Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5497/2022 18.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X1 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində 14-cü Cənub küçəsində yerləşən ümumi sahəsi 500 kv.m. olan 74 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci ildə işlədiyi Milli X6-Üzvü və Fiziki-Kimya İnstitutunun nəzdində olan “Neorqanik” bağçılıq-yoldaşlığına üzv qəbul edilmişdir və Əzizbəyov (indiki Pirallahı) rayonu Dübəndi bağ massivində 14-cü Cənub küçəsində, sahəsi 500 kv.m. olan 74 nömrəli bağ sahəsi ona daimi istifadə üçün verilmişdir. Həmin bağ sahəsi həmin vaxtdan 34 ildir onun sahibliyində və daimi istifadəsindədir. O həmin bağ sahəsinin faktiki mülkiyyətçisidir. Sahə onun tərəfindən mişar daşı ilə hasara alınmış, ev tikilmiş, ağac və kollar əkilmiş və s. işlər görülmüşdür. O ailəsi ilə birlikdə həmin bağ sahəsində yaşayır, istirahət edir. 74 nömrəli sahəni istifadəyə yararlı etmək üçün o, çoxlu vaxt, enerji və maliyyə vəsaiti sərf etmişdir. Bağ sahəsi onun istifadəsində olsa da, o həmin bağ sahəsini özəlləşdirə bilməmişdir. Həmin bağ sahəsini öz mülkiyətinə keçirmək istəyir, lakin cavabdeh ona verilmiş 74 nömrəli torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarənin arxivində mövcud olan “Neorqanik” bağçılıq-yoldaşlıq təsərrüfatının 2 nömrəli, xx.xx.1988-ci il tarixli protokolundan görünür ki, iddiaçıya 74 nömrəli bağ sahəsinin əvəzinə 65 nömrəli bağ sahəsi ayrılmış və həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçı X5 adına qeydiyyata alınaraq sonradan X2 adına özgəninkiləşdirimişdir. Bundan əlavə iddiaçı tərəfindən göstərilən faktiki ərazi digər fiziki şəxslər olan X12 (73/366 nömrəli bağ sahəsi kimi) və X7 adına (72/368 nömrəli bağ sahəsi kimi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmişdir. İddiaçının nümayəndəsi X9 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində və məhkəmənin sorğularına cavab olaraq cavabdeh tərəfindən məhkəməyə iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1988-ci il tarixli protokolun notariat qaydasında təsdiq edilmiş surəti,bağın yerləşdiyi bağlar massivinin sxeminin, cavabdehin imtina məktublarının, mütəxəssis rəyindən götürülmüş sxemin,Kataliz və X3 xx.xx.2016-cı il tarixli arayışının, cavabdehin xx.xx.2020-ci il tarixli arayışının, bağçılıq yoldaşlığının sədrinin arayışının, bağçının kitabının, əmək kitabçasının, daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surətləri, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 2 (094)-110/2016 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətləri, iddiaçının bağ torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması haqqında ərizəsinin və cavabdehn imtina məktubunun, daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın, torpaq sahəsinin planının, daşınmaz əmlakın alqı-satqı müaviləsinin, ərizələrin, torpaq sahəsinin planı və ölçüsünün, bağçının kitabçasının, bağların yerləşmə sxeminin, Bakı Xalq Deputatları şəhər Sovetinin xx.xx.1987-ci il tarixli, 20/396 nömrəli qərarının, ”Neorqanik” institutunun bağçılıqyoldaşlığının kollektivinin üzvlərinin yığıncağının protokolunu, torpaq sahəsinin planının, xx.xx.1988-ci il tarixli, 2 nömrəli protokolunun təsdiq edilmiş surətləri, daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surəti təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan SSR X6-X19 İnstitutunda müxtəlif vəzifələrdə işləmişdir, xx.xx.1987-ci ildə həmin instituta bağçılıq yoldaşlığının yaradılması üçün Dübəndi qəsəbəsində torpaq sahəsi ayrılmışdır,həmin institutun kollektivinin üzvləri tərəfindən yaradılmış “Neorqanik” Bağçılıq yoldaşlığının xx.xx.1988-ci il tarixli, 2 №li protokolu ilə iddiaçıya 74 nömrəli bağ sahəsi ayrılmışdır, iddiaçıya 74/358 nömrəli bağçının üzvlük kitabçası verilmişdir, iddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən həqiqətən də “Neorqanik” bağçılıq yoldaşlığı tərəfindən Dübəndi bağ sahəsində sahəsi 500 kv metr olan 74 saylı bağ sahəsi iddiaçıya 1988-ci ildə ayrılmışdır, bu barədə protokol və bağçının üzvlük kitabçası mövcuddur, hər iki sənəddə bağın nömrəsi “74” göstərilmişdir. İddiaçı həmin sənədləri cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi isə göstərilmişdir ki, “Neorqanik” bağçılıq-yoldaşlıq təsərrüfatının 2 nömrəli, xx.xx.1988-ci il tarixli protokolu ilə iddiaçıya “65” nömrəli bağ sahəsinin ayrılması və həmin bağ sahəsinin iddiaçı tərəfindən özgəninkiləşdirilməsi göstərilmişdir. Məhkəmə cavabdehin qeyd edilən əsasla imtinasını əsassız hesab edir ki, belə ki, iddiaçının təqdim etdiyi 2 nömrəli, xx.xx.1988-ci il tarixli protokolda iddiaçıya 74 nömrəli sahənin ayrılması göstərilir, habelə bağçının üzvlük kitabçasında da iddiaçının istifadəsində olan bağın nömrəsi 74 göstərilmişdir. Cavabdehin imtinasında istinad etdiyi 2 nömrəli, xx.xx.1988-ci il tarixli protokolda isə iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsi 74 göstərilsə də sonradan “yetmiş dörd №li bağ əvəzinə 65 №li bağ” sözləri əlavə edilmişdir, eyni zamanda “74” rəqəmindən sonra kəsr xətti qoyulmuş və “65” rəqəmi yazılmışdır, lakin həmin sözlərin və rəqəmlərin kim tərəfindən və nə vaxt əlavə edilməsi qeyri-müəyyən olduğu üçün qeyd edilən sözlərin protokola əlavə edilməsi iddiaçıya 65 nömrəli bağ sahəsinin ayrılmasını təsdiq etmir. İddiaçının 65 nömrəli bağ sahəsini özəlləşdirməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alması barədə cavabdehin bildirdiklərinə gəldikdə isə həmin 65 nömrəli bağ sahəsinin iddiaçı tərəfindən özəlləşdirilməsinin qanunauyğunluğunun müzakirə edilməsi hazırki məhkəmə mübahisəsinin predmeti deyildir. Cavabdehin etirazında iddiaçı tərəfindən göstərilən faktiki ərazinin digər fiziki şəxslər olan X10 (73/366 nömrəli bağ sahəsi kimi) və X7 adına (72/368 nömrəli bağ sahəsi kimi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə göstərilənlər isə işin faktiki halları ilə təsdiq edilmir, belə ki, cavabdehin qeyd edilən hala dair – yəni iddiaçının adına qeydə alınması tələb olunan bağ sahəsi ilə həmin qeydiyyatdan keçmiş bağ sahələrinin eyni koordinatlara malik olmasına dair cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən edimişdir ki, iddiaçının iddia ərizəsində göstərilən bağ həqiqətən də iddiaçının istifadəsindədir, hasar ilə əhatə olunmuşdur, bağ sahəsində iddiaçının istifadəsində olan fərdi yaşayış evi də mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ masivində 14-cü Cənub küçəsində yerləşən ümumi sahəsi 500 kv.m. olan 74 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ masivində 14-cü Cənub küçəsində yerləşən ümumi sahəsi 500 kv.m. olan 74 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5497/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5497/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver