Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5511/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “X4” X5ə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “X4” X5ə qarşı “doğum haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə xx.xx.2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 28 avqust 2024-cü il tarixdə verilmiş və 31 avqust 2025-ci il tarixədək etibarlı olan ***-*******0 №-li “Himayə Sənədi”dən görünür ki, sənəd xx.xx.1996-cı il tarixdə anadan olmuş İddiaçı verilmişdir. Bu sənədi daşıyan şəxs BMT QAK-ın mandatı altında olan şəxsdir. İddiaçı oğlu - Roqojin Roman, oğlu-Roqojin Rafael və qızı Roqojina Fidandır. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş etdiyi və sənədin surətinin Daxili işlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-37/2-R-9315-xx-xx-11996/2024 nömrəli arayışında qeyd edilmişdir ki, verilir, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 11 dekabr 1996-cı il təvəllüdlü İddiaçı (himayə sənədi № ***-*******0) ondan ötrü k, o Dövlət Miqrasiya Xidməti tərəfindən 28 avqust 2024-cü il tarixindən 31 avqust 2025-ci il tarixinədək ünvan 1 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. “X4” X5in Doğum şöbəsinin xx.xx.1996-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixində dünyaya gətirdiyi qızı uşağı (ç-2900.0, b-50 sm) barədə olan X\T 535 Epikrizində qeyd edilmişdir ki, daxil olma tarixi xx.xx.2024, çıxma tarixi xx.xx.2024, anası xx.xx.1996-cı il təvəllüdlü X2 ünvan 2 ünvanda yaşayır, işləmir, evdar qadındır. Yenidoğulmuşun inkişaf tarixi kartoçkasında qeyd edilmişdir ki, Ana haqqında məlumat: X2, xx.xx.1996-cı il təvəllüdlü, ünvan 3 ünvanda yaşayır, yeni doğulmuş haqqında məlumat: 2900 qr, boyu 50 sm, baş dairəsi ölçüsü 34 sm, döş dairəsi ölçüsü 33 sm. Doğulduğu yer: Nəsimi rayonu. İddiaçı dünyaya gətirdiyi qadın cinsindən olan uşağı üçün doğumu təsdiq edən doğum haqqında tibbi şəhadətnamənin verilməsi üçün “X4” X5ə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh 2.12.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “... şəxsiyyəti təsdiq edən sənədiniz olmadığı üçün Sizə forma 103 vermək mümkün deyil. Doğum faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət edə bilərsiniz”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh “Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “X4” X5ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi, onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi əsasında onun-xx.xx.1996-cı il tarixdə Rusiya Federasiyasının Stavropol şəhərində doğulmuş İddiaçı - xx.xx.2024-cü il tarixdə “X3 “PHŞ-nin Doğum – Ginekologiya şöbəsində qadın cinsindənolan bir uşaq doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda onun hər hansı bir ölkəyə vətəndaşlığını təsdiq edən sənədi yoxdur. Hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi olmadığı üçün o, BMT QAK tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüş və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmişdir. Həmin himayə sənədi əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də ərizəsinə şəxsiyyət vəsiqəsi əvəzinə himayə sənədini və Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alınmağımı təsdiq edən Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən verilmiş arayışı əlavə etmişdir. Onun şəxsiyyəti, yəni onun kim olmağı artıq dövlət qurumları tərəfindən tanınıb. Belə ki, BMT QAK-ın verdiyi himayə sənədi əsasında o, DMX tərəfindən ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, onun şəxsiyyəti BMT QAK-ın verdiyi himayə sənədindən müəyyən edilir. Belə ki, DMX onun şəxsiyyətini ona BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında müəyyən edib, əks təqdirdə onu həmin sənəd əsasında Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata almazdı. Onun qızının doğum faktını təsdiq edən sənədin isə alınması mümkündür. Belə ki, o, qızını Cavabdeh PHŞ-nin Doğum - Ginekologiya Şöbəsində doğmuşdur. Buna dair xəstəxanda arxiv mövcuddur. Yəni o, xəstəxanada doğuş həyata keçirmiş şəxs olduğunu sübut edə bilir. “X3" PHŞ-nin Doğum - Ginekologiya Şöbəsində tərəfindən ona qızının poliklinik qeydiyyatı üçün epikriz də verilmişdir. Bununla da bəlli olur ki, qızının doğumu haqqında tibbi şəhadətnamənin (Forma 103) yəni, qızının doğum faktını təsdiq edən sənədin məhkəmədən kənar qaydada alınması mümkündür. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının “15” may 2014-cü il tarixli, “24/3” nömrəli qərarı ilə təsdiq edilmiş “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən məlumatların verilməsi üzrə” İnzibati Reqlamentə əsasən “Doğum haqqında tibbi şəhadətnamə” elektron registrindən çıxarışın əldə edilməsindən ibarətdir. Qanunvericiliyə əsasən doğumun dövlət qeydiyyatı məcburidir. Uşağın doğulduğu gündən bir ay ərzində onun doğulduğu, yaxud valideynlərinin yaşadığı ərazi üzrə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə tibbi şəhadətnamə, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, eləcə də onların nikahı və doğumu haqqında şəhadətnamələr təqdim olunmalıdır. Qeyd olunan müddətdə müraciət olunmamasına görə valideynlər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: - 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. - 21.1-ci maddəsinə görə Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). - 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. - 74.1-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. 74.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. İşin hallarından görünür ki, iddiaçı “X4” X5in Doğum şöbəsinin qeydiyyat kitabına əsasən xx.xx.2024-cü il tarixində qadın cinsində uşaq dünyaya gətirmiş, lakin iddiaçının şəxsiyyətini təsdiq edəcək sənədi olmadığı əsas gətirilərək iddiaçıya doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə tibb müəssisəsi tərəfindən iddiaçıya dünyaya gətirdiyi övladına tibbi şəhadətnamənin verilməməsinin əsasında ananın şəxsiyyətini təsdiq edən sənədin olmamasıdır. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmır. Əvvəla, iddiaçının cavabdeh müəssisədə olan xəstəlik tarixçəsi və ona əlavə edilmiş sənədlərindən görünür ki, iddiaçının doğum sənədlərində onun şəxsiyyətini təsdiq edən sənəd olmasa da, iddiaçı həmin tibb müəssisəsinə doğum üçün qəbul edilmiş, ona müvafiq doğum haqqında tarixçə açılmış, özünün fotoşəkili sənədlərinə əlavə edilmiş, doğum barədə, eləcə də doğulmuş uşağın inkişaf tarixi haqqında müvafiq xəstəlik tarixi qeydə alınmışdır. Başqa sözlə, xəstəni şəxsiyyəti təsdiq edən sənəd olmadan qəbul edib barəsində xəstəlik kitabçası açıldığı zaman xəstənin kimliyi barədə hər hansı əsaslı şübhələr olmadığı halda iddiaçıya şəxsiyyəti təsdiq edən sənədin təqdim edilməməsi əsası ilə ona dünyaya gətirdiyi yeni doğulmuş barədə tibbi şəhadətnamənin verilməsindən imtinası özlüyündə əsassızdır. Digər tərəfdən qeyd olunmalıdır ki, qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyəti müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunur. Hazırkı iş üzrə İddiaçı vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında iddiaçının vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq onu olduğu ünvan üzrə qeydiyyata almışdır. Eyni zamanda ananın (iddiaçının) beynəlxalq himayə sənədində xx.xx.2024-cü il təvəllüdlü övladı Rogojina Fidanın da şəxsiyyəti müəyyən edilmişdir. Belə olan halda müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehin İddiaçı qızı barəsində “doğum haqqında tibbi şəhadətnamə’'nin verilməsi üçün tələb olunan şərtlər mövcuddur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında xx.xx.2024-cü il tarixdə qadın cinsindən olan uşağı doğduğunu təsdiq edən “doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “X4” X5ə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5511/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5511/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver