Məhkəmə qərarları › İş №2-1(112)-5504/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5504/2022

05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5504/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 (hüquq məsləhətçisi, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Əbdül qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əbdül qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası (hərəkəti və hərəkətsizliyi) qanunsuz və əsassız hesab edilməklə, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində mənim adıma ilkin hüquqi qeydiyyata alınması və buna dair mənim adıma daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin adının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 27 saylı evin, 2 saylı mənzili xx.xx.1976-cı il tarixli Orderlə iddiaçının xalası X2 verilmişdir. Daha sonra xalası ölkəni tərk edərkən həmin mənzili ona təhvil vermiş və o vaxtdan həmin mənzil iddiaçının qanuni istifadəsində olmuş və bu günə kimi ailə üzvlərilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla daimi yaşayır. Daha sonra həmin mənzilin maliyyə şəxsi hesabının iddiaçının adına dəyişdirilməsi barədə “Artyomneft” NQÇİ-nin MKT-ya müraciət etmiş və “Artyomneft” NQÇİ-nin MKT-nin rəisinin 1255 saylı sərəncamı ilə həmin mənzilin maliyyə şəxsi hesabı onun adına dəyişdirilmişdir. Mənzilə dair bütün kommunal ödənişlər iddiaçının adındır və kommunal xərclər vaxtıvaxtında onun tərəfindən ödənilir. İddiaçıya məxsus sözügedən mənzilin yerləşdiyi binadan demək olar ki, bütün mənzillərə dair dövlət reyestrindən çıxarışlar verilmişdir. Sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasport verilməsi ilə bağlı tələb olunan sənədlərlə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə çıxarış və texniki pasport almaq məqsədilə ərizə ilə rəsmi qaydada müraciət etmiş. Lakin cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, **********08 nömrəli məktubla "mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi" kimi formal əsaslarla onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası (hərəkət və hərəkətsizliyi) qanunsuz və əsassızdır və cavabdeh inzibati orqanın bu qanunsuz hərəkəti onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən mənzil, mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuşdur. Əlavə olaraq iddiaçı qeyd edir ki, müvafiq binada onun qonşularının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara dövlət reyestrindən çıxarışlar verilmişdir. Lakin o qanunamüvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etsə də müraciətləri qanunsuz olaraq təmin edilməmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının (hərəkəti və hərəkətsizliyi) qanunsuz və əsassız hesab edilməklə, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına ilkin hüquqi qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 27 saylı evin, 2 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 27 saylı evin, 2 saylı mənzilinə dair İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər, həmçinin mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərin razılığı təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********08 saylı, xx.xx.2021 -ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, mənzil birmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir və mənzilin giriş hissəsində əlavə torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsində həyət tikililəri mövcuddur. Mənzilin yaşayış sahəsinin ölçüsü faktiki olaraq 37.8 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1 -ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə “yerli icra hakimiyyəti orqanları" nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq olunan: -Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 29 noyabr 2021-ci il tarixli, **********08 saylı məktubdan görünür ki, iddiaçının ünvan 2 ünvanında yerləşən 2 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu. Pirallahı qəsəbəsi. Əzizbəyov küçəsi, 27 saylı evin, 2 saylı mənzilinə dair İddiaçı adına "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dek) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azerbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı" dedikdə "yerli İcra hakimiyyəti orqanları” nəzərdə tutulur. - Azərbaycan SSR, Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin yaşayış sahəsinin uçotu və bölüşdürülməsinin idarə edilməsi Bürosunun xx.xx.1976-cı il tarixli, 039733 №li Orderindən görünür ki, ünvan 3 ünvanda yerləşən 38.95 kv.metr yaşaış sahəsindən ibarət 2 otaqlı mənzil X1 adına rəsmiləşdirilmişdir. - “Artyomneft” NQÇİ-nin MKT tərəfindən verilən 1255 saylı sərəncama əsasən ünvan 2 ünvanda yerləşən 33.95 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzilin maliyyə şəxsi hesabı bacısı qızı İddiaçı Əbdül qızının qdına dəyişdirilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1945-ci il təvəllüdlü İddiaçı Əbdül qızı, xx.xx.1973-cü il təvəllüdlü X3, xx.xx.1968-ci il təvəllüdlü X7, xx.xx.2003-cü il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı Telman qızı ünvan 2 ünvanında yerləşən 2 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə araşdırması dövründə ünvan 2 ünvanda yerləşən 33.95 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzilin maliyyə şəxsi hesabın İddiaçı Əbdül qızının qdına dəyişdirilməsi barədə “Artyomneft” NQÇİ-nin MKT tərəfindən verilən 1255 saylı sərəncamın sorğu əsasında “Azneft” İB tərəfindən məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “Azneft” İB tərəfindən 18 fevral 2022-ci il tarixli, RQ saylı məktubla ARDNŞ və AHQSİHİ RK-nin 70 və 06-37 nömrəli 01 iyun 2009-cu il tarixli Əmr-Qərarının icrasını təmin etmək məqsədilə ARDNŞ-nin strukturuna daxil olan müəssisə və təşkilatlarda saxlanılan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotu qovluqları və təsdiq edilmiş siyahıların əsli müvafiq qaydada ARDNŞ-nin Yaşayış sahələri üzrə iş şöbəsinə təhvil verildiyi, “Abşeronneft” NQÇİ-nin balansına daxil olan mənzil fonduna aid bütün sənədlərin Pirallahı rayon Mənzil Kommunal Xidmətlər İdarəsinin balansına verildiyindən qeyd olunan məsələyə cavab verilməsinin mümkün olmadığı bildirilmişdir. -Sözügedən sərəncam müvafiq olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentindən və Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən tələb edilmişdir. Sorğuya cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanan 16 mart 2022-ci il tarixli 244 saylı məktubda ünvan 2 ünvanda yerləşən 2 saylı mənzilin Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğu bildirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilən ünvan 6 ünvanda yerləşən 2 saylı mənzilin kirayə mənzilin kirayə müqaviləsinin bağlanması barədə 22 iyun 2022-ci il tarixli 74 №li Sərəncamdan görünür ki, vətəndaş İddiaçı Əbdül qızı ərizə ilə Pirallahı rayon İcra hakimiyyətinə müraciət edərək, həmin tarixdən mənzilin kirayəçisi hesab edilməsini xahiş etmiş, vətəndaşın sözügedən mənzildə 1990-cı ildən qeydiyyatda olmasını və ərizəyə notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin olmasını nəzərə alaraq Azərbaycan Respublikasının “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinin 3cü hissəsinin 4-cü abzasına və “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə əsaslanaraq, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Y.Əliyev (keçmiş Əzizbəyov) küçəsi, ev 27 nömrəli evin, sahəsi 38,95 kv.metr olan 3 otaqlı, 2 №li mənzilin kirayə müqaviləsinin xx.xx.1991-ci il tarixdə İddiaçı Əbdül qızı ilə bağlandığı qəbul edilmiş və o hazırda ailə tərkibi 6 nəfər olmaqla həmin mənzilin müddətsiz (daimi) kirayə müqaviləsi üzrə kirayəçisi hesab edilmişdir. Beləliklə işdə olan sənədlər əsasında müəyyən edildi ki, Azərbaycan SSR, Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin yaşayış sahəsinin uçotu və bölüşdürülməsinin idarə edilməsi Bürosunun xx.xx.1976-cı il tarixli, 039733 №li Orderinə əsasən Bakı şəhəri, ünvan 7 ünvanda yerləşən 2 saylı mənzil X1 adına rəsmiləşdirilmişdir. “Artyomneft” NQÇİ-nin MKT tərəfindən verilən 1255 saylı sərəncama əsasən sözügedən mənzilin maliyyə şəxsi hesabı X1 bacısı qızı İddiaçı Əbdül qızının adına dəyişdirilmişdir. Sonradan iddiaçı Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinə müraciət edərək ünvan 6 ünvanda yerləşən 2 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin 22 iyun 2022-ci il tarixli 74 №li Sərəncamına əsasən Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Y.Əliyev (keçmiş Əzizbəyov) küçəsi, ev 27 nömrəli evin, sahəsi 38,95 kv.metr olan 3 otaqlı, 2 №li mənzilin kirayə müqaviləsinin xx.xx.1991-ci il tarixdə İddiaçı Əbdül qızı ilə bağlandığı qəbul edilmiş və o hazırda ailə tərkibi 6 nəfər olmaqla həmin mənzilin müddətsiz (daimi) kirayə müqaviləsi üzrə kirayəçisi hesab edilmişdir. Qeyd olunan sərəncamdan müəyyən edilir ki, həmin sərəncamda adları qeyd olunmuş və hazırda həmin mənzildə daimi qeydiyyatda olan iddiaçının digər 18 yaşına çatmış ailə üzvləri mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına razıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəllsinin 146.1-ci maddəsinə əsasən bu məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin öz hüquqlarını saxlaması digər vətəndaşların öz hüquqlarının itirməsi ilə nəticələnə bilməz. Başqa sözlə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsi bu məcəllə qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin öz hüquqlarını saxlamasını müəyyən edir, həmin kateqoriya vətəndaşların hüqularının mövcudluğunu daha da gücləndirir, bu məcəllə qüvvəyə minən gündən hazırki dövrədək mənzil əldə etmiş vətəndaşların mənzillərini özəlləşdirmək hüququna isə müdaxilə etmir, onlara hər hansı qadağa qoymur. Bu səbəbdən də, cavabdehin iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtinasını Azərbaycan Respublikası Mənzil Məcəllsinin 146.1-ci maddəsi ilə əsaslandırması qanuni və əsaslı sayıla bilməz. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Həm hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə, həm də keçmiş mənzil qanunvericiliyinin tələblərinə əsasən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə mənzil hüququ mövcuddur. Bundan başqa, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin Dövlət qeydiyyatını, habeb Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın Dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin Dövlət qeydiyyatı üçün əsaslardan biri də, bu Qanun qüwəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərdir. Həmin Qanunun 8.0.11-ci maddəsinə görə isə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın ldək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Yuxarıda sadalanan qanun normalarının tələblərinə görə, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı olduğu halda, mülkiyyət hüququnun tanınması üçün başqa sənədlər (order, kirayə müqaviləsi və s.) tələb olunmur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilməklə, Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən 2 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində X6 adına ilkin hüquqi qeydiyyata alınması və buna dair X6 adına daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən 2 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində X6 adına ilkin hüquqi qeydiyyata alınması və buna dair X6 adına daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar