Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5501/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzili üzərində daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzili üzərində daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına alınaraq adına müvafiq çıxarışı və texniki pasportun verilməsi barədə ərizə ilə cavabdehə iki dəfə müraciət etmiş, lakin müraciətləri təmin edilməmişdir. Cavabdehin hər iki imtinasında hansı hüquqmüəyyənedici sənədlərin çatışmadığı göstərilməmişdir. Belə ki, iddiaçıya onun 1994-cü ildən işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsi tərəfindən növbəlilik əsasında 1996-cı ildə qeyd olunan Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzili (otaqlar) verilmişdir. 1996-cı ildən bugünədək ailə üzvləri də həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayırlar. Sözügedən mənzilə iddiaçının adına kirayə müqaviləsi bağlanması barədə müraciəti əsasında Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 30 mart 2022-ci il tarixli 18/2 nömrəli sərəncamı ilə “Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 8 saylı evin, yaşayış sahəsi 36,0 kv.metr olan 2 otaqlı 56-cı mənzilinə 6 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu, gəlini və nəvəsi) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil- Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Hal-hazırda da iddiaçı ailə üzvlərilə həmin mənzildə yaşayır, onun adına mənzilin kirayə müqaviləsi bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuş, mənzilin şəxsi maliyyə hesabı onun adına açılmış, vaxtlıvaxtında mənzil kommunal xidmətlərin haqqını ödəyir. Sadalananları qeyd edərək, Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzil olan daşınmaz əmlak üzərində hüquqlarımın dövlət qeydiyyatına alıb iddiaçının adına müvafiq çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd etdiyi imtina məktubu verilmişdir. İmtina məktubunda çatışmazlıqların nədən ibarət olduğu, hansı sənədlərin təqdim edilməli olduğu konkret göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, iddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum oldu ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan mənzilə dair verilən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18/2 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Bundan başqa, 06 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə verilməsi ilə bağlıdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və bu barədə xx.xx.2022-ci il tarixli, **********95 nömrəli məktub ünvanlanmışdır. Cavabdeh “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11, 11-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzilinin 36 kv.metrdən ibarət sahəsi üzərində daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04 sentyabr 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********95 saylı və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, iddiaçının Bakı şəhəri Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 56 nömrəli mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 18/2 saylı sərəncamından görünür ki, ünvan 2 ünvanda 36,0 kv.metr olan 2 otaqlı, 56 saylı mənzildə 1996-cı ildən qeydiyyatda olmaqla yaşayan İddiaçı müraciəti nəzərə alınaraq qeyd olunan mənzilə 6 nəfər ailə üzvü ilə (özü, arvadı, 2 oğlu, gəlini və nəvəsi) onun adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması müəyyən edilmiş, sözügedən mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. -Kirayəyə verən 138 saylı Mənzil-Kommunal İstismar Sahəsi ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 06 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, dövlət mənzil fonduna aid Bakı şəhəri, Sumqayıt şossesi, 8 nömrəli evin 56 nömrəli mənzili yaşayış sahəsi 36 kv.m olan 2 otaqlı yaşayış sahəsi müddətsiz olaraq kirayəçinin sahibliyinə və istifadəsinə verilmiş və həmin mənzilə dair iddiaçının adına şəxsi maliyyə hesabı açılmışdır. Müvafiq sorğu ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən iddia olunan mənzilə dair İddiaçıla kirayə müqaviləsinin bağlanması üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -İddiaçıya məxsus 18 sentyabr 1988-ci il tarixdən doldurulmağa başlanmış əmək kitabçasının notarial qaydada təsdiq edilən surətindən görünür ki, İddiaçı xx.xx.1994xx.xx.2005-ci il tarixədək Azərbaycan Respublikası daxili işlər orqanlarında işləmişdir. -YM və QXİBİ-nin sosial-inkişaf və maddi-texniki təminat komissiyasının 27 noyabr 1995-ci il tarixli, 21 saylı protokolunun surətindən görünür ki, 37-ci MHYH/n yanğınsöndürəni d/x-nin kiçik serjantı İddiaçı mənzil çətinliyi ilə bağlı müraciət edərək 4 nəfər ailə üzvü ilə birlikdə yataqxanaların birində yerləşdirilməsini xahiş etmişdir. Komissiya onun ailəsində azyaşlı uşaqlarının olmasını və düşdüyü çətin şəraiti nəzərə alaraq 1 saylı yataqxanadan ona 1 (bir) ayrılmasını məqsədəuyğun hesab etmiş, nəticədə YM və QXİBİ-nin 1 saylı yataqxanasından 56 saylı bir otaqlı mənzil 37-MHYH/n əməkdaşı İddiaçı ailəsinə ayırmışdır. -YM və QXİBİ-nin xx.xx.1997-ci il tarixli orderinin surətindən görünür ki, YM və QXİBİ-nin sosial-inkişaf və maddi-texniki təminat komissiyasının 27 noyabr 1995-ci il tarixli, 21 saylı protokoluna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 1, blok 2, 16 kv.metr sahədən ibarət 56 saylı otaq 4 (dörd) nəfər ailə üzvü ilə (özü, arvadı, iki oğlu) İddiaçı verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi təyinatlı MKTB-nin 133 saylı MKİS-in xx.xx.2022-ci il tarixli Forma 2 arayışından görünür ki, şəxsi maliyyə haqq-hesabı açılmış, vətəndaş İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sumqayıt şossesi küçəsində yerləşən 8 nömrəli evin 56 №li mənzilində yaşayır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentindən daxil olmuş 18 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 sentyabr 2016-cı il tarixli 508s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 421 saylı sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin balansında olan, ünvan 2 ünvanda yerləşən yataqxana binası 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Qeyd edilən yaşayış binası və orada yerləşən 56 saylı mənzil dövlət mənzil fonduna aiddir. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yangından Mühafizə Xidməti tərəfindən daxil olmuş 02 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 sentyabr 2016-cı il tarixli 508s nömrəli sərəncamına əsasən Bakı Şəhər icra Hakimiyyəti Başçısının 18 oktyabr 2016-cı il tarixli 421 saylı sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin balansında olan ünvan 3 ünvanda yerləşən 5 mərtəbəli, çoxmənzilli yataqxana binası dövlət mənzil fonduna qəbul edilməklə 2 saylı Xüsusi Təyinatlı Mənzil-X2 balansına verilmişdir. Müvafiq sənədlər aidiyyəti üzrə təhvil verildiyindən X7 Xidmətində ünvan 3 ünvanında yerləşən yataqxana binasında yaşayan vətəndaş İddiaçı mənzilin təhvil verilib-verilməməsi ilə bağlı məlumat yoxdur. -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti tərəfindən daxil olmuş 04 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından mühafizə idarəsinin 37 saylı Müstəqil hərbiləşdirilmiş yanğın hissəsinin 66 ş/h nömrəli xx.xx.1994-cü il tarixli əmri ilə həmin hissənin yanğınsöndürəni vəzifəsinə təyin edilmişdir. Bölmə komandiri, kiçik inspektor vəzifələrində xidmət etmişdir. 01 fevral 2005-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 idarəsinin Bakı şəhəri Nəsimi rayon X4 Xidmətinin Növbətçi yanğınsöndürmə xidmətinin baş yanğınsöndürəni vəzifəsindən daxili xidmət baş çavuşu rütbəsində səhhətinə görə xidmətdən xaric edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyindən daxil olmuş 12 may 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 4 ünvanındakı yataqxana binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 sentyabr 2016-cı il tarixli, 508 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin balansından xx.xx.2017-ci il tarixdə əvəzsiz olaraq, mövcud vəziyyətdə 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilərək, Birliyin tabeçiliyindən 138 saylı Mənzil-Kommunal İsitismar Sahəsinin xidməti ərazisinə daxil edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 8 nömrəli evin 56 nömrəli mənzili hal-hazırda 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin faktiki balansında olmaqla 138 saylı Mənzil-Kommunal İsitismar Sahəsinin xidməti ərazisinə daxildir. -Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentindən daxil olmuş 01 iyun 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, 8 ünvanında yerləşən evin 56 saylı mənzili dövlət mənzil fonduna aiddir, xüsusi təyinatlı mənzil fondu yaşayış sahələrinin (xidməti mənzil) növünə aid deyildir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak (özəlləşdirilmiş mənzillər daxil olmaqla) aşkar edilməmişdir. -İddiaçının ailə üzvləri X5, X6, X3, X10 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, ünvan 5 ünvanda yerləşən 56 saylı mənzilin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmirlər. Beləliklə, işin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 8 nömrəli evin 36 kv.metrdən ibarət 56 nömrəli mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarışın və mənzilin texniki pasportunun verilməsindən ibarətdir. Bu məqsədlə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 18/2 saylı sərəncamı əsasında qeyd olunan mənzilə dair 138 saylı MKİS-lə bağlamış olduğu kirayə müqaviləsinə və YM və QXİBİ-nin sosial-inkişaf və maddi-texniki təminat komissiyası tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 056 saylı orderə istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: -10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). -11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi 2009-cu il oktyabrın 1-dək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından görünür ki, iddiaçının mənzil şəraiti nəzərə alınaraq YM və QXİBİ-nin sosial-inkişaf və maddi-texniki təminat komissiyasının iclasının xx.xx.1995-ci il tarixli, 21 nömrəli protokolu ilə 1 saylı yataqxanadan ona bir otaq ayrılması məqsədəuyğun hesab edilmiş və ona xx.xx.1997-ci il tarixli, 056 saylı order ilə 56 nömrəli, bir otaqlı, 16 (on altı) kv.metr sahəsi olan mənzil verilmişdir. İddiaçı uzun müddətdir qeyd olunan mənzildə qeydiyyatda olmaqla yaşayır, həmçinin mənzildə faktiki yaşayan iddiaçının ailə üzvləri mənzilin iddiaçının adına özəlləşdirilməsinə razıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 56 nömrəli, bir otaqlı, 16 (on altı) kv.metr sahəsi olan mənzilə hüquqları 1 oktyabr 2009-cu il tarixdən əvvəl yarandığı təsdiq olunduğundan onunla qeyd olunan mənzilin balanssaxlayıcısı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kirayə müqaviləsi bu münasibətlərin sadəcə rəsmiləşdirilməsi olmuşdur. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Bakı şəhəri, Sumqayıt şossesi 8 ünvanında yerləşən evin 56 nömrəli mənzilin, bir otaqlı, 16 (on altı) kv.metr sahəsi olan otağına mülkiyyət hüquqları yaranmışdır. İddianın təmin edilməyən hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi 36 kv.metr sahədən ibarət 56 saylı mənzilin iddiaçıya kirayəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sərəncamı xx.xx.2022-ci il, kirayə müqaviləsi isə xx.xx.2022-ci il tarixlidir. İddiaçı qeyd olunan mənzilin 20 kvadrat metr sahəsinə (16 kv.metr sahədən əlavə olan) dair istifadə hüquqlarının 01 oktyabr 2009-cu il tarixədək yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, məhkəmənin bu istiqamətdə apardığı araşdırma nəticə verməmişdir. Beləliklə də, iddiaçının 56 saylı mənzilin qeyd olunan sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri olmadığından iddia bu hissədə hissədə təmin edilə bilməz. Məhkəmə cavabdehin mənzilin təyinatı ilə bağlı arqumenti münasibətdə qeyd edir ki, məhkəmə araşdırması ilə Bakı şəhəri, Sumqayıt şossesi 8 ünvanında yerləşən 56 nömrəli mənzilin xüsusi təyinatlı mənzil fondu yaşayış sahələrinin (xidməti mənzil) növünə aid olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Sumqayıt şossesi 8 ünvanında yerləşən evin 56 nömrəli, 16 (on altı) kv.metr sahədən ibarət 1 (bir) otaqlı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq onun adına bu barədə çıxarışın və mənzilin texniki pasportunun tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Sumqayıt şossesi 8 ünvanında yerləşən evin 56 nömrəli, 16 (on altı) kv.metr sahədən ibarət 1 (bir) otaqlı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq onun adına bu barədə çıxarışın və mənzilin texniki pasportunun tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5501/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5501/2023
04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver