Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5508/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 mart 2025-ci il tarixli qərardadı ilə iddia tələbi “torpaqdan daimi istifadə hüququna dair aktında göstərilən torpaq sahəsinə daimi istifadə hüququnun X5 məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1973-cü il təvəllüdlü olmaqla, Azərbaycan Respublikasının vətəndaşıdır. Atası 27 mart 1940-cı il təvəllüdlü X6 (FİN: 1JPVZ7Y) 18 avqust 2024-cü il tarixdə vəfat etmişdir (ölüm haqqında şəhadətnamə: AZ-İİ 450584). Atasının vəfatından sonra iddiaçının müraciəti əsasında Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən 12 sentyabr 2024-cü il tarixdə 8V-75 saylı vərəsəlik işi açılmış və atasının yeganə vərəsəsi kimi iddiaçı müəyyən edilmişdir (AR Ədliyyə Nazirliyi Bakı şəhəri 53 saylı Notariat Ofisinin 12 sentyabr 2024-cü il tarixli, 5101 saylı arayışı). ünvan 1 ünvanında yerləşən üzlük materialları sexi iddiaçının atasının xüsusi mülkiyyətində olmuşdur (AR İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə № 000832, reyestr kitabı № 2, səhifə 17, qeydiyyat № 000832, 04 iyun 2003-cü il tarixli qeyd). Qeyd edilən daşyonma sexi qanuna uyğun şəkildə yenidən qurulmuşdur. Həmin ünvanda yerləşən 0,074987 ha sahəsi olan torpaq sahəsinə dair daimi istifadə hüququ Bakı şəhəri 05 saylı Dövlət Notariat Kontorunda bağlanmış 06 may 2003-cü il tarixli, 3M-4-409 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçının atasına satılmışdır. Atasının qeyd edilən torpaq sahəsindən daimi istifadə hüququna dair 02 iyul 2003-cü il tarixli Dövlət Aktı rəsmiləşdirilmişdir (JN № 0975, KOD ********). Torpaq sahəsinə dair ayrıc aktı da möcvuddur (Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 03/175 saylı, 07 oktyabr 2003-cü il tarixli ayrıc aktı). Torpaq sahəsinə dair daimi istifadə hüququnu miras aktivi olaraq qəbul etməyi və bununla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma 1) əldə edilməsinə zərurət yarandığından cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə 04 oktyabr 2024-cü il tarixdə müraciət edilmişdir və vərəsəlik hüquqlarımı təsdiq edən sənədlər həmin müraciətə əlavə olunmuşdur. Lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edilən məsələlərə dair xx.xx.2024-cü il tarixli, ********** və ********** nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********94 xaricolma nömrəli və xx.xx.2024-cü il tarixli, **********99 xaricolma nömrəli məktubla cavab verilmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binasının faktiki mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandığı təqdirdə müraciətdə qeyd olunan məsələyə qanuna müvafiq qaydada baxılacağı barədə məlumat ünvanlanmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2003-cü il tarixli torpaqdan daimi istifadə hüququnun alqı-satqı müqaviləsindən görünür ki, satıcı X3 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhəri Torpaq şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş JN-0520 №-li şəhadətnaməyə (kod ********) əsasən (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1993cü il tarixli 2009 saylı Sərəncamı) Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 0,07 ha torpaq sahəsindən üzlük materialları istehsalı sexinin tikintisi üçün daimi istifadə hüququnu X1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 461 nömrəli sərəncamına əsasən Xətai Rayon icra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 637 saylı məktubu, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş xx.xx.2003cü il tarixli, 000832 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə və torpaqdan daimi istifadə hüququna dair xx.xx.2003-cü il tarixli, JN-0975 Kod 01000003 saylı Dövlət aktı nəzərə alınaraq, Xətai rayonu, Telnov küçəsindəki 1162-ci (şəhadətnaməyə əsasən 1197ci) məhəllədə yerləşən, vət. Ş.F.Fərzəliyevə məxsus olan daşyonma sexinin yenidən qurulmasına icazə verilmişdir. JN 0975, KOD 01000003 torpaqdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Bakı şəhəri 05 saylı Dövlət Notariat Kontorunun 06 may 2003-cü il tarixli, 3M-4- 409 saylı alqı-satqı müqaviləsi ilə daimi istifadə hüququ satılmış cizgidə göstərilən sərhəd daxilində 0,074987 ha üzlük materiallar istehsalat sexinin layihələşdirilməsi və tikintisi üçün X5 verilmişdir. Ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 461 saylı sərəncamı ilə Xətai rayonu, Telnov küçəsi, 1162-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 0,0788 ha daşyonma sexinin yenidən qurulmasına dair torpaq X5 verilmişdir. Cizgidən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 461 saylı sərəncamı ilə X5 verilmiş cizgi topogeodeziya şöbəsinin rəisi tərəfindən tərtib olunmuşdur. Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən tərtib olunmuş məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş - X4 vərəsələri sırasından olan qızı- İddiaçı, yazılı müraciətinə əsasən xx.xx.2024-cü il tarixində 8V-75 reyestrli vərəsəlik işi açılmışdır. Halhazıradək mərhum X4 vərəsəlik işi ilə əlaqədar mirası qəbul etmiş yeganə vərəsə İddiaçı müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair İddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandığı təqdirdə müraciətdə qeyd olunan məsələyə qanuna müvafiq qaydada baxılacaqdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr Qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Qanun üç əsas hüquq növünü – mülkiyyət, istifadə və icarə hüququnu müəyyən edir. Bu hüquqların hər biri üçün ayrıca tənzimləmə mexanizmi mövcuddur və vətəndaşın bu hüquqlardan istifadə etmək üçün müvafiq sənədlərə sahib olması lazımdır. Məsələn, daşınmaz əmlaka sahiblik və istifadə hüququ, bağlanmış əqdin notariat qaydasında təsdiq olunması ilə doğulur. Məhkəmə bildirir ki, iddiaçının mərhum atasının mübahisələndirilən daşınmaz əmlak üzərində daimi istifadə hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın daimi istifadə hüququnun mərhuma məxsus olması haqqında arayış verilməlidir. İş materiallarında olan alqı-satqı müqaviləsindən və JN 0975, KOD 01000003 torpaqdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 0,07 ha torpaq sahəsi ilk növbədə X2 istifadəsində olmuş, daha sonra daimi istifadə hüququnun alqı-satqısı əsasında bu hüquq iddiaçının mərhum atasına keçmiş, bu barədə onun adına daimi istifadə hüququna dair dövlət aktı tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi müvafiq sənədlər əsasında iddiaçının mərhum atasının istifadəsindən olmuşdur. Həmin sənədlər isə qərarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş materiallardan hüquqmüəyyənedici sənədlərin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan özü də iddiaçının mərhum atasına ayrılan torpaq sahəsinin ayrılması ilə bağlı mövcud olan sənədi mübahisələndirmir. İmtina əsası yalnız onunla bağlıdır ki, iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlandıqdan sonra onun müraciətinə baxıla bilər. Məhkəmə isə hazırki iddiaçının tələbi üçün bu əsasın zərurətin olmadığını bildirir. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Hazırki halda isə iddiaçının mərhum atasının bu sənədə malik olması və həmin sənədin qərarda istinad olunan Qanunun 8-ci maddəsində nəzərdə tutulması faktiki olaraq iddiaçı tərəfindən torpaq sahəsinə dair yeni icarə müqaviləsinin bağlanmasını istisna edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən daimi istifadə hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. İstifadə hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. Digər tərəfdən məhz 22.2-ci maddədə nəzərdə tutulan hüququn məxsus olması haqqında arayışın verilməsinə dair iddia üzrə məhz daimi istifadə hüququnun xüsusi olaraq göstərilməli olması da məhkəmə hesab edir ki, zəruridir. Belə ki, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; Göründüyü kimi daimi istifadə hüququna dair çıxarışlarda olduğu kimi arayış da daşınmaz əmlak üzərində hüququn növünün göstərilməsi mütləqdir ki, 7.1-ci bəndin tələbindən də görünür ki, həm mülkiyyət və digər əşya hüquqları, misal istifadə və s hüquqları üzrə arayış verilə bilər. Bu səbəbdəndir ki, necə ki, mövcud məhkəmə təcrübəsində hüquqların dövlət qeydiyyatına əsas olan işlər üzrə mülkiyyət və digər hüququn göstərilməməsi, yuxarı instansiya məhkəmələri tərəfindən yenidən araşdırmanın aparılması ilə əlaqədar və hüququn növünün müəyyən edilməsi ilə əlaqədar aşağı instansiya məhkəmələrinə qərarın ləğv edilərək iş materiallarının göndərilməsinə əsas olur ki, məhkəmə hesab edir ki, arayışın verilməsinə dair işlər üzrə də hansı hüququn göstərilməməsi də həmin qiymətləndirməyə və mövqeyə tabedir. Odur ki, hüququn növünün göstərilməsi mütləqdir. Qeyd olunmalıdır ki, Qanunun 22.2-ci maddəsində redaksiyanın “müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir” formasında olması da vəziyyəti dəyişmir. Belə ki, necə ki Qanunun 8-ci maddəsi eləcə də, digər aidiyyəti maddələrindən də aydın olur ki, yuxarıda istinad edilən Qanun təkcə mülkiyyət hüququna aid yox, mülkiyyət və digər əşya hüquqlarına da aiddir. Yəni, 8-ci maddəyə istinadla necə ki, mülkiyyət, istifadə və icarə hüquqları dövlət qeydiyyatına alınır və bu zaman hansı hüququn qeydiyyata alınmalı olması müraciət və iddiada göstərilməlidirsə, 22-ci maddəyə istinadla da hansı hüququn məxsusluğu baxımından hüququn konkret növü göstərilməlidir. Odur ki, hazırkı halda iddia məhz daimi istifadə hüququnu məxsusluğu ilə əlaqədar olmalı və hüququn növü konkret olaraq göstərilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Torpaqdan daimi istifadə hüququna dair aktında göstərilən torpaq sahəsinə daimi istifadə hüququnun X5 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5508/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5508/2025
10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver