiaçı Qala qəsəbəsində 3/303 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır (iddiaçı tərəfindən həmin sərəncamın əsli və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 18.05.2014-cü il tarixli məktub ilə iddiaçıya verilmiş surəti məhkəməyə təqdim edilmişdir). Eyni zamanda həmin məktubda qeyd edilir ki, Xəzər RİH-nin 2017-ci ilə dair arxiv sənədləri, o cümlədən 20.02.2017-ci il tarixli 39 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 29 mart 2022-ci il tarixli 316 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının “Qala qəsəbəsi, 3/303 saylı sahədə vətəndaş İddiaçı tikdiyi fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması haqqında” 20 fevral 2017-ci il tarixli, 39 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 46 saylı, 16.01.2001-ci il tarixli sərəncamı ilə Qala qəsəbəsi, 3/303 saylı sahədə fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsində tikdirdiyi yaşayış evinin hüquqi qeydiyyata alınmasını xahiş etmişdir. Komissiya üzvləri tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı evi fərdi layihə əsasında tikmişdir. Yuxarıda qeyd olunanları və yeni tikilmiş fərdi evlərin qəbulu üzrə idarələrarası komissiyanın aktını nəzərə alaraq: 1. Qala qəsəbəsi, 3/303 saylı sahədə vətəndaş İddiaçı tikdiyi 2 mərtəbəli, 4 yaşayış otağı - 103,2 kv.m, köməkçi sahə - 78,84 kv.m, açıq eyvan - 3,38 kv.m, torpaq sahəsində qaraj - 25,37 kv.m, köməkçi tikili - 14,76 kv.m, cəmi torpaq sahəsi - 1200,0 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması; 2. Bakı şəhər XDS İK-nin 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib vətəndaş İddiaçı adına reyestrdən çıxarış və texniki pasportun verilməsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır (həmin sərəncamın təsdiq edilmiş surəti iddiaçı tərəfindən də məhkəməyə təqdim edilmişdir). Eyni zamanda həmin məktubda qeyd edilir ki, Əzizbəyov Rayon İcra Hakimiyyətinin (indiki Xəzər) 16.01.2001-ci il tarixli, 46 nömrəli sərəncamı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verildiyindən sözügedən sərəncamın və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıya ünvanlanmış 20.02.2022-ci il tarixli məktubla təqdim edilmiş cizgi və xəritədən çıxarışdan (əslinə baxış keçirildi) görünür ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının (indiki Xəzər) 16 yanvar 2001-ci il tarixli, 46 nömrəli sərəncamı ilə Qala qəsəbəsində İddiaçı ayrılmış 3/303 saylı sahənin cizgisi və xəritədən çıxarışı hazırlanaraq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Eskiz Layihəsindən (əslinə baxış keçirildi) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində İddiaçı ayrılmış 3-303 saylı sahədə yerləşən fərdi yaşayış evinin Eskiz Layihəsi 2016-cı ildə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur; 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hesab olunur; 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir; 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur; 139-1.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin Başçısının (indiki Xəzər) 16 yanvar 2001-ci il tarixli, 46 nömrəli sərəncamına əsasən İddiaçı Qala qəsəbəsində 3/303 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahənin cizgisi və xəritədən çıxarışı hazırlanaraq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin torpaq sahəsində iddiaçı tərəfindən məlumatlandırma icraatının tələblərinə müvafiq olaraq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə uyğun fərdi yaşayış evi tikilmişdir. Eyni zamanda həmin torpaq sahəsində fərdi yaşayış evinin Eskiz Layihəsi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmçinin Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının 20 fevral 2017-ci il tarixli, 39 nömrəli sərəncamına əsasən Qala qəsəbəsi, 3/303 saylı sahədə İddiaçı tikdiyi fərdi yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması, həmin yaşayış evini inventarizasiya edib İddiaçı adına reyestrdən çıxarış və texniki pasportun verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan sərəncam və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sərəncamlar və digər sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Cavabdeh imtina məktubunda “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən istinad edərək 01.01.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılmasının yerli icra hakimiyyəti orqanlarının səlayyihətləri xaricində olduğunu qeyd edir. Lakin cavabdehin istinad etdiyi norma (“Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 3-cü hissəsi) 29 dekabr 2000-ci il tarixli 53-İİQD nömrəli «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Qanununa əsasən 29 dekabr 2000-ci il tarixdə Qanuna əlavə edilmişdir, 29 dekabr 2000-ci il tarixli 53-İİQD nömrəli Qanunun 2-ci hissəsinə əsasən isə bu Qanun dərc olunduğu gündən qüvvəyə minir və həmin Qanun 31.01.2001-ci ildə dərc edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin Başçısının 16 yanvar 2001-ci il tarixli, 46 nömrəli sərəncamı imzalanarkən həmin norma hələ qüvvəyə minməmişdir. Həmin sərəncamla isə torpaq sahəsi iddiaçıya ayrılmışdır və artıq uzun müddətdir iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayonu İcra Hakimiyyəti başçısının 16 yanvar 2001-ci il tarixli, 46 nömrəli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayou, Qala qəsəbəsində 3/303 saylı sahədə 1200 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində layihəyə uyğun olaraq inşa edilmiş fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən vahid çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5486/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5486/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver