Məhkəmə qərarları › İş №2-1(112)-5514/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5514/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5514/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiya məbləğinə əlavənin hesablanması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq onun əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdən ehtiyata buraxılmış və ona həmin tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmiş və hal-hazırda ona yaşa görə əmək pensiyası ödənilir. xx.xx.2017-ci il tarixdə isə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 5 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyinin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik ” ifadəsi ilə göstərilmişdir. xx xxxxxx 2006-cı il tarixdən bu günədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2.1 maddəsinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış yara, kontuziya və ya zədə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirilməklə bağlı xəstəlik nəticəsində əlil olan hərbi qulluqçular müharibə əlilləri hesab olunurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan 2-ci qrup əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanır. 77 manat məbləğində əmək pensiyasıın sığorta hissəsinə 77 manat məbləğində əlavənin hesablanması xahişi ilə o, xx.xx.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, ərizəsi bu günədək cavablandırılmamış və nəticəsiz qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən etiraz ərizəsi təqdim edilmişdir. Etiraza əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l.-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Xüsusi olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinin müvafiq müddəalarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2)qulluq stajına görə əmək pensiyalarına əlavələr. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Ona sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilmişdir. Qanunun 19.1.7.2-ci maddəsinin tələbləri iddiaçıya şamil edilə bilməz, ona görə ki, iddiaçının pensiya təminatı onu sonuncu tutduğu vəzifədən, daha doğrusu təminat xərcliyindən götürülür ki, buda öz növbəsində Qanunun 1.0.5-ci maddəsi ilə tənzimlənir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və bu səbəbdən də, qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçı barəsində göndərilmiş 04124 nömrəli, xx.xx.2015-ci il tarixli məlumat vərəqəsinə iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona xx.xx.2017-ci il tarixdə qiymətləndirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə müraciət edərək əlillik dərəcəsi alması ilə əlaqədar pensiyasına əlavənin ödənilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisədə aşağıdakı qanunvericilik normaları əsas götürülməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 4.1-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq əmək pensiyalarının aşağıdakı növləri müəyyən edilmişdir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırılmaqla, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Qanunun 19.1.7.2-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyasına əlavənin verilməsi üçün zəruri olan şərtlər onun əmək pensiyaçısı və müharibə əlili olmasıdır və bu şərtlərin mövcudluğu halında şəxs göstərilmiş əlavənin alınması hüququnu qazanmış olur. Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərlə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.3-cü bəndinə əsasən həmin Qanunun 30.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsində yaşa görə əmək pensiyası alan İİ qrup müharibə əlillərinə və müharibə iştirakçıları sırasından olan əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin hesablanmasının nəzərdə tutulduğunu, iddiaçıya xx.xx.2015-ci il tarixdə yaşa görə pensiya təyin edildiyinə görə əlavənin təminat xərcliyinə daxil edilməsi ilə bağlı məlumat vərəqində qeyd edilməsinin mümkün olmadığını, həmçinin iddiaçıya yaşa görə pensiya təyin edildikdən sonra xx.xx.2017-ci il tarixdən müddətli olaraq İİ dərəcəli əlillik verildiyini nəzərə alaraq cavabdehin etirazdakı dəlillərini əsassız hesab edərək, iddianın həmin əlavənin iddiaçının pensiyasına hesablanması hissəsində əsaslı olması qənaətinə gəlir. Məhkəmə eləcə də, iddia tələbinin həmin əlavənin xx.xx.2017-ci il tarixdən hesablanmaqla ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. Bu səbəbdən də, iddia həmin hissədə qismən təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq İddiaçı əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunması və həmin əlavənin təyin edilməsi ilə bağlı yaranmış pensiya fərqinin onun müraciət etdiyi tarixdən (xx.xx.2020-ci il) əvvəlki ən çoxu üç il üçün ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar