Məhkəmə qərarları › İş №2-1(112)-5516/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5516/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5516/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinə qarşı «iddiaçıya vurulmuş maddi, mənəvi və fiziki ziyanla əlaqədar cavabdehlərdən kompensasiyanın tutulması, iddiaçının əmək kitabçasında göstərilən iş stajının hesablanaraq pensiya hüququnun və rütbə dərəcəsinin bərpa olunması»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinə qarşı «iddiaçıya vurulmuş maddi, mənəvi və fiziki ziyanla əlaqədar cavabdehlərdən kompensasiyanın tutulması, iddiaçının əmək kitabçasında göstərilən iş stajının hesablanaraq pensiya hüququnun və rütbə dərəcəsinin bərpa olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin x xxxxxx 1983-cü il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və ona münasibətdə həmin Məcəllənin 23-1-ci maddəsi tətbiq edilmişdir. Sonradan şərti cəza həbslə əvəz olunmuş və o, Rusiya Federasiyasının müxtəlif islah əmək müəssisələrində cəzanı çəkib qurtarmışdır. Bundan sonra Bakı şəhəri Yasamal rayon prokurorluğunun x xxxxxx 1991-ci il tarixli qərarı ilə onun barəsində cinayət işinin icraatına AR Cinayət Prosessual Məcəlləsinin 10-cu maddəsinin 2-ci bəndinin, 215-ci maddəsinin 2-ci bəndinin və 217-ci maddəsinin tələblərinə əsasən onun hərəkətlərində (əməllərində) cinayət tərkibi olmadığından, xitam verilmişdir. O, həbsdə olduğu həmin müddətdə Rusiya Federasiyasının müxtəlif islah-əmək düşərgələrində sağlamlığını itirmiş və hal-hazırda “sol ağ ciyərin pereferik xərçəngi” diaqnozu ilə müalicə olunur. Arvadı isə, həmin xəstəlikdən vəfat etmişdir. Hazırda yaşa görə əmək pensiyası alır. O, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirdikdən sonra təyinat alaraq X2 müstəntiq işləmişdir. Axırıncı vəzifəsi Bakı şəhəri Oktyabr Rayon Daxili İşlər Şöbəsində (indiki Yasamal Rayon Polis İdarəsində) azyaşlıların işləri üzrə inspeksiyanın inspektoru olmuşdur. Barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verildiyindən, AR Daxili İşlər Nazirliyinin rəhbərliyinə dəfələrlə müraciət edərək, işə bərpa olunmasını, eləcə də DİO-dan xaric olunması barədə əmrin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin həmin məsələlərlə bağlı müsbət nəticə əldə olunmamışdır. İndiyədək qeyd olunan əmrin və DİOdan xaric olunmasına əsas olan attestasiya komissiyasının sənədlərinin surətləri ona verilməmişdir. Cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsinə baxmayaraq, əmək kitabçasında bu fakt xidmət stajına aid edilməmişdir. Bundan başqa o, həbsdən azad olunduqdan sonra 1999-cu ilin may ayınadək müxtəlif müəssisələrdə işləmişdir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyininə riayət olunmadan Bakı Şəhər Baş Polis İdarəsinin onun iştirakı olmadan “əsassız olaraq keçirilmiş attestasiya”nın nəticələri üzrə sənədinə əsasən DİO-dan xaric olunmuşdur. Bakı şəhəri Yasamal (Oktyabr) rayon prokurorluğunun qanunsuz qərarı ilə həbs edilmiş və məhkəmənin qanunsuz hökmü ilə məhkum olunmuşdur. O, əmək fəaliyyətinə x xxxxxx 1970-ci il tarixdən başlamış, 1972 – 1978-ci illərdə hüquq faktultəsinin tələbəsi olmuş, 1978-ci ildən xx xxxxxx 1982-ci il tarixədək DİO-da xidmət etmişdir. x xxxxxx 1982-ci il tarixdə Oktyabr rayon prokurorluğuna çağırılaraq həbs olunmuşdur. x xxxxxx 1983-cü il tarixdə məhkəmənin hökmü ilə şərti cəza alıb sonradan həbs olunmuşdur. xx xxxxx 1984cü il tarixdən xx xxxxx 1985-ci il tarixədək cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. x xxxxxx 1986-cı il tarixdən x xxx 1999-cu il tarixədək ayrı-ayrı təşkilat və müəssisələrdə müxtəlif vəzifələrdə çalışmışdır. 1978-ci ildən 1999-cu ilədək əmək stajı bir neçə aylıq fasilələrlə 28 il təşkil edir. Onun DİO-dan xaric olunmasının səbəbi cinayət prosesini həyata keçirən orqanların – prokurorluq, DİN və məhkəmənin səhvi nəticəsində baş verdiyindən ona mənəvi, fiziki və maddi ziyan dəymişdir. Göstərilənlərə və AR Cinayət Prosessual Məcəlləsinin 57 – 59, 61 – 63-cü maddələrinə əsaslanaraq, eləcə də İPM-in tələblərini rəhbər tutaraq, ona vurulmuş maddi, mənəvi və fiziki ziyanla əlaqədar cavabdehlərdən ümumi olaraq 300.000 manat məbləğində kompensasiyanın tutularaq ödənilməsi, əmək kitabçasında göstərilən iş stajının hesablanaraq pensiya hüququnun və rütbə dərəcəsinin bərpa olunması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehlərə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğundan məhkəməyə daxil olmuş x xxxxxxxx 2020-ci il tarixli məktuba əlavə edilmiş iddiaya qarşı yazılı etirazda aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, müraciət üzrə məhkəmə aidiyyəti pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli Qərarının 7.2-ci bəndində göstərilmişdir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə görə həmin Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmaması nəzərə alınmalıdır. Ona görə də inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. İPM-in 2.1-ci maddəsinə görə isə, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisəyə baxıla bilər. Müvafiq olaraq, maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqana qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Bundan başqa, mübahisələndirilən hüquq münasibəti 1982-ci ildə, yəni 2011-ci ilədək baş verdiyindən iddai müddəti bitmişdir. Həminin, iddiaçının mübahisəsinin əsasındakı münasibətlərə bir icraatda baxılmasına hüquqi əsas yoxdur. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh AR Daxili İşlər Nazirliyinin nümayəndəsi iddianın əsassız olduğunu bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maaddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunur ki, bu Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində hərbi qulluqçulara vurulmuş ziyan bu Qanuna müvafiq olaraq ödənilir. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 30-cu maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı iddiasında üç tələb irəli sürür: - iddiaçıya vurulmuş maddi, mənəvi və fiziki ziyanla əlaqədar cavabdehlərdən kompensasiyanın tutulması; - əmək kitabçasında göstərilən iş stajının hesablanaraq pensiya hüququnun bərpa olunması; - iddiaçının rütbə dərəcəsinin bərpa olunması. Nəzərəı alınmalıdılr ki, mövcud qanunvericilik inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılmasını mümkün sayır. Lakn hazırkı iş üzrə iddiaçı cavabdehlərin hərəkətlərini qanunsuz sayaraq, ona vurulmuş ziyanın ödənilməsini tələb etsə də, bu hərəkətləri cavabdehlər inzibati icraat çərçivəsində deyil, cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətə müvafiq olaraq həyata keçirmişlər (qərar qəbul etmişlər). Qanunvericilik təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı ayrıca məhkəmə aidiyyəti müəyyən etmişdir. Bu isə o deməkdir ki, iddiaçı ilə cavabdehlər arasında iddianın həmin (kompensasiyanın ödənilməsi) hissəsində inzibati mübahisə mövcud deyil. Nəzərə alınmalıdır ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İddiaçının ikici tələbi, yəni əmək kitabçasında göstərilən iş stajının hesablanaraq pensiya hüququnun bərpa olunması ilə bağlı məhkəmə qeyd edir ki, ona əmək pensiyasının təyin edilməsi hazırkı cavabdehlərin səlahiyyətlərində deyil. Hətta vaxtilə DİO-da xidmət etdiyi nəzərə alınaraq, iddia dəyişdirilməklə (İPM-in 13 və 54.1-ci maddələrinə əsasən) aidiyyəti quruma – yəni DSMF orqanına xüsusi rütbə daşımış şəxs kimi pensiya təyinatı üçün barəsində “məlumat vərəqəsi”nin verilməsi məsələsinə də qaldırılacaq iddianın uğurluluğu və əsaslılığından asılı olmayaraq hazırda baxıla bilməz. Çünki, bununla bağlı iddiaçı inzibati orqan AR Daxili İşlər Nazirliyinə müraciət etməmişdir. Odur ki, iddia ikinci hissədə də mümkün sayıla bilməz. İddiaçının üçüncü tələbinə gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçıya vaxtilə xidməti dövründə xüsusi rütbə verilmişdirsə, bu rütbənin bərpası onun işdən xaric olunma barədə əmrinin mübahisələndirilməsi ilə əlaqədardır. Həmin əmr isə, hazırda mübahisə predmeti deyil və onun mübahisələndirilməsi üzrə iddia müddəti də uzun illər buraxılmışdır. Bu səbəbdən, iddia həmin hissədə də mümkünsüz sayılır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iddianın bir hissəsi üzrə tələbləri (birinci tələb istisna olunmaqla) ümumiyyətlə İPM-in 30-cu maddəsinin “həmiştirakçılıq”la bağlı meyarları ilə uzlaşmır. Eləcə də, İPM-in 37-ci maddəsi hazırkı tələblərin birləşdirilməsi halına tətbiq edilə bilməz. Bütün qeyd olunanları nəzərə alaraq məhkəmə İPM-in 13 və 54.1-ci maddələrinin tələbləri rəhbər tutulmaqla iddianın hər hansı formada dəyişdirilməsinin iddiaçıya tövsiyə olunmasını da məqsədəmüvafiq saymır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 7.2, 9 və 17-ci bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair işlər üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar