Məhkəmə qərarları › İş №2-1(112)-55/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-55/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-55/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 fevral 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1965-ci ilin aprel ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” un surəti ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 4 saylı ev ölçüsü 353,9 kv.m olmaqla X13 və Tubu Eyvaz qızının paylı mülkiyyətində olmuşdur. Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 fevral 2003-cü il tarixli, 2V-İ-53 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.1985-ci il tarixdə ölmüş X5 vərəsələri iddiaçılardır. Bakı şəhəri, Qədirli küçəsi, dalan 5-də yerləşən, 10 otaqlı, 114,2 kv.m yaşayış sahəsi və 185, kv.m ümumi sahəsi olan 4 saylı fərdi yaşayış evinin 1/8 hissəsi İddiaçı1, 1/8 hissəsi X1, 1/8 hissəsi İddiaçı2, 1/8 hissəsi İddiaçı4, 1/8 hissəsi X2, 1/8 hissəsi X6, 2/8 hissəsi X17 mülkiyyəti kimi qeydiyyatdan keçmiş və adlarına Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı, 020806 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Qeydiyyat vəsiqəsi 175 saylı reyestr kitabının 7912-ci səhifəsində 30/907 nömrə ilə 17 aprel 2003-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, dalan 5 ünvanında yerləşən 4 saylı ev paylı mülkiyyətdə olmaqla 1/8 hissə X7, 2/8 hissə X17, 1/8 hissə İddiaçı1, 1/8 hissə X1, 1/8 hissə İddiaçı2, 1/8 hissə İddiaçı4 və 1/8 hissə X3 mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və adlarına RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2-1(81)- 1797/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq əldə olunması təsdiq edilmiş və həmin ünvanında yerləşən mənzilin dövlət ehtiyacı üçün alınması ilə bağlı 134281 (yüz otuz dörd min iki yüz səksən bir) manat məbləğində kompensasiyanın iddiaçılara ödənilməsi qərara alınmışdır. Mübahisəli fərdi yaşayış evi ilə bağlı xx.xx.2019-cui il tarixdə İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 ilə Bakı şəhəri Cavabdeh (bundan sonra – cavabdeh) arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə, iddiaçılar xx.xx.2003-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən, qeyd olunan yaşayış evini 150000 (bir yüz əlli min) manat məbləğində cavabdehə satmışlar. Alqı-satqı müqaviləsi zamanı X8 ilə X4 ərizə yazaraq fərdi yaşayışı evinin İddiaçı1 məxsus 1/8 hissənin satılmasına etiraz etməmişlər. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 4 iyun 2021-ci il tarixli məktubuna əsasən iddiaçıların ünvan 4 ünvanında mövcud olmuş yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli Qərarı əsasında alan orqan kimi müəyyən edilmiş Cavabdeh tərəfindən müvafiq qaydada təşkil edilmiş “Daşınmaz əmlakın alınması qrupu” vasitəsi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq satın alınmış və sökülmüşdür. Hüquqmüəyyənedici sənədlər üzrə həmin vətəndaşlara məxsus olmuş fərdi yaşayış evinin ümumi sahəsi 92,52 kv.metr (yaşayış sahəsi 57,08 kv.metr, köməkçi sahəsi 35,44 kv.metr) olmuş, komissiya tərəfindən isə onların iştirakı ilə yaşayış evinin faktiki mövcud olmuş sahələri ölçülərkən ümumi sahəsinin 93,38 kv.metr (yaşayış sahəsi 57,73 kv.metr, köməkçi sahəsi 35,65 kv.metr) olduğu müəyyən edilərək, qiymətləndirici şirkət tərəfindən faktiki sahənin qiymətləndirilməsi aparılmaqla 93,38 kv.metr olan bağlı eyvanın və sahəsi 0,85 kv.metr olan xidməti tikilinin əlavələr nəzərə alınmaqla hər kv.metri 800,00 manata, hündürlüyü 1,75 metr və sahəsi 7,57 kv.metr olan yarım zirzəminin əlavə nəzərə alınmaqla hər kv.metri 700,00 manata, sahəsi 0,54 kv.metr olan taxta dolabın əlavələr nəzərə alınmaqla hər kv.metri 200,00 manata, sahəsi 4,83 kv.metr olan pilləkənin əlavələr nəzərə alınmaqla hər kv.metri 400,00 manata qiymətləndirilmiş, ümumi məbləğə köçmə və kirayə xərci kimi 1000,00 manat əlavə olunaraq, cəmi 150000,00 manat məbləğində kompensasiya hesablanmış və notarial qaydada bağlanmış 22 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətçilərin müvafiq müvəkkil bankda olan hesabına köçürülməklə 2019-cu ilin avqust ayında bankdan onlar tərəfindən nağd qaydada götürülmüşdür. Qeyd olunan yaşayış evinə görə hesablanmış kompensasiya məbləğindən əlavə olaraq müəyyən olunmuş qaydada Dadaşovalara 22338,00 manat məbləğindən maddi yardım hesablanmış və notarial qaydada bağlanmış 16 aprel 2021-ci il tarixli razılaşma müqaviləsi əsasında mülkiyyətçilərin müvafiq müvəkkil bankda olan hesabına köçürülməklə 2021-ci ilin aprel ayında bankdan onlar tərəfindən nağda qaydada götürülmüşdür. İddiaçılar mübahisəli yaşayış evinin sökülməsinə görə əlavə kompensasiya tələbi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələrdə nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,00-1200,00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qiymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olub-olmaması əsas götürülür. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı İddiaçı1, İddiaçı2, X9 və İddiaçı4 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və müvafiq kompensasiya, eyni zamanda maddi yardım ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişinizin yerinə yetirilməsi mümkün deyildir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçılar cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2-ə dair Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən Çıxarışa və “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə” aid 1965-ci ilin aprel ayında çəkilərək təsdiq olunmuş pasporta əsasən Tubu Eyvaz qızı və X12 məxsus olmuş tikililərin və həyətə məxsus torpağın ümumi sahəsinin 353,9 kv.metr olmasına uyğun olaraq (pasportda həmin sahəsinin 85,3 kv.metrinin həyət torpağı, qalanının isə (222.5;9.7;21.3;7.3 və 4.6 kv.m) yaşayış otaqları və digər tikililər) onlara mülkiyyətçilərə ödənilməyən 150000 manat kompensasiyanı 1/4 hissədə olmaqla paylarına müvafiq olaraq hər birinə 37500 manat miqdarında ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvana dair qeydiyyat vəsiqəsi verilərkən yanlışlığa yol verilərək həmin ünvana dair 1965-ci ilin aprel ayında Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən X10 adına verilmiş Çıxarışa əsasən (175 №-li kitabın 7912-ci səhifəsi) 1-ci Razyezdnoy küçəsi, 5-ci dalan 4 №-li ev-mülkün yarı payda X12 (İddiaçı1 qayınanası, digərlərinin nənəsi), digər hissəsi isə X25 və X11 məxsus olması göstərilmişdir. Həmin evə dair çəkilmiş Planda da 1-ci Razezdnoy küçəsi, 5-ci dalan 4 №-li ev- mülkün yarı payda X25 və Tubu Eyvaz qızına, qalan yarı payda X12 məxsus olması qeyd olunmuşdur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Oktyabr rayonu, Qədirli küçəsi, dalan 5, ev 4-ə dair Tubu Eyvaz qızı və X12 məxsus «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1965-ci ilin aprel ayında çəkilərək təsdiq olunmuş Pasportda tikililərin və həyətə məxsus torpağın ümumi sahəsinin 353,9 kv.metr olması göstərilmişdir. Pasportda həmin sahənin 85,3 kv.metrinin həyət torpağı, qalanın isə (225,7; 9,7; 21,3; 7,3 və 4,6 kv.m.) yaşayış otaqları və digər tikililərin olması əks olunmuşdur. Göründüyü kimi, evə dair 2003-cü ildə qeydiyyat vəsiqəsi verilərkən evin sahəsi azaldılmaqla mülkiyyət hüquqları pozulmuşdur. Nəticədə onlara verilən kompensasiya məbləği də az olmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 2 ünvanında yerləşən əmlaka yerində baxış keçirilmiş və həmin əmlakın İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 paylı mülkiyyətlərində olmuş sahələrə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq ümumi 134281 (yüz otuz dörd min iki yüz səksən bir) manat məbləğində kompensasiya məbləği hesablanmışdır. Lakin iddiaçılar onlara hesablanmış kompensasiya məbləğini almaqdan imtina etdikləri üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq alan orqan kimi Bakı Şəhər Cavabdeh müəyyən edildiyindən, qərarın icrası məqsədi ilə iddiaçılara qarşı “kompensasiya ödənilərək mənzilin boşaldılması” barədə iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 iyun 2019cu il tarixli, 2-1(81)-1797/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Cavabdeh tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun olaraq əldə olunması təsdiq edilmiş və həmin ünvanında yerləşən mənzilin dövlət ehtiyacı üçün alınması ilə bağlı 134281 (yüz otuz dörd min iki yüz səksən bir) manat məbləğində kompensasiya ödənilməsi qərara alınmışdır. Bundan sonra dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhər Cavabdeh ilə cavabdehlər arasında bağlanılmış 22 avqust 2019-cu il tarixli, AN-İ seriyalı ******* №- li Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə mülkiyyətçiləri İddiaçı1 1/8 hissəni, İddiaçı2 1/8 hissəsini, İddiaçı3 1/8 hissəni və İddiaçı4 ona məxsus 1/8 hissəni “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası prezidentinin 26 dekabr 2007-ciil tarixli 689 nömrəli fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cəmi 150000 (yüz əlli min) manat məbləğində kompensasiya almaqla Cavabdeh mülkiyyətinə vermişlər. Beləliklə, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 ilə Cavabdeh arasında 22 avqust 2019-cu il tarixində AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanaraq ünvan 2 ünvanında yerləşən paylı əmlakın mülkiyyətçilərinə ümumi 150000 (yüz əlli min) manat kompensasiya məbləği ödənilmişdir. Bütün bu faktları iddiaçılar öz iddia ərizələrində bir daha təsdiq edərək etiraf etmişdir. Göründüyü kimi, iddiaçıların paylı mülkiyyətində olmuş əmlaka görə iddiaçılara qanuna müvafiq ədalətli məbləğdə kompensasiya ödənilmişdir. Lakin bunlara baxmayaraq iddiaçılar Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların sahələrinin düzgün hesablanmadığını iddia etməklə, əlavə kompensasiya məbləğinin onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar mübahisəli sahəni alqı-satqı müaqaviləsi əsasında Cavabdeh xeyrinə özgəninkiləşdirmişdir. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçıların vəkili məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Ali Məhkəmənin qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verəcəklərini qeyd edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar və vəkili məhkəmənin sonuncu iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin cavabdehin iddia tələbinin mümkünsüz hesab edilməsi ilə bağlı vəsatətinə mübasibət bildirərək qeyd edir ki, oxşar işlər üzrə vətəndaşların kompenasasiya aldığı andan mülkiyyət hüquqlarını itirdiklərinə görə, subyektiv hüququnun olmaması əsası ilə iddia tələbləri mümkünsüz hesab edilir. Lakin hazırkı işdə iddiaçılar yeni bir fakta və hala (qeydiyyat vəsiqəsində evin sahəsinin düzgün göstərilməməsinə) istinad edirlər. Həmçinin iddiaçıların bu barədə iddia tələbləri və həmin tələb üzrə qəbul edilmiş məhkəmə qərarları da olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, mübahisəli fərdi yaşayış evi dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçılar ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və müvafiq kompensasiya, eyni zamanda maddi yardım ödənilmişdir. İddiaçılar ünvan 2-ə dair Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən Çıxarışa və “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə” aid 1965-ci ilin aprel ayında çəkilərək təsdiq olunmuş pasporta əsasən Tubu Eyvaz qızı və X12 məxsus olmuş tikililərin və həyətə məxsus torpağın ümumi sahəsinin 353,9 kv.metr olmasına uyğun olaraq (pasportda həmin sahənin 85,3 kv.metrinin həyət torpağı, qalanının isə (222.5;9.7;21.3;7.3 və 4.6 kv.m) yaşayış otaqları və digər tikililər) onlara - mülkiyyətçilərə ödənilməyən 150000 manat kompensasiyanı 1/4 hissədə olmaqla paylarına müvafiq olaraq hər birinə 37500 manat miqdarında kompensasiya ödənilməsini tələb edirlər. İddiaçılar tələbin faktiki əsası kimi o hala istinad edirlər ki, evə dair 2003-cü ildə qeydiyyat vəsiqəsi verilərkən evin sahəsi düzgün göstərilməmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, qeyd olunan yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçılar ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanılmış, müvafiq kompensasiya, eyni zamanda maddi yardım ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanun: Maddə 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); Maddə 7.5. Bu Qanunun 7.3.5-ci maddəsində nəzərdə tutulmuş kateqoriyaya aid olan şəxslər daşınmaz əmlak istisna olmaqla, yalnız onların köçürülməsi ilə bağlı yardımla və köçürülmə zamanı həmin şəxslərin daşınar əmlakına vurulmuş zərərin ödənilməsinə yönəlmiş yardımlarla təmin edilirlər. Maddə 7.6. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı şəxsin ailə üzvləri qismində torpaqda yaşayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Məhkəməyə təqdim edilmiş qərarlardan müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyatda dəyişiklik edilərək iddiaçıların ümumi sahəsi 353,9 kv.m olan həmin evə hər birinə 1/8 pay olmaqla paylı mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-7277/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Daşınmaz əmlakın dövlət reyestrində ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyatda dəyişiklik edilərək iddiaçıların ümumi sahəsi 353,9 kv.m olan həmin evə hər birinə 1/8 pay olmaqla paylı mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2- 1(103)-130/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7277/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2017/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2- 1(103)-130/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçıların tələblərinin əsası kimi istinad etdikləri faktiki hal, yəni evin sahəsinin düzgün göstərilməməsi halı, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə öz təsdiqini tapmamışdır. Aparılmış qiymətləndirməninin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbin rədd edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, kompensasiya ödənilməsi tələbi əsassız olmaqla təmin edilə bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiа tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar