Məhkəmə qərarları › İş №2-1(112)-55/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-55/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-55/2025 15.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəni sahibkarlıq fəaliyyətilə məşğul olmaq məqsədilə qeyri-yaşayış sahəsi kimi istifadə edir. Həmin sahəni hazırkı mövcud vəziyyətdə satın almışdır və 2016-cı ildən xüsusi mülkiyyətindədir. Hazırda bu sahənin qeyri-yaşayış sahəsinə keçirilməsi zərurəti yaranmışdır. Adıçəkilən yaşayış sahəsi beş mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşməklə, həmin sahəyə gediş-gəliş yaşayış sahələrinə gedişi-gəlişi təmin edən sahələrdən istifadə etmədən həyata keçirilir. Başqa sözlə, adıçəkilən sahəyə giriş birbaşa küçədən həyata keçirilir. Həmçinin mənzil bütövlükdə qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Sahənin hər iki tərəfində, ümumiyyətlə binanın birinci mərtəbəsində yerləşən mənzillərin hamısı hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Dəvət olunmuş müvafiq lisenziyaya malik olan təşkilatın memarı tərəfindən qeyri-yaşayış sahəsinin layihəsinin memarlıq planlaşdırma bölməsi tərtib olunmuşdur. Həmin eskiz layihəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən sahə faktiki olaraq qeyri- yaşayış sahəsinə keçirilmişdir və bunun üçün qanunla nəzərdə tutulan hər hansı bir maneə aşkar edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 44 saylı mənzil yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmədiyindən rayon icra hakimiyyəti tərəfindən hər hansı bir sənədləşmə işləri aparılmamışdır. Əlavə olaraq qeyd edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 44 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə RİH tərəfindən imtina verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və imtina cavabı verilmişdir. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 nömrəli mənzil (ümumi sahəsi 61.1 kv.m) İddiaçı mülkiyyətindədir. -Məhkəmənin müvafiq sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində aşağıdakılar bildirilmişdir: Sual 1: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 daşınmaz əmlak mənzil kimi, yoxsa qeyri-yaşayış sahəsi kimi istifadə olunur? Cavab: Faktiki olaraq göstərilən mənzil qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Sual 2: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 saylı mənzil qeyri-yaşayış sahəsi qismində istifadə edilirsə, onun göstərilən təyinat üzrə istifadəsi digər şəxslərin, o cümlədən qonşuluqda yaşayan şəxslərin mülkiyyət hüququndan istifadə ilə bağlı hüquq və mənafelərinə toxunurmu? Cavab: Qeyd olunan sualın cavablandırılması idarənin səlahiyyətləri xaricində olduğundan cavablandırılmaq mümkün olmadı. Sual 3: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 saylı mənzildə rekonstruksiya işləri aparılmışdırmı? Aparılmışdırsa, həmin rekonstruksiya işləri şəhərsalma və tikinti sahəsində qanunvericiliklə, o cümlədən texniki normativ hüquqi aktlarla müəyyən edilmiş texniki qaydaların tələblərinə uyğundurmu? Cavab: Göstərilən mənzilin ümumi sahəsi sənəd üzrə (çıxarışa əsasən) 61.1 kv.m olsa da, faktiki olaraq 96.5 kv.m təşkil edir (əlavə 30.8 kv.m sahə inşa edilmişdir). Sualda qeyd olunan digər məsələ idarənin səlahiyyətləri xaricində olduğundan cavablandırılmaq mümkün olmadı. Sual 4: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 saylı mənzilin binanın hansı mərtəbəsində yerləşməsindən və digər xüsusatlarından asılı olaraq sahənin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkünsüz edən hər hansı xüsusat mövcuddurmu? Cavab: Göstərilən mənzil 5 (beş) mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Sualda qeyd olunan digər məsələ İdarənin səlahiyyətləri xaricində olduğundan cavablandırmaq mümkün olmadı.” İşin mübahisəli hallarının araşdırılması üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 daşınmaz əmlak mənzil kimi, yoxsa qeyri-yaşayış sahəsi kimi istifadə olunur?

2. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 saylı mənzil qeyri-yaşayış sahəsi qismində istifadə edilirsə, onun göstərilən təyinat üzrə istifadəsi digər şəxslərin, o cümlədən qonşuluqda yaşayan şəxslərin mülkiyyət hüququndan istifadə ilə bağlı hüquq və mənafelərinə toxunurmu?

3. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 saylı mənzildə rekonstruksiya işləri aparılmışdırmı? Aparilmişdirsa, həmin rekonstruksiya işləri şəhərsalma və tikinti sahəsində qanunvericiliklə, o cümlədən texniki normativ hüquqi aktlarla müəyyən edilmiş texniki qaydaların tələblərinə uyğundurmu?

4. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 saylı mənzilin binanın hansı mərtəbəsində yerləşməsindən və digər xüsusatlarından asılı olaraq sahəniin qeyri-yaşayış sahəsinə keçirilməsini mümkünsüz edən hər hansı xüsusat mövcuddurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8861 №li ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir:

1. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 saylı daşınmaz əmlakın baxış zamanı qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir.

2. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 saylı mənzilin qeyri-yaşayış sahəsi qismində istifadə edilməsini digər şəxslərin, o cümlədən qonşuluqda yaşayan şəxslərin mülkiyyət hüququndan istifadə ilə bağlı hüquq və mənafelərinə toxunub-toxunmamasının müəyyən edilməsi tikinti-texniki ekspertin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı.

3. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 saylı mənzildə pəncərə boşluqlarının yeri sökülərək keçidlər açıldığını, blokdan olan giriş qapısının bağlandığını, müvafiq arakəsmələrin söküldüyünü nəzərə alaraq, həmin mənzildə rekonstruksiya işləri aparıldığı müəyyən olunur. Həmçinin qeyd olunur ki, tədqiq olunan mənzildə rekonstruksiya işlərinin aparılmasına dair hər hansı bir icazə sənədi olmadığı üçün həmin işlərin aparılması ilə əlaqədar rekonstruksiya işlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə riayət olunmadığı müəyyən edilmişdir.

4. Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, ev 14 ünvanında yerləşən 44 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinin qüvvədə olan Mənzil Məcəlləsinin 21-ci maddəsinin, eyni zamanda mənzildə aparılmış rekonstruksiya işlərinin icazə sənədləri olmadığından, həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsa tərtibatçılarla və sənədləri təsdiq edən müvafi Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı ona məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilmə vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunazidd olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyriyaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllədən: 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. -22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. -23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. -23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. -24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. -24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu. 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.1. bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 24.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 25.1.2. sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə; 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. 26.2. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanın 1.2-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, dövlət mühafizəsində olan daşınmaz tarixi və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı əsasında) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Yuxarıda sadalanan normalardan göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Bunun üçün ərizəçi sahənin keçirilməsini həyata keçirən orqana Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim etməli, sahənin keçirilməsini həyata keçirən orqan isə Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini ərizəçidən tələb etməməlidir. Mənzil Məcəlləsinin 21.2-ci maddəsi ərizəçinin müvafiq icra hakimiyyəti orqanına hansı sənədlər təqdim etməli olduğunu tənzimləyirsə, Məcəllənin 22.1-ci maddəsi inzibati orqanın yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina etməsi əsaslarını tənzimləyir. Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulan imtina əsaslarından biri də yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmamasıdır. Hazırkı halda mənzilin mülkiyyətçisi olan iddiaçı mənzildə rekonstruksiya işlərinin qanuni əsaslarla aparılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, işin məhkəmə araşdırması ilə də belə hal müəyyən edilməmişdir. Halbuki, əgər keçirilən sahədə yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsi tələb olunursa, sahənin keçirilməsinin təsdiq edilməsinə dair səlahiyyətli orqanın qərarında bu barədə göstərilməlidir. Yenidənqurma və ya yenidənplanlaşdırma işləri, başa çatdıqdan sonra sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənməli, həmin orqan tərəfindən də dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 04 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın: 1.1-ci bəndinə əsasən, Respublika ərazisində yeni tikilən bina və qurğuların, mühəndis-nəqliyyat təminatı obyektlərinin yer üzərində yerləşdirilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri əsasında layihələşdirilməsi və inşa edilməsi qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq yerinə yetirilməlidir. 4.1-ci bəndinə əsasən, sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. 4.3. Memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. 6-cı bəndinə əsasən, mövcud obyektlərdə genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına aşağıdakı hallarda yol verilmir: -mühəndis qurğularının yerləşdirilməsi və kommunikasiyasının çəkilməsi üçün nəzərdə tutulmuş texniki mərtəbələrin başqa məqsədlər üçün istifadəsinə (texniki zirzəmilərdə, çardaxlarda və s.); -zirzəmi divarları tağvari daş konstruksiyadan olan qədim binalarda tağlar söküldükdə və ya konstruksiyası dəyişdirildikdə; -bina və qurğularda evakuasiya yolları olan sahələr bağlandıqda; -konsol tipli balkonlar əlavə yükləməklə genişləndirildikdə; -mərtəbəarası örtüklərdə yükdaşıyan rigel və ya tirlərin kənar çıxıntı hissələri ləğv edildikdə və ya hündürlük boyu ölçüləri dəyişdirildikdə; -panel binalarda düyün birləşmələri olan hissələrdə və ya onların yaxınlığında oyuqlar açıldıqda; -mənzillərin genişləndirilməsi məqsədi ilə konstruktiv yükdaşıyıcı divar və ya arakəsmə, panellər söküldükdə; -bina və qurğuların konstruktiv həllindən və mərtəbənin sayından asılı olmayaraq, lift və ventilyasiya şaxtaları ləğv edildikdə; -zirzəmilərdən istifadə etmək məqsədi ilə zirzəminin hündürlüyünü artırmaq üçün torpaq çıxarılaraq, zirzəminin döşəməsinin mövcud səviyyəsindən aşağı salındıqda; -zirzəmi nəzərdə tutulmamış binalarda zirzəmi yaradıldıqda; -yaşayış sahəsində, habelə zirzəmidə sənaye istehsalatının yerləşdirilməsi, rezonans yarada biləcək dəzgah və qurğulardan istifadə olunması nəzərdə tutulduqda; -açılacaq oyuqlar mövcud oyuqların sırasından kənar açıldıqda; -zirzəmidə tezalışan və kəskin iyli maddələr anbarı yerləşdirildikdə. Göründüyü kimi, qanunverici tikinti obyektlərində genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasının icazə mexanizmini və bu işlərin aparılmasına yol verilməyən halları konkret tənzimləmişdir. Baxılan iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması, həmin mənzilin binanın birinci mərtəbəsində yerləşməsi və sahəyə gediş-gəlişin digər yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olması işin mübahisəsiz hallarıdır. Lakin işin araşdırılan halları ilə iddiaçı tərəfindən müvafiq razılıq alınmadan özbaşına olaraq həmin mənzildə yenidənqurma işlərinin həyata keçirilməsi müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı bu dəlilin əsaslı olduğu ekspert rəyi ilə təsdiq olunmuşdur. Təqdim olunmuş ekspert rəyidən də göründüyü kimi, mənzil üzrə aparılmış yenidənqurma işlərinə dair müvafiq təşkilatlardan icazə sənədləri (Yenidən qurulma barədə yerli icra hakimiyyətinin müvafiq qərarı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat) və texniki şərtlərə dair zəruri sənədlər təqdim edilmədiyindən, həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Göründüyü kimigöstərilən halların aydınlaşdırılmasının xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq iş üzrə tikinti-texniki ekspertizası təyin olunmuşdur ki, həmin ekspertiza tədqiqatı zamanı iddiaçı tərəfindən müvafiq razılıq alınmadan qeyri-yaşayış sahəsi ilə bağlı yenidənqurulma və yenidən planlaşdırılma işlərinin aparıldığı müəyyən olunmuşdur. Habelə, iddiaçının mülkiyyətində olan sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 61.1 kv.m ümumi sahədən ibarət olduğu göstərilsə də, sonradan yenidənqurma işləri aparılaraq sahəsi böyüdülmüşdür. İş üzrə ekspert rəyindən də görünür ki, mənzilin ümumi sahəsinin 98.9 kv.m olduğu müəyyən edilmişdir. Belə olan halda, iddiaçı tərəfindən tələb üzrə göstərilən ölçülərə uyğun olaraq mənzilin tam olaraq hansı hissəsinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməli olduğu müəyyən oluna bilməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyində göstərilənləri təkzib edən hər hansı obyektiv dəlillər iddiaçı tərəfindən təqdim edilmədiyindən, sözügedən ekspert rəyi sübut qismində qiymətləndirilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tələbinin əsası kimi qanunda nəzərdə tutulan əsaslar barədə cavabdehə mötəbər sübut təqdim etmədiyindən cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, cavabdehin imtinası Mənzil Məcəlləsinin 22.1.3-cü maddəsinin tələbinə uyğun olduğundan iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/8861 nömrəli ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İPM-in 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Hazırkı halda iddiaçının tələbi təmin olunmadığından məsələ İPM-in 110.3-cü maddəsinə uyğun həll edilməli və iş üzrə aparılmış ekspertiza xərci iddiaçıya aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ**********00000003944, SFİFTBİK CTREAZ22) xeyrinə tutulmalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğ İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ**********00000003944, SFİFTBİK CTREAZ22) tutulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar