Məhkəmə qərarları › İş №2-1(112)-5495/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5495/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5495/2023 09.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti) “qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi Xəzər Universitetinin şimal-qərb hissəsində yerləşən qeyri-yaşayış binaları üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, **********16 nömrəli imtina bildirişi göndərilərək bildirilmişdir ki, qeyriyaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənəd, tikintisinə icazə sərəncamı və qeyri-yaşayış binalarına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması”na uyğun istismara icazə sənədi təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iki yol arasında ümumi yaşıllıq ağacları olan ərazidə yerləşir. Bundan əlavə texniki baxış keçirilən zaman qeyri-yaşayış binalarının yüngül konstruksiyadan istifadə olunmaqla bir mərtəbəli tikililərdən ibarət olduğu aşkar olunmuşdur. Cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh, qanunsuz olaraq formal tələblərə əməl etməyi tələb edir. Halbuki iddiaçı tərəfindən qeyri-yaşayış binaları inşa edilərkən müvafiq dövlət orqanlarından icazələr alınmış, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət olunmuşdur və bu faktı təsdiq edən sənədlər cavabdeh inzibati orqana təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanladığı 18/03-8/3161 nömrəli, xx.xx.2016-ci il tarixli məktubunda Nizami rayonu, M.ünvan 4versitetinin şimal-qərb hissəsində yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi iddiaçıya göndərilmişdir. İddiaçının Nizami rayonu, M.Gəncəvi küçəsində yerləşən torpaq sahəsində qeyri-yaşayış binasının tikintisi üçün tərtib edilmiş eskiz layihəsinin razılaşdırılması ilə bağlı Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinə etdiyi müraciətinə cavab olaraq Nizami Rayon İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi, Bakı şəhərinin baş memarına ünvanladığı H-77-159 nömrəli, 14 avqust 2017-ci il tarixli məktubunda məsələnin müsbət həllinə etiraz etmədiklərini və təqdim olunmuş eskiz layihəsini baxılması üçün göndərdikləri göstərilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanladığı 18/03-8/537 nömrəli, xx.xx.2018-ci il tarixli məktubunda Nizami rayonu, M.ünvan 4versitetinin şimal-qərb hissəsində yerləşən torpaq sahəsində qeyriyaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi göndərilmişdir. Qeyd olunan obyektin ərazidə yerləşdirilməsinə dair işlənilmiş şəhərsalma əsaslandırılması Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunduqdan sonra tikintisi nəzərdə tutulan qeyri-yaşayış obyektinin layihə sənədlərinə müvafiq qaydada baxılacağı qeyd olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, 37/H-00899 nömrəli məktubunda M.ünvan 4versitetinin şimal-qərb hissəsində yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi üçün tərtib olunmuş layihə sənədlərinin 2.6-1 “Şəhər. Qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması" AzDTN-nin 2.08.02-89 “İctimai bina və qurğuları" TN və Q-nin, 2. 02.01- 97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” DTN-nin 2. 11-1 “Su təchizat Xarici xətlər və qurğular” AzDTN-nin, 2. 04.09-84 "Bina və qurğuların yanğın avtomatikası" TN və Q-nın "X1 Qaydalarl”nin tələblərinə uyğun olduğu qeyd olunub. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin nəzdində yaradılmış Təhlil qurupunun xx.xx.2019-cu il tarixli, 1024 saylı iclasında sözügedən qeyri-yaşayış binasının yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlılıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 1083 nömrəli, 28.12..2019-cu il tarixli aktına əsasən qeyri-yaşayış obyekti Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2. 11.01-85 “Anbar binaları" Tikinti Norma və Qaydalarının, 2.09.04-87 “İnzibati və Məişət binaları” Tikinti Norma və Qaydalarının, 2.1.11-1 "Su Təchizatı. Xarici xətlər və qurğular” Tikinti norma və qaydalarının, 84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 "Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının, “X1 Qaydaları”nın tələblərinə uyğundur. 21 fevral 2020-ci il tarixli, 003593 nömrəli istismara hazırlıq aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03- 8/2418 saylı məktubuna əsaslanaraq Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi Xəzər universitetinin şimal-qərb hissəsində yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Göstərilən faktlardan aydın olur ki iddiaçı qanunvericiliyin tələbləriə riayət edərək qeyri-yaşayış binaları inşa etmişdir. Lakin cavabdeh qanunsuz olaraq, fomal tələblərə əsaslanaraq iddiaçının həmin binalar üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinin tələbinə görə tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi iddiaçının vəkili və nümayəndəsinin ərizəsi əsasında “cavabdehin üzərinə Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi Xəzər Universitetinin şimal-qərb hissəsində yerləşən qeyri-yaşayış binası üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq əmlakla ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənəd, tikintisinə icazə sərəncamı və qeyriyaşayış binalarına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması”na uyğun istismara icazə sənədi təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən qeyriyaşayış binalarının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iki yol arasında ümumi yaşıllıq ağacları olan ərazidə yerləşir. Bundan əlavə texniki baxış keçirilən zaman qeyri-yaşayış binalarının yüngül konstruksiyadan istifadə olunmaqla bir mərtəbəli tikililərdən ibarət olduğu aşkar olunmuşdur. Eyni zamanda sənəd üzrə qeyri-yaşayış binalarının sahəsi 619.52 kv.m qeyd edilsə də, faktiki 786.6 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********16 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasına əsas hesab olunur. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi” ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X7 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Ö/003593 saylı xx.xx.2020-ci il tarixli istismara hazırlıq aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi Xəzər Universitetinin şimal-qərbində 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 18/03-8/2418 saylı məktubuna əsasən icazə verilmişdir (tikintinin sahəsi: 703,72 kv.m; ümumi sahəsi: 619,52 kv.m; tikintinin başlanması tarixi: xx.xx.2016-cı il; tikintinin qurtarması tarixi: xx.xx.2018-ci il). Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/03- 8/3161 saylı xx.xx.2016-cı il tarixli məktub ilə Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi Xəzər Universitetinin qarşısında qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi təqdim edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/03- 8/537 saylı xx.xx.2018-ci il tarixli məktub ilə Bakı şəhəri, Nizami rayonu, Məshəti Gəncəvi küçəsi Xəzər Universitetinin şimal-qərbində qeyri-yaşayış obyektinin layihələndirilməsi üçün torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi təqdim edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən təqdim edilmiş YTNƏŞ-101y saylı xx.xx.2018-ci il tarixli rəyə əsasən “MƏK-AN" MMC tərəfindən tərtib edilmiş layihə sənədləri 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin, 2.08.02-89 “ictimai bina və qurğulari” TN və Q-nın, 2.02.01-97 "Bina və qurğuların yanğın təhlükəsizliyi” DTN-nin, 2.11-1 “Su təchizatı. Xarici xətlər və qurğular” AzDTN-nin, 2.04.09- 84 “Bina və qurğuların yanğın avtomatikası” TN və Q-nın və “X1 Qaydalarının tələblərinə uyğundur. Qeyd: Yanğından mühafizə qurğularının quraşdırılması xüsusi razılığı (lisenziyası) olan təşkilatlar tərəfindən həyata keçirilməli və yanğın avtomatika işləri başlamazdan əvvəl Xidmət məlumatlandırılmalıdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən təqdim edilmiş YTNƏŞ-1083 saylı xx.xx.2019-cu il tarixli rəyə əsasən tikintisi başa çatmış obyektə dair təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğıntexniki müayinə keçirilərək müəyyən edilmişdir: Obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.11.01- 85 «Anbar binaları» Tikinti Norma və Qaydalarının, 2.09.04-87 «İnzibati və məişət binaları» Tikinti Norma və Qaydalarının, 2.11-1 «Su Təchizatı. Xarici xətlər və qurğular» Tikinti Norma və Qaydalarının, 2.04-09- 84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma və Qaydalarının, 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» Dövlətlərarası Tikinti Normalarının, «X1 Qaydaları»nın tələblərinə uyğundur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 37/H- 06808 saylı xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli, 624 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Nizami rayonu, Məshəti ünvan 4versitetinin şimal-qərbində inşa edilən 1 mərtəbəli qeyri-yaşayış obyektində aparılmış müayinənin nəticələri Agentliyin Təhlil qrupunun 15 oktyabr 2019-cu il tarixli 1024 saylı iclasında müzakirə olunmuşdur. Müzakirələr nəticəsində binaya dair tərtib edilmiş rəy təqdim edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X6 1024 saylı xx.xx.2019-cu il tarixli rəyinə əsasən fiziki şəxs İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Məshəti ünvan 4versitetinin şimal-qərbində yerləşən 1 mərtəbəli qeyri- yaşayış obyektinin təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2019-cu il tarixli, 1024 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış H-77- 159 saylı xx.xx.2018-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli H-77-159 №-lı və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 18/03-8/1712 №-li məktubları ilə razılaşdırılmış şəhərsalma əsaslandırılmasına əsasən Nizami rayonu, Məhsəti ünvan 4versitetinin şimal-qərbində yerləşən torpaq sahəsində qeyri-yaşayış obyektinin layihələndirilməsi ilə əlaqədar təqdim olunmuş memarlıq-planlaşdırma həlli layihəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsindən daxıl olmuş xx.xx.2018-ci il tarixli, 18/03-8/2252 №-li məktubla razılaşdırılmışdır. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış işçi layihəsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət Ekspertiza Baş İdarəsində ekspertiza edildikdən sonra onun memarlıq-planlaşdırma bölməsi razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır. Sənədləşmə işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləirnə əməl etmək şərti ilə qanunamüvafiq qaydada aparılmalıdır. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış H-77-159 saylı xx.xx.2017-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən torpaq sahəsində kafe tikintisi üçün tərtib edilmiş eskiz layihəsinin razılaşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir. Qaldırılan məsələnin müsbət həllinə etiraz etmir və təqdim olunmuş eskiz layihəsi baxılması üçün göndərilmişdir. "xxxx" X3 tərəfindən tərtib edilmiş Bakı şəhəri Nizami rayonu M.Gəncəvi küçəsində yerləşən kafenin 2017-ci il tarixli memarlıq planlaşdırma layihəsi təqdim edilmişdir. "xxxx" X3 tərəfindən tərtib edilmiş Bakı şəhəri Nizami rayonu M.Gəncəvi küçəsində yerləşən kafenin 2017-ci il tarixli işçi layihəsi təqdim edilmişdir. "xxxx" X3 tərəfindən tərtib edilmiş və Bakı şəhəri Nizami rayonu M.Gəncəvi küçəsində yerləşən kafenin 2017-ci il tarixli memarlıq həlli albomu təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X.H.Əhmədova ünvanlanmış **********16 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, qeyri-yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənəd, tikintisinə icazə sərəncamı və qeyri-yaşayış binalarına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması”na uyğun istismara icazə sənədi təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iki yol arasında ümumi yaşıllıq ağacları olan ərazidə yerləşir. Bundan əlavə, texniki baxış keçirilən zaman qeyri-yaşayış binalarının yüngül konstruksiyadan istifadə olunmaqla bir mərtəbəli tikililərdən ibarət olduğu aşkar olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid,yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 11110/2023 **********10 saylı xx.xx.2023-cü il tarixli məktubla daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən M.Gəncəvi küçəsi Xəzər Universitetinin şimal-qərb hissəsində yerləşən qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 619,52 ha, faktiki olaraq 786,6 kv.m-dir. Ərazinin ümumi torpaq sahəsi 0,1186+0,1467=0,2653 ha, 2650,4 kv.m-dir. Qeyri-yaşayış obyekti 1 mərtəbəli yüngül konstruksiyadan kabinetlər (xidmət sahələri), kərpic və mişar daşından ibarət 1 mərtəbəli tikililərdən ibarətdir. Ərazi 2 hissədən ibarətdir, iki yol arasında yaşıllıq zonasında yerləşir. Təqdim olunan eskiz-layihəyə uyğundur. Ümumi sahədə yaranan 167,08 kv.m artıq sahə alüminium karkasdan yığılmış “F” kupolu (S = 156.3 kv.m) sonradan quraşdırıldışından və alüminium karkasdan yığılmış kabinetlərin ölçülərinin cuzi fərqli olmasındandır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-35/2-3384/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində Bakı şəhəri, Nizami rayonu, M.ünvan 4versitetinin şimal-qərb hissəsində yerləşən qeyri-yaşayış binasının tikinti və istismara qəbul sənədlərinin mövcudluğu barədə məlumat (şəhərsalmanın əsaslandırılmasının), istismara qəbul edildiyi təqdirdə istismara qəbul aktı ilə bağlı sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-02/2-7841/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Bakı şəhəri, Nizami rayonu, M.ünvan 4versitetinin şimal-qərb hissəsində yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” DBLİ tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən razılaşdırılmış (37/H-00107 saylı xx.xx.2018-ci il) və Bakı şəhəri, Nizami rayonu, M.ünvan 4versitetinin şimal-qərb hissəsində yerləşən qeyri-yaşayış obyektina dair 2018-ci il şəhərsalma əsaslandırılması məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və İddiaçı arasında bağlanmış hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 5947 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ünvan 7 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 2650,4 kv.m torpaq sahəsi İddiaçı tərəfindən icarə şərtləri əsasında müvəqqəti (xx.xx.2023 – xx.xx.2025) istifadəyə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). 0 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Bununla bağlı məhkəmə X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında ifadə edilmiş mövqeyə əsaslanır. Həmin qərara əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu inzibati ədliyyənin bəzi xüsusiyyətlərini qeyd etməyi zəruri hesab edir. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur. Belə ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyribərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Məhz bu səbəbdən inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 68.2 və 69.4-cü maddələri)... ...İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir... ...İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir... İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. X8 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyri-yaşayış yerləşdiyi torpaq sahəsi hələ 1995-ci ildə tərtib edilmiş texniki pasportda göstərilməklə iddiaçının istifadəsindədir və üzərində inşa edilmiş qeyri-yaşayış binasının inşa edilməsi və sənədləşdirilməsi razılaşdırılmışdır. Məhkəmənin fikrincə, texniki pasport torpaq sahəsinə hüquqları təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir. Məhkəmənin qeyd edilən qənaəti X8 Məhkəməsinin presedent hüququna əsaslanır (bax: Sarqsyan Azərbaycana qarşı iş (40167/06 nömrəli ərizə üzrə xx.xx.2015-ci il tarixli qərar § 188) Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının həmin qeyri-yaşayış binasına (sahəsinə) mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, M.Gəncəvi küçəsi Xəzər Universitetinin şimal-qərb hissəsində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar