Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-551/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «iddiaçıya əlilliyin təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «iddiaçıya əlilliyin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 2002-ci ildə hərbi xidməti başa vurub qayıtdıqdan sonra onun ağciyərlərində problemin yaranması müəyyən edilmişdir. Baş vermiş problemlə əlaqədar qeydiyyatda olduğu rayon üzrə, yəni Göyçay Rayon Xəstəxanasına müraciət etmişdir. 2003-cü ildən məlum olmuşdur ki, o, vərəm xəstəliyindən əziyyət çəkir. O, vərəm xəstəsi kimi qeydiyyata alınmışdır. Bundan əlavə, onda bronxit xəstəliyi də var. Artıq 17 ildir ki, bu xəstəlikdən əziyyət çəkir. 7 iyun 2019-cu il tarixdən 10 iyun 2018-cu il tarixədək 1 saylı X1, 26 dekabr 2019-cu il tarixdən 11 yanvar 2020-ci il tarixədək, 18 aprel 2020-ci il tarixdən 29 aprel 2020-ci il tarixədək və 23 may 2020-ci il tarixdən 6 iyun 2020-ci il tarixədək 1 saylı Şəhər Xəstəxanasında müayinə olunaraq stasionar müalicələr almışdır. Ambulator kartoçkadan çıxarışlardan da göründüyü kimi, müayinələrin cavabı olaraq onda ağciyərin xroniki obstruktiv xəstəliyinin kəskinləşmə mərhələsində olması, ağciyərin yuxarı bayırının fobrokavernoz vərəmi, xroniki bronxitin kəskinləşməsi, hormonal asılılıq, ağciyərin emfizeması, tənəffüs çatışmazlığının 2-ci dərəcəsi və sair kimi xəstəliklərin olması müəyyən edilmişdir. İlk dəfə 4 il əvvəl onun ağciyərində pnevmotoraks (yəni, ağciyərin deşilməsi – plevranın tamlığının bu və ya digər səbəblərdən pozulması nəticəsində plevra boşluğuna havanın toplanması) əmələ gəlmişdir. 2020-ci il 26 iyun tarixdə onun ağciyərinin sol tərəfində növbəti dəfə pnevmotoraks əmələ gəlmişdir. 27 iyun 2020-ci il tarixdən 20 avqust 2020-ci il tarixədək Bakı şəhəri 4 saylı X5 müayinə olunmuş və stasionar müalicə almışdır. Müayinənin nəticəsi olaraq xəstəlik tarixindən çıxarışda qeyd olunur ki, “uzun müddətdir ki, xəstədir, spesifik müalicə alıb, bir gün öncə sol tərəfli pnevmotoraks əmələ gəlib. Vəziyyəti ağırdır, sol ağciyərdə tənəffüs eşidilmir və s.”. Bütün bu müayinələr göstərir ki, o (iddiaçı), ağciyərin xroniki obstruktiv xəstəliyi, tez-tez residivləşən hormondan asılılıq, ağciyər emfizeması xroniki respirator çatmamazlıq İİ dərəcə tənəffüs orqanlarının baakterioloji və histoloji təsdiq edilmiş vərəmi, ağciyər vərəmi xəstəliklərindən əziyyət çəkir. Səhhətində olan problemə görə işləyə bilmir. Müalicə olunduğu tibb mərkəzlərində həkimlər bildirmişlər ki, onda olan xəstəliyə görə ona ikinci dərəcə əlillik təyin edilməlidir. Bu məqsədlə Xırdalan Şəhər Poliklinikasından onun sənədləri cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Lakin cavabdeh tərəfindən təşkil olunmuş tibbi-sosial ekspert komissiyası ona ikinci dərəcə əlillik təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd olunur ki, əlavə müalicəyə ehtiyac var, ETAXİ-də müayinə və müalicə məsləhətdir, spiroqramma müayinəsi diaqnozu təsdiq etmir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının verdiyi rəylə razılaşmır və hesab edir ki, ona ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunmalıdır. Göstərilənlərə və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, «Əlilliyin müəyyən olunması meyarları»nın 2.2, 2.2.5-ci bəndlərinə əsaslanaraq, İPM-in 2.2.2, 45, 46, 73.1-ci maddələrini rəhbər tutaraq, iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı tələbi əsassızdır. Belə ki, 12 noyabr 2020-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xxxxxxx001 saylı göndərişi əsasında 27 yanvar 2017-ci il tarixdə alt sistemə vurulmuş və “Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: ETAXİ-da müayinə və müalicə məsləhətdir, spiroqramma müayinəsi diaqnozu təsdiq etmir” əsası ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə «Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir. Burada hər əlillik dərəcəsinə uyğun xəstəlik halları öz əksini tapmışdır. Səhiyyə müəssisəsinin göndərişində sözügedən xəstəliyin ağırlıq dərəcəsi yuxarıda qeyd edilən əsasnamədə göstərilən meyarlara uyğun gəlmədiyindən əlillik təyinatının aparılması mümkün olmamış və əlavə müayinə və müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - (2.2.3) ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); - (2.2.4) ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84- J86.9,J91-J95.8). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: - (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); - (1.5.3) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - (1.5.4) peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - (1.5.5) əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı əlillik təyin edilməsi məqsədilə onun müayinəsi üzrə müvafiq tibb müəssisəsi müvafiq göndəriş rəsmiləşdirmiş və bu barədə məlumatı “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil etmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası həmin göndərişdə qeyd olunmuş məlumatlar əsasında iddiaçının əlilliyini qiymətləndirmiş və əlilliyin müəyyən olunmasından imtinaya dair qərar qəbul etmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, “əlavə müalicəyə ehtiyac var, müvafiq müayinə və müalicə məsləhətdir, spiroqramma müayinəsi məsləhətdir”. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir. Göründüyü kimi, müvafiq normativ-hüquqi aktların tələbləri aidiyyəti tibb müəssisəsinin göndərişinin natamam doldurulmasını şəxsə əlillik təyin olunmasından imtina üçün əsas kimi müəyyən etməmiş, lakin göndəriş əsasında ikinci dərəcə əlilliyinin təyinatında müayinə zamanı şəxsin orqanizminin xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində həyat fəaliyyətinin kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmamasını (həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmadan) eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması ilə şərtləndirmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin 16 avqust 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi AR SN Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə olunmuşdur: - xx xxxx 1980-ci il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? - xx xxxx 1980-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? - xx xxxx 1980-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı? Məhkəmənin 16 avqust 2021-ci il tarixli qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 25 oktyabr 2021ci il tarixli məktubu ilə həmin tarixli T 257/2021 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə göstərilmişdir ki, 1980-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - X7 Rzayevin barəsində əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasında göndəriş tam doldurulmamışdır. Belə ki, xəstəliyin ağırlaşmaları və spiroqrammanın nəticələri qeyd edilən diqanozun əlillik dərəcəsini təsdiq etmir; - X7 Rzayev hal-hazırda ağciyərlərin ocaqlı vərəmi, keçirilmiş sol tərəfli gərgin pnevmotoraksdan sonrakı haldan əziyyət çəkir. Qeyd edilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamədə əlillik dərəcəsinin verilməsi üçün əsas deyildir, belə ki, əlillik dərəcəsinin təyini üçün əsas xəstəlik qeyd edilsə də onun ağırlaşmaları, o cümlədən də ikinci dərəcəli tənəffüs çatışmamazlığı göstərilməmişdir. Xəstəlik və ağırlaşmaları tam müəyyənləşdirildikdən sonra Forma-88 tam doldurularaq TSEK-ə göndərilməklə əlillik dərəcəsinin təyininə təkrar baxıla bilər; - Bu cür xəstələr dispanser qeydiyyatda olduğundan vəziyyətlərindən asılı vaxtaşırı stasionar və ambulator müalicəyə cəlb edilə bilərlər. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, işdə olan 25 oktyabr 2021-ci il tarixli ekspertiza rəyinə əsasən İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd olunan xəstəliyin ağırlaşmaları və müvafiq nəticələr əlillik dərəcəsinin təsdiqinə əsas vermir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatda iş üzrə xüsusatlar nəzərə alınaraq ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı hal müəyyən etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qiymətləndirilir. Bundan başqa, rəydə iddiaçının yetərli həddə mülaicədə olmaması halı da müəyyən edilir və müalicəynin davam etdirilməsinin məqsədəuyğunluğu bildirilir. Hansı ki, qanunvericilik normaları əilliyin təyinatında müvafiq ambulator və ya stasionar müalicədə olmanı mütləq şərt kimi nəzərdə tutur. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlilliyin təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlilliyin təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-551/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-551/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver