Məhkəmə qərarları › İş №2-1(112)-550/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-550/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-550/2025 23.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli birgə qərarı ilə müvafiq tikinti və əkin işləri aparmaq məqsədilə Bakı şəhəri Əzizbəyov rayonu Şimal Dres-in şimali-şərq ərazisində 06 saylı sahədə yerləşən 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli birgə qərarı ilə müvafiq tikinti və əkin işləri aparmaq məqsədilə ona Bakı şəhəri Əzizbəyov rayonu Şimal Dres-in şimali-şərq ərazisində 6 sot torpaq sahəsi təhkim olunmuşdur. Sözü gedən torpaq sahəsi ona ayrılan vaxtdan faktiki istifadəsindədir və onun üzərində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sonuncu ona müraciətlərə cavab olaraq bildirmişdir ki, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Əzizbəyov rayonu Şimal Dresin şimali-şərq ərazisində 6 sot torpaq sahəsi olan 6 saylı bağ sahəsinin İddiaçı adına qeydiyyatdan keçməmişdir. Digər cavabda isə sözügedən torpaq sahəsinə dair bağçılıq-yoldaşlığın bölgü sxemi arxiv qovluğunun aşkar edilmədiyindən və sahə ayrılarkən koordinant sistemində verilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək olmamışdır. Təqdim edilən sənədlərdən göründüyü kimi ona faktiki olaraq torpaq sahəsi ayrılmış və bu barədə arxiv məlumatları vardır. Torpaq sahəsi faktiki istifadəsində olmasına baxmayaraq cavabdeh orqan torpaq sahəsi müəyyən bəhanələrlə qeydiyyata almaqdan imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********60 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi üzərində hüquqlar eyni bağçılıq- yoldaşlıq nəzdində 06/4316 saylı bağ kimi 35901 nömrəli müqavilə əsasında qeydiyyata alınmış və sonradan X11 adına özgəninkiləşdirilmişdir. Daha sonra xx.xx.2024cü tarixli, 4Ə-461 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X1 adına özgəninkiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh tərəf iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1987-ci il tarixli 277 nömrəli “Torpaq sahələrinin ayrılması haqqında” qərarına əsasən Kolxozların, sovxozların və digər torpaq istifadəçilərinin torpaq sahələrinin ayrılmasına razılığını nəzərə alaraq Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinə, Naxçıvan MSSR Nazirlər Sovetinə, DQMV X14 İcraiyyə Komitəsinə və DQMV X14 rayon icraiyyə komitələrinə icazə verilməsi, 1 nömrəli əlavəyə uyğun olaraq nazirliklərə və idarələrə torpaq sahələri ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş üzvlük kitabçasına əsasən xx.xx.1989-cu il tarixli 06 nömrəli protokoluna əsasən İddiaçı Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu yanında bağçılıq yoldaşlığın üzvüdür, Məhkəmə Ekspertizası İnstitutu bağçılıq yoldaşlığına ayrılmış 2.93ha torpaq sahəsinin 6 sotu 6 nömrıli bağ sahəsi A.S.Süleymanova ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər X18 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 3186 nömrəli “Kollektiv Bağların təşkili üçün torpaq sahələrinin ayrılması haqqında” qərarında göstərilmişdir ki, kollektiv bağçılığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında respublikanın qərarverici orqanlarının qərarlarını icra etmək məqsədi ilə Bakı Şəhər X14 icraiyyə komitəsi qərara almışdır: rayon Sovetlərinin icraiyyə komitələrinin işçi komissiyalarında baxılmış materiallar əsasında aşağıdakı təşkilatlara kollektiv bağların salınması üçün Azərbaycan SSR Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutuna şərikliyin 43 üzvü üçün Əzizbəyov rayonundakı Severnaya Dövlət Rayon Elektrik Stansiyasının şimal-şərqində bağçılıq şərikləri massivinin ərazisində torpaq sahələri ayrılsın, icma bağının ərazisinin hazırlanmasına yalnız torpaq sahələrinin ayrılması üçün tikinti pasportu alındıqdan, bağın təşkili və inkişafı layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi, sanitariya və yanğın nəzarəti orqanları ilə razılaşdırıldıqdan və bütün ərazilərdə torpaq sahəsi verilmiş rayon Sovetinin icraiyyə komitəsində təsdiq edildikdən sonra başlana bilər. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli **********71 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xəzə'r rayonu, “Şimali” DRES-in şərq hissəsi ərazisində yerləşən torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi və digər məlumatların verilməsinə dair **********. nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən torpaq sahəsinə dair bağçılıq- yoldaşlığın bölgü sxemi arxiv qovluğunda aşkar edilmədiyindən və sahə ayrılarkən koordina sistemində verilmədiyindən torpaq sahəsinin dəqiq yerini təyin etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli **********80 nömrəli məktubunda göstərilmişdir ki, Sizin Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES-in şimal şərq hissəsində yerləşən 600 kv.m torpaq sahəsi olan 6 saylı bağ sahəsinin dövlət reyestrindən qeydiyyatdan keçib-keçməməsi barədə məlumatın təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, “Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu”nun bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES-in şimal şərq hissəsində yerləşən 600 kv.m torpaq sahəsi olan 6 nömrəli bağ sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********3 nömrəli məktubunda göstərilmişdir ki, Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi “Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu” nun bağçılıq yoldaşlıq birliyinin ayrıc aktından kənarda yerləşməklə bir hissəsi digər bağçılıq- yoldaşlıq ayrıc aktı daxilinə düşür. Həmçinin göstərilən torpaq sahəsinin (bağ sahəsi) və üzərində yerləşən yaşayış evinin bir hissəsi elektrik xəttinin mühafizə zolağına düşür. Həmin məktubla təqdim edilmiş Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu”nun bağçılıq yoldaşlıq birliyinin bağ sahələrinin sxematik planından görünür ki, planda 43 nəfərin adı və bağların yerləşmə ardıcıllığı qeyd olunmaqla, 6 nömrəli sırada Kişiyeva Zöhrənin adı qeyd edilmiş, siyahıda İddiaçı adı göstərilməmişdir. Həmin məktubla təqdim edilmiş xx.xx.2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, yerli baxış zamanı nümayəndə kənardan digər fiziki şəxs tərəfindən hasarlanmış, bağ evi və köməkçi tikililər inşa edilmiş sahəni göstərdi. Kənardan göstərilən sahə digər fiziki şəxsin adına qeydiyyatdan keçib və sonradan özgəninkiləşdirilib. Kənardan göstərilən sahə digər fiziki şəxsin adına qeydiyyatdan keçib və sonradan özgəninkiləşdirilib. Qeyd olunan ərazi **********75-11301 reyestr nömrəsi ilə qeydiyyata alınıb. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2024-cü il tarixli **********46 nömrəli məktubu ilə təqdim edilmiş Şüvəlan qəsəbəsi 06/4316 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki: -X3 məxsus üzvlük kitabçasından görünür ki, X6 xx.xx.1989-cu il tarixli 06 nömrəli protokoluna əsasən Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmişdir. Şimal-cənub DREŞ-in ərazisində yerləşən sahə 13-cü keçid küçəsi ünvanında, Bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 06 nömrəli bağ sahəsi xx.xx.1989-cu il tarixdə qeydə alınmış 86 nömrəli qərara əsasən daimi istifadə edilmək üçün verilmişdir. -Bağçılıq yoldaşlığın idarə heyətinin 06 nömrıli xx.xx.1989-cu il tarixli protokoldan çıxarışa əsasən X3 bağçılıq yoldaşlıq ərazisində 06 nömrəli 0.06 ha torpaq shaəsi daimi istifadəsindən ötəri verilsin. -X9 və X7 ərazisindəki 06/4316 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 35901 nömrəli müqaviləyə əsasən X9 və X10 rayonu Şüvəlan Ərazisində 0.06 ha torpaq sahəsi olan 06/4316 nömrəli bağı X2 istifadəsinə vermişdir. -A№125342 nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”-dən görünür ki, Əzizbəyov rayonu Şüvəlan bağ massivində X3 Bakı şəhər İH-nin BTİ vəİB-nin xx.xx.2005ci il tarixli 19 saylı protokolu ilə 600 kv.m sahəsi olan 06/4316 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Torpaq sahəsinin ümumi sahəsi 589.68 kv.m təşkil edir, torpaq sahəsinin normativ qiyməti 8963.14 manatdır. -MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “ Çıxarışa əsasən ünvan 3 ünvanında 0.0589 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 18189 nömrəli vərəqində qeydiyyata alınmışdır. -AN-İ seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X6 ünvan 4 ünvanında yerləşən 0.0589 ha torpaq sahəsini alıcı X12 mülkiyyətinə vermişdir. - RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “ Çıxarışa əsasən ünvan 4 ünvanında 0.0589 ha **********75 reyestr nömrəli torpaq sahəsi xx.xx.2014-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 18189 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AN-İ seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X4 ünvan 4 ünvanında yerləşən 0.0589 ha torpaq sahəsini alıcı X5 mülkiyyətinə vermişdir. - RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “ Çıxarışa əsasən ünvan 4 ünvanında 0.0589 ha **********75 reyestr nömrəli torpaq sahəsi xx.xx.2014-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 18189 nömrəli vərəqində qeydiyyata alınmışdır. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında 0.0589 ha **********75 reyestr nömrəli torpaq sahəsi və üzərində 132.7kv.m bağ evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********47 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Azərbaycan SSR Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun kollektiv bağçılıq və tərəvəzçiliyə qoşulmaq arzusunda olan əməkdaşlarının siyahısında 38-ci sırada İddiaçı adı qeyd olunmuşdur. -Azərbaycan ETMEK və KPİ-nin Bağçılıq yoldaşçılıq çəmiyyətinin üzvlərinin siyahısında 6-ci sırada X8 adı, torpaq sahəsinin nömrəsi 6, ölçüsü 6 sot qeyd edilmişdir. -Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2004cü ildə tərtib edilmiş 04/303 nömrəli “İstifadəyə(icarəyə) verilən torpaq sahəsinin” Ayrıc aktı təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********94 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin ətrafında 3240, 14/3239, 29/3254 nömrəli bağ sahələri yerləşir. İş materiallarına əlavə edilmiş Azərişıq ASC-nin xx.xx.2025-ci il tarixli 13-13/2-1/16- 6535/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il, 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılması" Tələblərinə əsasən sözügedən ünvan 6 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşir Yuxarıda qeyd olunan torpaq sahəsinin elektrik xəttinin istismarına maneə törətməməsi səbəbilə qeydiyyata alınmasına etiraz etmirik. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-17720/2025 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 600.0 kv.m, faktiki sahəsi 745.0 kv.m təşkil edir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Torpaq sahəində yaşayış evi və həyət tikilisi mövcuddur. Torpaq sahəsinin 1.0 m məsafəsindən 10.0 kv elektrik xətti keçir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfat idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İşdən görünür ki, iddiaçı iddia etdiyi Bakı şəhəri Əzizbəyov rayonu Şimal Dres-in şimali-şərq ərazisində 06 saylı sahədə yerləşən 6 sot torpaq sahəsi ilə bağlı üzvlük kitabçasını təqdim etmişdir. İş üzrə müəyyən olunur ki, iddiaçının adı arxivdə saxlanılan və məhkəmə sorğusu ilə əldə edilmiş Azərbaycan SSR Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun kollektiv bağçılıq və tərəvəzçiliyə qoşulmaq arzusunda olan əməkdaşlarının 43 nəfərlik siyahısında 38-ci sırada İddiaçı adı qeyd olunsa da, sonradan tərtib edilmiş yenilənmiş 43 nəfərlik siyahıda iddiaçının adı qeyd edilməmişdir. Eyni zamanda həm yenilənmiş siyahıda, həm də bağçılığa adir tərtib edilmiş bağların yerləşmə planında da iddiaçının adı göstərilməmiş, hər ikisində 6 nömrəli bağın X13 aid olduğu qeyd edilmişdir. Eyni siyahda olan eyni nömrəli bağ sahəsinə dair əldə edilmiş ilkin hüquqmüəyəynedici sənədlərdən məlum olmuşdur ki, X6 Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun kollektiv bağçılığın üzvü olmuş, ona 600 kv.m olan 06 nömrəli bağ sahəsi Bağçılıq yoldaşlığın idarə heyətinin 06 nömrəli xx.xx.1989-cu il tarixli protokoldan çıxarışa əsasən ayrılmış, qeyd edilən bağ sahəsi üzvlük kitabçası, protokoldan çıxarış, X9 və X7 ərazisindəki 06/4316 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 35901 nömrəli müqavilə əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü tətrtib edilərək xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, daha sonra torpaq sahəsi özgəninkiləşdirilmiş və hazırda həmin torpaq sahəsi və üzərində bağ evi xüsusi mülkiyyət hüququ ilə digər şəxsin adına qeydiyyatdadır. Yuxarıda qeyd olunan qanun normasından da müəyyən olunur ki, üzvlük kitabçası yalnız bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda hüquqmüəyyənedici sənəd qüvvəsinə malik hesab olunur. Hazırkı halda iddiaçı tərəfin təqdim etdiyi üzvlük kitabçası Azərbaycan Elmi- Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun kollektiv bağçılığın qüvvədə olan yenilənmiş üzvlərinin siyahısında yoxdur. Bu halda iddiaçının təqdim etdiyi üzvlük kitabçası iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənən qismində qeydiyyata əsas vermir. Məhkəmə bu nəticəyə gələrkən həm də iddia olunan bağ sahəsinin naturada yerləşmə vəziyyətini də nəzərə alır. Belə ki, məhkəmə sorğusu əsasında Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun bağçılıq yoldaşlığına aid olan ayrıc aktı və həmin ayrıc aktı daxilində yerləşən ərazi ilə iddiaçının naturada 6 saylı bağ sahəsi kimi iddia etdiyi torpaq sahəsi göstərilməklə müqayisəli ortofoto görüntüləri təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********50 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən görünür ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsi Şərqşünas bağçılıq yoldaşlığın ayrıc aktı daxilində olan ərazidə yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********36 nömrəli məktubu ilə təqdim edilmiş ortofo görüntüdən görünür ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun kollektiv bağçılıq yoldaşlığı daxilində yerləşmədiyi, sahələrinin bir-birindən aralı, fərqli istiqamətlərdə yerləşdiyi görünür. Bundan başqa, müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin ətrafında 3240, 14/3239, 29/3254 nömrəli bağ sahələri yerləşir. Məhkəmə sorğusu əsasında cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş Həmin bağ sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərə baxış keçirilərək müəyyən edilmişdir ki, qeyd edilən bağlar Şərqşünas bağçılıq yoldaşlığına aid protokol, üzvlük kitabçaları əsasında mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Beləliklə, iddia olunan bağ sahəsinə hüquqmüəyyənedici sənədlərinin olmaması ilə yanaşı həmin sahənin bağçılığa aid ərazi daxilində yerləşmədiyi də müəyyən olunmuşdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı icraatın nəticəsi olaraq iddiaçının təqdim etdiyi sənədlər mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər qismində qəbul edilmədiyindən məhkəmə sözügedən bağ sahəsinin elektrik xəttinin mühafizəsində yerləşməsi ilə bağlı cavabdehin digər imtina dəlilinə hüquqi qiymət verilməsini zəruri hesab etmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar