Məhkəmə qərarları › İş №2-1(112)-5510/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5510/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5510/2020 26.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin (X2) nümayəndəsi və vəkili X4, üçüncü şəxsin (X6) nümayəndəsi X7 iştirakı ilə iddiaçı “AYF” Beynəlxalq Kompaniyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X5 və X8 qarşı «torpaq sahəsinə dair qeydiyyatların reyestrdən silinməsi, reyestrdən çıxarışların və texniki sənədlərin ləğv edilməsi» barədə iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “AYF” Beynəlxalq Kompaniyası cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X5 və X8 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi orqanında dövlət aktı qeydiyyatı kitabında xx xxxxxx 2004-cü il tarixli 7747 nömrə ilə dövlət qeydiyyatına alınmış və “AYF” Beynəlxalq Kompaniyasına verilmiş JN12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə onun qanuni sahibliyi və faktiki istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəzulzadə qəsəbəsində yerləşən faktiki 0,20 ha ərazidəki torpaq sahəsinin 0,06 ha ölçüdə olan hissəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində x xxxxxx 2019-cu il tarixdə X1 adına aparılmış ilkin qeydiyyatın, xx xxxxxx 2020-ci il tarixdə X6 adına aparılmış təkrar qeydiyyatın və xx xxxxxx 2020-ci il tarixdə X2 adına aparılmış təkrar qeydiyyatın daşınmaz əmlıakın dövlət reyestrindən silinməsinin və qeydiyyatdan silinmənin hüquqi nəticələrinin tətbiqinin – verilmiş reyestrdən çıxarışların və texniki sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 49.1-ci maddəsinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim olunmuşdur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəfindən əlavə məlumat və sübutlar tələb edilə bilər. MPM-in 64.1-ci maddəsinə əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə»yə görə aşağıdakılar Xidmətin həyata keçirdiyi vəzifələr sırasına daxildir: (3.0.6) daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərini həyata keçirmək, daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, (3.0.8) dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır: - Abşeron RİH başçısının x xxxxxx 1999-cu il tarixli 275 nömrəli sərəncamı ilə ayrılmış və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən JN 12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə rəsmiləşdirilmiş 0,48 ha ölçüdə torpaq sahəsinin koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrində hazırda X2 mülkiyyəti kimi onun adına xx xxxxxx 2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) 0,06 ha ölçüdə torpaq sahəsinin koordinatları hər hansı hissədə üst-üstə düşürmü? Əgər yuxarıda göstərilən torpaq sahələri hər hansı hissədə üst-üstə düşmürsə, onların arasındakı ən yaxın məsafə nə qədərdir? - Daşınmaz əmlakın dövlət reyestrində hazırda X2 mülkiyyəti kimi onun adına xx xxxxxx 2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) 0,06 ha ölçüdə torpaq sahəsi “Binəqədi rayonu, H.Hacıyev küçəsi, 4 saylı binanın qarşısı” ünvanında yerləşirmi? Əgər həmin torpaq sahəsi sözügedən ünvanda yerləşmirsə, aralarındakı məsafə nə qədərdir? AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış x xxxxxxx 2020-ci il tarixli məktubu ilə məhkəmənin icraatında olan 2-1(112)-5510/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardad üzrə tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim edilmiş və iş üzrə çıxarıcaq məhkəmə qərarında mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcin tərəflərdən tutularaq ödənilməsi xahiş olunmuşdur: - Mübahisələndirilən torpaq sahəsi ilə əlaqədar araşdırma təqdim edilmiş sənədlərə (hüquqmüəyyənedici və texniki sənədlərə), cavablanmış sorğulara, naturada müəyyən edilmiş koordinatlara və elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır. Mübahisəli əraziyə baxış zamanı məlum olmuşdur ki, ərazi formalaşmış yaşayış məntəqəsidir, iddia edilən torpaq sahəsində yaşayış evi və köməkçi tikililər mövcuddur. Abşeron RİH başçısının x xxxxxx 1999-cu il tarixli 275 nömrəli sərəncamına əsasən “AYF” Beynəlxalq Kompaniyasına xx xxxxxx 2004-cü il tarixdə tikinti işlərinin aparılması məqsədilə verilmiş JN 12xx xxx 30800001 “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”nda qeyd edilən koordinatları müasir koordinat sistemində olmaması, müraciətə əlavə edilmiş sxemlərin hazırlandığı müddətdən uzun illərin keçməsi, ərazidə situasiyanın dəyişməsi, arientirlərin itməsi, eləcə də infrastrukturun dəyişməsi, ərazinin yaşayış massivi kimi formalaşdığı üçün JN 12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə rəsmiləşdirilmiş 0,48 ha ölçüdə torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün deyil, lakin Abşeron RİH başçısının x xxxxxx 1999-cu il tarixli 275 nömrəli sərəncamı ilə ayrılmış və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən JN 12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə rəsmiləşdirilmiş 0,48 ha ölçüdə torpaq sahəsinin dövlət aktında qeyd edilən koordinatlar Pulkovo-2 koordinat sistemindən WGS koordinat sisteminə çevriləndə JN 12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” ilə daşınmaz əmlakın dövlət reyestrində hazırda X2 mülkiyyəti kimi onun adına xx xxxxxx 2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) 0,06 ha ölçüdə torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Əlavə edilən sxemdən göründüyü kimi, aralarındakı ən yaxın məsafə 43 metrdir. Daşınmaz əmlakın dövlət reyestrində hazırda X2 mülkiyyəti kimi onun adına xx xxxxxx 2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) 0,06 ha ölçüdə torpaq sahəsi Binəqədi rayonu, Mərcanlar küçəsi, 48-dir. İşin hazırlıq icraatı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmişlər, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin vurğulanmışdır ki, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Məhkəmə iş materiallarını araşdıraraq iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin (X2) nümayəndəsi və vəkili X10 iddianın mümklün sayılmamasını məhkəmədən xahiş etdi və bildirdi ki, iddiaçının bu iddia üzrə subyektiv hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin (X6) nümayəndəsi X11 iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin ilkin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, hazırkı iddiaçı “AYF” Beynəlxalq Kompaniyası ona Abşeron RİH-in x xxxxxx 1999-cu il tarixli 275 nömrəli sərəncamı ilə ayrılmış və AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən JN 12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə rəsmiləşdirilmiş 0,48 ha ölçüdə torpaq sahəsinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X2 mülkiyyəti kimi sonuncunun adına xx xxxxxx 2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) 0,06 ha ölçüdə torpaq sahəsinin üst-üstə düşdüyünü iddia edərək, həmin qeydiyyatı və sözügedən torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində digər şəxslərin adına aparılmış əvvəlki qeydiyyatları, eləcə də onun nəticələrini (çıxarış və s.) mübahisələndirir. Məhkəmə tərəfindən inzibati icraat çərçivəsində aidiyyə üzrə səlahiyyətli qurumdan (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən) əldə edilən mütəxəssis rəyində iddiaçı “AYF” Beynəlxalq Kompaniyasına ayrılmış və müvafiq qaydada JN 12xx xxx 30800001 saylı “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” ilə onun adına rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatları ilə üçüncü şəxs X2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2020-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış (daşınmaz əmlakın reyestr nömrəsi **********40) və reyestrdən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin koordinatlarının hər hansı hissədə üst-üstə düşməsi nəinki təsdiqini tapmamışdır, hətta koordinatlar üzrə sözügedən torpaq sahələrinin müxtəlif ünvanlarda yerləşməklə aralarında 43 metr məsafənin mövcudluğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı “AYF” Beynəlxalq Kompaniyası Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair xx xxxxxx 2020-ci il tarixdə üçüncü şəxs X2, əvvəllər isə X1 və X6 mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi üzrə subyektiv hüquqa malik deyil. Odur ki, iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İPM-in 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. İPM-in 112-ci maddəsinə əsasən cavabdeh öz hərəkətləri ilə iddianın qaldırılması üçün əsas vermədiyi və iddiaçının hüquqi tələbini dərhal qəbul etdiyi hallarda, bütün prosessual xərclər iddiaçı tərəfindən ödənilir. MPM-in 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İddia mümkün sayılmadığından, məhkəmə İPM-in 35.1, 112-ci maddələrinə əsaslanraq, iş üzrə prosessual xərc qismində mütəxəssisə ödənilməli 67,20 manat (altmış yeddi manat iyirmi qəpik) məhkəmə məsrəfinin iddiaçıdan tutulmasını məqsədəuyğun sayır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35, 108, 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “AYF” Beynəlxalq Kompaniyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxslər X5 və X8 qarşı «torpaq sahəsinə dair qeydiyyatların reyestrdən silinməsi, reyestrdən çıxarışların və texniki sənədlərin ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə məhkəmə icraatında rəy verilməsi üçün cəlb olunmuş mütəxəssisə ödənilməli 67,20 manat (altmış yeddi manat iyirmi qəpik) məbləğində xərc iddiaçı “AYF” Beynəlxalq Kompaniyasından tutulsun. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar