Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5500/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi) qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi, 62 saylı evin, 4 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 02.03.2021-ci il tarixli, **********73 nömrəli bildirişlə iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair 'Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı 05.04.2021-ci il tarixdə cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 4 saylı mənzilin onun adına özəlləşdirilməsi, ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-5500/2021 saylı, 18.05.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin 1990-cı ildən onun sərəncamına verilməsi, onun icarədar olması Mənzil istismar sahəsinin aidiyyəti kitabında qeyd olunmaqla rəsmiləşdirilmişdir. Bunu təsdiq edən arayış isə iddiaçıya təqdim olunmuşdur. 9 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş 16.01.2021-ci il tarixli 35 və 36 saylı arayışlardan da göründüyü kimi, iddiaçı 1990-cı il tarixdən qeyd olunan mənzilin icarədarıdır. Hətta mənzil istismar sahəsinin mühəndisi tərəfindən mənzilin sxemi də çəkilərək təsdiq edilmişdir. Orada da o, mənzilə sahiblik edən şəxs-kirayəçi kimi göstərilmişdir. Göründüyü kimi, 9 saylı mənzil istismar sahəsi 1990-cı ildən onu mənzilin icarədarı kimi tanıyır və o da 1990-cı ildən hazıradək bütün kommunal xidmət (mənzil) haqqlarını vaxtı vaxtında ödəyir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdeh və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, onlar öz nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, bununla bağlı məhkəməyə məlumat verməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki sahibliyində olan mənzilə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 02.07.2021ci il tarixli, 1/2239 saylı məktubuna əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, İddiaçı Azərbaycan Ordusunda zabit və ya gizir (miçman) qismində xidmət keçməsi və mülki işçi qismində işləməsi barədə məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat-Səfərbərlik İdarəsinin 23.07.2021-ci il tarixli, 20/2976 saylı məktubuna əsasən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində Azərbaycan Ordusunda hərbi xidmət keçməsi barədə məlumat yoxdur. İşdə olan 20.04.2021-ci il tarixli, 1764 nömrəli məktuba əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Məktuba qoşma olaraq maliyyə hesab vərəqəsinin İddiaçı adına verilməsinə dair N nömrəli hərbi hissədən verilmiş arayışın kserosurəti əlavə edilmişdir. 31.01.1991-ci il tarixli N nömrəli həmin arayışa əsasən N nömrəli hərbi hissənin rəhbərliyi X1 səhhəti ilə bağlı uzunmüddətli getməsinə görə Bakı şəhəri, Həzi Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi, ev 62 mənzil 4-ün şəxsi hesab vərəqəsinin onun əri İddiaçı adına rəsmiləşdirilməsinə icazə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 9 nömrəli Mənzil-İstismar sahəsinin 16.01.2002-ci il tarixli, 35 və 36 saylı arayışlarına əsasən İddiaçı ünvan 3, 4 saylı mənzildə yaşayır. O, həqiqətən 1990-cı il tarixdən hal-hazıra kimi kommunal xidməti (mənzil və zibil) haqqını ödəmişdir. Ev Bakı Qarnizonuna məxsusdur. Mənzilin icarədarı İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 21.09.2021-ci il tarixli 5213 nömrəli məktubundan görünür ki, iddiaçı mübahisəli mənzilin özəlləşdirilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə rəsmi müraciət etməmişdir. İddiaçı hazırda ünvan 3 ünvanında yerləşən 4 saylı mənzilə mülkiyyət hüququnun adına qeydə alınmasını və bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilməsini xahiş edir. İddiaçının bu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 08.07.1982-ci tarixdə qəbul olunmuş və 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsinin icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının 01.10.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı 01.10.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni AR Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən 01.10.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Lakin işdən görünür ki, iddiaçı mübahisəli mənzilin onun adına özəlləşdirilməsi barədə müraciət etsə də, yuxarıda istinad olunan sənədlərdən - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamdan hər hansı birini təqdim etməmişdir. İşdən görünür ki, mübahisəli mənzillə bağlı iddiaçı barəsində yalnız 31.01.1991-ci il tarixli N nömrəli N nömrəli hərbi hissənin rəhbərliyinin X1 səhhəti ilə bağlı uzunmüddətli getməsinə görə Bakı şəhəri, Həzi Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi, ev 62 mənzil 4-ün şəxsi hesab vərəqəsinin İddiaçı adına rəsmiləşdirilməsinə icazə verilməsi barədə arayış mövcuddur, hansı ki, həmin sənəd Qanunun 8-ci maddəsində göstərilən sənədlərə bərabər tutulan hüquqmüəyyənedici sənəd hesab oluna bilməz. AR Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İşdən görünür ki, mübahisəli mənzil Müdafiə Nazirliyinin mənzil fonduna aid olmaqla xidməti mənzillərə aiddir. Belə olan halda isə aydın olur ki, mövcud qanunvericiliyə əsasən iddiaçının həmin mənzili özəlləşdirmək hüququ, ümumiyyətlə, mövcud olmamışdır. Bu isə iddiaçının uzun müddət mübahisəli əmlakdan istifadə etsə belə, həmin əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı “qanuni gözlənti”yə malik olmadığını da deməyə əsas verir. Çünki qanuni gözləntinin əmələ gəlməsi üçün bunun hüquqi əsası olmalıdır. Hazırkı halda isə iddiaçının qanuni gözləntisi olması üçün hüquqi əsası mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası qanuni olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5500/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5500/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver