Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5488/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında ona xx.xx.2021-ci il tarixli **********1 saylı məktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilmişdir ki, Filiala təqdim etdiyi 17 sentyabr 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 5 ay 5 gün - xx.xx.2013-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********1 nömrəli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə” qərarında aşağıdakı qeyd edilən xüsusatlar əsasında vətəndaşa imtina cavabı verilmişdir: İddiaçı təqdim etdiyi xx.xx.1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az- 7 il 5 ay 5 gün (xx.xx.2013-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr) təşkil edir. İşin mübahisələndirilən halı: İddiaçı güzəştli sosial sığorta stajı. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə müvafiq İddiaçı ümumi sosial sığorta stajı xx.xx.2006-cı il tarixədək 26 il 11 ay 29 gün və xx.xx.2006-cı il tarixdən hüququ yarandığı tarixədək 10 il 06 aydır. Göründüyü kimi iddiaçı Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan ümumi sosial sığorta stajına malikdir. Həmçinin İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 50450,81 manatdır və bu da qanunla tələb edilən məbləğdən çoxdur. İş materiallarına "xxxx" Şirkətinin xx.xx.2021-ci il tarixli 003/21 №-li arayışına müvafiq olaraq İddiaçı xx.xx.2012-xx.xx.2013-cü illər ərzində boyaqçı peşəsində işlədiyi müəyyən edilmişdir. İş materiallarına "xxxx" Şirkətinin xx.xx.2021-ci il tarixli DEN- 003/21 №-li arayışına müvafiq olaraq İddiaçı xx.xx.2013-xx.xx.2017-ci illər ərzində rəngsaz peşəsində işlədiyi müəyyən edilmişdir. İş materiallarında "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli SN-O-111/21 №-li arayışına müvafiq olaraq İddiaçı xx.xx.2017xx.xx.2021-ci illər ərzində rəngsaz peşəsində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı güzəştli sosial sığorta stajını 07 il 05 ay 05 gün təşkil edir. İddiaçı xx.xx.1980xx.xx.1985-ci illər ərzində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı”nın 21.2-ci bəndində nəzərdə tutulan vəzifəyə aid olduğunu iddia etsə də, 175 №-li Qaydalarda nəzərdə tutulan arayışı təqdim etməmişdir. Belə olan halda sözügedən illərin güzəştli sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı tarixdə qanunla ona əmək pensiyası təyin edilməsi üçün tələb edilən 12 il 06 ay güzəştli sosial sığorta stajına malik olmadığından iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Qüdrət oğluna güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 62 yaş 7 aydan təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini və əvvəlki iddianın dəqiqləşdirilməsi ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır; Щ 009474 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1975-ci ildə Sumqayıt politexnik texnikumuna daxil olmuş və 1978-ci ildə Sumqayıt politexnik texnikumununavtomobilnəqliyyatının təmiri və texniki qulluq” ixtisası üzrə tam kursu bitirmişdir; "xxxx" şirkətinin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, 1958-ci il təvəllüdlü İddiaçı "xxxx" şirkətində əmək müqaviləsi əsasında xx.xx.2013-cü ildən xx.xx.2017-ci il tarixinədək “Rəngsaz” peşəsində işlədiyi müddət “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr 35-ci bəndində göstərilən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğundur və bu dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı hesab edilir. İşçinin işlədiyi müddətdə sink əsaslı, epoksid və şüşə lifli tərkibli rənglərdən istifadə edərək rəngsaz vəzifəsini icra etmişdir. Əmək şəraiti zərərli olduğu üçün bir sıra güzəştlərlə təmin olunmuş, xüsusi qida məhsullarından süd və qatıq məhsulları ilə təmin edilmişdir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 17 sentyabr 1980-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 5 ay 5 gün (xx.xx.2013-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: “X2 (Azərbaycan) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubunda qeyd edilmişdir ki, 1958-ci il təvəllüdlü İddiaçı “X2 (Azərbaycan) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında xx.xx.2012-ci ildən xx.xx.2013-cü il tarixinədək “Boyaçı” peşəsində çalışıb. Çalışdığı müddət ərzində sink əsaslı, epoksid və şüşə lifli tərkibli rənglərdən istifadə edərək rəngsaz funksiyasını icra etmişdir. Əmək şəraiti zərərli olduğu üçün bir sıra güzəştlərlə təmin olunmuş, xüsusi qida məhsullarından süd və qatıq məhsulları ilə təmin edilmişdir. Gördüyü işin xarakterini nəzərə alaraq, işlədiyi müddət “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr 35-ci bəndində göstərilən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə uyğundur və bu dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı hesab edilir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 13 may 2022-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20121,58 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 49646,47 manat olmaqla cəmi pensiya kapitalı 69768,05 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 11 il 7 ay 17 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 20122,21 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 49646,05 manat pensiya kapitalı qeydə alınmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, 60 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun güzəştli iş stajının olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən Qanunun tələblərinə uyğun olaraq 62 yaş 7 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra isə fərdi uçot məlumatları əsasında müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.8-ci bəndinə əsasən, Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il sığorta stajının mövcud olması; b) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. c) İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçının 60 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi stajının olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, işin mübahisəsiz halıdır. İddiaçının güzəştli iş stajının 60 yaşının tamam olduğu tarixdən sonra tamamlanması halında həmin tarixdən hüququnun yaranması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmənin mövqeyi isə ondan ibarətdir ki, iddiaçının 60 yaş tamam olduqdan sonra yuxarıda qeyd olunan şərtlərin ödəndiyi (yəni ümumi və xüsusi stajının tamam olduğu) vaxtdan pensiya hüququnun yaranması qanunvericiklə uyğunsuzluq təşkil etmir və bunu istisna edən hər hansı müddəa mövcud deyildir. İddiaçının əmək kitabçasında qeyd olunmuş, xx.xx.2012-xx.xx.2013, xx.xx.2013xx.xx.2017 və xx.xx.2017-xx.xx.2021-ci il tarixlərdə “boyaçı”və “rəngsaz” peşələrində işləməsi mübahisəsiz hal olmaqla bərabər həmin peşələrin eynilik təşkil etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində göstərilən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə aid edilməsi "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının və “X2 (Azərbaycan) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının arayışları ilə öz təsdiqini tapmışdır. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının “xx.xx.1980-xx.xx.1985-ci illər ərzində işlədiyi matros peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmasına dair arayışı təqdim etməməsi ilə bağlıdır. Lakin iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1980-xx.xx.1985-ci illər ərzində işlədiyi “matros” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci bölməsinin “b” bəndində, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə “23003010” kod ilə nəzərdə tutulan “üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” vəzifəsinə uyğun olmamasına dair cavabdeh tərəfindən hər hansı dəlil irəli sürülməmişdir. Məhkəmə cavabdehin formal mülahizələrdən çıxış edərək hazırda mövcud olmayan müəssisədən arayışın tələb edilməsi və bu səbəbdən iddiaçının müraciətinin təmin edilməməsini onun hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1980-xx.xx.1985-ci illərdə “matros” və xx.xx.2012-xx.xx.2013, xx.xx.2013-xx.xx.2017 və xx.xx.2017xx.xx.2021-ci il tarixlərdə “boyaçı”və “rəngsaz” peşələrində işlədiyi dövr güzəştli iş stajı kimi nəzərə alındıqda, güzəştli iş stajı ilə bağlı şərt iddiaçının 62 yaş 7 ayı tamam olduğu vaxtdan ödənmiş olur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 62 yaş 7 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 62 yaş 7 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5488/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5488/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver