Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5496/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı “mülki stajının hərbi xidmət kimi hesablanmaqla məlumat vərəqinin tərtib edilərək göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı “mülki stajının hərbi xidmət kimi hesablanmaqla məlumat vərəqinin tərtib edilərək göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Hərbi Prokurorluğunun (bundan sonra – cavabdeh) xx.xx.2007-ci il tarixli 28 №-li əmri ilə cavabdehin Müraciətlərə baxılması şöbəsinin baş mütəxəssisi (məktub və sənədlərlə iş üzrə) vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixli 25 №-li əmrlə Kadrlar Şöbəsinin baş mütəxəssisi (məxfi sənədlərlə iş üzrə) vəzifəsinə təyin edilmişdir. xx.xx.2011-ci il tarixli 36 №-li əmrlə gizir hərbi rütbəsi verilməsi ilə həqiqi hərbi xidmətə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli 17 №-li əmr ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 42.0.1-ci, 44.2-ci maddəsi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub, həqiqi hərbi xidmətdən istefaya buraxılıb. İddiaçı cavabdehə müraciət edərək, 2007-2011-ci illərdə Müraciətlərə baxılması şöbəsinin baş mütəxəssisi və Kadrlar Şöbəsinin baş mütəxəssisi vəzifələrində işlədiyi müddətin hərbi qulluqçu kimi hesablanılmasını xahiş etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və 3-3-10/2-926/23 №-li imtina məktubunda bildirmişdir ki, “hərbi qulluqçuların statusunun əldə edilməsi və itirilməsini müəyyən edən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən “Vətəndaşlar Azərbaycan Respublikasının qanununvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahısından çıxarıldıqları ...gündən bu statusu itirirlər.” Hərbi xidmətin başlanğıcını müəyyən edən “Hərbi xidmətkeçamə haqqında” Əsasnamənin 16-cı maddəsinin “q” bəndinin 2-ci abzasında “ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə getmək günündən tez olmayaraq, gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün” onun xidmət ilinin başlanğıcı hesab edilir. Odur ki, ərizənizdə qeyd etdiyiniz xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan xidmət illərinizin hərbi xidmət illəri kimi hesablanması mümkün deyildir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək 2007-2011-ci illərdə hərbi vəzifədə işlədiyi mülki stajının hərbi xidmət kimi hesablanmaqla məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya Təyinatı İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, qanunvericiliyə görə, gizir hərbi xidmətinə 19 yaşından 40 yaşınadək qadınlar könüllü daxil ola bilərlər. Bundan başqa, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanına əsasən Respublika Hərbi Prokurorluğu hərbi xidmət nəzərdə tutulmuş orqan hesab edilmişdir. O, hərbi xidmətə 2010-cu ildə daxil olsa da, 1997-ci il tarixdən başlayaraq hərbi xidmətdən tərxis olunanadək eyni vəzifə tutmaqla eyni işlər görmüşdür. Onun 2007-2021ci illərdə hərbi xidmət nəzərdə tutulmuş vəzifələrdə qulluq etməsinə baxmayaraq onun hərbi qulluqçu kimi xidmət illəri yalnız 2011-ci ildən sonrakı dövr üçün hesablanmışdır ki, bu da onun pensiya əldə etmək hüququnu pozur. Yuxarıda qeyd olunanlara əsasən, onun 2007-2011-ci illərdə və həqiqi hərbi xidmətə daxil olduqdan sonra, yəni 2011-2021-ci ilədək hərbi xidmət nəzərdə tutulmuş vəzifə tutmağı və hərbi rütbədə olmağından asılı olmayaraq eyni işləri görməyini, həmçinin xidmətdə olduğu qurum hərbi qurum olduğundan onun 2007-2011-ci illərdə xidməti hərbi xidmət kimi nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, Respublika Hərbi Prokurorluğu hərbi xidmət nəzərdə tutan qurum kimi yalnız 2019-cu ildə müəyyən edilmişdir. O hərbi prokurorluq orqanlarında işə qəbul edildiyi vaxtdan hərbi xidmətə qəbul olunmaq üçün dəfələrlə müraciət etsə də, öz istəyindən asılı olmayaraq hərbi xidmətə qəbul edilməmişdir. Qeyd olunmalıdır ki, qununvericilkdə müəyyən məsələlərin dəqiq göstərilməməsi vətəndaşların xeyrinə həll olunması müəyyən edilmişdir. Cavabdehin etirazları: Cavabdehin iddia ərizəsinə münasibət məktubunda bildirmişdir ki, iddiaçı müvafiq əmrlərlə xx.xx.2007-ci il tarixdən Prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin baş mütəxəssisi (məxfi sənədlərlə iş üzrə), Kadrlar şöbəsinin baş mütəxəssisi (məxfi sənədlərlə iş üzrə), Müraciətlərə baxılması şöbəsinin baş mütəxəssisi (məxfi sənədlərlə iş üzrə), Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin məsul icraçısı (məxfi kargüzarlıq üzrə) vəzifələrinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2021-ci il tarixdə onunla əmək müqaviləsi bağlanmaqla yenidən Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarına işə qəbul edilərək Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin məsul icraçısı (məxfi kargüzarlıq üzrə) vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş əmrlə xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanı olan Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarına həqiqi hərbi xidmətə qəbul edilərək ona “gizir” hərbi rütbəsi verilmiş, xx.xx.2021-ci il tarixdə isə həqiqi hərbi xidmətdən istefaya buraxılmaqla şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Göründüyü kimi, İddiaçı prokurorluqda işlədiyi xx.xx.2007-xx.xx.2011-ci il və xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə mülki işçi statusunda olmuş, hərbi qulluqçu statusuna malik olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddianın təmin edilməsini məhkəmənin mülahzəsinə buraxdığını bildirdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2007-ci il tarixli 28 №-li əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin baş mütəxəssisi (məktub və sənədlərlə iş üzrə) vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixli, 24 №-li əmrlə vəzifənin ixtisarı ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin baş mühəndisi (məxfi sənədlərlə iş üzrə) vəzifəsindən azad edilmişdir. Həmçinin xx.xx.2009-cu il tarixli, 25 №-li əmrlə Azərbaycan Respublikası Hərbi X1 baş mütəxəssisi (məxfi sənədlərlə iş üzrə) vəzifəsinə təyin edilmiş, lakin həmin vəzifələrdə ona xüsusi rütbə verilməmişdir. İddiaçıya xx.xx.2011-ci il tarixli əmrlə həqiqi hərbi xidmətə qəbul edilərək ona “gizir” hərbi rütbəsi verilmişdir. xx.xx.2021-ci il tarixdə son yaş həddinə çatması ilə əlaqədar xidmətkeçməsinə xitam verilmişdir. İddiaçı hesab edir ki, onun 2007-2011-ci illərdə həqiqi hərbi xidmətə daxil olduqdan sonra, yəni 2011-2021-ci ilədək hərbi xidmət nəzərdə tutulmuş vəzifə tutmağı və hərbi rütbədə olmağından asılı olmayaraq eyni işləri gördüyü üçün xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər olan dövr də onun xidmət illərinə hesablanmalıdır. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçı prokurorluqda işlədiyi xx.xx.2007-xx.xx.2011-ci illərdə mülki işçi statusunda olmuş, hərbi qulluqçu olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Məhkəmə hesab edir ki, iddia tələbinin həlli üçün mühüm əhəmiyyət kəsb edən hal, iddiaçının Azərbaycan Respublikası Hərbi Prokurorluğunda işlədiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər olan dövrün xidmət illərinə daxil edilib-edilməməsinin müəyyən edilməsidir. İddiaçının həmin dövrlərdə hərbi xidmətə qəbul edilməməsi, ona rütbə verilməməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı həmin dövrdə gördüyü işin, sonradan onun hərbi xidmətə qəbul edilərkən gördüyü işlə eyni xüsusiyyətlərə malik olmasını və işlədiyi qurumun hərbi qurum olmasını nəzərə alaraq həmin dövrlərin də hərbi xidmət dövrü kimi nəzərə alınmasını xahiş edir. Həmçinin iddiaçı hərbi prokurorluq orqanlarında işə qəbul edildiyi vaxtdan hərbi xidmətə qəbul olunmaq üçün dəfələrlə müraciət etdiyini, lakin öz istəyindən asılı olmayaraq hərbi xidmətə qəbul edilmədiyini bildirmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 16-cı maddəsi: Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: ... q) gizirlərin və miçmanların həqiqi hərbi xidmətində: müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə getmək günündən tez olmayaraq, gizir və ya miçman hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün; ... Məhkəmə qeyd edir ki, Əsasnamədə qadınlar üçün müvafiq hərbi rütbələrinin verilməsi haqqında əmr imza edilən gün həqiqi hərbi xidmətin başlanğıcı olaraq göstərilmişdir. Ona görə də məhkəmə cavabdehin imtinasını qanuni və əsaslı hesab edir. İddiaçı xx.xx.2007-ci il tarixli əmrlə müraciətlərə baxılması şöbəsinin baş mütəxəssisi (məktub və sənədlərlə iş üzrə) vəzifəsinə qəbul edilsə də, o, hərbi xidmətə qəbul edilməmiş, ona hərbi rütbə verilməmiş, hərbi rütbəli əməkdaş statusu olmamışdır. Qeyd edilənlərə əsasən iddiaçının xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər olan dövrün xidmət illərinə hesablanması qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin müddətin xidmət illərinə daxil edilməklə yeni məlumat vərəqəsinin verilməsi tələbi təmin edilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı “mülki stajının hərbi xidmət kimi hesablanmaqla məlumat vərəqinin tərtib edilərək göndərilməsi” barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5496/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5496/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver