Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5500/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxs X1, üçüncü şəxsin nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı «sərəncamın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı «sərəncamın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Suraxanı RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ilə hazırkı İddiaçı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin vaxtdan o, fasiləsiz olaraq qeyd olunan torpaq sahəsindən istifadə etmiş, sərəncamda göstərilən sənədləri topladıqdan sonra həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə onun adma qeydiyyata alınması barədə rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 29 dekabr 2015ci il tarixli **********53 nömrəli məktubu ilə onun ərizəsinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbini irəli sürərək məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1271/2016 saylı iş üzrə 7 aprel 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1529/2016 saylı iş üzrə 24 avqust 2016-cı il tarixli qərarı və Ali Məhkəmənin 2-1(102)-2097/2016 saylı iş üzrə 28 dekabr 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmə qərarı icra edilərək, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən 11 mart 2017-ci il tarixli RX seriyalı ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan məhkəmə qərarlarından görünür ki, məhkəmə araşdırılması zamanı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə dair Bakı şəhəri Suraxanı RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamının həqiqiliyi yoxlanılmış və bununla bağlı arxiv məlumatları əldə olunmuşdur. Həmin dövrdə əldə olunmuş 5 avqust 2009-cu il tarixli 2251 saylı məlumatdan görünür ki, Suraxanı RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı barədə Dövlət Arxivinin Bakı filialında məlumat olsa da, həmin sərəncamın ləğv edilməsi haqqında Suraxanı RİH-in sonuncu 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı barədə Dövlət Arxivində hər hansı məlumat olmamışdır. Hazırda məlum olmuşdur ki, Suraxanı RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamının ləğv edilməsinə dair həmin RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı mövcuddur. Belə ki, iddiaçının qardaşı Vasif Quliyev sözügedən 12 fevral 1999-cu il tarixli sərəncamla həmin torpaq sahəsindən onun da istifadə etmək hüququnun olmasını qeyd edərək, iddiaçının iddia tələbinin təmin olunması barədə məhkəmə qərarlarının onun maraqlarına toxunduğunu nəzərə alıb, vəsatətlə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1271/2016 saylı iş üzrə 7 aprel 2016-cı il tarixli qərarının ləğv edilərək, həmin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Məhkəmə onun vəsatətini etmişdir. İddiaçı 20 dekabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 12 fevral 1999-cu il tarixli sərəncamın surətini almışdır. Vasif Quliyevdə həmin (12 fevral 1999-cu il tarixli 266 saylı) sərəncamın mövcudluğu barədə məlumat olsa da bu vaxtadək hər hansı rəsmi dövlət qurumunda və şəxsdə bu barədə məlumat olmamışdır. Əgər həqiqətən Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamla özünün əvvəlki 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamını ləğv etmişdirsə, onda qanunvericiliyin tələblərinə görə həmin sərəncamla hazırkı iddiaçının maraqlarına toxunulduğundan, rəsmi qaydada sərəncam ona təqdim edilməklə hüquq və vəzifələri, sərəncamla razılaşmadıqda isə ondan şikayət vermək hüququ rəsmi qaydada izah olunmalı idi. Lakin, bu günədək qeyd olunan sərəncam rəsmi qaydada ona təqdim edilməmiş və onun həmin sərəncamı almağını təsdiq edən sübut mövcud deyildir. İddiaçıya Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamının təqdim edilməməsi və bu barədə məlumatının olmaması yuxarıda qeyd olunan məhkəmə qərarları ilə də təsdiq edilmişdir. Vasif Quliyev isə onun ərizəsi əsasında verilmiş Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamını həmin vaxt alsa da, bu barədə hər hansı şəxsə, o cümlədən iddiaçıya bildirməməklə yanaşı, ötən təxminən 30 il müddətində həmin sərəncamla ona verilən hüquqlardan istifadə etməmiş, sərəncamdan irəli gələn hərəkətləri yerinə-yetirməmişdir. İddiaçının Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması və bu barədə dövlət reyestrindən 11 mart 2017-ci il tarixli, RX seriyalı ********** qeydiyyat nömrəli çıxarışın verilməsi qüvvədə olan məhkəmə qərarına əsaslanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1-ci maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Tələb Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamının ləğvinə yönəldiyindən, İPM-nin 2.2.1-ci maddəsinə əsasən bu tələb mübahisələndirmə haqqında tələb kimi inzibati məhkəmə icraatı qaydasında baxılmaqla, Bakı İnzibati Məhkəməsinə aiddir. Göstərilənlərə və İPM-in 2.2.2, 32, 45 – 47-ci maddələrinə əsaslanaraq, Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamının ləğv edilməsi məhkəmədən xahilş olunur. Cavabdeh Suraxanı RİH-in məhkəməyə ünvanlanmış 3 mart 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçılə qardaşı Vasif Quliyev arasında yaranmış torpaq mübahisəsinin aradan qaldırılması məqsədi ilə Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı ilıə RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilmişdir. Ötən illərə dair o cümlədən, 1998 – 1999-cu illər də daxil olmaqla RİH-in sənədləri AR Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. İPM-in 28-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (maddə 28.1). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə) (maddə 28.2). Məhkəməmnin 5 aprel 2022-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi, üçüncü şəxs və onun nümayəndəsi gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) X5 iddianın əsassız olduğunu, Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 nömrəli sərəncamının qanuni olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Suraxanı RİH-in 2064 nömrəli 27 noyabr 1998-ci il tarixli sərəncamı ilə vət. İddiaçı Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı binanın qarşısındakı bağ sahəsi kimi istifadə olunan 300 kv.m torpaq sahəsinin fərdi ev tikintisi üçün ayrılmasına və ayrılmış sahədə 165-00-111C nömrəli birtipli layihə əsasında fərdi yaşaylış evinin tikintisinə icazə verilmiş, kürsülük 2 m müəyyən edilmişdir. İş materiallarından görünür ki, Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 nömrəli sərəncamı ilə Suraxanı RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 nömrəli sərəncamı ləğv edilmiş və vət. İddiaçı və Vasif Quliyevə həmin sahələrdən bağ sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. İş materiallarından görünür ki, Suraxanı RİH-in Q-65-113 nömrəli 18 aprel 2016-cı il tarixli X3 (surəti İddiaçı) ünvanlanmış məktubunda aşağıdakılar bildirilir: - Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı evin qarşısında yerləşən torpaq sahəsinin razılığınız olmadan sənədləşdirilməsinə dair ərizəyə Suraxanı RİH-də baxılmışdır. Müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin ayrılması və orada fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında Suraxanı RİH-in 17 noyabr 1998-ci il tarixli 2064 nömrəli sərəncamı, Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 nömrəli sərəncamı ilə ləğv edilərək, vətəndaş İddiaçı və X3 həmin sahədən bağ sahəsi kimi istifadə olunmasına icazə verilmişdir. Vətəndaş İddiaçı 2009-cu ildə Suraxanı RİH-ə müraciət edərək RİH tərəfindən ləğv edilən 17 noyabr 1998-ci il tarixli 2064 nömrəli sərəncamı təqdim etməklə torpaq sahəsinə dair ayrıc aktı almışdır. Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 54 ünvanında binanın qarşısında yerləşən 300 kv.m torpaq sahəsinə dair Suraxanı RİH tərəfindən 16 oktyabr 2009-cu il tarixdə tərtib edilən ayrı aktı Suraxanı RİH-in ləğv olunmuş sərəncamı əsasında verildiyindən, etibarsız sayılır. İş materiallarından görünür ki, Suraxanı RİH-in T-58 nömrəli 5 mart 1999-cu il tarixli X3 (surəti İddiaçı) ünvanlanmış məktubunda aşağıdakılar bildirilir: - Sizin ərizənizə RİH-də baxılmışdır. İddia etdiyiniz fərdi ev tikintisi üçün qardaşınız İddiaçı ayrılmış bağ sahəsinin sərəncamı RİH tərəfindən ləğv edilmişdir. Ailənizin istifadəsində vaxtilə olmuş bağ sahəsinin bölüşdürülməsi və ya kimin istifadəsində qalması barədə Xalq Məhkəməsinə müraciət etməlisiniz. Hazırkı iş üzrə yaranmış zərurətlə əlaqədar məhkəmə tərəfindən Suraxanı RİH-ə aşağıdakı məzmunda 29 iyun 2022-ci il tarixli sorğu ünvanlanmışdır: - Suraxanı RİH-in 18 aprel 2016-cı il tarixli Q-65-113 nömrəli və 5 mart 1999-cu il tarixli T-58 nömrəli məktublarının İddiaçı göndərilib-göndərilməməsi, göndərilmişdirsə göndərişi və adıçəkilən şəxsə çatmasını təsfiq edən sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Suraxanı RİH-dən daxil olmuş 27 iyul 2022ci il tarixli məktubda aşağıdakılar bildirilir: - Suraxanı RİH-in sənədlərinin 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına verildiyindən və bu barədə RİH-də heç bir məlumat olmadığından, sorğunun cavablandırılması imkan xaricindədir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından daxil olmuş 18 avqust 2022-ci il tarixli məktubda aşağıdakılar - Suraxanı RİH-in arxiv fondu üzrə 1999-cu və 2016-cı illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin məktublar, poçt sənədləri, çatdırma qəbzləri fərdi qaydada Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür) 243-2-ci maddəsinə görə dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində 1) vətəndaş, hərbi qulluqçu və ya kollektiv qanunun və ya digər normativ aktın ona verdiyi hüququ tamamilə və ya qismən həyata keçirmək imkanından qanunsuz olaraq məhrum edilmiş olsun, 2) vətəndaş, hərbi qulluqçu və ya kollektivin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun. Həmin Məcəllənin 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. MPM-in (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə: - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Suraxanı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə hazırkı mübahisənin ərazi aidiyyəti ilə bağlı bildirir ki, hazırkı iddia daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, “mübahisələndirmə haqqında” iddiaya aid olsa da, cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına daxil olan ərazini əhatə etdiyindən, mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (birinci cümləsinin) tələblərinə uyğun olaraq həm cavabdeh inzibati orqanın olduğu, həm də İPM-in 8.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yer üzrə müvafiq səlahiyyətli məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunauyğundur. Məhkəmə qeyd edir ki, həm mübahisə predmeti olan sərəncamın qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanunu və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinn müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə icraatında mübahisə predmeti olan Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamının hazırkı iddianın qaldırıldığı tarixdən 1 ay əvvəlki gündən, yəni 25 dekabr 2021-ci il tarixdən qabaq iddiaçılara təqdim və ya elan olunması ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Suraxanı RİH, eləcə də üçüncü şəxs X4 tərəfindən heç bir tutarlı sübut, dəlil təqdim edilməmişdir. Bu isə, belə nəticə yaradır ki, iddia qaldırılarkən iddia müddəti buraxılmış sayıla bilməz. Həmçinin nəzərə alınmalıdır ki, Bakı şəhəti Suraxanı RİH-in 18 aprel 2016-cı il tarixli Q-65- 113 nömrəli və 5 mart 1999-cu il tarixli T-58 nömrəli məktublarının hazırkı iddiaçıya çatdırılması ilə bağlı sübutların (o cümlədən poçt qəbzi) hazırda RİH-də və arxiv qurumunda mövcudluğu müəyyən edilmir. Odur ki, mübahisələndirilən 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncam cavabdeh inzibati orqan Bakı şəhəri Suraxanı RİH tərəfindən qəbul edildiyindən, iddiaçı üçün əlverişli inzibati akt kimi hüquqi nəticə yaratdığından, iddia qaldırılarkən iddia müddətinin buraxılmamış kimi qiymətləndirildiyindən, habelə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasını istisna edən digər hallar mövcud olmadığından, məhkəmə iddianı mümkün sayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli 254-Xİİ nömrəli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcələsinin 28-ci maddəsinə əsasən torpaqların verilməsi və geri alınması ilə əlaqədar olan və onların mənafeyinə toxunan məsələlərə baxılmasında marağı olan vətəndaşların iştirak etməyə hüququ vardır. Torpaqların verilməsi və geri alınması barədə rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı əhalinin və əmək kollektivlərinin mənafeyinə toxunduğu hallarda onların rə’yi nəzərə alınmaqla qəbul edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən icraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə mübahisə üzrə müəyyən etdiyi aşağıdakı halları diqqətə çəkir: 1) cavabdeh Bakı şəhəri Suraxanı RİH tərəfindən hazırkı İddiaçı 300 kv.m torpaq sahəsi ayrılması barədə 27 noyabr 1998-ci il tarixli sərəncam «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəki dövrdə 12 fevral 1999-cu il tarixdə 266 nömrəli sərəncamla ləğv edilsə də, həmin (12 fevral 1999-cu il tarixli) sərəncam qəbul edilərkən qüvvədə olmuş Torpaq Məcəlləsinin 28-ci maddəsində torpaqların verilməsi və geri alınması ilə əlaqədar olan və onların mənafeyinə toxunan məsələlərə baxılmasında marağı olan vətəndaşların iştirak etmək hüququ, habelə bu barədə rayon, şəhər xalq deputatları Sovetlərinin qərarının əhalinin və əmək kollektivlərinin mənafeyinə toxunduğu hallarda onların rəyi nəzərə alınmaqla qəbul edilməsi təsbit olunmuşdur. Bu isə, o deməkdir ki, iddiaçının özünün mənafeyinə toxunan məsələsi əhatə edən həmin sərəncamın qəbulunda (icraatda) iştirak etmək hüququ pozulmuşdur; 2) Bundan başqa, 2011-ci ilin 1 yanvar tarixindən sonra qüvvəyə minmiş «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələbləri baxımından Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 nömrəli sərəncamının qəbulundan məlumatsız olan hazırkı iddiaçı müvafiq torpaq sahəsinin ayrılması barədə 27 noyabr 1998-ci il tarixli 2064 nömrəli sərəncama münasibətdə 1 yanvar 2011-ci il tarixdən sonra “etimad hüququ” yaranmış olur. 3) Qeyd olunanlarla yanaşı, Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 nömrəli sərəncamının qəbulu üçün tutarlı əsaslar da hazırkı inzibati məhkəmə icraatında müəyyən edilmir və bu sərəncamın qəbulunu şərtləndirən yetərli da təqdim edilir. Cavabdeh inzibati orqanın həmin sərəncamın məntində gətirdiyi xüsusatlar (sahənin bir hissəsində üçüncü şəxs Vasif Quliyevə məxsus tikilinin olması, iki şəxs arasında mübahisə yaranması) 27 noyabr 1999-ci il tarixli 2064 nömrəli sərəncamın ləğv edilməsi üçün formal xarakterli əsaslar kimi qiymətləndirillir. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı əlverişli inzibati akt kimi qanunvericiliyə zidd olduğundan və həmin sərəncamın qəbulu iddiaçının hüquqlarını pozduğundan qanunsuz qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Bakı şəhəri Suraxanı RİHin 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5500/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5500/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver