Məhkəmə qərarları › İş №2-1(112)-5491/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5491/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5491/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “qeyri-yaşayış sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 1 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 261 saylı Sərəncamına əsasən, İddiaçı (bundan sonra – iddiaçı) bərbərçilik fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış cərgədə 30 kv.m ölçüdə bərbərxana obyektinin tikintisinə icazə verilmşdir. ünvan 1 ünvanda yerləşən 0,0026 ha torpaq sahəsinə dair iddiaçının icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsində bərbərxana inşa etdirmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 261 saylı Sərəncamına əsasən tikintiyə icazəyə dair məlumatlar Tikintilərin dövlət reyestrinə daxil edilmiş, tikinti obyektinə verilən koda dair Seriya AZE 005476 № li Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli, Ö/006208 № li istismara hazırlıq aktı verilmişdir. "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsinin memarlıq-planlaşdırma bölməsi tərtib edilmişdir. İddiaçı həmin qeyri-yaşayış obyekti üçün hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 sayılı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmişdir Cavabdeh xx.xx.2023-cü il tarixli, **********89 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirilmişdir ki, sözügedən obyekt vahid qeyri-yaşayış binasının bir hissəsi olmaqla qeyri-yaşayış sahəsi olduğu müəyyən edilmişdir. Qeyriyaşayış sahəsinin Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli, xx.xx.2023-cü il tarixli Fərmanın predmeti olmadığı nəzərə alınaraq müraciətin icrası mümkün olmamışdır. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları, digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 261 saylı Sərəncamına əsasən, ona bərbərçilik fəaliyyəti ilə məşğul olması üçün, Sahil qəsəbəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış cərgədə 30 kv.m ölçüdə bərbərxana obyekti üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsinin qeyri-yaşayış binasının bir hissəsi olması imtina üçün əsas deyildir. Belə ki, həmin qeyri-yaşayış sahəsi, qeyri-yaşayış binasının bir hissəsi olmaqla digər obyektlərə heç bir təsiri və fəsadı görünməməkdədir. Cavabdeh tərəf isə, imtina məktubunda öz mülahizəsini heç bir əsasla sübut edə bilməmişdir. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, müvafiq icra hakimiyyəti ilə razılaşdırılmış layihə, istismara qəbul aktı və ya istismarına icazə sənədlər toplusuna əlavə edilməmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, əmlak ümumi sahəsi 42.3 kv.m olan qeyri-yaşayış sahəsidir. Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinə müraciət edilməsi məqsədəuyğundur. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmənin dəftərxanasına ərizə təqdim edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 261 saylı Sərəncamına əsasən, iddiaçıya bərbərçilik fəaliyyəti ilə məşğul olması üçün Sahil qəsəbəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış cərgədə 30 kv.m ölçüdə bərbərxana obyektinin tikintisinə icazə verilmiş, iddiaçı həmin ünvanda bərbərxana inşa etdirmişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.9 və 8.0.9.2-ci maddələri təşkil edir. 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ... Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. Cavabdehin imtina əsasını da məhz bu hal təşkil edir. Belə ki, cavabdeh iddiaçı tərəfindən müvafiq icra hakimiyyəti ilə razılaşdırılmış layihə, istismara qəbul aktı və ya istismarına icazənin sənədlər toplusuna əlavə edilmədiyini qeyd etmişdir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt (01 yanvar 2013-cü il tarixədək) qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinin 6-cı abzasına əsasən, dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur; 12-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; 17-ci maddəsinə əsasən, şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmək hüquqi və fiziki şəxslərin vəzifələridir; 19-cu maddəsinə əsasən, şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 25-ci maddəsinin 7-ci abzasına əsasən, tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. “Şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıqtikinti xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyəsinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.13.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin, Tikintidə X2 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X3 Görülməsi və X4 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Məhkəmə onu da qeyd edir ki, hazırda qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Bundan başqa, "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanı: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) 2025-ci il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyriyaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; 1.1.3. Nazirlik:

1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 15 (on beş) iş günü müddətində qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda isə, həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir;

2. bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini onun tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərir; 1.1.4. Mərkəz bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən göndərilmiş layihəni və rəyi aldıqdan sonra 3 (üç) iş günü müddətində həmin sənədləri kameral şəraitdə təhlil edir və qeyri-yaşayış binası barədə məlumatları Tikintilərin Dövlət reyestrində uçota alınmaq üçün Komitəyə təqdim edir; 1.1.5. Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:

1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;

2. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən, bu Fərmanın 1.7-ci və ya 1.8-ci bəndlərində göstərilən torpaqlarda tikilmiş, lakin torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim ediləcəyi təqdirdə istismarına icazə veriləcəyi barədə bildirişi sifarişçiyə (sahibə) göndərir, Xidmətə və müvafiq bələdiyyəyə (torpaq sahəsi bələdiyyə mülkiyyətində olduqda) elektron qaydada ötürür;

3. bu Fərmanın 1.1.5-ci yarımbəndinin 2-ci abzasına uyğun olaraq istismarına icazə veriləcəyi barədə bildiriş göndərilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin (sahibin) mülkiyyət və ya icarə hüquqlarını təsdiq edən sənədin təqdim edildiyi gündən 2 (iki) iş günü müddətində həmin binanın istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir; 1.2. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət bu müraciəti edən şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı olduğu halda şəxs müraciətinə torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədin surətini, müraciət başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin xüsusi mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı olduqda isə müraciət edən şəxs müraciətinə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini əlavə edir; 1.3. bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq müraciət edən şəxs müraciətinə bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasında göstərilən layihəni əlavə edir; 1.4. dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki və ya qeyridövlət hüquqi şəxslər tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının bu Fərmana uyğun olaraq istismarına icazə aşağıdakı şərtlər yerinə yetirildikdə verilir: 1.4.1. dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə – onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra; 1.4.2. bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına münasibətdə – onun yerləşdiyi torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq bələdiyyə tərəfindən həmin şəxslərin öz mülahizələri ilə onların mülkiyyətinə satıldıqdan və ya icarəsinə verildikdən sonra; 1.5. bu Fərmanın 1.4-cü bəndində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə satılması və ya icarəyə verilməsi tələbi qeyri-yaşayış binasının “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən fiziki şəxslərin qanuni istifadəsində olan və əvəzsiz olaraq onların mülkiyyətinə verilən torpaq sahəsində yerləşdiyi hallara şamil edilmir; 1.6. bu Fərmanın məqsədləri üçün qeyri-yaşayış binasının yerləşdiyi və fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri torpağın ayrılması barədə və ya torpağa dair hüquqmüəyyənedici sənədlərdə göstərilən, yaxud tikinti layihəsində əks olunan tikinti ərazisinin hüdudları ilə müəyyən olunur. Belə sənədlər olmadığı hallarda fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri qeyri-yaşayış binasının tikinti sahəsindən az olmamaq şərtilə Xidmət tərəfindən müəyyən olunur; 1.7. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında inşa edilmiş qeyriyaşayış binasının Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı tərəfindən bu Fərmana əsasən istismarına icazə həmin qeyri-yaşayış binasının yerləşdiyi ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneə törətmədikdə verilir; 1.8. şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir; 1.9. qeyri-yaşayış binasının sifarişçisi (sahibi) bu Fərmanın 1.1.3-cü yarımbəndinin 2ci abzasına əsasən göndərilən rəydə göstərilmiş çatışmazlıqları aradan qaldırdıqda, bu Fərmanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Nazirliyə müraciət edə bilər. Beləliklə, Azərbaycan Respublikası qanunvericiliyinin mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan, həm də bundan sonrakı qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış qeyri-yaşayış sahəsinin istismarına icazə və istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin qeyri-yaşayış binasının reyestrdə qeydiyyatının aparılması mümkün olsun. Lakin iddiaçı qeyri-yaşayış binasının istismarına icazə sənədini, həmçinin istismara qəbul aktını təqdim etməmişdir. Eyni zamanda iddiaçının təqdim etdiyi layihədə Müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar