Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5504/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı hüquqların pozulmasının tanınması və maneələrin aradan qaldırılması tələbinə dair iddiaları üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı hüquqların pozulmasının tanınması və maneələrin aradan qaldırılması barədə iddia qaldıraraq, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu və Avropa Konvensiyasının 10 və 11-ci maddələrində nəzərdə tutulan hüquqların pozulmasının tanlnması və cavabdehin üzərinə maneələrin aradan qaldırılması ilə bağlı vəzifələrin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, xx xxxx 2020-ci ildə saat 12.00-dən 12.30-a kimi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin inzibati binası qarşısında piket keçirmək niyyətlərini bildirmişlər. xx xxxx 2020-ci ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müraciətə cavab verilərək, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsinin İ hissəsinə istinad edərək, toplantının keçirilməsi barədə xəbərdarlığın 5 iş günündən əvvəl təqdim edilmədiyi səbəbindən toplantının keçirilməsi məqsədə müvafiq sayılmamışdır. Eyni gün iddiaçılar yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək xx xxxx 2020-ci ildə saat 12.00-dən 12.30 kimi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin inzibati binası qarşısında piket keçirmək niyyətlərini bildirmişdilər. xx xxxx 2020-ci ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müraciətə cavab verilərək piket keçirilməsi üçün nəzərdə tutulan yerin əhalinin və nəqliyyatın daha sıx hərəkət etdiyi ərazi olduğundan və müraciətin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsinin tələblərinə cavab vermədiyindən toplantının keçirilməsinin məqsədə müvafiq sayılmadığı bildirilmişdir. Həmin imtinanı əsassız və qanunsuz hesab edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş və xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazı (mülahizəsi) məhkəməyə daxil olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçılardan İddiaçı2 və cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.4 və 62.3cü maddələrinin tələblərinə əsasən iddiaçılardan İddiaçı2 və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qarşısında etiraz piketinin keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq şəraitin yaradılması və təhlükəsizliyinin təmin edilməsi üçün tapşırıqlarının verilməsini xahiş etmişlər. Bakı şəhər İcra Hakimiyyəti həmin müraciətlərə cavab olaraq “Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İ hissəsinə əsasən nəzərdə tutulan toplantının keçirilməsi barədə xəbərdarlığın ən azı 5 (beş) iş günü əvvəl təqdim edilməsi, müraciətin bu müddət tələbi pozulmaqla verilməsini və piketin keçirilməsi üçün nəzərdə tutulan yerin əhalinin və nəqliyyatın daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ-ci hissəsinin tələblərinə cavab vermədiyini nəzərə alaraq, 10 və xx xxxx 2020-ci il tarixlərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin inzibati binasının qarşısında planlaşdırdıqları toplantının keçirilməsini məqsədəuyğun hesab etmədiklərinə dair xx.xx.2020-ci il tarixli 7-1608/17 və xx.xx.2020-ci il tarixli 7-1670/17 №-li məktublar göndərmişdir. Hazırda iddiaçılar iddia edirlər ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən onların İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasının 10-cu və 11-ci maddəsi (yığıncaqlar və birləşmə azadlığı), Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsi (sərbəst toplaşmaq azadlığı) ilə müəyyən olunmuş hüquq və azadlıqları pozulmuşdur. İddia ərizəsində iddiaçılar, onların planlaşdırdığı tədbirlə bağlı müraciət etdikləri cavabdeh İcra Hakimiyyətinin cavab məktublarında sonuncunun qaldırılan məsələ ilə mövqeyini həmin tədbirin qadağan edilməsinə yönəlmiş inzibati qərar kimi qiymətləndirmişlər. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 59.1-ci maddəsinə müvafiq olaraq yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 4 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 2.2.5-ci maddəsinə görə, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Bundan başqa hazırki iş üzrə tərəflərin istinad etdikləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən, sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: 1) ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; 2) ictimai asayişin pozulmasının qarşısını almaq üçün; 3) iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; 4) əhalinin sağlamlığının mühafizəsi üçün; 5) əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; 6) başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətdə sədd qoymaq məqsədinə yönəlmişdir. Qanun hər kəsin azadlığını məlum çərçivədə məhdudlaşdırmaqla, onun öz hüquqlarından maneəsiz və sakit istifadə etməsini təmin edir, yəni bu hədlər daxilində azadlığına təminat verir. Hər bir insanın azadlığı məhz, digər insanların azadlığının başlandığı sərhədə qədər uzanır. Bu sərhədləri müəyyənləşdirməyə cəhd etməklə, qanun insanların gündəlik həyatında azadlığa əsaslanan qaydanın bərqərar olmasına köməklik göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyət və vəzifələrini də əhatə edir. Yəni hər kəsin hüququnun sərhədi başqasının hüququnun başlandığı yerdə bitir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konkret halda bu o deməkdir ki, bir qrup insan tərəfindən sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi digərlərinin hüquqlarını pozursa, dövlət ikincilərin də hüquqlarının təmin olunmasına borcludur. İş üzrə müəyyən edilir ki, iddiaçıların hazırki müraciəti ilə əlaqədar, nəzərdə tutulan toplantının keçirilməsi barədə xəbərdarlığın ən azı 5 (beş) iş günü əvvəl təqdim edilməsi, müraciətin bu müddət tələbinin pozulması ilə verilməsi və piketin keçirilməsi üçün nəzərdə tutulan yerin əhalinin və nəqliyyatın daha sıx hərəkət etdiyi ərazi olması ilə bağlı cavabdeh İcra Hakimiyyəti mübahisəli məktubunda yalnız öz mövqeyini bildirmişdir. Göründüyü kimi, iddiaçıların mübahisələndirdikləri sənəd (cavabdeh İcra Hakimiyyətinin məktubu) inzibati orqanın inzibati aktı (qərarı) kimi şərh edilə edilə bilməz, bu cür şərh əsassız və qanunsudur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.4 və 2.3-cü bəndlərinə görə, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını...qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını...yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İşin yuxarıda sadalanan hallarına görə iddiaçılar onlara mitinqə icazə verilməməsi ilə bağlı hüquqlarının pozulduğunu bəyan edirlər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə müvafi olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qaışı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı hüquqların pozulmasının tanınması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5504/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5504/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver