Məhkəmə qərarları › İş №2-1(112)-5493/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5493/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5493/2022 25.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ona məxsus doğum haqqında şəhadətnamə itmişdir. Doğum haqqında şəhadətnamənin ona təkrar verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, şəxsiyyət vəsiqəsi olmadığı üçün cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, o, İddiaçı doğma anasıdır. Məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün oğlu Xəyal şəxsiyyət vəsiqəsi ala bilmir. Təkrar şəhadətnamə almaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün şəhadətnaməni verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, İddiaçı onun doğma qardaşıdır. Məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Qardaşı Xəyalın doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin itirmişdir, təkrar şəhadətnamə almaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün şəhadətnaməni verməmişlər. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün də şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirdi ki, İddiaçı onun doğma qardaşıdır. Məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu təsdiq edir. Xəyalın doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin itirmişdir, təkrar şəhadətnamə almaq üçün müraciət etsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün şəhadətnaməni verməmişlər. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün də şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Suraxanı rayon qeydiyyat şöbəsində İddiaçı doğum haqqında təkrar şəhadətnamənin istənilməsınə dair xx.xx.2022-ci il tarixli ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, Sizin doğumunuz Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən 115 saylı xx.xx.1999-cu il tarixli aktla qeydə alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü ıl tarixli 145 №-lı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə aparılır. Həmin qaydaların 1.14-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslər özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digəı şəxslərə verilə bilər. Həmçinin həmin Qaydaların 9.7-ci maddəsinə görə yetkinlik yaşına çatmayan uşaqlanr doğum haqqında təkrar şəhadətnamələri və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsləır doğum haqqında təkrar şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara himayiçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiə orqanlarına verilə bilər. Həmin Qaydaların 9.8-ci maddəsinə əsasən şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Yuxarıda qeyd olunanlara əsasən şəxsiyyət vəsiqəsi olmadığından ərizənizin Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən icra olunması mümkün deyildir. Həmçinin bildiririk kı, doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmada verilməsi vəzifəsinin Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında təkrar şəhadətnamə ilə təmin ediləcəksiniz. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: İnformasiya sistemi nəzərdən keçirilərkən X8 doğumunun xx.xx.1999-cu il tarixdə 115 saylı aktla Suraxanı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur və vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün tərəfimizdən doğum haqqında təkrar şəhadətnaməni təqdim etmək mümkün olmamışdır. Vətəndaş xx.xx.2022-ci il tarixdə 15-05/75 saylı imtina məktubu ilə təmin olnumuşdur. İş materiallarında olan Azərbaycan Respublikası SHXÇ üzrə DX-nin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş İlkin hərbi qeydiyyata alınma haqqında İQ seriyalı 009329 nömrəli vəsiqənin surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı ilkin hərbi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsində hərbi qeydiyyatda olan xx.xx.1999-cü il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami rayon çağırış komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərar ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 14-ci maddəsinin “b” bəndinin İ qrafasına əsasən “Dinc dövürdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, İddiaçı barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı «ASAN Xidmət» mərkəzi tərəfindən ilk dəfə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. X21, X15, vəsiqə xx.xx.2014-cü ildə verilmişdir və xx.xx.2015-ci ilədək etibarlıdır. İş materiallarında olan AZE seriyalı 14845478 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş X10 məxsus xx.xx.1999-cu il tarixli, 115 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Zülfiqarov (Zülfüqarov) Xəyal Tərlan oğlu xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuşdur, atası X2 oğlu, milliyyəti azərbaycanlı, anası isə X1 qızı, milliyəti azərbaycanlı qeyd edilmişdir. Bu akt əsasında ona İ-AZ seriyalı, 045746 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. xx.xx.2020-ci il tarixli Suraxanı rayon qeydiyyat şöbəsinin rəyinə əsasən «Zülfiqarov» soyadı «Zülfüqarov» soyadına düzəliş edilmişdir. Eyni zamanda həmin məktubda qeyd olunur ki, «Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi» nəzərdən keçirilərkən X8 ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan AZ seriyalı 727143 nömrəli Bakı şəhəri Lenin rayonu Zabrat qəsəbə nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 7 avqust 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2008-ci ildə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 083658 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə 158 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Zülfüqarov, qadına Zülfüqarova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş 601/9 nömrəli nikah haqqında arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 ilə X4 nikahı haqqında xx.xx.1986-cı ildə 630 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadı verilmişdir. Qeyd edilən şəxslərin nikahı xx.xx.2008-ci il tarixdə 158 saylı a/q ilə Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. İş materiallarında olan Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş 2663 saylı doğum haqqında arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.1961-ci ildə Göyçay şəhərində doğulmuşdur, xx.xx.1961-ci ildə Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən 100 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş 2662 saylı ölüm haqqında arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 ölümü haqqında xx.xx.2016-cı il tarixdə Göyçay rayon İHB-nın Yalman kənd icra nümayəndəliyi tərəfindən tərtib edilən 05 nömrəli akt qeydi saxlanılır. X9 xx.xx.2016-cı ildə Göyçay rayon Yalman kəndində ölmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur; 1.12-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir; 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər; 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir; 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər; 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər; 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir; 9.9-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı doğum haqqında şəhadətnaməsini itirmişdir. O, təkrar şəhadətnamə almaq üçün cavabdehə müraciət etsə də, şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Lakin inzibati orqanın istinad etdiyi əsasla təkrar şəhadətnamənin verilməsindən imtina edilməsi halı qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş X10 məxsus xx.xx.1999-cu il tarixli, 115 saylı doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Zülfiqarov (Zülfüqarov) Xəyal Tərlan oğlu xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuşdur, atası X2 oğlu, milliyyəti azərbaycanlı, anası isə X1 qızı, milliyəti azərbaycanlı qeyd edilmişdir. Bu akt əsasında ona İ-AZ seriyalı, 045746 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. xx.xx.2020-ci il tarixli Suraxanı rayon qeydiyyat şöbəsinin rəyinə əsasən «Zülfiqarov» soyadı «Zülfüqarov» soyadına düzəliş edilmişdir. Eyni zamanda həmin məktubda qeyd olunur ki, «Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi» nəzərdən keçirilərkən X8 ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər məhkəmə iclasında olan iddiaçı qismində iştirak edən şəxsin İddiaçı olduğunu, onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmədiyini və şəxsiyyət vəsiqəsi olmadığı üçün təkrar doğum haqqında şəhadətnamə ala bilmədiyini təsdiq etmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur, o, doğum haqqında təkrar şəhadətnamə almaq hüququna malikdir. Onun şəxsiyyət vəsiqəsinin olmaması onu doğum haqqında təkrar şəhadətnamə almaq hüququndan məhrum edə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar