Məhkəmə qərarları › İş №2-1(112)-5502/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5502/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5502/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.01.2013-29.01.2014-cü illərdə X3 "xxxx" ASC-də və 07.01.2020- 31.12.2020-ci ildə "xxxx" MMC-də elektrik və qaz qaynaqçısı işlədiyini təsdiq eləməklə ona 12.01.2021-ci il tarixdən 60 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, O, xx xxxxxx 1961-ci ildə anadan olub. Əmək fəaliyyətinə 1976-cı ildə başlayıb. 1976-1980-cı illərdə Sumqayıt Kimya-Texnologiya Texnikomunda təhsil almış və təyinatla Sumqayıt “Üzvi-Sintez” İstehsal Birliyinə işə göndərilib. Ümumin iş stajı 46 ildir. Hal- hazırda Sumqayıt Texnologiyalar Parkında işləyir. Oktyabr 1980-ci ildən noyabr 1982-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Aşağıdakı iş dövrləri zərərli iş stajına aiddir: 1) 25.05.2001 -ci ildə “Sumqayıt Elektrik Dəstləşdirmə” ATSC-də işə qəbul edilmiş və 03.01.2005-ci ildə işdən azad edilib (5-ci dərəcəli qaz kəsicisi). 2) 07.01.2005-29.04.2005-ci il "xxxx" MMC-də 5-ci dərəcə qaz qaynaqçısı işləyib. ("xxxx" ASC) 3) 02.05.2005-01.12.2008-ci illərdə "xxxx" MMC-də 5-ci dərəcə qaz qaynaqçısı (“Azenco“ ASC-də) 4) 01.10.2009-01.12.2010-cu il "xxxx" ASC-də qaz kəsicisi 5) 30.01.2013-29.01.2014-cü il "xxxx" ASC-də 5-ci dərəcəli qaynaqçı 6) 07.12.2015-21.01.2016-cı il "xxxx" MMC-də 3-cü dərəcə qaz kəsicisi 7) 21.05.2018-16.09.2019-cu il “STP”-də 4-cü dərəcəli qaz kəsicisi 8) Hal-hazırda “Sumqayıt Texnologiyalar Parkında” qaz kəsicisi işləyir. 9) 07.01.2020-ci ildən 31.12.2020-ci ilə qədər "xxxx" MMC-də xidməti müqavilə əsasında qaz kəsicisi (23-t-xidmət/2020 saylı müqavilə) 10) 13.12.1982-11.11.1983-cü il cü illərdə “Azərkiyma” İB-də qaynaqçı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarının 35-ci fəslinə əsasən onun 13 il zərərli istehsal sahəsində iş stajı vardır. Halhazırda onun 60 yaşı 12.01.2021 -ci ildə tamam olmuşdur. Buna görə də güzəştli pensiya təyini üçün sənədlərini “Sumqayıt Asan Ximdət” Mərkəzinə təqdim edib. AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı özünün 10.03.2021 -ci il tarixli məktubu ilə müraciəti təmin edilməmişdir. Səbəb kimi imtina məktubunda qeyd edilmişdir ki, “Avro-Asiya İnşaat"xxxx" ASC-də qaynaqçı vəzifəsində işlədiyi iş dövrü AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarında göstərilməmişdir. Həmin qərarda qaynaqçı, qaz qaynaqçısı, əl ilə qaynaq aparan elektrik qaynaqçısı kimi göstərilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmır. Belə ki, qaynaqçı dedikdə elektrik və qaz qaynaqçısı peşələri nəzərdə tutulur. İddiaçı adı çəkilən müəssisədə həm qaz qaynaqçısının, həm də elektrik qaynaqçısının işlərini əl ilə icra edib. Ümumi iş stajı 46 ildir. Həmin iş dövrünün 13 ili güzəştli pensiya təyin edilməsi üçün əsas verən iş stajına aiddir. Buna görə də cavabdehin imtinasını əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 16.04.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, Mərkəzi Filialın 10.03.2021 ci il tarixli, **********5 nömrəli imtina məktubu onunla əsaslandırılıb ki, iddiaçının (1) güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 06 gün) təşkil edir; (2) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçı 30.01.2013-29.01.2014-cü illərdə “X3 EVRASCON” ASC-də "xxxx" peşəsində çalışıb. Həmin ASC, 42/21 saylı, 21.01.2021-ci il tarixli Arayış tərtib etməklə göstərib ki, iddiaçının peşəsi Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş məlum Siyahının 35-ci bölməsində öz əksini tapmışdır. Lakin həmin bölmədəki konkret peşənin adı çəkilməmişdir. Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiqlənmiş məlum Siyahının 35-ci bölməsi “Ümumi peşələr" adlanır. Həmin bölmədə adında qaynaqçı ifadəsi nəzərdə tutulan aşağıdakı peşələrə yer verilib: - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarıınavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları - rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları - qaz qaynaqçıları - kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları - əl ilə qaynaq aparan elektrik qaynaqçıları Göründüyü kimi, 35-ci Bölmədə fərqli qaynaqçı peşələri öz əksini tapmışdır. İddiaçı 30.01.2013-29.01.2014-cü illərdə “X3 EVRASCON" ASC-də çalışdığı peşənin həmin bölmədəki hansı peşəyə uyğun gəldiyini isbat edə bilmir. Cavabdeh qeyd edir ki, iddiaçı ümumi və güzəştli iş stajını toplasa belə, nəzərə almaq lazımdır ki, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 38.200 manat məbləğində pensiya kapitalına malik olması tələb edilir. Lakin iddiaçının sahib olduğu pensiya kapitalı cəmi, 33.436,83 manat təşkil edir. Odur ki. Filialın imtinası bu hissədə “Əmək pensiyaları haqqında" qanunun 9.1,6.2, 6.3 və 45-ci maddələrinə uyğun olmaqla qanuni və əsaslıdır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəmə iclasında yazılı etiraza uyğun verdyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - 02 iyul 1980-cı ildə verilmiş 413 qeydiyyat nömrəsi ilə qeydə alınmış BT seriyalı 039845 №li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1976-cu ildə Sumqayıt kimyatexnologiya texnikumuna daxil olmuş və 1980-cı ildə “Kimya zavodlarının avadanlığı” ixtisası üzrə təhsil almışdır. - NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 26.10.1980-cı il tarixdən 11.11.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli 17.09.1980-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 01.08.1980-ci ildə Sumqayıt kimya texnologiya texnikumunun təyinatı üzrə 4-cü dərəcə üzrə avadanlıqların təmiri üzrə əhəng südünün alınması sexinə çilingər qəbul edilmişdir. 26.10.1980-cı ildə Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet Ordusu sıralarına çağırıldığı səbəbi ilə işdən azad edilib. 13.12.1982-ci ildə Sumqayıt Mexaniki-təmir zavodu Qazan qaynaq sexinə 3-cü dərəcə ilə qazançı vəzifəsinə qəbul edilmişdir. 11.11.1983-cü ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsi ulə öz xahişi ilə işdən azad edilmişdir. 26.11.1983-cü ildə Buzuluk tikinti yolları Tikinti-quraşdırma qatarı N-819 müddətli əmək müqaviləsinin bağlanması ilə əlaqədar olaraq 2-ci dərəcə ilə polad və damir-beton konstruksiyaların quraşdırılması üzrə montajçı qəbul edilmişdir. 20.02.1984-cü ildə RSFSR ƏQM-nin 31-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 27.02.1984-cü ildə “Kazaxstroymexanizasiya” tresti Mexaniki kolon N-17 1-ci dərəcə ilə çilingər qəbul edilib və Yaxroma məktəbinə 5 ay müddətinə sürücülük kursuna göndərilib. 26.09.1984-cü ildə Kraz-256-6 3-cü dərəcə ilə sürücü keçirilib. 15.12.1984-cü ildə RSFSR ƏQM-nin 33-cü maddəsinin 1-ci bəndinə əsasən mexaniki kolonun yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq işdən azad edilib. 17.12.1984-cü ildə “Kimya təmir tikinti quraşdırma Mərkəzi” trestinin TTQİ-1 Sumqayıt superfostaf zavoduna texnoloji avadanlıqların təmiri üzrə usta qəbul edilib. 01.04.1985-ci ildə 5-ci dərəcə çilingər-montalçı vəzifəsinə qəbul edilib. 01.07.1985-ci ildə “Kimya təmir tikinti quraşdırma Mərkəzi” trestinin TTQİ-1 adı “Kuybışev Kimya təmir” tresti TTQİ-4 dəyişdirilib. 11.08.1985-ci ildə “Kuybışev Kimya təmir” tresti TTQİ-4 7 saylı sahənin adı “Kuybışev Kimya təmir tresti TTQİ-3 3 saylı sahəyə dəyişdirilib. 14.03.1986-cı ildə RSFSR ƏQM-nin 31-ci maddəsi ilə öz xahişi ilə işdən azad edilmişdir. 03.04.1986-cı ildə Metallurgiya zavodlarının təchizatı üzrə 5-ci dərəcə ilə çilingər-montajçı vəzifəsinə qəbul edilmişdir. 27.06.1986-cı ildə Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsi ilə öz xahişi ilə işdən azad edilib. 02.07.1986-cı ildə 3 saylı Təmir-Tikinti Quraşdırma Sahəsi “Kuybışev Kimya təmir” tresti 3 saylı sahəyə 5-ci dərəcə ilə texnoloji avadanlıqların təmiri üzrə çilingər-montajçı qəbul edilmişdir. 04.05.1987-ci ildə “Kuybışev Kimya təmir” trestinin Sumqayıt təsərrüfat hesabatlı təmir-tikinti quraşdırma sahəsinə keçirilmişdir.02.01.1989-cu ildə 5-ci dərəcə ilə texnoloji avadanlıqların təmiri üzrə çilingər-montajçıvəzifəsinə keçirilmişdir. 26.06.1989-cu ildə çilingər-quraşdırıcı üzrə 6-cı dərəcə verilmişdir. 01.07.1993-cü ildə TTQİ-5 adı “Servis” MKM-yə dəyişdirilmişdir. 03.04.1997-ci ildə “Azərmetaltəmirtikinti” İB Bakı İxtisaslaşdırılmış tikinti quraşdırma idarəsinə 6-cı dərəcə ilə çilingər-montalçı qəbul edilmişdir. 01.07.1997-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 22.09.1999-cu ildə 328 saylı H/H 5-ci dərəcə ilə 1 saylı sahəyə gəmi gövdəsinə təmirçi vəzifəsinə qəbul edilmişdir. 22.10.1999-cu ildə Azərbaycan Respublikası ƏM-nin 75-ci maddəsinin 2 “A” bəndi üzrə tərəflərin razılığı ilə işdən azad edilmişdir. 25.05.2001-ci ildə “Sumqayıt-Elektrik-Dəstləşdirmə” ATSC EHP və m/k sahəsinə 5-ci dərəcəli q/kəsicisi qəbul edilmişdir. 03.01.2005-ci ildə “SED” ATSC-dən işdən azad edilmişdir. 07.01.2005-ci ildə "xxxx" MMC Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı qəbul edilmişdir. 29.04.2005-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 02.05.2005-ci ildə "xxxx" MMC Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı qəbul edilmişdir. 08.01.2008-ci ildə Tİ və Xİ 1 №-li tikinti sahəsinə 5-ci dərəcə qaz qaynaqçısı keçirilmişdir. 09.10.2008-ci ildə Azərenerjitikinti MMC "xxxx" ASC adlandırılmışdır. 01.12.2008-ci ildə həmin peşə ilə Tikinti Məmulatlarının İstehsalı İdarəsi 1 №-li tikinti sahəsinə keçirilmişdir. 01.10.2009-cu ildə həmin peşə ilə tikinti məmulatlarının İstehsalı İdarəsi Metal kəsmə sexinə keçirilmişdir. 01.12.2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 30.01.2013-cü ildə “X3 Evrascon” ASC-ya müddətli əmək müqaviləsi ilə 5-ci dərəcəli qaynaqçı peşəsinə işə qəbul edilmişdir. 29.01.2014-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. 07.12.2015-ci il tarixdə Azərbaycan Respublikası "xxxx" MMC İstehsalat sexinə 3-cü dərəcəli qaz kəsicisi peşəsi üzrə işə qəbul edilmişdir. 21.01.2016-cı ildə öz xahişi ilə işdən azad edilmişdir. 10.10.2016-cı ildə "xxxx" MMC “Sokar Karbonit” zavodunda işləmək üçün çənlərin quraşdırılması sahəsində quraşdırıcı çilingər peşəsinə qəbul edilmişdir. 26.04.2017-ci ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. 28.08.2017-ci ildə Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC Metal konstruksiyaların montajı üzrə quraşdırıcı işinə qəbul edilmişdir. 02.05.2018-ci ildə tərəflərin qarşılıqlı razılığına əsasən işdən azad edilmişdir. 21.05.2018-ci ildə "xxxx" MMC Metaləritmə zavodunun Poladəritmə sexinin Fasiləsiz pəstalıtökmə sahəsinə 4-cü dərəcəli qaz kəsici peşəsinə qəbul edilmişdir. 01.08.2018-ci ildə həmin sahəyə 5-ci dərəcəli qaz kəsicisi peşəsinə keçirilmişdir. 16.09.2019-cu ildə əmək müqaviləsinin müddəti qurtardığından əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası “Sumqayıt Elektrik Dəstləşdirmə” ATSC-nin tərəfindən verilmiş 01 №li 13.01.2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 25.05.2001-ci ildən (Əmr N-10 ş 25.05.2001) – 03.01.2005-ci (Əmr N-01 – ş 03.01.2005) ilə kimi tam iş günü Sumqayıt Elektrik Dəstləşdirmə ASC-də EHQ-MK sahəsində 5-ci dərəcəli qaz kəsicisi peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 8-ci bəndinə əsasən siyahıda sadalanan istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ vardır. X3 "xxxx" ASC tərəfində verilmiş 42/21 nömrəli 21.01.2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı «X3 EVRASCON» ASC-də 30.01.2013-cu il tarixdən 29.01.2014-cu il tarixə kimi (əmr № iq- 19) 5-ci dərəcəli qaynaqçı peşəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixində təsdiq edilmiş qərarı ilə Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35 bölməsinə əsasən güzəştli əmək stajı 1 (bir) il 0 ay 0 gün təşkil edir. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 01-FA/59 saylı 25.01.2021-ci il tarixli arayışda göstərilmişdir ki, 1961-ci il təvəllüdlü İddiaçı 07.01.2005-ci ildə (əmr №-05-ş, 07.01.2005-ci il) "xxxx" MMC-nin Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul edilib və 29.04.2005-ci ildə (əmr N-62-ş, 29.04.2005- ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. 02.05.2005-ci ildə (əmr № 47-kş, 02.05.2005-ci il) "xxxx" MMC- nin Sumqayıt sahəsinə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsinə işə qəbul edilib, 01.12.2008-ci ildə (əmr №19/8-kş, 10.12.2008-ci il) həmin peşə ilə Tikinti Məmulatlarının İstehsalı İdarəsinin 1 №-li Tikinti sahəsinə keçirilib və 01.12.2010cu ildə (əmr №-199/18-kş, 06.12.2010-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 N-li Qərarının 35-ci “Ümumi peşələr” fəsilinə əsasən qaz kəsicilərinin işi xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj 05 il 10 ay 21 gün təşkil edir. Dövlət Əmlaklarının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 N-li sərəncamına əsasən "xxxx" MMC "xxxx" ASC adlandırılıb. "xxxx" MMC tərəfindən verilmiş 03 nömrəli 28 yanvar 2021-ci il tarixli güzəştli arayışdan göstərilmişdir ki, 1961-ci il təvəllüdlü İddiaçı 21.05.2018-ci il tarixindən 16.09.2019-cu il tarixinədək "xxxx" MMC-nin Metaləritmə zavodunun Poladəritmə sexinin Fasiləsiz pəstah tökmə sahəsinin 5-ci dərəcəli qaz kəsicisi peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 24-cü fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün stajı 1(bir) il, 3(üç) ay, 26(iyirmi altı) gün təşkil edir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 44 nömrəli 02.02.2021-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı 13.12.1982-ci il tarixdən 11.11.1983-cü ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Mexaniki təmir” zavodunun qazan-qaynaq sexində qazançı peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 14-cü bölməsinin2150300a-13144 şifrinə əsasən 2 saylı siyahısında sadalanan qazançılar istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 30.08.2021-ci il tarixli **********1 nömrəli cavab məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15974,40 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 18420,92 manat olmaqla cəmi pensiya kapitalı 34395,32 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 20 il 11 ay 17 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 15974,40 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 18420,92 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu 12.01.2021 -ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39400,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İddiaçının hazırkı tələblə müraciətinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli **********5 №li cavab məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin,vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişiər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan 30.01.2013-29.01.2014-cü il tarixləri rasındakı dövr ərzində “X3 EVRASCON” ASC-də qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi qaynaqçı vəzifəsi yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 6 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitala əmək psensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33436,83 manat təşkil edir. Bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatması (12.01.2021) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Bununla yanaşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunan 30.01.2013-ci ildən 29.01.2014-cü ilədək “X3 EVRASCON” ASC-də işlədiyi qaynaqçı peşəsi əmək şəraiti zərərli olan işlərə aid edilməmişdir. Bu isə o, deməkdir ki, iddiaçıya 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçıya əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 39.400,00 manat təşkil edir. Lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 34.395,32 manatdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar