Məhkəmə qərarları › İş №2-1(112)-550/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-550/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-550/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 381 nömrəli Sərəncamı və həmin Sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamentini X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2003-cü il tarixli, 3/8/6 nömrəli Ləhiş ərazisindəki 6137 nömrəli bağın istifadəyə verilməsi haqqında Müqavilə ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar həcmində 6137 saylı Torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 381 nömrəli sərəncamına və həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamentini X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2003-cü il tarixli, 3/8/6 nömrəli Ləhiş ərazisindəki 6137 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar həcmində olan 6137 saylı torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı Torpaq sahəsinin ona ayrıldığı vaxtdan etibarən 20 ilə yaxın müddətdir ki, həmin Torpaq sahəsinə fasiləsiz, qanuni və faktiki sahiblik edir, iddiaçı 20 ilə yaxın müddətə qanuni və faktiki sahiblik və istifadə etdiyi Torpaq sahəsinə dair müvafiq plan və ölçünün tərtib olunması, Torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi üçün xx.xx.2022-ci il tarixində ərizə ilə cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2022 tarixli, **********35 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" Bildirişinə əsasən, Torpaq sahəsinin faktiki yerləşməsinin Torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi səbəbilə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 381 nömrəli sərəncamı və həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2003-cü tarixli, 3/8/6 nömrəli Ləhiş ərazisində 6137 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0,12 ha həcmində 6137 saylı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsinə dair plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6137 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********35 saylı cavab məktubu ünvanlanmışdır. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sahəsi 2047,0 kv.m olan ümumi hasar daxilində yerləşir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X6 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar ölçüdə 6137 nömrəli bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli, 7-6102/17 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2003-cü ilə dair sərəncamlar kitablarında mövcud olan xx.xx.2003-cü il tarixli, 381 nömrəli Sərəncamda qeyd olunmuşdur ki, X2 və İstismarı Birliyinin xx.xx.2003-cü il tarixli 79 №-li Protokolu təsdiq edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 №li sərəncamına əsasən: 2. Vətəndaşlara bağ sahələri ayrılsın. 2.24. İddiaçı oğ. (sənəddə olduğu kimi) – Ləhiş bağ № 6137. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********82 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyinin Ləhiş ərazisindəki 6137 nömrəli bağın istifadəyə verilməsi haqqında 31816 saylı 12 avqust 2003-cü il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 381 nömrəli sərəncami ilə İddiaçı Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha. torpaq sahəsi olan 6137 saylı bağ istifadəyə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********13 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki sözügedən ərazi “6150" ilə başlayan bağların ərazisidir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********70 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6137 saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, torpaq sahəsinin sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki 1238.0 kv.m-dir. Bağ sahəsinin sərhədlərinin iki tərəfi və o biri tərəfinin bir hissəsi hasar, qalan tərəfləri şərtidir, döngə nöqtəsinə 6 ədəd m. daşı qoyulmuşdur. Tikili yoxdur. Ümumi hasar daxilində 2047.0 kv.m torpaq sahəsi var, həmin torpaq sahəsinin 1238.0 kv.m.-na arabir 2 ədəd m. daşı qoyularaq sərhədlənmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********86 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Mübahisələndirilən torpaq sahəsinin sahəsi 1238.0 kv.m, qonşuluğundakı torpağın sahəsi 809.0 kv.m-dir. İki tərəfi yol, bir tərəfi qonşu və bir tərəfi boşluqdur. Х= 413725.9155, У= 4492818.0313, Z = 0.0000 Х= 413742.8452, У= 4492799.6360, Z= 0.0000 Х = 413780.0586, У= 4 492831.9726, Z= 0.0000 Х = 413764.0166, У= 4 492850.8387, Z= 0.0000 Ərazinin ortofoto görüntüsündə mübahisələndirilən torpaq sahəsinin ətrafında 6158, 6159, 6160, 6148, 6170, 6171 saylı bağ sahələri yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********57 nömrəli məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarında Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 6137 saylı bağ sahəsinin icarəyə verilməsinə dair İddiaçı adına bağlanmış xx.xx.2023-cu il tarixli, 31816 nömrəli müqavilə mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə 6150 ilə başlayan bağların əraziləridir. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmayıb. Dəqiq hansı bağ sahəsinə uyğun gəldiyini müəyyənləşdirmək mümkün olmadı. Həmçinin qeyd edirik ki, sahə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən araşdırılan ərazi daxilindədir. Həmin məktubla göndərilmiş ərazinin ortofoto görüntüsündən görünür ki, iddia olunan ərazidə 6138 s/b 6136 s/b, 6135 s/b sahələri özəlləşib. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********38 nömrəli məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarında Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 6137 saylı bağ sahəsinin icarəyə verilməsinə dair İddiaçı adına bağlanmış xx.xx.2023-cu il tarixli, 31816 nömrəli müqavilə mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6137 saylı torpaq sahəsindən əlavə həmin ümumi hasar daxilində yerləşən digər(qalan) torpaq sahəsinin hansı nömrəli bağ sahəsinə aid olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmayıb. Qonşu qeydiyyatdan keçmiş bağ nömrələri 6158, 6159 və 6160 saylı bağlardır. Naturada göstərilən 6137 saylı torpaq sahəsinin bölgü sxeminə uyğun yerləşməli olduğu torpaq sahəsinin koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. Digər fiziki şəxs mülkiyyətində və istifadəsində olması barədə məlumat yoxdur. Həmin məktubla göndərilmiş ərazinin ortofoto görüntüsündən görünür ki, mübahisələndirilən bağ sahəsinin ətrafında 6130, 6158, 6160, 6136 nömrəli bağ sahələri özəlləşdirilib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********35 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən tərəfinizdən göstərilən torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 381 nömrəli sərəncami ilə İddiaçı Ləhiş bağ massivində 6137 nömrəli bağ sahəsi ayrılmış, 0,12 ha. torpaq sahəsi olan 6137 saylı bağın istifadəyə verilməsi barədə X2 və istismarı Birliyi ilə iddiaçı arasında 31816 saylı 12 avqust 2003-cü il tarixli müqaviləsi bağlanılmışdır. Beləliklə, adıçəkilən X2 və istismarı Birliyi ilə iddiaçı arasında 31816 saylı 12 avqust 2003-cü il tarixli bağın istifadəyə verilməsi barədə müqavilə Bakı şəhəri, Ləhiş ərazisində sahəsi 0,12 ha olan 6137 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin imtina dəlili bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi ilə bağlıdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, cavabdehin qeyd edilən imtina dəlili iddiaçının iddia olunan 6137 nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtinaya əsas vermir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bağlar təsərrüfatının arxiv saxlayıcısı olan cavabdeh orqanın öz arxivindən təqdim etdiyi arxiv sənədlərindən görünür ki, iddiaçının iddia etdiyi Ləhiş bağ masivində 0.12 ha ölçüdə 6137 nömrəli bağ torpaq sahəsinə dair torpaqayırma sənədləri mövcuddur, ləğv edilməmiş, etibarsız hesab edilməmiş, qüvvədədir. Təqdim edilmiş arxiv sənədlərində isə iddia olunan bağ sahəsinə dair əlavə digər şəxsin adına hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi sxematik xəritə mühəndislər tərəfindən tərtib edilən müvafiq qaydada təsdiq edilməmiş sxem olmaqla hüquqmüəyyənedici sənəd hesab olunmur, koordinatları və coğrafi istinad məlumatları olmadan tərtib edilmiş yardımçı vasitə kimi çıxış edir. İşin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. Cavabdeh məhkəmə sorğusuna cavab olaraq sxematik xəritə ilə uyğunsuzluğu əsasən sözügedən ərazinin “6150" ilə başlayan bağların ərazisi olmağı ilə əsaslandırsa da naturada faktiki bağ sahəsinin sxematik xəritədə hansı nömrəli bağ sahəsinə uyğun gəldiyini bildirməmiş, eyni zamanda Ləhiş bağ massivi ərazisində 6137 saylı torpaq sahəsinin bölgü sxemə uyğun yerləşməli olduğu torpaq sahəsinin koordinatlarını müəyyən edərək məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddia olunan bağ sahəsinin yardımçı vasitə olan sxematik xəritədə 6137 nömrəli bağ sahəsinin qonşuluğunda 6120, 6130, 6140, 6150, 6160 sıra nömrə ilə başlayan bağ sahələrinin yerləşməsi əks olunmuşdur. Eyni zamanda cavabdeh tərəfindən bir neçə formada məhkəmə təqdim edilmiş ərazinin naturada ortofoto görüntülərini ümumiləşdirdikdə iddia olunan 6137 nömrəli bağ sahəsinin qonşuluğunda 6130, 6135, 6136, 6138, 6148, 6158, 6159, 6160, 6170, 6171 nömrəli bağ sahələrinin yerləşdiyi və həmin qonşu bağlardan 6130, 6135, 6136, 6138, 6158, 6160 nömrəli bağ sahələrinin özəlləşdirildiyi müəyyən olunmuşdur. İddia olunan bağ sahəsinin 6137 nömrəli bağ sahəsi olduğu və sxematik xəritədə 6130 nömrəli bağ sahələrinin eyni sırada yerləşdiyi, ən yaxın məsafədə 6138, 6136, 6135 nömrəli qonşu bağlar olduğu halda, ərazinin naturada ortofoto görüntüsündə daşınmaz əmlakın dövlət reyestrində 6130, 6136, 6138 nömrəsi ilə qeydiyyata alınmış bağ sahələrinin sxematik xəritədəki ardıcıllığa uyğun yerləşmədiyi, bir-birindən fərqli ara məsafələrdə yerləşdiyi adi gözlə müşahidə olunur. Başqa sözlə, cavabdeh sxematik xəritəyə əsasən iddia olunan bağ sahəsinin faktiki yerləşmə vəziyyətinin uyğun gəlmədiyini qeyd etdiyi halda həmin sxematik xəritədəki yerləşmə ardıcıllığına uyğun olaraq qonşuluqda yerləşməli olan bağ sahələrini bir-birindən fərqli ərazilər və koordinatlar üzrə qeydiyyata almışdır. Cavabdehin digər imtina dəlili olan torpaq sahəsinin vahid hasar daxilində yerləşməsi ilə bağlı dəlil isə formal mülahizə olmaqla hazırda iddia olunan 0.12 ha ölçüdə bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatından imtina hesab olunmur. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Məhkəmə cavabdeh inzibati orqanın bağlar idarəsinə aid sənədlərin arxiv saxlayıcısı olmaqla bağ torpaq sahələrinin sxematik xəritədə yerləşmə vəziyyətlərinə dair elektron məlumat bazasına da sahib olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh 6137 nömrəli bağ sahəsinə dair arxiv sənədlərinə sahib olduğu halda həmin bağ sahəsinin sxematik xəritədəki vəziyyətinə uyğun olaraq naturada yerləşmə koordinatlarını təqdim edə bilməməsi ağlabatan və əsaslı deyildir. Hətta iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, ompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar ölçüdə 6137 nömrəli bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar ölçüdə 6137 nömrəli bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar