Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5496/2021 05.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, cavabdehin ondan əsassız olaraq tələb etdiyi 3365,32 ABŞ dollar borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, "xxxx" ASC ilə imzaladığı 25.06.2014-cu il tarixli ******* saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 33 olmaqla 24 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bu müqaviləyə əsasən 25.07.2014-27.04.2015-ci il tarixədək 10 ay 366,16 ABŞ dolları məbləğində ödənişlər etmişdir. Ümumilikdə, o, cəmi 3661,6 ABŞ dolları ödəmişdir. İkinci müqavilə - 28.0005481 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 33 olmaqla 20 ay müddətinə 4362 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bu müqaviləyə əsasən 29.06.2015-29.10.2015-ci il tarixə qədər 5 ay ərzində hər ay 301 ABŞ dolları məbləğində ödənişlər etmiş, cəmi 1505 ABŞ dolları ödəmişdir. Dördüncü müqavilə - 021T03164159S01 saylı kredit müqaviləsinə əsasən 4432,75 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditor tərəfindən onun edəcəyi ödəniş 1,4 manat məzənnəsinə əsasən qəbul edilmişdir. Bu müqaviləyə əsasən 23.06.2017- 23.02.2019-cu il tarixə qədər 21 ay hər ay 200 manat məbləğində ödənişlər etmiş, cəmi 3800 manat və 233 ABŞ dolları ödəmişdir. Dördüncü müqaviləyə əsasən onun iddia ərizəsində göstərdiyi məbləğdən artıq ödənişləri olmuşdur. Lakin bu ödəniş qəbzləri onda mövcud deyil, ancaq bankın sistemində mövcuddur. Sonra isə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ona 3546,81 manat məbləğində kompensasiya ödənilmişdir. O, kompensasiya aldıqdan sonra Əmanətlərin Sığortalanması Fondu ona borcunun olması barədə heç bir rəsmi məlumat verməmişdir. Onun Əmanətlərin Sığortalanma Fonduna yazdığı ərizə əsasında ona əsassız olaraq borcunun olduğunu bildirmişlər. Lakin həmin Fərmana əsasən onun kompensasiya almasına baxmayaraq, borc silinməmişdir. "xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona borc öhdəliyinin olub-olmaması barədə rəsmi məktub göndərmişdir və orada onun ümumilikdə 3365,32 ABŞ dolları borcunun olduğunu bildirmişlər. O, bu borc məbləği ilə razı deyil. O, hesab edir ki, Əmanətlərin Sığortalanması Fondunun bu hərəkətləri qanunsuz, əsassızdır və məhkəmə qaydasında borc silinməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddia tələbi "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış müqavilə münasibətlərindən irəli gəlir. Bu mübahisələr öz hüquqi təbiətinə görə mülki xarakterlidir və inzibati məhkəmə icraatının predmeti hesab olunmur. Hazırki iddia tələbi mülki qaydada ümumi məhkəmədə araşdırılmalıdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı onunla "xxxx" ASC arasında imzalanmış kredit müqaviləsi üzrə ona hesablanmış borc məbləğini mübahisələndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Bundan başqa, iddiaçı kredit müqaviləsi üzrə kredit borcunun silinməsini tələb edir. Bu isə tərəflər arasında müqavilə öhdəliklərindən irəli gələn tələbdir. Belə olan halda isə qeyd olunan tələbə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. İddia tələbi tərəflər arasında imzalanmış müqavilə öhdəliklərindən irəli gəlməklə inzibati funksiyalarla əlaqədar deyildir. İddiaçının mövcud iddia tələbi ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etməklə bağlı tələb olmadığına görə mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün deyildir və qeyd olunan tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 №-li Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-5496/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5496/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver