Məhkəmə qərarları › İş №2-1(112)-5488/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5488/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5488/2023 28.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı M&T”LTD Firmasının cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı M&T”LTD Firması cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində zəruri cəlb edilmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı sonradan dəqiqləşmə verərək “ Apellyasiya Şurasının 18 oktyabr 2022-ci il tarixli A137-7/22 nömrəli qərarının və "xxxx" MMC-nin adına 08 iyun 2002-ci il tarixli Azərbaycan Respublikasında 29221219 nömrə ilə qeydiyyata alınmış əmtəə nişanının qeydiyyatının ləğv edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC kolbasa və delikates ət məmlumatları istehsal edən iddiaçı və süd məhsulları istehsal edən "xxxx" MMC tərəfindən yaradılmış və eyni ticarət nişanı altında ət və süd məhsulları realizə edən mağazalar şəbəkəsidir. 2009-cu il tarixdən "xxxx" MMC adlı şirkət mövcud deyildir. "xxxx" əmtəə nişanıdır və adıçəkilən şirkətlərin müştərək brendidir. Lakin, cavabdeh tərəfindən “Sevimli” əmtəə nişanı heç bir əsas olmadan "xxxx"MMC-nin adına qeydiyyata alınmışdır. Halbuki, həmin əmtəə nişanlarının oxşar olması nəzərə alınmamışdır. Belə ki, “Sevimli” sözü əslində "xxxx" əmtəə nişanının tərkib elementidir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, hər iki əmtəə nişanında “Sevimli” sözü ayrılıqda hüquqi mühafizə obyekti hesab edilmir. "xxxx" söz birləşməsi elementlərinə ayrı-ayrılıqda hüquqi mühafizə verilmədən bütövlükdə qorunmuşdur. Bu səbəbdən də “sevimli” sözünə iddiaçının hər hansı müstəsna hüququ mövcud olmamışdır. Əmtəə nişanında həmin söz ayrılıqda hüquqi mühafizə obyekti olmasa belə “Sevimli” sözündən əmtəə nişanının tərkib elementi kimi o zaman istifadə edilə bilər ki, istehlakçılarda eyni sahibkara məxsus olduğu təsəvvürü yaradılmasın və ümumi görünüş baxımından qarışdırılacaq dərəcədə oxşar olmasın. Hazırkı iş üzrə həmin hal da mövcud deyildir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmtəə nişanının qeydiyyat şəhadətnamədən görünür ki, "xxxx" əmtəə nişanı bütövlükdə ayrıca elementlərinə müstəqil hüquqi mühafizə verilmədən qorunur. Apellyasiya Şurasının qərarından görünür ki, cavabdeh də 26 may 2021-ci il tarixli qeydiyyata istinad etməklə, 18 iyun 2030-cu il tarixə kimi qüvvədə olacaq əmtəə nişanın qeydiyyata alınması barədə şəhadətnaməyə və əvvəlki şəhadətnamələrə, yəni inzibati aktlara istinad edərək "xxxx" əmtəə nişanı bütövlükdə ayrıca elementlərinə müstəqil hüquqi mühafizə verilmədən qorunmasına istinad etmişdir. İddiaçının “sevimli” sözündən ayrılıqda istifadəyə müstəsna hüququ mövcud deyildir. Məhkəməyə təqdim edilən əmtəə nişanının qeydiyyata alınmasına da şəhadətnamələrlə bağlı müqayisəli cədvəldən görünür ki, "xxxx" əmtəə nişanının bəzi formalarda qeydiyyat şəhadətnaməsi iddiaçı və "xxxx" MMC-nin adına qeydə alınmış, müvafiq olaraq 2013 və 2019-cu il tarixdə qüvvədən düşmüşdür. "xxxx" MMC-yə məxsus olan digər bir qeydiyyat şəhadətnaməsi 2029-cu il tarixə kimi qüvvədədir. İddiaçıya məxsus olan "xxxx" əmtəə nişanının qeydə alınmasına dair ən son şəhadətnamə 18 iyun 2030-cu il tarixədək qüvvədədir. Üçüncü şəxsə məxsus olan “Sevimli” əmtəə nişanına dair şəhadətnamə isə 2010-cu il tarixdə qəbul edilmiş, 2020-ci il tarixə kimi qüvvədə olmuşdur. Ən yeni qüvvədə olan şəhadətnamə isə 2022-ci il tarixli olmaqla 18 iyun 2020-ci il tarixədək qüvvədədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun: M a d d ə 1 . Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları daşıyır: əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); M a d d ə 3 . Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. M a d d ə 4 . Əmtəə nişanı kimi qeydə alınan nişanlar Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. M a d d ə 5 . Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; M a d d ə 6 . Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; M a d d ə 1 9 . Əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına və ya coğrafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir. Əmtəə nişanına dair şəhadətnamə iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını, onun ilkinliyini, əmtəələrə və göstərilən xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu təsdiq edir və qeydə alınmış nişanın təsvirini özündə əks etdirir. Kollektiv nişana dair şəhadətnaməyə nişandan istifadə hüququ olanlar (birliyin üzvləri) barəsində məlumatlar da daxil edilir. M a d d ə 2 1 . Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının qüvvədə olma müddəti Əmtəə nişanının iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər. M a d d ə 2 2 . Reyestrdə və şəhadətnamədə dəyişikliklər edilməsi Əmtəə nişanının, kollektiv nişanın və coğrafi göstəricinin qeydiyyatına dair şəhadətnamənin sahibi qeydiyyatla bağlı məlumatlardakı dəyişikliklər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma məlumat verməlidir. M a d d ə 2 5 . Əmtəə nişanı üzərində müstəsna hüquq Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Maddə 2 9 . Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. M a d d ə 3 1 . Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası” Qaydaları”nın: 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə) b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. Qeyd olunan normativ hüquqi aktların adıçəkilən tələblərindən göründüyü kimi hazırkı iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə cavabdeh tərəfindən sübut edilməkdədir. Belə ki, iddianın mahiyyətindən görünür ki, iddiaçı "xxxx" əmtəə nişanına münasibətdə müstəsna hüquqa malik olmasına istinad etməklə üçüncü şəxsin “sevimli” əmtəə nişanına dair qeydiyyat hərəkətlərini və ona dair cavabdehin qərarını mübahisələndirir. Halbuki yuxarıda qeyd olunan normaların tələbindən də müəyyən edildiyi kimi iddiaçının "xxxx" əmtəə nişanına dair qeydiyyat şəhadətnaməsinin mövcudluğu həmin qeydiyyat şəhadətnaməsində, yəni inzibati aktda göstərildiyi kimi əmtəə nişanının bütün elementlərinə müstəqil hüquqi mühafizə verilməsi deyildir. İnzibati aktın özündə də qeyd edildiyi kimi "xxxx" əmtəə nişanı bütövlükdə ayrıca elementlərinə müstəqil hüquqi mühafizə verilmədən qorunur. İddiaçı isə həmin halı nəzərə almadan, onun barəsində qəbul edilmiş qeydiyyat şəhadətnaməsində, yəni inzibati aktda həmin qeydlə bağlı mübahisə açmadan, əmtəə nişanında bütövlükdə ayrıca elementlərinə də müstəqil hüquqi mühafizə verilməklə qorunmasını tələb edir. Halbuki iddiaçının “Sevimli” sözünə hər hansı müstəsna hüququ mövcud olmamışdır. Bununla bağlı cavabdeh haqlı olaraq qüvvədən düşmüş əmtəə nişanlarına dair qeydiyyat şəhadətnamələrinə istinad etməməklə, yalnız hazırda, 2030-cu il tarixədək qüvvədə olan qeydiyyat şəhadətnaməsinə istinad etməklə, üçüncü şəxsin də həmin tarixədək qüvvədə olan qeydiyyat şəhadətnaməsi ilə müqayisəsini aparmış və müəyyən etmişdir ki, müraciətin təmini üçün əsas mövcud deyildir. Belə ki, qeydiyyat şəhadətnaməsi ilə də müəyyən edilir ki, iddiaçının "xxxx" əmtəə nişanına müstəsna hüquqa malik olması “sevimli” sözünə nişandan ayrılıqda istifadəyə dair müstəsna hüquq vermir və iddiaçı üçüncü şəxslər tərəfindən həmin sözün istifadəsinə hər hansı maneə yarada bilməz. İddiaçının hazırda qüvvədə olan qeydiyyat şəhadətnaməsində, yəni onun barəsində qəbul edilmiş inzibati aktdakı müdəa konkretdir. "xxxx" əmtəə nişanı bütövlükdə ayrıca elementlərinə müstəqil hüquqi mühafizə verilmədən qorunur. İddiaçı isə həmin halı nəzərə almadan müraciətinin təminində maraqlıdır. Lakin onun göstərilən faktiki marağı hüquqi mühafizə üçün əsas olan hüquqi maraq kimi məhkəmə tərəfindən qiymətləndirilməməkdədir. Nəzərə alınmalıdır ki, “sevimli” sözünün hüquqi mühafizə obyekti olmasa belə üçüncü şəxslər tərəfindən istifadəsinə dair məhdudlaşma ilə bağlı da cavabdeh inzibati icraat aparmış və həmin hala da düzgün qiymət vermişdir. Belə ki, apellyasiya şurasının qərarından və etirazdan da göründüyü kimi hazırkı iş üzrə “sevimli” sözündən istifadə istehlakçılarda eyni sahibkara məxsus olduğu təsəvvürü yaratmır və ümumi görünüşlü təəsüratı cəhətdən də qarışdırılacaq dərəcədə oxşar deyildir. Bu zaman cavabdeh haqlı olaraq məhz qüvvədə olan inzibati akt əsasında verilmiş şəhadətnamələr arasında müqayisə aparmış və müəyyən etmişdir ki, üçüncü şəxsə məxsus “sevimli” əmtəə nişanı sarı və narıncı rəng çalarlarında verilmiş təsvirdən və mərkəzi hissədə qrafik obrazda verilmiş “SEVİMLİ” sözündən ibarət təsviri əmtəə nişanıdır. Nişanda “S” və “L,İ” hərfləri narıncı rəngdə verilmiş, “E,V,İ,M” hərfləri isə ev təsviri içərisində, qırmızı rəngdə verilmişdir. Nişanda hərflərin müxtəlif rəng çalarlarında verilməsi “E,V,İ,M” hərflərinin xüsusi vurğulanaraq ev təsvirinə uyğun “evim” sözü kimi nəzərə çarpması kompoziyasının qrafik mərkəzi rolunu oynayır və istehlakçıların diqqətini cəlb edir. Beləliklə müqayisə edilən nişanlar müxtəlif obrazlarda və rənglərdə təqdim edilmişdir. Bu isə həmin nişanların istər ümumi görünüşlü təəssüratı, istərsə də rəng və ya rəgnlərin uzlaşması baxımından qarışdırılacaq dərəcədə oxşar olmadığını qeyd etməyə əsas verir. Müqayisə edilən nişanlar fərqli təsvir və elementlərdən ibarət olmaqla istehlakçıların zehnində fərqli obrazlar yaradır. Belə ki, qrafik fərqlərə nişanların malik olması, ümumi görünüşlü təəssüratı, şriftin növü, qrafiki yazılışı, rəng və ya rənglərin uzlaşması, nişanda olan anlayış, ideya uyğunluğu baxımından qarşıdırılacaq dərəcədə oxşarlığın olmamasın, nişanların istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola biləcəyi formasında qiymətləndirmə aparılmışdır. Məhkəmə etiraz və apellyasiya şurasının həmin qərarında qeyd edilmiş qiymətləndirmə ilə razılaşaraq, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o,elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan istehlakçılarda eyni sahibkara məxsus olduğu təsəvvürünün yardılmaması, ümumi görünüşlü təəssüratı cəhətdən qarışdırılmaması kimi qiymətləndirməyə münasibətdə daha çox xüsusi bilik və təcrübəyə malik, səlahiyyətinin əsas qismi həmin halların qiymətləndirilməsi ilə bağlı təşkilatdır. Hazırkı iş üzrə də aparılan qiymətləndirmə zamanı AR İPM-nin 73-cü maddəsinin tələbləri də nəzərə alınmaqla aparılan qiymətləndirmə zamanı xüsusi bilik və təcrübəsindən istifadə edilməklə aparılan qiymətləndirmədə hər hansı sui istifadə halı müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, hər hansı fərdi şəxslərin düşüncəsində göstərilən iki əmtəə nişanı arasında oxşarlığın mövcudluğu mövcud ola bilər. Lakin, hazırkı vəziyyətdə fərdi şəxslərin düşüncəsində həmin oxşarlığın mövcud olması, istehlakçılarda eyni sahibkara məxsus olduğu təsəvvürünün yardılmaması, ümumi görünüşlü təəssüratı cəhətdən qarışdırılmaması kimi qiymətləndirməyə dair cavabdehin formalaşdırdığı kriteriya çərçivəsində qiymətləndirmə aparılması üçün zəruridir. Cavabdehin də aparmış olduğu qiymətləndirmə odur ki, hazırkı iş üzrə istehlakçılarda eyni sahibkara məxsus olduğu təsəvvürünün yardılmaması, ümumi görünüşlü təəssüratı cəhətdən qarışdırılmaması əlamətləri mövcud deyildir. Məhkəmə də həmin mövqe ilə razılaşmaqdadır. Bundan əlavə, qeyd olunmalıdır ki, iddiaçı iddia ərizəsində Qanunun 5-ci maddəsinin f bəndinə də istinad etməkdədir ki, əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanının mövcudluğundan hazırkı iş üzrə söhbət gedə bilməz. Belə ki, iş göstərilən meyarlara uyğun olaraq istehlakçının yanıldılması halının təsdiq edilməsini müəyyən edən hər hansı sübut təqdim edilməmiş, inzibati məhkəmə araşdırması zamanı da yanılma halına dair hər hansı hal aşkar edilməmişdir. İddiaçı həmin halı da inzibati icraat zamanı cavabdehə bildirməmiş, inzibati icraat və qəbul edilən apellyasiya şurasının qərarı da oxşarlıq halının araşdırılması ilə bağlı olmuş, yanılma halına dair də hər hansı araşdırma aparılmamışdır. Doğrudur, inzibati orqan işin bütün hallarının araşdırılmasına borclu olsa da, məhkəmə araşdırması zamanı da həmin halın mövcud olmasına münasibətdə işin bütün halları araşdırılmış, lakin yanılmanı təsdiq edə biləcək hər hansı hal aşkar edilməmiş, iddiaçının qanunla qorunan mənafelərinin pozulması müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar