Məhkəmə qərarları › İş №2-1(112)-5503/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5503/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5503/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 4209 nömrəli Sərəncamına əsasən X2 Badamdar qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli, 2339 nömrəli Sərəncamı ilə X1 və İddiaçı (bundan sonra – iddiaçı) ərizələri nəzərə alınaraq F.Babayevaya ayrılmış torpaq sahəsi iddiaçıya verilmişdir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək iddiaçıya verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...elektron kadastr məlumatlarına əsasən faktiki ölçüsü 1233,0 kv.m olan torpaq sahəsinin daxilindən orta təzyiqli açıq qaz xətti keçir. Təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilməmiş, həmçinin həmin cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiyasında ciddi fərqlər mövcuddur”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında yerləşən 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmaqla bu barədə texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassızdır. Qeyd olunan torpaq sahəsinin içərisindən heç bir qaz xətti keçmir. Ərazidə yalnız əhalini məişət qazı ilə təmin edən qaz xətti mövcuddur ki, o da, qeyd olunan torpaq sahəsinin sərhədindən keçir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddiaya qarşı etirazı müdafiə edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəəm İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 4209 nömrəli Sərəncamına əsasən X2 fərdi yaşayış evinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır, sonradan xx.xx.1996-cı il tarixli, 2339 nömrəli Sərəncam ilə həmin torpaq sahəsi iddiaçıya verilmişdir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır, iddia tələbi əsaslıdır. Belə ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.8-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı təşkil edir. Həmin normalara görə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.7-ci bəndinə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə qərar torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İstinad edilən normalardan göründüyü kimi, iddiaçının təqdim etdiyi Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli, 2339 nömrəli Sərəncamı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəddir. Sərəncam ləğv edilməmiş, dəyişdirilməmiş, etibarsız hesab edilməmiş, geri çağırılmamış və heç bir şəxs və orqan tərəfindən mübahisələndirilməyərək qanuni qüvvəsini saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir və aşağıdakı dəlillərə istinad edərək iddiaçının müraciətinə imtina vermiş və eyni dəlillərə istinad edərək iddiaya etiraz edir. 1) torpaq sahəsinin faktiki ölçüsü 1233 kv.metrdir; 2) torpaq sahəsinin daxilindən orta təzyiqli açıq qaz xətti keçir; 3) təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilməmiş, həmçinin həmin cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiyasında ciddi fərqlər mövcuddur. Məhkəmə cavabdehin birinci imtina dəlili ilə bağlı qeyd edir ki, iddiaçı faktiki istifadəsində olan 1233 kv.metr torpaq sahəsinə deyil, hüquqmüəyyənedici sənəd üzrə ona ayrılan 600 kv.metr torpaq sahəsinə iddia edir. İkinci dəlillə bağlı qeyd etmək lazımdır ki, iddiaçıya torpaq sahəsi 1996-cı ildə ayrılmış, qaz xəttlərinin mühafizə zonasını müəyyən edən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydaları iddiaçıya torpaq ayrılandan sonra, yəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmişdir. Normadan göründüyü kimi, torpaq sahəsinin mühafizə sonasında yerləşməsi torpağa mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyil və torpaq mülkiyyətçilərinə həmin mühafizə zonası üçün müəyyən edilmiş qaydalara əməl etməklə sahiblik və istifadə etmək öhdəliyi müəyyən edir. Bundan başqa cavabdehin imtina məktubunda istinad edilən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinin hazırkı işə aidiyyatı yoxdur. Belə ki, imtina məktubundan göründüyü kimi, torpaq sahəsindən orta təyziqli açıq qaz xətti keçir. Qaydaların istinad edilən bəndi isə, orta təyziqli qaz xəttinin deyil, magistral qaz kəmərinin mühafizə zonasını tənzimləyir. Belə ki, Qaydaların 2-ci bölməsinin (Magistral boru kəmərlərinin mühafizəsi) 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Qaydaların 3.2-ci bəndinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. Qaydaların 3.3-cü bəndinə əsasən qazın yüksək təzyiqli şəhər magistral qaz kəmərindən orta və aşağı təzyiqli paylaşdırıcı qaz kəmərlərinə və orta təzyiqli qaz kəmərlərindən aşağı təzyiqli qaz kəmərlərinə verilməsi, qaz tənzimləyici məntəqələr (QTM), yaxud qaz tənzimləyici qurğular (QTQ) vasitəsilə həyata keçirilir. Qaydaların 3.30-cü bəndinə əsasən alçaq və orta təzyiqli qaz kəmərlərini, oda davamlığı İV dərəcədən aşağı olmayan yaşayış və ictimai binaların xarici divarları boyu, hər cür təzyiqli qaz kəmərlərinin isə ayrı qoyulmuş yanmayan dirəklərin (dayaqların) üzəri ilə çəkmək olar. Qaydalardan göründüyü kimi, mühafizə zonası magistral qaz kəmərləri üçün müəyyən edilir. Baxılan işdə isə, torpaq sahəsindən magistral qaz kəməri deyil, orta təyziqli qaz xətti keçir. Bundan başqa Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Məhkəmə cavabdehin üçüncü dəlili ilə bağlı qeyd edir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd edilməməsi, həmçinin həmin cizgi ilə faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiyasında ciddi fərqlər mövcud olması iddiaçının təqsiri deyil. Belə ki, torpaq sahəsinə dair yerləşmə cizgisini iddiaçı tərtib etməmişdir. Yerləşmə cizgisi torpaq ayıran qutum olan Səbail rayon İcra Hakimiyyətinin mühəndisləri tərəfindən tərtib edilmişdir. İddiaçının məsuliyyət sferqasına aid olmayan məsələyə görə iddiaçının mülkiyyət hüququndan qeydə alınmasından imtina edilməsinə dair cavabdehin hərəkəti əsassızdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, həmin uyğunsuzluqların aradan qaldırılması, cavabdehin vəzifəsidir. İddiaçı tələbində torpaq sahəsinə hüquqmüəyyənedici və texniki sənbədlərin verilməsini tələb edir. Cavabdeh məhkəmə qərarını icra edərkən (qanuni qüvvəsini aldığı təqdirdə) həmin uyğunsuzluqları aradan qaldıraraq iddiaçıya yeni sənədlər verməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Odur ki, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, texniki pasportun və reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar