Məhkəmə qərarları › İş №2-1(112)-5491/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5491/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5491/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “pensiyanın yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ümumi öhdəliklərin yerinə yetirilməməsi nəticəsində ümumi ziyana görə xx.xx.2018-xx.xx.2022-ci il üzrə minimum yaşayış məbləğinə uyğun hesablanaraq kompensasiya ödənilməsinin, əmək pensiyasının yenidən hesablanması, xx.xx.2018-xx.xx.2022-ci il dövrü üzrə təyin olunmuş pensiya məbləğini (10.586 manat) vaxtında ödənilmədiyinə görə inflyasiyaya uyğun indeksasiya olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubu verilmişdir. Təkrar xx.xx.2019-cu il tarixdə müraciət etmiş, xx.xx.2019-cu il tarixdə imtina almışdır. xx.xx.2019cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi 2-1(112)-311/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli çıxarmış, iddiası təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti vermiş, iş uzanmışdır. Yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən iddiası təmin olunmuşdur. Qərar xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Şikayətlə bağlı bildirmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən iş düzgün araşdırılmamış, əsassız imtina verilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya verilmiş cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-819/2022 nömrəli qərarına əsasən 8 sentyabr 2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və 57 yaşının tamam olduğu 6 avqust 2018-ci il tarixindən hesablanıb. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan 10586,76 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin 441,12 manat hissəsi cari ilin oktyabr, noyabr aylarında, qalan 10145,64 manat hissəsi isə Mərkəzi filiala müraciəti nəzərə alınaraq cari ilin dekabr ayında birdəfəlik ödənilib.

4. İşin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının hazırki tələblə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna və ya onun qurumlarına müraciətinin olmaması səbəbindən iddianın mümkün sayılmamalı olduğunu bildirdi.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək hazırki tələblə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmədiyini bildirdi.

II. İddianın növü və mümkünlüyü

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-819/2022 nömrəli xx.xx.2022-ci il tarixli yekun qərarı ilə İddiaçı iddiası təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 06 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, ona əmək pensiyası üzrə keçmiş müddət üçün ödənməli olan 10586,76 manat pul vəsaiti hesablanıb. Həmin vəsatinin 441,12 manat hissəsi cari ilin oktyabr və noyabr aylarında, qalan 10145,64 manat hissəsi isə Mərkəzi Filiala müraciəti nəzərə alınaraq cari ilin dekabr ayında birdəfəlik ödənilib.

9. İddiaçı bir tərəfdən ona təyin olunmuş pensiya məbləğinin düzgün hesablanmadığı qənaətindədir və bununla əlaqədar pensiyasının yenidən hesablanmalı olduğu, digər tərəfdən isə keçmiş müddət üçün ödənilməli məbləğin indeksasiya olunmasını və həmin məbləğ vaxtında ödənmədiyi üçün vurulmuş zərərin əvəzini tələb edir.

10. Pensiyanın yenidən hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və qərar qüvvədədir.

11. məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.

12. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

13. X3 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X3 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

14. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

15. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

16. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının, o cümlədən lazımi qaydada icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.

17. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X3 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi (qeyd edilən hal icraya nəzarət edən məhkəmə tərəfindən müəyyən ediliyi təqdirdə) məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.

18. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin qeyd edilən hissəsinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.

19. İddia tələbinin pensiyanın vaxtında ödənilməməsi nəticəsində ziyana görə kompensasiya hesablanaraq ödənilməsi, eləcə də inflyasiyaya uyğun indeksasiya olunması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələb İPM-in 34.1-ci maddəsinin 2-ci cümləsinə uyğun olaraq verilmiş ərizə deyil, İPM-in 2.2.7-ci maddəəsinə əsasən inzibati orqanların qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

20. Bununla əlaqədar xüsusi mümkünlük şərtinin ödəndiyi, yəni vurulmuş maddi və mənəvi ziyanın məbləği göstərilməklə, eləcə də indeksasiya olunması tələbi ilə inzibati orqana müraciət edildiyi müəyyən edilmir.

21. İddiaçı müvafiq müraciətlə əvvəlcə aidiyyəti inzibati orqana (Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) müraciət etməli, tələbi təmin olunmadığı təqdirdə iddia tələbi ilə məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.

22. Odur ki, iddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah ediliyindən iddia tələbinin həmin hissədə mümkün sayılmaması məhkəməyə müraciət hüququnun pozulması ilə nəticələnmir.

23. Məhkəmə qeyd edir ki, iddia tələbinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşlarının adlarının açıqlanması, əks halda vəzifəyə uyğunsuzluq haqqında qərar qəbul edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə tələb vəsatət xarakterlidir və iddia mümkünsüz sayıldığından prosessual qənaət prinsipinə uyğun olaraq vəsatətə münasibət bildirilməsi zərurəti yoxdur.

24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

25. Məhkəmə həmçinin qeyd edir ki, Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar