Məhkəmə qərarları › İş №2-1(112)-5515/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5515/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5515/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə qarşı “əmək müqaviləsinin elektron sistemdən silinməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 verilmiş 01 dekabr 2023-cü il tarixli 3-15/2-Q-48965/2023 saylı imtina məktubu qeyri-qanuni hesab edilərək, İddiaçı adına olan əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən silinməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır və bu günə kimi də rəsmi olaraq hər hansı bir yerdə işləməmişdir. Lakin iddiaçı ünvanlı sosial yardım almaq üçün müraciət etmiş, sənədlərini portala yerləşdirəndə məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdən iddiaçının hansısa MMC-də mühasib vəzifəsində işlədiyi qeyd olunmuş və hər ay onun adına 1530 manat əmək haqqı yazılmış, illik gəliri isə 15596 manat 34 qəpik təşkil etmişdir. Bu səbəbdən iddiaçıya və ailəsinə ünvanlı sosial yardım təyin edilməsindən imtina edilmişdir. İddiaçı bildirir ki, işlədiyi sözügedən iş yerinin harada yerləşdiyini belə bilmir. İddiaçının üç övladı var və kasıb ailədirlər, ona görə də onlara ünvanlı sosial yardım təyin edilməlidir, lakin hansısa bir şəxsin qanunsuz əməlinə görə iddiaçı bu imtiyazdan məhrum olmuşdur. Bununla bağlı iddiaçı X4 rəisinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, hər iki idarədən aldığı cavab məktublarından belə məlum olmuşdur ki, iddiaçının adını qeyi-qanuni işə yazan təşkilat “X1” MMC-dir. Həmin məktubda bildirilmişdir ki, “X1’’ MMC-nin hüquqi ünvanına göndərilən məktublar poçt xidməti tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. “X2’ MMC-nin sədri X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək mümkün olmamışdır və hər iki dövlət orqanı məhkəməyə müraciət etməyi bildirmişdir. İddiaçı adına olan əmək müqaviləsinin elektron informasiya sistemindən silinməsi üçün müraciət etdiyi hər iki dövlət orqanından imtina məktubu almışdır. İddiaçı qeyd edim ki, onun adına qanunsuz olaraq “X1 ”MMC-də əmək müqaviləsi bağlanması onun və ailəsinin hüquqlarını pozur.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı X5 “X1” MMC ilə arasında xitam verilməmiş əmək müqaviləsi mövcuddur. Belə olan halda iddiaçı ilk növbədə işəgötürənlə arasında bağlanmış 19 iyun 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə, bu mümkün olmadıqda isə aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi səlahiyyətli məhkəmələrə müraciət etməlidir. Buna baxmayaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tələb fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyəti normaları pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respbulikası Qanununun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarında göstərilir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1 -ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1 -ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Digər bir məsələ isə iddiaçının öz iddia tələbində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X8 Xidmətini cavabdeh kimi göstərərək və əmək müqaviləsi bildirişinin aktiv qaldığı üçün sosial yardım ala bilməməsini əsas gətirərək işəgötürənlə arasında bağlanmış 19 iyun 2022-ci il tarixli əmək müqaviləsinin elektron informasiya sistemindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbidir ki, qeyd olunan tələb maddi normalara ziddir və əsassızdır. Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti (bundan sonra - Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla yanaşı əmək müqaviləsinə xitam verilməsi və ya əmək müqaviləsi bildirişinin elektron informasiya sistemindən silinməsi kimi öhdəliklərin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyinin tələblərinə uyğun deyil. İddiaçının da bildirdiyi kimi “X1” MMC ilə bağlanılmış, qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsi mövcud olduğu məlumdur. Həmin müqavilə işəgötürən ilə işçi arasında müvafiq qaydada xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron informasiya sistemində işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əsasında xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifənin icra edilməsi mümkün deyildirsə fərdi əmək mübahisəsi kimi ümumi məhkəmələrə müraciət edilməli və məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilmişdirsə, X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməlidir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qüvvədə olduğu məlum olmuşdur. İddiaçının müraciəti ilə əlaqədar “X1i" MMC-nin hüquqi ünvanına həmçinin MMC-nin sədri X9 faktiki yaşayış ünvanına tərəfimizdən sorğu məktubu ünvanlanmışdır. Cəmiyyətin sədri Arzu Orucovun qardaşı X10 tərəfindən şöbəyə təqdim edilmiş AZ-İİ 310973 nömrəli “Ölüm haqqında şəhadətnamə”sinə əsasən məlum olmuşdur ki, X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-cı maddəsinin 1-cı hissəsinin “c” və “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək və əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.1-1.1. (fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə) maddəsinə əsasən fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçun əsasdır. Lakin işəgötürən hüquqi şəxs olduğu üçun əmək müqavilənizə xitam verilməsi X8 Xidmətinin səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X8 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan müraciətin araşdırılması barədə xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, araşdırma zamanı 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan “X1i” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) ilə aranızda aktiv əmək müqaviləsinin olduğu öz təsdiqini tapmışdır. Müraciətdə qeyd edilən halın ətraflı araşdırılması məqsədi ilə xx.xx.2023-cü il tarixdə “X1i” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanına xx.xx.2023-cü il tarixə dəvət məktubu göndərilməsinə baxmayaraq araşdırmada iştirak üçün müraciət edilməmişdir. Cəmiyyətin rəhbəri X9 qeydiyyatda olduğu ünvana sorğu edilərkən cəmiyyətin rəhbəri X9 vəfat etdiyi müəyyən edilmişdir. İddiaçının məktubunda qeyd edilən digər halların icrası ilə əlaqədar aidiyyatı üzrə dövlət qurumlarına müraciət etməyi tövsiyə olunmuşdur.

6. Məhkəmənin hazırlıq icratı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun olaraq izahat verdi.

II. İddianın mümkünlüyü

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

9. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti mülkiyyət və təşkilatıhüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürən əsas vəzifələrindən biridir. Əmək qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə həmin sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra qüvvəyə minir. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, cavabdeh inzibati orqan əmək müqaviləsinin tərəfi deyil. Belə olan halda, iddiaçının istinad etdiyi əmək müqaviləsinin elektron informasiya sistemindən çıxarılması ilə bağlı cavabdehin qanunla üzərinə düşən öhdəliyi ola bilməz. Ümumiyyətlə, əmək müqaviləsinin ləğv edilməsi və əmək münasibətləri ilə bağlı öhdəliklərə xitam verilməsi ilə əlaqədar məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki mühakimə icraatı qaydasında baxılır.

11. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir. Belə ki, X8 Xidmətinin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı oğlunun hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır və iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir.

12. Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır.

13. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi əmək müqaviləsinin ləğv edilməsi faktının müəyyən edilməsi üçün səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

14. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar