Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5489/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s.” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclas protokolu qaydasında qəbul edilmiş qərardad ilə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsi kimi nəzərə alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN **********) 2022-ci ildə rəsmi qaydada elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə 61974,5 manat dəyərində mal satmışdır. Lakin həmin malların elektron qaimə-faktura ilə alınması imkan xaricində olmuşdur. Bundan sonra, vergi orqanı iddiaçını riskli vergi ödəyicisi qrupuna salmaqla gəlir vergisi bəyannaməsindən bütün xərclərini silmiş və bütün gəliri xalis gəlir kimi qəbul edərək barəsində qanunsuz vergi hesablamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Nazirlər Kabinetinin müvafiq qərarında bu formada həyata keçirilən əməliyyata görə riskli vergi ödəyicisi hesab olunma nəzərdə tutulmamışdır. İddiaçı müxtəlif çeşidli mallar alıb satmamışdır. Sadəcə satılan malların alış sənədi olmamışdır ki, buna görə də riskli qrupa salınma Meyarlarda nəzərdə tutulmamışdır. Vergi orqanı iddiaçının gəlirini 61974,5 manat kimi qəbul edirsə, həmin gəlirin əldə olunmasına çəkdiyi xərcləri də qanunla yol verilən həddə qəbul etməlidir. Əks halda, əməliyyatı əmtəəsiz hesab edirsə, demək ki göstərilən həmin gəliri də qəbul etməyərək azaltmalıdır. İddiaçı tərəfindən sonuncu təqdim olunmuş gəlir vergisi bəyannaməsi də qəbul edilməmiş və barəsində xx.xx.2023-cü il tarixli **********144300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 10137,68 manat vergi məbləği hesablanmışdır. O da qeyd olunur ki, sonuncu bəyannamə şərti rentabellik norması əsasında (61974.5 / 6 x 20%) tərəfindən vergi orqanına təqdim olunmuşdur. Bundan başqa, cavabdeh tərəfindən şəxsi hesab vərəqsində əsassız olaraq 35528.02 manat “təsdiqlənməmiş azalma” məbləği əks olunmuşdur. Göründüyü kimi, qanunverici imperativ şəkildə vergi ödəyciisi tərəfindən təqdim olunan bəyannamənin 72.6-cı maddədə sadalanan hallar istisna olmaqla qəbul edilməli olduğunu müəyyən etmişdir. Vergi orqanı həmin bəyannamə göstəriciləri ilə razıl olmadığı halda Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olaraq 30 və ya 60 iş günü ərzində araşdırma aparıb yenidən kameral qaydada hesablama həyata keçirə bilər. Lakin təqdim olunmuş bəyannamə üzrə yuxarıda, yəni “Vergilər üzrə vərəqə” hissəsində əks olunan məbləği öz daxili yanaşmalarına uyğun şəkildə şəxsi hesab vərəqəsinin aşağısında yerləşdirdikləri əsassız təsdiqlənməmiş azalma xanasına əlavə edə bilməzlər. Vergidən süni şəkildə yayınmanın qarşısını almaq məqsədilə olsa belə, həmin müddət Məcəllənin 37.2-ci maddəsi ilə müəyyən olunmuş müddəti aşa bilməz və mütləq şəkildə bəyannaməyə münasibət bildirilərkən həmin xanadakı məbləğ silinməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki, hazırda mübahisə predmetini təşkil edən xx.xx.2023-cü il tarixli **********144300 nömrəli Qərar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsindən irəli gələn hesablama ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 62 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Qara Metal və s.” satışda qeyd olunsa da, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı məlum olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci yarımbəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 2.1.3-cü yarımbəndinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmin Meyarların 3.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə vergi ödəyicisinin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunur. Qeyd edilənlərə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilərək barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********471000 nömrəli Qərar qəbul edilmişdir. Aparılmış kameral hesablamaya münasibətdə isə bildiririk ki, aparılmış araşdırılma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir vergi bəyannaməsinin xərclər hissəsində 50688,42 manat təsdiqini tapmayan xərclərin qeyd edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********125100 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin dəqiqləşdirilmiş gəlir vergi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən 2022-ci ilin gəlir vergisi üzrə 10137,68 manat (61974,5-957,0)*20%)-2065,82) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 30.11,2023-cü il tarixli **********144300 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmin qərardan inzibati qaydada verilmiş şikayətlər və qəbul edilmiş qərarlar da nəzərə alınmaqla məhkəmə hesab edir ki, müddətlə bağlı şərt də pozulmamışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ilə vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərarda qeyd olunmuşdur ki: -“Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il dövr ərzində cəmi 62 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “Qara Metal və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Vergi ödəyicisinin ticarət fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş, lakin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’nın 2.1.1ci,3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.” Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 30 noyabr 2023-cü il tarixli qərarı ilə kameral yoxlama nəticəsində iddiaçıya 10.137,68 manat məbləğində əlavə vergi hesablanmışdır. Qərarda qeyd olunmuşdur ki: -“Təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar" (1226.3-cü), “Malın dəyəri" (1226.4-cü), "Enerji xərcləri" (1226.7-ci), “Qaz xərcləri” (1226.8-ci), “Yanacaq xərcləri" (1226.9-cu), “Su və kanalizasiya xərcləri” (1226.10-cu), “Rabitə xərcləri" (1226.11ci). “Mühafizə xərcləri” (1226.12-ci), "Reklam xərcləri” (1226.14-cü), “Biləvasitə malların təqdim edilməsi işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.15ci), "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər" (1230-cu), " Nəqliyyal xərcləri ". (1233-cü), “Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 50688.42 manat), tərəfinizdən əvvəlki ıl üzrə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsinin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat) cari il ərzində əldə edilmiş e-qaimə-takturaların və alış aktlarının məbləği (0.00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) (+) 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən ( 0.00 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (0.00 manat) məbləğin müqayisəsi nəticəsində 50688.42 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Müvafiq dövr üzrə təsdiq edici sənədlər təqdim edilmədiyi üçün hesablanmış kameral vergi məbləği bərpa edilir” Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda qeyd olunmuşdur ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün vergi ödəyicisinin həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş aşağıdaki qərarı mübahisələndirir:
1. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 noyabr 2023-cü il tarixli, **********144300 nömrəli qərarını. Mübahisələndirilən inzibati akt, daha dəqiq desək vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar - kameral yoxlama nəticəsində iddiaçıya 10.137,68 manat məbləğində əlavə verginin hesablanması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, iddiaçıya əlavə vergi məbləğlərinin (gəlir vergisi) hesablanmasına əsas onun xərc sənədlərin tam təqdim edilməməsi olmuşdur. Bununla bağlı iddiaçı cavabdehə müraciət edərək satın aldığı malların sənədlərin tam əldə edilməsinin mümkün olmamasını qeyd etmiş, qeyd olunan halların nəzərə alınması və vergilərin şərti rentabellik norması tətbiq edilməklə hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh qeyd olunan halları nəzərə almayaraq şərti rentabellik normasını tətbiq etməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, yuxarıda göstərilən malın satılmasını həm iddiaçı, həm də cavabdeh qəbul edir, buna uyğun olaraq həmin satılan malın alınması da hər hansı şübhə yarada bilməz. Bu səbəbdən iddiaçı tərəfindən təqdim edilən gəlir vergisi göstəriciləri ilə razılaşmayan cavabdeh vergilərin düzgün müəyyən olunması məqsədilə ilk növbədə Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində əks olunan əlaqəli məlumatlar əsasında iddiaçının gəlirinin müəyyən edilməsi istiqamətində araşdırma aparmalı idi. Qeyd olunan mənbələr əsasında gəliri müəyyən etmək mümkün olmadıqda isə digər üsul və vasitələrdən - Vergi Məcəlləsinin 67.3 və 67.4-cü maddəsinin imkanlarından, həmçinin Vergi Məcəlləsinin 67.14-cü maddəsinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə gəlir müəyyən olunmalı idi. Lakin cavabdeh inzibati orqan qanunvericiliyin qeyd edilmiş tələblərinə riayət etməyərək vergi ödəyicisi üçün əlverişli olan halları nəzərə almamış və tətbiq edilməsi məcburi olan normanı tətbiq etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın: 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9- cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R. Burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Göstərilənlərə uyğun olaraq cavabdeh iddiaçının 2022-ci il üzrə gəlir vergisi məbləğini Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrini, müvafiq olaraq Nazirlər Kabinetinin qeyd olunan Qərarını tətbiq etməklə müəyyən etməli idi. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı halda vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin hesablanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququndan imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Digər tərəfdən cavabdeh iddiaçı tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olmasını qeyd etmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan vergi ödəyiciləri bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Hazırki işdən isə görünür ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir. Oxşar mövqeyi olaraq Ali Məhkəmənin 2-1(102)-10/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı əsas gətirilir. Həmin qərarda qeyd olunmuşdur ki, “Bundan başqa, xüsusilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Göründüyü kimi, qanunverici hətta əməliyyatın əmtəəsiz olduğu halda belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh hazırkı mübahisəyə münasibətdə əməliyyatı əsassız olaraq əmtəəsiz hesab etsə də, bu yanaşmasına uyğun normanı tətbiq etməmiş, gəlirdən çıxılmalı məbləği bazar qiyməti və əlaqəli məlumatlar əsasında müəyyən etməmişdir (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 2208/2023 nömrəli qərarı).” Oxşar mövqeyi həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 486/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında da əks olunmuşdur. Göründüyü kimi yuxarı instansiya məhkəməsinin özü də qərarlarda əməliyyatların əmtəəsiz əməliyyat hesab edildiyi təqdirdə belə gəlirdən çəkilən xərclərin çıxılması qaydasını göstərmiş və cavabdeh vergi orqanın bu qaydalara riayət etməməsini əsassız hesab etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 noyabr 2023-cü il tarixli, **********144300 nömrəli qərarı ləğv edilməlidir. İddia tələbinin ikinci hissəsinə gəldikdə isə qeyd olunur ki, iddiaçı hesab edir ki, cavabdeh əsassız olaraq təsdiqlənməmiş azalma kimi 35.528,02 manat məbləği onun şəxsi hesab vərəqəsində əks etdirmişdir. Məhkəmə iddiaçının bu tələbinin də əsaslı olduğunu hesab edir. Qeyd olunmalıdır ki, “təsdiqlənməmiş azalma” anlayışı VM-nin müddəalarında öz əksini tapmamışdır. Cavabdehin həmin ifadə altında nəzərdə tutduğu anlayış onunla bağlıdır ki, əgər vergi ödəyicisinin xərcləri qanuni sənədlər ilə təsdiq olunmazsa, bu xərclər “təsdiqlənməmiş” hesab olunur və vergi öhdəliklərinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh iddiaçının şərti rentabellik norması əsasında müəyyən etdiyi gəlir vergisi barədə bəyannaməni qəbul etməyərək, əssasız hesablama nəticəsində “təsdiqlənməmiş azalma” kimi 35.528,02 manat vəsaiti şəxsi hesab vərəqəsində əks etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşağıdaki müddəalarına nəzər yetirdikdə görünür ki: 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. Məhkəmə ilk növbədə qeyd edir ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsi dedikdə vergi ödəyicisinin vergi orqanı qarşısında maliyyə öhdəliklərinin uçotunu aparmaq məqsədilə tərtib olunan maliyyə sənədi başa düşülür. Bu vərəqədə vergi ödəyicisinin dövriyyəsi, ödədiyi vergilər, hesablamalar və qalıqlar kimi maliyyə əməliyyatları qeyd olunur. Nəzərə alınmalıdır ki, şəxsi hesab vərəqəsinin uçotu anlayışı Mühasibat uçotu standartlarında birbaşa qeyd olunmasa da, həmin standartlar vergi öhdəlikləri və digər maliyyə öhdəliklərinin uçotu mexanizmini də ehtiva edir. Belə ki, “X1 Standartlarına” (MHBS): MMUS 18 – Gəlirlər üzrə vergi uçotu standartlarında müəyyən edilmiş qaydalarla tənzimlənir. Burada müəssisəsinin vergi öhdəliklərinin uçotunun düzgün aparılması ilə bağlı qaydalar verilir. MMUS 1 - Maliyyə Hesabatlarının tərtib edilməsi: Bu standart müəssisənin maliyyə vəziyyətinə dair bütün öhdəliklərin, o cümlədən vergi öhdəliklərinin maliyyə hesabatlarında düzgün əks etdirilməsini tələb edir. Göründüyü kimi şəxsi hesab vərəqəsi vergi ödəyicisinin dövriyyəsini, ödədiyi vergilər, hesablamalar və qalıqları kimi maliyyə əməliyyatlarını əks etdirən sənəddir. Nəzərə alınmalıdır ki, qanunverici imperativ şəkildə vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamənin 72.6-cı maddədə sadalanan hallar istisna olmaqla qəbul edilməli olduğunu müəyyən etmişdir. Vergi orqanı həmin bəyannamə göstəriciləri ilə razı olmadığı halda Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olaraq 30 və ya 60 iş günü ərzində araşdırma aparıb yenidən kameral qaydada hesablama həyata keçirə bilər. Lakin təqdim olunmuş bəyannamə üzrə yuxarıda, yəni “Vergilər üzrə vərəqə” hissəsində əks olunan məbləği öz daxili yanaşmalarına uyğun şəkildə şəxsi hesab vərəqəsinin aşağısında yerləşdirdikləri əsassız təsdiqlənməmiş azalma xanasına əlavə edə bilməzlər. Vergidən süni şəkildə yayınmanın qarşısını almaq məqsədilə olsa belə, həmin müddət Məcəllənin 37.2-ci maddəsi ilə müəyyən olunmuş müddəti aşa bilməz və mütləq şəkildə bəyannaməyə münasibət bildirilərkən həmin xanadakı məbləğ silinməlidir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin olunmalıdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 noyabr 2023-cü il tarixli, **********144300 nömrəli qərarı ləğv edilsin. 35.528,02 manat təsdiqlənməmiş azalma məbləğinin İddiaçı Sadiq oğlunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov