Məhkəmə qərarları › İş №2-1(112)-5509/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5509/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5509/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması barədə işə Bakı şəhəri, N.Vəzirov küçəsi, 56 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı onun və ailə üzvlərinin – yəni, həyat yoldaşı və 3 oğlu ilə birlikdə 40 ilə yaxın Zabrat 2 qəsəbəsində, köhnə ünvan Tramvay 16/1, indiki adı isə Hüseyn Cavid 16/1 ünvanında 3.5 sota yaxın torpaq sahəsində tikilmiş 2 otaqlı evdə yaşamaları, həmin daşınmaz əmlaka 40 ilə yaxın müddət ərzində fasiləsiz və etirazsız sahiblik etmələri, köhnə tikililər barədə sərəncamı nəzərə alaraq, həmin yaşayış sahəsinin və yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və həmin yaşayış sahəsinin və yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi kimi qeydə alınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mümkünlük iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən 1981-ci il tarixdə Zabrat 2 qəsəbəsində, köhnə ünvan-Tramvay 16/1, indiki adı isə Hüseyn Cavid 16/1 ünvanında 2 otaqlı evi 3.5 sota yaxın torpaq sahəsində tikmişdir. Həmin evdə, o, həyat yoldaşı və 3 oğlu ilə birlikdə hal-hazıra kimi yaşayır. Bir oğlu isə 1983-cü il may ayının 31-də həmin evdə anadan olmuşdur. Oğlanları Zabrat qəsəbəsi 75 nömrəli məktəbdə təhsil almışlar. Onlar həmin ünvana qeydiyyata düşə bilmədikləri üçün şəxsiyyət vəsiqəsi ala bilmədiklərinə görə, oğlunun adına olan Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28 A, mənzil 40 ünvanına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi almışlar. Hal-hazırda şəxsiyyət vəsiqələrinin yenilənməsi və yeni nəsil şəxsiyyət vəsiqələrinin alınması üçün 40 ilə yaxın yaşadıqları ünvandan yəni, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsi, H.Cavid 16/1 ünvanına xx.xx.2019-cu il tarixli 2 saylı İnzibati- İqtisadi Məhkəməsinin qərarı ilə məhkəmə qaydasında qeydiyyata düşərək şəxsiyyət vəsiqəsi almışlar. Həmin evin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər X1 qəsəbə nümayəndəliyinin və bələdiyyənin həmin ünvanda yaşamaqlarını bildirən arayış əsasında hesabat hazırlanmış, hesabat sənədini oğlu Surxayın adına qeyd etdirmişdir. Həmin evin köhnə tikili kimi, yəni 1981-ci ildə tikilməsi qeydə alınmışdır. Ölkə prezidentinin köhnə tikililərin qeydə alınması barədə göstərişindən sonra köhnə tikili kimi bələdiyyə və icra nümayəndələri köhnə tikililərin siyahısını Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etmişlər. Həmin evə işıq, qaz, su, telefon xətti çəkilmişdir. Onun İİ qrup əlil olması, əmək veteranı olması, hərbiçi kapitan oğlunun 2016-cı ildə həlak olması, ürəyindən əməliyyat olması və ailəsinin 40 ilə yaxın, yəni uzun müddət həmin evdə yaşaması üçün həmin evə əmlak və torpaq vergisi ödəyicisidir. Yaşayış hüquqlarının həyata keçirilməsi üçün həmin yaşayış sahəsinin özəlləşdirilməsi və onun adına çıxarış verilməsi zəruridir. Ərizəsinə əlavə etdiyi sənədlərlə və sübutlarla da, onun 1981-ci ildə qeyd olunan ünvanda 3.5 sot torpaq sahəsində 2 otaqlı fərdi yaşayış evi tikdirərək həmin tarixdən də, orada ailəsi ilə birlikdə mübahisəsiz olaraq yaşadığını, həmin torpaq sahsinə dair əmlak və torpaq vergisi ödəyicisi olmasını, ailəsi ilə birlikdə həmin ünvanda pasport qeydiyyatında olmalarını və yaşamlarını, həmin köhnə tikilinin rayon icra nümayəndəliyi və Zabrat qəsəbə Bələdiyyəsi tərəfindən qeydə alınması və sənədləşdirilməsi barədə 2011-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat göndərilməsi öz təsdiqini tam şəkildə tapmışdır. Cavabdeh təşkilata müraciət edərək, həmin yaşayış sahəsinin və yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin onun adına mülkiyyət kimi qeydiyyata alınması və müvafiq çıxarış verilməsini xahiş etmişdir. Lakin, ona verilən cavabda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad olunaraq qeyd olunmuşdur ki, onun tərəfindən qeyd olunan yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə əlaqədar qanunun həmin maddəsində göstərilən hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir və buna görə də, xahişi təmin oluna bilməz. Hesab edir ki, sözügedən hüquqmüəyyənedici sənədin əldə olunması üçün onun qeyd olunan əmlaka mülkiyyət hüququ məhkəmə tərəfindən tanınmalı və qeyd olunan tikiliyə və tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyətçi kimi qeydiyyata alınması barədə qətnamə qəbul edilməlidir. Məhkəməyə təqdim etdiyi bütün sənədlərdən görünür ki, o, qeyd olunan əmlaka 39 ildən çoxdur ki, fasiləsiz və etirazsız sahiblik edir. Bu fakt həmin daşınmaz əmlaka onun mülkiyyət hüququnun tanınması və mülkiyyətçi kimi qeydə alınması üçün birmənalı əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbinə inzibati məhkəmə icraatında baxılması üçün iddiaçıya yardım etmək məqsədi ilə məhkəmə iclasında, Azərbaycan Respublikası İPM-nin 13 və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması tövsiyyə edilmiş, lakin İddiaçı dəqiqləşdirilmiş iddia tələbini məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə düzəliş edilsə idi belə, onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verildiyindən və iddiaçı həmin imtina cavabını aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmədiyindən nəticə etibarı ilə iddia yenidən mümkün sayılmayacaqdır. Eləcə də, məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, H.Cavid küçəsi, 16/1 saylı sahədə yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı tələb irəli sürsə də, iş materiallarında iddiaçıya məxsus olduğu iddia edilən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədlər, yəni, iddiaçının mübahisəli ünvan üzrə iddia qaldırmaq, hüquq və mənafelərini məhkəmədə təmsil etmək hüququnu təsdiq edən sənəd-sübut aşkarlanmamışdır. Göründüyü kimi, iddiaçının hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyildir. Belə ki, onlunla cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu və həmin orqan tərəfindən onun subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar