Məhkəmə qərarları › İş №2-1(112)-551/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-551/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-551/2023 16.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən müvəqqəti vergi rejimi dövründə pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmalar müəyyən edilmişdir. İddiaçı kosmetik vasitə və qida əlavələrinin satışı ilə məşğuldur. Onun fəaliyyəti pandemiya ilə zərərə uğramışdır. Bu barədə müəssisəyə pandemiya dövründə yardım da edilmişdir. Lakin 4 dəfə yardım edilməsinə baxmayara mənfəət vergi bəyannaməsində güzəşt ləğv edilərək vergi hesablanmışdır. Bu barədə şikayətlər də təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının faktiki fəaliyyət növü vergi güzəşt və azadolmalarına aid fəaliyyət sahəsi hesab edilmir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı əsasında iddia tələbi cavabdeh Bakı şəhəri Lokal Gəlirlə Baş İdarəsinə qarşı həmin İdarənin 27 may 2021-ci il tarixli iddiaçı barəsində qəbul edilmiş qərarının ləğv edilməsi formasında icraata qəbul edilmiş, İqtisadiyyat Nazirliyinin cavabdeh qismində iştirakına xitam verilmişdir. Cavabdehin etirazının məzmunu onunla bağlıdır ki, iddiaçıda nəzarət kassa aparatı quraşdırılmamışdır. Vergi güzəşti və azadolmalar barədə məbləğə dair təsdiq edici sənədlər araşdırmaya təqdim edilməmişdir. İddiaçı tərəfindən müxtəlif şəxslərlə əməliyyatlar aparılmışdır. İddiaçının fəaliyyət növü Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət növü hesab edilməmiş, pandemiya ilə əlaqədar zərərçəkən şəxs olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, qərar ləğv edilməsinə dair iddia mübahisələndirmə növündə iddia olduğundan müddətlə bağlı şərtin mümkünlük baxımından yoxlanılması zamanı da iddianın mümkün olduğu öz təsbitini tapmışdır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar 27 may 2021-ci il tarixə aiddir. İddiaçı sözügedən qərarı məhkəmə qaydasında mübahisələndirməzdən əvvəl həmin qərarı inzibati orqanın yuxarı qurumu vasitəsi ilə mübahisələndirmiş, Apellyasiya Şurasının qərarı ilə inzibati şikayətinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən məktubla həmin qərar təqdim edildikdən sonra məhkəməyə müraciət edilmişdir. Odur ki, iddia müddətlə bağlı tələblər pozulmamaqla verildiyindən mümkün iddiadır. Həmçinin, qeyd olunur ki, vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərarlar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərarlar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərarlar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Bu da o nəticə törədir ki, iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə baş verməmişdir. Hazırkı iş üzrə də hesablama qərarı elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmamışdır. Mübahisələndirilən qərarın elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar iddiaçıya çatdırılmamış hesab edilməlidir ki, bu zaman hər bir halda apellyasiya şurasına şikayət verilməsə belə müddətlə bağlı mümkünlük şərti ödənilmiş hesab edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bir-çox qərarlarında həmin mövqedən elektron kabinetə göndərilən qərarın çatdırılmamış hesab edilməsi barədə mövqe nümayiş etdirilmişdir. Belə ki, 2-1(102)-462/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, inzibati akt olan cavabdehin 21 yanvar 2021-ci il tarixli sözügedən qərarının iddiaçıya çatdırılması məsələsinin tərəflər arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilənin müddəaları çərçivəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən məqbul və qanunauyğun sayılması yanlış olmaqla yanaşı, həm də Vergi Məcəlləsinin tələblərinə də ziddir. vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Məhkəmə kollegiyası ümumiyyətlə qeyd edir ki, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 49.4-cü maddəsinə görə vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Lakin işin təkzibolunmaz faktıdır ki, adıçəkilən sənədlər iddiaçıya sifarişli məktubla göndərilməmişdir. Cünki bu növ qərarların göndərilməsi Vergi Məcəlləsinin 49.4- cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2159/20 saylı iş üzrə qəbul etdiyi 04 noyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 35. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) 36. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 37. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bununla yanaşı, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir. Göründüyü kimi istər elektron kabinetə yerləşdirilən qərarın gücləndirilmiş elektron imza ilə təsdiq edilmədən göndərilməsi, istərsə də 49.4-cü maddənin tətbiq edilməli olmasına münasibətdə məhkəmə hesab edir ki, qərariddiaçıya çatdırılmamış hesab edildiyindən müddətin bərpasından söhbət gedə bilməz. Qeyd olunan iddia tələblərinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Nazirliyin Apellyasiya Şurasının qərarından görünür ki, Şura hesab etmişdir ki, iddiaçının fəaliyyəti tibbi, bioloji vasitələrin və kosmetik vasitələrin satışı ilə bağlıdır ki, Məcəllənin 222.5-ci maddəsində olan fəaliyyət sahəsinə aid deyildir. 21 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyinin 10 iyun 2022-ci il tarixli 41 nömrəli qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış məktuba aidiyəti üzrə Dövlət Vergi Xidmətində baxılmış və iddiaçıya həmin Apellyasiya Şurasının ləğv edilməsi barədə məlumat verilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, iddiaçı əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmişdir. Eyni zamanda digər fəaliyyət növü kimi saxlama və anbarda yığma, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi, ixtisaslaşdırılmamış mağazalara sair məhsulların pərakəndə satışı, süd məhsulları, yumurta yeyinti yağları və piylərin topdan satışı və ətirlərin və kosmetika mallarının (sabun da daxil olmaqla) topdan satışı da göstərilmişdir. Mübahisələndirilən qərardan görünür ki, iddiaçıya mənfəət vergisi üzrə 13006,64 manat vergi hesablanmışdır. İş materiallarında olan qərarlardan görünür ki, iddiaçının adıçəkilən qərardan şikayəti təmin edilməmiş, şikayət instansiyasının qərarı Nazirliyin Apellyasiya Şurası tərəfindən də dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Dövlət Vergi Xidmətinin məktubundan görünür ki, iddiaçıya İşçi qrupu tərəfindən müəyyən edilmiş fəaliyyət sahələrinə fəaliyyətinin uyğun olması səbəbindən pandemiya ilə əlaqədar muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə maliyyə dəstəyinin göstərilməsi təmin edilmişdir. Lakin iddiaçının fəaliyyət sahəsi 222.5-ci maddədə nəzərdə tutulmuş sahəyə aid olmadığından mənfəət vergisi üzrə qəbul edilmiş vergi hesablaması qərarı qanuni və əsaslıdır. Belə ki, işçi qrupu tərəfindən məhz muzdlu işçilərin əmək haqqlarının ödənilməsi ilə bağlı maliyyə dəstəyinin göstərilməsinə dair ödəniş əsasları ilə mənfəət vergisi üzrə azadolma və güzəştlərlə bağlı əsaslar fərqlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmiş əsas olmuş hüquq münasibətlərinin mövcud olduğu dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 222. Vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı ümumi müddəalar 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Maddə 224. Azadolmalar və güzəştlər 224.1. Bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir: 224.1.1. əmlak və torpaq vergiləri üzrə tam məbləğdə; 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi; 224.1.3. bu Məcəllənin 222.5.1-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.5-ci maddəsində müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz; 224.1.4. bu Məcəllənin 222.5.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 220.1-1-ci maddəsi ilə müəyyən edilən sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz. Azərbaycan Respublikası Prezidentinin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamının:

2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın.

3. Bu Sərəncamın 2-ci hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki: 3.1. on beş gün müddətində: 3.1.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etsin; 3.1.2. pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 3.2. bu Sərəncamın 3.1.1-ci yarımbəndində göstərilən meyarlar üzrə, mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 3.3. bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 10 aprel 2020-ci il tarixli, **********055600 nömrəli əmri ilə təsdiq edilmiş “Koronavirus DİVOC)-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair Metodiki Göstəriş”-nin:

1. Ümumi müddəalar 1.2. X5 koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsinin qaydalarını və şərtlərini müəyyən edir. 1.3. X4 məqsədi pandemiyadan zərər çəkmiş muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsini və fərdi (mikro) sahibkarların dövlət maliyyə dəstəyindən yararlana bilmələrini, bu işlərin asan operativ, ünvanlı və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir.

2. Əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi proseduru 2.1. Vergi orqanları tərəfindən qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bilridişlər və mobil telefonlarına SMS-lərin göndərilməsi təmin edilir. 2.2. Maliyyə dəstəyi proqramından istifadə etmək üçün vergi ödəyicisi internet vergi idarəsində mövcud olan şəxsi elektron kabinetində “Koronavirus DİVOC)-19) pandemiyası ilə bağlımaliyyə dəstəyi proqramı” bölməsindən “Əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olur və müraciət formasını elektron qaydada doldurur. 2.4. Pandemiyaya ilə bağlı vergi ödəyicisi tərəfindən doldurulmuş məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. 2.5. Məlumatların yoxlanılması zamanı aşağıdakı uyğunsuzluqlar aşkar edilə bilər: 2.5.1. Vergi ödəyicisinin fəaliyyət sahəsi pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlmir; 2.5.2. Müraciət tarixinə işçi sayı 1 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalmışdır; 2.5.3. Aktiv bank hesabları yoxdur; 2.5.4. Riskli vergi ödəyiciləri ilə əməliyyat aparılmışdır. 2.6. Uçot məlumatları üzrə uyğunsuzluqların aşkarlanması ilə əlaqədar müraciət formasının doldurulmasının davam etdirilməsi mümkün olmadıqda vergi ödəyicisi tərəfindən müvafiq səbəblər aradan qaldırıldıqdan sonra şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət olunur. 2.7. Məlumatların yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmədikdə məlumatlar Maliyyə Nazirliyinə göndərilir. 2.8. Maliyyə Nazirliyi tərəfindən vəsaitlərin banklara köçürülməsi üçün müvafiq tranzit xəzinə hesabı açılır. Tranzit xəzinə hesabı vasitəsilə vergi ödəyicilərinin bank hesablarına gün ərzində köçürülən vəsaitlər barədə hesabat həmin günün sonunda İqtisadiyyat Nazirliyinə ötürülür. Bank hesablarına köçürülmüş vəsaitlər barədə vergi ödəyicisinə İqtisadiyyat Nazirliyi tərəfindən Bildiriş göndərilir. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli Qərarının: 1.3. Bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “X2” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə- könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

6. Müəyyən edilsin ki: 6.1. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır; İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisənin əsası iddiaçının pandemiyadan zərər çəkən sahibkar olub-olmaması, buna münasibətdə mənfəət vergisi üzrə güzəştin tətbiq edilib-edilməməsi ilə bağlıdır. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının fəaliyyət sferasını, eləcə də sahibkarlıq fəaliyyətinin iddiaçının pandemiya dövründə fəaliyyətinə mənfəət vergisinin hesablanması baxımından mənfi təsirin olmadığına istinad edərək güzəştin tətbiqindən imtina edilməsi və bu barədə mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesablanması olması qənaətinə gəlmişdir ki, iddiaçı həmin mövqeyə əks arqument irəli sürərək fəaliyyətinə pandemiya ilə əlaqədar məhrumiyyətlərin mövcud olmuş olduğunu, bu səbəbdən də güzəştin ona da tətbiq edilməli olmasını, nəticədə də həmin qərarın qanunsuz və əsassız olmasını iddia edir. Məhkəmə cavabehin arqumentini qanuni əsaslı, cavabdehin qəbul etdiyi qərarın qanuni və əsaslı olmasını müəyyən edərək qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi, fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə şamil olunur və bu zaman həmin sahələr qanuna əsasən əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergidən azaddırlar. Bu baxımdan mübahisə üzrə obyektiv düzgün qərarın qəbulu üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinin dairəsi müəyyən edilməlidir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli, 120 nömrəli və 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarlarının müvafiq müddəalarına müraciət olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2020-ci il tarixli, 120 nömrəli qərarında qadağan edilən iş (xidmət) sahələri və xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən sahələr müəyyən edilmişdir (qərarın 3-cü və 4-cü bəndləri). “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarında da fəaliyyəti dayandırılan və fəaliyyətinə icazə verilən iş (xidmət) sahələri göstərilmişdir (qərarın 1.1-ci bəndi və həmin qərara əlavə). İstinad olunan qərarların məzmunundan göründüyü kimi, hər iki qərarda fəaliyyəti tam məhdudlaşdırılan sahələrlə bağlı aşkar müddəalar nəzərdə tutulduğu halda, qismən məhdudlaşdırılan sahələr barədə açıq şəkildə hər hansı müddəa təsbit olunmamışdır. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarının 6.1-ci bəndində Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu Qərara əlavənin 4.4-cü, 4.11-4.12-ci, 4.14-4.16-cı, 5.4-5.6-cı, 6.2-6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmasını qadağan edən müddəa mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli, 208 nömrəli qərarının 6.1-ci bəndinin digər müddəalarla birgə təhlilinə əsasən, həmin bənddə qeyd olunan sahələrin fəaliyyəti qismən məhdudlaşdırılan sahələrə aid edildiyi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, istehsal prosesinə cəlb olunan işçilərin sayının əhəmiyyətli şəkildə (50 faiz həddində) azaldılması müvafiq təsərrüfat subyektinin fəaliyyətinin qismən məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, müəssisənin işçilərinin 50 faizinin işə cəlb olunması həmin müəssisənin fəaliyyətinin qismən məhdudlaşdırılmasını və bunun üzərindən ona münasibətdə Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinin tətbiqini istisna edən hal kimi təfsir oluna bilməz. Məhkəmə sorğusu əsasında əldə edilmiş X3 Xidməti və İnnovasiya və X1 təqdim etdiyi sənədlərin təhlilindən isə müəyyən edilir ki, iddiaçının işçilərinin 50 faizindən çoxunun işə cəlb edilməsi mümkün olmuşdur ki, həmin hal iddiaçının fəaliyyətinə mənfəət vergisi üzrə güzəştin tətbiq edilib-edilməməsi baxımından pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin müəyyən edilmədiyi aşkar göstərir. Bu zaman, məhkəmə hesab edir ki, Eyni zamanda, iddiaçı müəssisəyə bağlı hökumət tərəfindən maddi yardımların edildiyi də məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, iş materiallarından da göründüyü kimi “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 3.1.1-ci bəndinə görə pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq edilməsi andemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrupuna tapşırılmışdır. İşçi qrupu tərəfindən də pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı 5 fəaliyyət sahələri müəyyən edilmiş, iddiaçının fəaliyyət sahəsi də həmin sahələrdən biri hesab edildiyindən maliyyə dəstəyi həyata keçirilmişdir. Lakin, məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən qərar mənfəət vergisi üzrə güzəşt və azadolmaların tətbiqinə aiddir ki, bu baxımından iddiaçının fəaliyyət sahəsinin Vergi Məcəlləsinin 222.5-ci maddəsi baxımından qiymətləndirilməsi aparılmalıdır. Lakin, yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçının fəaliyyəti sahəsi nə məhdudlaşdırılan, nə qismən məhdudlaşdırılan sahələrdən hər hansı birinə aid olmamış, işçilərin işləməsi ilə bağlı 50 faizlik nisbətdə məhdudiyyət tətbiq edilməmiş, iddiaçı mənfəətinə münasibətdə vergi öhdəliyi daşımışdır. Bu mənada Vergi Məcəlləsinin 222.5.9-cu maddəsi anlamında koronavirus pandemiyası dövründə iddiaçının fəaliyyətinin məhdudlaşdırılması öz təsdiqini tapmadığından, vergi qanunvericiliyi ilə bağlı güzəşt hüququndan istifadə etməkdə iddiaçı haqlı sayıla bilməz. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1781/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı, 2-1(102)-1651/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-1103/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da analoji mövqedən çıxış edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar