Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5500/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin qarşı “diplom bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək “Loğman” Tibb Məktəbi tərəfindən verilmiş A № 005038 nömrəli, 25 iyul 2006-cı il tarixli təhsil haqqında sənədin dövlət nümunəli hesab edilərək diplomun bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2001-ci ildə Təsərrüfat hesablı “Loğman” Tibb məktəbinin tibb bacısının işi şöbəsinə daxil olmuş, 2006-cı ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirmiş və A № 005038 nömrəli diplom verilmişdir. Bunun əsasında xx.xx.2006-cı il tarixdə Zaqatala rayon Mərkəzi Xəstəxanasına tibb bacısı kimi işə qəbul edilmişdir. Bu yaxınlarda iddiaçıya məxsus diplomun əsli qeyri-müəyyən şəraitdə itmiş və tapılmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə diplomun bərpa edilməsi ilə əlaqədar olaraq ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən hər hansı tədbir görülməmiş və xx.xx.2023-cü il tarixli cavab məktubunda A 005038 nömrəli diplom blankının dövlət nümunəli təhsil sənədi olmaması bildirlmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası tamamilə əsassızdır, iddiaçı tam qanuni olaraq fəaliyyət göstərmiş təhsil müəssisəsində təhsil almış, tam kursu bitirməklə müstəqil ixtisas komissiyasının qərarı ilə ona tibb bacısı ixtisası verilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 2.2. maddəsinə əsasən təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsil alanların və təhsil verənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir. Həmin Qanunun 5.1. maddəsinə görə Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 27.1. maddəsinin tələbinə görə təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. İddiaçı hesab edir ki, diplomun dövlət nümunəli təhsil sənədi sayılmaması və diplomun bərpa edilməməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Loğman Tibb Məktəbi tərəfindən iddiaçının adına yazılmış A 005038 nömrəli diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Bu səbəbdən müraciətdə qeyd olunan məsələnin həlli nazirliyin imkan xaricindədir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “Loğman” Tibb Məktəbi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AN 005038 nömrəli təhsil haqqında sənədin dövlət nümunəli hesab edilərək diplomun bərpa edilməsinin cavabdeh Elm və Təhsil Nazirliyinin öhdəsinə qoyulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, 2001-2006-cı illərdə Respublika Təsərrüfat Hesablı “Loğman” Tibb Məktəbində “Tibb bacısının işi” ixtisası üzrə təhsil almış və həmin təhsil müəssisəsini bitirməsi ilə əlaqədar ona AN 005038 saylı diplom verilmişdir. İddiaçı özünə məxsus diplom sənədinin bərpa edilməsi və dövlət nümunəli hesab edilməsi üçün ərizə ilə Elm və Təhsil Nazirliyinə müraciət etmiş lakin, nazirlik müraciətə baxaraq, xx.xx.2023-cü il tarixli, 3-2/2-M-14610-4/2023 saylı məktubla onun diplomunun bərpa edilməsinin hüquqi əsasının olmadığı bildirilmişdir. Bildiririk ki, “Loğman” Səhmdar Cəmiyyətinin Təsərrüfat Hesablı Tibb məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 16 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Tibb məktəbinin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 31-ci maddəsinə görə, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir. Fəaliyyət dövründə (1996-2007-ci illər) “Loğman” təsərrüfat hesablı tibb məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir. Həmçinin iddiaçının adına “Loğman” Tibb məktəbi tərəfindən yazılmış AN 005038 saylı diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Yuxarıda qeyd etdiyimiz kimi, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirməli, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5 Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. Bildiririk ki, “Loğman” Tibb Məktəbinə Təhsil Nazirliyi tərəfindən sertifikat və lisenziya verilmədiyindən, həmin məktəbin məzunlarına dövlət nümunəli diplomlar verilməmişdir. Digər tərəfdən“Loğman” Tibb Məktəbi təhsil fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almadığından, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 221 nömrəli qərarı ilə onun dövlət qeydiyyatı ləğv edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Yuxarıda şərh olunanları və AR İPM-nin 47.2-ci və 68.2-ci maddələrini rəhbər tutaraq cavabdeh orqan İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “Loğman” Tibb Məktəbi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AN 005038 nömrəli təhsil haqqında sənədin dövlət nümunəli hesab edilərək diplomun bərpa edilməsinin cavabdeh Elm və Təhsil Nazirliyinin öhdəsinə qoyulması barədə” iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. İş materiallarına əlavə olunmuş A 005038 nömrəli diplomun surətinə əsasən X2 2001-ci ildə Respublika təsərrüfat hesablı “Loğman” Tibb Məktəbinin “Tibb bacısının işi” şöbəsinə daxil olmuş və 2006-cı ildə tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. Müstəqil ixtisas komissiyasının 17 iyul 2006-cı il tarixli qərarı ilə ona tibb bacısı ixtisası verilmişdir.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. İddianın növü öhdəliyin icrası haqqında iddiadır.
9. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
11. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 2145/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarına uyğundur.
12. İddiaçıya diplom verilən zaman qüvvədə olan 7 oktyabr 1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanunu (19 iyun 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş hesab edilmişdir): Maddə 7. Dövlət Təhsil standartları Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir.
Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında X5 Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Maddə 8. Təhsil haqqında sənəd
1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Maddə 13. Təhsil müəssisələri
1. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Maddə 31. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir.
13. İddiaçıya diplom verilən zaman qüvvədə olan “Ali və orta ixtisasməktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 1993-cü il tarixli, 413 saylı Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl tədris müəssisələri qeyri-qanunidir və bu tədris müəssisələrinin verdikləri təhsil sənədləri etibarsız sayılır.
14. İddiaçıya diplom verilən zaman qüvvədə olan “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiqedilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanına əsasən, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı: ...26.Ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət - Təhsil Nazirliyi
15. İddiaçıya diplom verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 1993-cü il tarixli, 60 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdində Ekspert Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərar çıxardır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edilir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir.
16. Məhkəmə müəyyən edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin yanında Ekspert Komissiyası yaradılır ki, həmin Komissiyanın təhsil müəssisəsi ilə bağlı qəbul etdiyi müsbət qərar əsasına daha sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəssisənin qeydə alınması barədə qərar qəbul olunmalıdır. Yalnız bundan sonra müəssisə dövlət reyestrinə daxil edilməli və ona sertifikat verilməlidir. Qeyd edilmiş prosedura riayət edildiyi təqdirdə təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılmış hesab edilir və müstəqil hüquqi şəxs statusu alır.
17. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçının təhsil aldığı müəssisə (“Loğman” Səhmdar Cəmiyyətinin Təsərrüfat Hesablı Tibb Məktəbi) ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ekspert Komissiyasının qərarının qəbul edildiyi və müvafiq sertifikatın verilməsi müəyyən edilməmişdir. Tibb məktəbinin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir.
18. Məhkəmə müəyyən edir ki, “Loğman” Səhmdar Cəmiyyətinin Təsərrüfat Hesablı Tibb məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 16 nömrəli qərarı ilə qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi kimi qeydiyyata alınmış, lakin təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 221 nömrəli qərarı "Loğman" Səhmdar Cəmiyyətinin Respublika təsərrüfat hesablı tibb məktəbinin qeydiyyata alınması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 fevral tarixli 16 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmiş və təhsil müəssisəsinin dövlət qeydiyyatı ləğv edilmişdir.
19. Məhkəmə qeyd edir ki, təhsil müəssisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə qeydiyyata alınması “Loğman” Tibb Məktəbinin Təhsil fəaliyyəti məşğul olunmasına əsas vermirdi. Təhsil fəaliyyəti yalnız müvafiq sertifikatın (lisenziyanın) alınması ilə başlana bilərdi (Azərbaycan Respublikasının Təhsil Qanunu maddə 31-ci maddəsinə əsasən). “Loğman” Tibb Məktəbinin dövlət qeydiyyatından keçib sertifikat almamış özəl tədris müəssisəsi olduğu üçün verdiyi təhsil sənədlərinin hüquqi qüvvəsi yoxdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisasməktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29 iyul 1993-cü il tarixli, 413 saylı qərarının 7-ci bəndinə əsasən). Odur ki, həmin diplomun bərpa edilməsi tələbi də əsassızdır.
20. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının diplomunun bərpa edilməsindən imtina etməkdə cavabdeh haqlı olmuşdur.
21. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
22. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir.
23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva