Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-549/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Yusif oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yusif oğlu cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə qarşı “ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ölkə xaricinə işlə əlaqədar gedərkən ölkə sərhədini keçməyi ilə əlaqədar Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən öikədən getmək hüququna məhdudiyyət qoyulduğu şifahi şəkildə ona bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Bakı şəhəri Baş Polis İdarəsinə onun barəsində hər hansı cinayət işinin olması ilə bağlı müraciət olunmuşdur. Nazirlikdən və İdarədən iddiaçıya bildirilmişdir ki, onun barəsində heç bir cinayət işi yoxdur və Nazirliyin tabeliyində olan heç bir qurum tərəfindən o, cinayət təqibi üzrə axtarışda olmamışdır. Daha sonra o, AR DİN Bakı şəhəi Baş Polis İdarəsinin Həbib adlı əməkdaşının qəbulunda olarkən əməkdaş tərəfindən ona bildirilmişdir ki, iddiaçının "xxxx" ASC-nə olan kredit borcuna görə ölkədən getməyinə məhdudiyyət qoyulmuşdur. Bunun polisin səlahiyyətində olmadığını, kredit borcu ilə bağlı məhkəmə qərarının olduğunu və qərarın icrasının Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə həvalə edildiyini, hazırda bununla əlaqədar icra məmuru tərəfindən müvafiq icra tədbirlərinin həyata keçirildiyini, qanunsuz olaraq, AR Konstitusiyası ilə qorunan hüquqlarının kobudcasına pozaraq Polis Orqanı tərəfindən icra mərhələsində olan mülki işlə bağlı qoyulmuş ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasını bildirsə də, polis əməkdaşı iddiaçının dediklərinə məhəl qoymamış, kredit borcunu ödədiyi halda qoyulmuş məhdudiyyəti aradan qaldıracağını bildirmişdir. Daha sonra iddiaçı məhkəməyə müraciət etmək məqsədilə müvafiq sənədlərin toplanması üçün xx.xx.2022-ci il tarixdə vəkil sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və AR DİN Bakı şəhəri Baş Poiis İdarəsinə rəsmi şəkildə müraciət edilsə də, sorğunun xx.xx.2022-ci il tarixdən Nazirliyə və idarəyə çatdırıldığı bildirilsə də, bugünədək sorğuda qeyd olunan sənədlər təqdim edilməyərək sorğuya cavab verilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli sorğuya cavab verilməməsi barədə dəfələrlə Nazirliyin “102” Qaynar xəttinə zəng edilmiş və şikayətlər edildikdən sonra bütün şikayətlər qeydə alınmışdır. Lakin buna baxmayaraq da bugünədək sorğuya cavab verilməmiş və sənədlər təqdim edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh qismində yalnız Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia tələbinə münasibətdə yazılı ərizə təqdim edərək bildirmişdir ki, iş materiallarında olan Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38-2/33-1143/24 sənəddən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Həmçinin iddiaçı barəsində Dövlət Sərhəd Xidməti tərəfindən ölkədən çıxışına məhdudiyyətim (qadağanın) qoyulub-qoyulmaması barədə məlumatların dəqiqləşdirilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən DSX-nin aidiyyəti struktur qurumuna sorğu göndərilmişdir və daxil olmuş eyni məzmunlu cavab məktubunda xx.xx.1984-cü il təvəllüdlü İddiaçı odlunun Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmadığı qeyd edilmişdir. İşdə olan və məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin külli miqdarda pul vəsaitinin fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq aparılan cinayət işi üzrə yaradılmış birgə istintaq qrupunun tərkibinə daxil olan Bakı şəhər BPİ-nin istintaq və Təhqiqat idarəsinin müstəntiqləri tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 08 fevral 2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Şamaxı” filialına 41.400 manat kredit borcu ödənilməmişdir. Hazırda istintaq davam etdirilir. İddiaçı hazırda ona barəsində tətbiq edilən bu məhdudiyyətin aradan qaldırılmasını xahiş edir. “Giriş-çıxış və qeydiyyat” İAMAS haqqında Əsasnamə"yə görə axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilməsi və və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi öz səlahiyyətləri həddində istintaq və təhqiqat aparan orqanlara DİN, DSX, FHN, DTX, ƏN, VN, Dövlət Gömrük Komitəsi, Prokurorluq və sair dövlət orqanlarının vəzifələrinə daxildir. "Sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilmə” hər iki dövlət orqanının da vəzifələrinə aid edilmişdir. Lakin DSX-nin vəzifələrinə digər dövlət orqanı tərəfindən qəbul edilmiş məhdudiyyət qərarının olubolmamasını yoxlamaq, habelə digər dövlət orqanı tərəfindən sistemə daxil edilmiş məlumatlar hər hansı dəyişiklik, əlavə və sair edilməsi vəzifələri aid deyildir. inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq (publik hüquq) sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Hazırkı iddiadan görünür ki, iddiaçının ölkədən çıxışına qoyulan məhdudiyyət onunla inzibati orqan arasında yaranmış hər hansı inzibati hüquq sahəsinə aid münasibətlə bağlı deyil, başlanmış cinayət işi ilə bağlı olmuşdur. Habelə yuxarıda qeyd edildiyi kimi həmin cinayət isi üzrə istintaq hərəkətləri nə DSX tərəfindən aparılmışdır, nə də DSX tərəfindən iddiaçının Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə məhdudiyyət tətbiq olunmuşdur. Həmçinin iddiaçı öz iddia ərizəsində də BDYPİ-nin əməkdaşı tərəfindən onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kredit borcu olması səbəbindən ölkədən çıxışına məhdudiyyət qoyulduğunu və kredit borcunu ödəyəcəyi təqdirdə mövcud məhdudiyyətin götürüləcəyini qeyd etmişdir. Digər tərəfdən iddiaçı X3 cavabdeh kimi Dövlət Sərhəd Xidmətini qovaraq qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərindən və isin hallarından açıq-aşkar səkildə bəlli olur ki, Dövlət Sərhəd Xidməti hazırda ümumiyyətlə iddiaya cavab verməli olmayan orqandır. Hesab olunur ki, Mülki-Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə əsasən iddianın iddiaya cavab verməli olmayan orqan Dövlət Sərhəd Xidmətinə qarsı verilməsi hissəsində qanunvericiliyin tələbləri pozulmuşdur və buna görə də Dövlət Sərhəd Xidməti yuxarı qeyd olunan əsaslı faktlar nəzərə alınaraq cavabdeh olmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Məhkəmə xüsusi ilə bir məqama toxunmaq istəyir ki, Plenum Qərarında ortaya qoyulan mövqe konkretdir. Konkret halda iddiaçının hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə iddianın qeyd olunan hissəsi hüquqi müdafiəyə ehtiyacdan söhbət gedə bilməz. İddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsindən ibarətdir. Lakin iddiaçının ölkədən çıxışına məhdudiyyətin məhz Dövlət Sərhəd Xidməti tərəfindən qoyulması müəyyən edilməmiş, iddiaçının özü də bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bu isə faktiki olaraq iddiaçının hansı hüquqlarının cavabdeh tərəfindən pozulduğu müəyyən olunmur. Yəni, iddiaçının cavabdehə qarşı tələb üzrə hüquqi müdafiəyə ehtiyacı yoxdur. Hüquqi müdafiəyə ehtiyac yoxdursa, deməli iddia da mümkünsüzdür. Bundan başqa o da nəzərə alınmalıdır ki, “Giriş-çıxış və qeydiyyat” İAMAS haqqında Əsasnamə"nin tələblərinə görə axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilməsi və və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi öz səlahiyyətləri həddində istintaq və təhqiqat aparan orqanlara DİN, DSX, FHN, DTX, ƏN, VN, Dövlət Gömrük Komitəsi, Prokurorluq və sair dövlət orqanlarının vəzifələrinə daxildir. Göründüyü kimi şəxsin ölkədən giriş-çıxışına məhdudiyyətin qoyulması təkcə Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə cavabdeh tərəfindən iddiaçının ölkədən giriş-çıxışa məhdudiyyət qoyulmadığından, iş üzrə Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu müəyyən olunmur. Başqa sözlə desək, Dövlət Sərhəd Xidməti hazırki iş üzrə cavabdehlik daşımamaqla yanaşı, həmçinin iddiaçının özünün də cavabdehə münasibətdə hüquqi müdafiəyə ehtiyacı olmamışdır. Odur ki, iddia tələbi mümkünlük şərtlərini ödəmir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Yusif oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-549/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-549/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver