Məhkəmə qərarları › İş №2-1(112)-550/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-550/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-550/2023 07.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “pensiya ödənişinin bərpası və tutulmuş pensiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “pensiya ödənişinin bərpası və tutulmuş pensiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2019-cu ildən dayandırılmasına dair işə yenidən baxılması və pensiyanın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxxx 1958-cı il tarixdə anadan olmuşdur. 1975-ci ildən 2009-cu ilə kimi iş stajı vardır. O, 1977-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji institutunu bitirmiş, eyni zamanda 1980-1981-ci illərdə SSRİ Dəniz Donanması Nazirliyinin yanğın əleyhinə profilaktikası üzrə təlimatçısı ixtisası üzrə şəhadətnamə almışdır. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və bu əsasla 3 il pensiya almışdır. 3 ildən sonra 2019-cu ilin may ayında təyin olunmuş pensiya kəsilmiş və izah edilmişdir ki, həmin pensiya səhf olaraq verilmişdir. İddiaçı tərəfindən dəfələrlə cavabdehə pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etməsinə baxmayaraq heç bir müsbət cavab ala bilməmişdir. Bundan sonra o, Azərbaycan Respublikası İnsan hüqüqları üzrə Müvəkkili Ombudsmana müraciət etmişdir. Cavab məktubunda bildirilmişdir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyası haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi şəhərlərində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahı»sı üzrə») çalışan kişilər 57 yaşa çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar. Məktubdan göründüyü kimi onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi audit araşdırılması zamanı nöqsan hesab edilməsi səbəbindən dayandırılmışdır. İddiaçı tərəfindən bir daha 2021-ci ilin oktyabr ayında cavabdehə güzəştli şərtəlrə yaşa görə əmək pensiyasının təyin olunmasına dair müvafiq göstəriş verilməsini xahiş etmiş, ərizəyə Şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının (tərcüməsi ilə), diplomun, şəhadətnamənin, AR ƏƏSMN yanında DSMF Suraxanı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli cavab məktubunu əlavə etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli cavab məktubu ilə imtina verilmiş və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. «Əmək pensiyası haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi şəhərlərində,həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatın,peşələrin,vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlədə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə,əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-ci il tarixinədək Qanunun 9-cu məddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüqüqu verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. AR 6 mart 2007-ci il tarixli 260-11İQD nömrəli Qanuni ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahı üzrə müəyyən edilmiş zərəli və ağır işlərdə 57 yaşı tamam olmuş kişilərin cüzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə hesab olunur ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 11 ay 23 gün (xx.xx.1998-ci il xx.xx.2009-cu il tarixləri arasındakı dövr))təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçı ilə eyni vaxt müddətində işləyən digər vətəndaşların pensiya işinə də məhkəmə araşdırılması zamanı baxılarkən hüqüqları bərpa edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək iddia tələbində dəqiqləşmə apararaq “iddiaçının pensiya təminatının dayandırılması müvafiq qərar qəbul edilmədən edildiyinə görə qanunsuz hesab edilməklə pensiya ödənişlərinin bərpası və tutulmuş pensiyaların ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasında ərizə “İddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırıldığı xx.xx.2019-cu il tarixindən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Rəşid X1 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixidək onun güzəştli iş stajının 12 il 6 aydan az (10 il 11 ay 23 gün (xx.xx.1998-xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2021-ci il tarixli imtina məktubu. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına X14 tərəfindən verilmiş iddiaçıya məxsus xx.xx.2015-ci il tarixli xx-xx-000250 nömrəli və xx.xx.2019-cu il tarixli arxiv arayışlarının surəti. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi X7 və Göndərilməsi bazasının xx.xx.2019-cu il tarixli 1427/01/M-06-200 nömrəli və xx.xx.2019-cu il tarixli 1427/01/ÜİŞ-06-203 nömrəli arayışlarının surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2019-ci il tarixli məktubu. - İddiaçı məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - İddiaçı məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surəti. - SSRİ Dəniz Donanması Nazirliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.1981-ci il tarixli 3538 nömrəli şəhadətnamənin surəti. - İddiaçı məxsus xx.xx.1982-ci il tarixli 030121 nömrəli diplomun surəti. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məktubu və ona qoşma olan X7 və Göndərilməsi Bazasının xx.xx.2022-ci il tarixli 1427/01/ÜİŞ-06-1193 nömrəli məktubu və arayışı. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi X7 və Göndərilməsi bazası tərəfindən İddiaçı verilmiş iş stajı barədə xx.xx.2022-ci il tarixli arayışı. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubuna əlavə edilmiş pensiya sənədlərinin surəti. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalının İddiaçı dair Mərkəzi Filialda məlumatların mövcud olmaması haqqında xx.xx.2013-cü il tarixli 3-17-1/2-190282/23 nömrəli məktubu. ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan, 418289 nömrəli pensiya işindən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 1396 nömrəli xx.xx.2015-ci il tarixli Qərarı ilə iddiaçıya xx.xx.2015-ci il tarixdə yaşa görə ömürlük əmək pensiyası təyin edilmiş, lakin daha sonra iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənilməsi xx.xx.2019-cu il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən dayandırılmışdır. İddiaçının pensiyanın ödənilməsinin bərpa edilməsinə dair müraciəti ilə bağlı cavabdeh xx.xx.2021-ci il tarixlı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktub ünvanlayaraq bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 11 ay 23 gün (xx.xx.1998-xx.xx.2009-cu il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının pensiya təminatının dayandırılması müvafiq qərar qəbul edilmədiyindən görə qanunsuz hesab edilməklə pensiya ödənişinin bərpası və tutulmuş pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun - 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna əsasən Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılır. - 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun : - 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdeh orqan tərəfindən iddiaçıya daha əvvəl qərarla (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə ödənişi dayandırarkən qanunvericiliyin tələb etdiyi qaydada lazımi icraat aparmamış və hər hansı qərar (inzibati akt) qəbul etməmişdir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Belə ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi ilə müəyyən olunmuş qaydada iddiaçıya pensiya təyin edilməsi barədə qərarın ləğv olunması ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir Məhkəmə qeyd edir ki, cavabdeh orqan pensiya ödənişinin dayandırılması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun yaşa görə əmək pensiyası hüququnun verilməsi və pensiya ödənişinin dayandırılması məsələlərini tənzimləyən normalarını, eləcə də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. “İnzibati icraat haqqında” Qanunun 67.2- ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Eyni zamanda inzibati orqan “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, təyin olunmuş pensiyanın ləğvini şərtləndirən normada nəzərdə tutulmuş hər hansı əsas aşkar edildikdə, cavabdeh inzibati orqan əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməli, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı və icraat nəticəsində aşkar olunmuş əsasın təsdiq edildiyi təqdirdə bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks halda, pensiyanın təyin olunmasına dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə faktiki hərəkətlərlə pensiya ödənişinin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. İşin hallarından və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olan inzibati akt (xx.xx.2015-ci il tarixli əmək pensiyasının təyin edilməsinə dair qərar) inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən edilir ki, pensiyanın dayandırılması ilə bağlı olaraq cavabdeh orqan tərəfindən heç bir inzibati icraat aparılmamış və İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmişdir. Bununla bağlı olaraq, məhkəmə qeyd edir ki, Ali Məhkəmənin oxşar işlər üzrə qəbul etdiyi qərarlarında da mövqe eyni olmuşdur. (Ali Məhkəmənin 2-1(102)-1574/2023 və s.) Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Məhkəmə qeyd edir ki, inzibati orqanın özü tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası sonradan – xx.xx.2019-cu il tarixdə şübhələrə istinadən dayandırılmışdır. Belə ki, Dövlət Sosial Müdafiə Fondu Suraxan Rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Sizin təqdim etdiyiniz sənədlərə əsasən tələb olunan güzəştli iş stajınız çatışmadığına əsasən təyin edilmiş pensiya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin növbəti audit yoxlaması tərəfindən dayandırılmışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda da göstərilmişdir ki, qeyd edilənlərə əsasən müvafiq araşdırma nəticəsində vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixindən Fondun Suraxanı rayon şöbəsi tərəfindən pensiya ödənişi dayandırılmış və bu barədə adıçəkilən şəxsə məlumat verilmişdir. Həmçinin İqnatyeviç X2 tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Əlavə olaraq bildiririk ki, adıçəkilən şəxsin pensiya işində olan materiallarda onun pensiyasının dayandırılması haqqında qərar mövcud deyil. Bununla əlaqədar isə qeyd olunmalıdır ki, inzibati orqan inzibati akt qəbul edərkən və ya faktiki xarakterli müvafiq hərəkətlər həyata keçirərkən ehtimala əsaslana bilməz. Onun hərəkətlərinin qanuni ola bilməsi üçün iş üzrə müəyyən olunmuş həqiqi faktiki hallara və mötəbər sübutlara əsaslanmalıdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın məhkəməyə təqdim etdiyi məktubunda qeyd edilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 10- cu maddəsinin «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» 10.5.1-ci bəndinə əsasən İddiaçı SOCAR MİƏİ-nin X7 və X3 operatoru vəzifəsində (xx.xx.1993- cü - xx.xx.1998-ci) işlədiyi müddət ərzində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır.” İş materiallarında olan, SOCAR tərəfindən məhkəmyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Marketinq və İqtisadi Əməliyyatlar idarəsinin 01 dekabr 2022-ci il tarixli SOCAR**********70020767A00237 nömrəli məktubuna X7 və göndərilməsi bazası cavab olaraq bildirir ki, SOCAR-ın 14 may 2018-ci il tarixli SOCAR**********80030013A00060 nömrəli (“İş yerlərinin attestasiyasının nəticələri barədə”) Qərarı ilə əmtəə operatoru vəzifəsi zərərli komponentlərlə (benzin buxarı, karbohidrogen, səs səviyyəsi və s.) əhatə olunmuş iş şəraitində çalışan ağır və zərərli peşə kimi təsdiq edilmişdir. İş materiallarında olan, məhkəmənin sorğusuna cavab olaraq SOCAR tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Neft məhsullarının təchizatı və topdansatış istehsalat birliyinin (xx.xx.1997-ci ildən Mərkəzi X7 və göndərilməsi bazasının) Bakı yanacaqdoldurma sexində xx.xx.1993-cü ildən xx.xx.1998-ci ilədək çalışdığı əmtəə operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”da 2130301A-16085 kodu üzrə qeyd edilən “əmtəə operatorları” vəzifəsinə uyğun gəlir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1993-xx.xx.1998-ci il tarixlərdə Bakı yanacaqdoldurma sexində əmtəə operatoru peşəsində işlədiyi dövr onun güzəştli iş stajına hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində “3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı” yarımbölməsində “1) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: əmtəə operatorları” (kod 2130301a—16085) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində “10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: əmtəə operatorları” nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşələr göstərilmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın hərəkəti (təyin edilmiş əmək pensiyasının dayandırılması) inzibati icraat haqqında hüquq normalarının pozulması kimi qiymətləndirilir, o cümlədən cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən xx.xx.1993-cü il tarixdən -xx.xx.1998-ci il tarixədək iddiaçının yanacaqdoldurma sexində əmtəə operatoru peşəsində işlədiyi dövr güzəştli iş stajına aid edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia təmin edilərək İddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2019-cu il tarixindən bərpa edilməsi öhdəliyi Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filalına həvalə edilməlidir. İPM-in 1.2-ci maddəsinə istinadən və MPM-in 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisəediləbilməz və onların sübuta ehtiyacı yoxdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.3- cü maddəsinə dair inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş pensiya ödənişinin dayandırıldığı xx.xx.2019-cu il tarixindən bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar