Məhkəmə qərarları › İş №2-1(112)-5507/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5507/2021

23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5507/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X2, X4 qızı və X3) qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X2, X4 qızı və X3) qarşı “kirayə müqaviləsinin addan-ada keçirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək məhkəmədən 190919 nömrəli 27 noyabr 1980-ci il tarixli orderin X1 adından iddiaçının adına keçirilməsi və iddiaçı ilə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzildə 2 övladı ilə qeydiyyatda olmaqla yaşayır və övladları həmin mənzilin onun adına keçirilməsinə razılıq ərizələri təqdim etmişdir. Mənzilin ilkin icarədarı olan keçmiş əri X2 isə 2015-ci il tarixdən həmin mənzildən qeydiyyatdan çıxmışdır. Əslində isə, həmin şəxs nikah məhkəmə qaydasında pozulduqdan altı il sonra 1996-cı il tarixdən həmin mənzili faktiki tərk etmişdir. Lakin cavabdeh qeyd olunan halları nəzərə almamışdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi etiraz onunla əsaslandırılmışdır ki, orderdə adı qeyd olunmuş şəxslərin sosial kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsinə razılıq ərizələri təqdim edilməmişdir. Eyni zamanda iddiaçı N.Daşdəmirovun ailə üzvü hesab edilmir və onunla yaşamır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mənzillə bağlı müraciətinə dair cavabdeh müraciətin təmin edilməsindən imtina etmiş və imtina onunla əsaslandırılmışdır ki, adları orderdə qeyd edilmiş şəxsləri notariat qaydada təsdiq olunmuş razılıq ərizələri təqdim edilməmişdir. Növbəti imtina onunla əsaslandırılmışdır ki, N.Daşdəmirovla iddiaçı arasında bağlanılmış nikah məhkəmə qaydasında pozulduğundan o, ailə üzvü hesab edilmir. 13 fevral 2020-ci il tarixli imtina məktubu isə onunla əsaslandırılmışdır ki, mənzilin icarədarı N.Daşdəmirov 2016-cı il tarixdən mənzildən qeydiyyatdan çıxmış və nikah pozulduqdan sonra sözügedən ünvanda yaşaamışdır. İcarədar həmin mənzildə yaşamadığından icarə müqaviləsinin sizin addan-ada keçirilməsi mümkün hesab edilmir. 08 fevral 2021-ci il tarixli imtina məktubu isə onunla əsaslandırılmışdır ki, icarədarla birlikdə yaşanmadığından və icarədarın razılığı olmadan müqavilənin addan-ada keçirilməsi mümkün deyildir. İcarədar tərəfindən notariat qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edildikdən sonra məzələ yenidən baxılacaqdır. İşin faktiki hallarından, həmçinin göründüyü kimi iddiaçı və övladları hazırkı iş üzrə üçüncü şəxslər F.Daşdəmirov və L.Daşdəmirova (Sultanzadə) mənzildə qeydiyyatdadırlar. İddiaçı mənzildə orderin verildiyi 1980-ci il tarixdən qeydiyyatda olmaqla yaşayır. Üçüncü şəxslər L.Sultanzadə və F.Daşdəmirov notariat qaydada təsdiq edilmiş ərizələrlə mənzilin addan-ada keçirilməsinə etiraz etməmişdir. Üçüncü şəxs N.Daşdəmirov isə 2015-ci il tarixdən həmin yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. Məhkəmədə əslinə baxış keçirilərək surəti əlavə edilmiş ərizədən də göründüyü kimi üçüncü şəxs N.Daşdəmirov da mənzilə dair müqavilənin iddiaçının adına keçirilməsinə öz razılığını bildirmişdir. İşin qeyd olunan faktiki hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə 01 oktyabr 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi) tənzimlənməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 36-cı maddəsinə əsasən mənzilə ehtiyacı olan vətəndaşlar iş və yaxud yaşayış yeri üzrə növbəlilik əsasında mənzillə təmin olunurlar. 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər icra hakimiyyəti orqanları vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 51-ci maddəsinin birinci hissəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 61-ci maddəsinin birinci hissəsinə əsasən icarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəlki icarədarla birlikdə təsərrüfat aparmış şəxs kimi, nikah pozulsa belə, mənzildə qeydiyyatda olan və iddiaçının övladları olan digər şəxslərin, o cümlədən icarədarın da notarial qaydada təsdiq edilmiş razılığı ilə mənzilin balans saxlayıcısı olan orqan rayon icra hakimiyyətindən onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. Bu zaman iddiaçı ilə icarədar N.Daşdəmirov arasında nikahın pozulması da məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının ziyanına dəyişmir. Cavabdehin də imtina məktublarında istinad etdiyi Ailə Məcəlləsinin 2.1-ci madddəsinə ailə üzvü dedikdə doğrudur ki, ər-arvad, valideynlər və uşaqlar başa düşülür. Lakin məhkəmə hesab edir ki, ailə üzvünə xüsusi hüququn tətbiqi sferasına aid ailə qanunvericiliyi ilə verilmiş anlayış məzmun etibarı ilə publik hüquq münasibəti baxımından mənzil qanunvericiliyində ailə üzvü hər bir halda eyni məzmunda eyniləşdirilməməli, müddəanın bərabərtərəfli şəxslərlə və ya bərabərtərəfli olmayan fiziki şəxs və hakimiyyət səlahiyyətinə malik olan inzibati orqan arasında münasibətlərdə tətbiqi əsas götürülməlidir. İşin faktiki hallarından da göründüyü kimi cavabdehin imtinasının əsasında iddiaçı və icarədar arasında nikahın pozulması səbəbi ilə ailə üzvü hesab edilməməsi və onunla birgə yaşamaması dayanır. Digər imtina əsası kimi qeyd olunan notariat qaydada razılıqla bağlı şərt isə ödənilmişdir. İmtinanın digər əsasları isə məhkəmə hesab edir ki, məhz həmin şərtin ödənilməsi ilə hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, icarədarın iddiaçının ailə üzvü olması ilə bağlı statusunu itirməsi onun razılığının olmadığı anlamına gəlmir. Başqa sözlə istər ailə üzvü hesab edilsin, istər edilməsin mənzil qanunvericiliyində tələb olunan razılıq məhz icarədar tərəfindən verilmiş, icarədar ailə vəziyyətindən asılı olmadan mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanılmasına razılıq vermişdir. Göründüyü kimi nikahın pozulub-pozulmamasından asılı olmayaraq icarədar eyni şəxs olduğundan onun iddiaçının ailə üzvü hesab edilibedilməməsi inzibati məhkəmə mübahisəsinin həlli baxımından əhəmiyyət daşımır. Bu zaman iddiaçının order verildiyi 1980-ci il tarixdən mənzildə yaşaması, iki övladı ilə birgə icarədarla birgə təsərrüfat aparması da nəzərə alınmalıdır. Belə ki, burada icarədarın hüququndan xeyrinə imtina etdiyi şəxs mənzillə heç bir bağlılığı olmayan üçüncü şəxs hesab edilməməli, həmin mənzilə öz hüquqlarının təminatında maraqlı olan icarədarla birgə təsərrüfat aparmış iddiaçının olması nəzərə alınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, qanunvericilikdə ailə üzvü üçün verilmiş anlayış inzibati məhkəmə icraatı çərçivəsində həll edilə biləcək məsələ ilə bağlı iddiaçı və mənzilə hüququndan imtina edən icarədar arasında mənzillə bağlı ehtimal olunan məhkəmə mübahisəsinin yaranmasına səbəb olmamalıdır. Bu zaman həm, icarədar və ailə üzvlərinin razılığının mövcudluğu, eyni zamanda icarədarla müqavilə yox, orderin olması da nəzərə alınmalıdır. İş materialları ilə də müəyyən edilir ki, iş üzrə ümumiyyətlə müqavilə bağlanılmamış, mənzilə dair hüquq orderlə təsdiqini tapmışdır. Həmin mənzillə bağlı isə iddiaçı ilə kirayə müqaviləsinin bağlanması sadəcə orderdən asılı olmayıb, onun həmin mənzildə uzunmüddət yaşaması və digər amillərlə də əlaqəlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 190919 nömrəli 27 noyabr 1980-ci il tarixli orderin X1 adından İddiaçı adına keçirilməsi və İddiaçı ilə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanılması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar