Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5517/2021 12.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X1 “uşağın adının dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X1 “uşağın adının dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi tələbini onunla əsaslandırmışdır ki, iddiaçı üçüncü şəxslə rəsmi nikaha daxil olmuş, nikahlarından övladları X3 anadan olmuşdur. Daha sonra üçüncü şəxslə nikahları məhkəmə qaydasında pozulmuşdur. Uşaq hal-hazırda iddiaçının himayəsindədir. İddiaçı qeyd edir ki, övladının adınının Daniyal olması övladında mənəvi sarsıntı yaradır. Övladının ətrafında həmyaşıdları onu çağırarkən adın təhrif olunmuş formalarda ifadəsi ona təsir edir. Bu səbəbdən iddiaçı hesab edir ki, övladının adının dəyişdirilməsi və Ruslan kimi göstərilməsi zərurəti vardır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs ərizə təqdim edərək övladının adının dəyişdirilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1 Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4 Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. 26.5 Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 54.1. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi 10 yaşına çatmamış uşağın adının dəyişdirilməsi valideynlərin birgə xahişi və uşağın mənafeyi nəzərə alındığı təqdirdə mümkün hesab edilmişdir. Beləliklə cavabdehin uşağın adının dəyişdirilməsindən imtina etməsi həmin halların nəzərə alınıb-alınmamasının qanuniliyi baxımından qiymətləndirilməlidir. İş materiallarında olan cavabdehin imtina məktubundan görünür ki, cavabdeh müraciətin təmin edilməsinin yeganə imtina əsası kimi üçüncü şəxsin razılıq ərizəsinin təqdim edilmədiyini göstərmiş, adın dəyişdirilməsinin uşağın mənafeyinə mənfi təsir edibetməməsinə hər hansı münasibət bildirməmiş, qeyd olunan hal, yəni adın Ruslan adına əvəz edilməsinin mübahisələndirilməmişdir. Göründüyü kimi hazırkı növ imtinanın faktiki əsası kimi üçüncü şəxsin adın dəyişdirilməsinə razılığının olmaması çıxış edir. Məhkəmə isə hesab edir ki, müraciətin imtina edilməsinin yeganə əsası kimi çıxış edən həmin halın, yəni razılığın olub-olmaması cavabdeh tərəfindən ümumiyyətlə araşdırılmamış, inzibati icraatla bağlı qanunvericiliyin tələbləri pozulmaqla nəticəyə gəlinmişdir. Bununla bağlı aşağıdakıların qeyd edilməsi də zəruri hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Qanunvericiliyin tələbindən də göründüyü kimi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırdırılması inzibati orqanın vəzifəsi kimi çıxış edir. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa, inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Hazırkı inzibati mübahisənin yaranması isə göstərilən vəzifələrin inzibati orqan tərəfindən yerinə yetirilməməsi ilə bağlı yaranmışdır. Belə ki, uşağın adının dəyişdirilməsinin imtina əsası kimi çıxış edən üçüncü şəxs uşağın atasının razılığının olubolmaması araşdırılmadan, bununla bağlı üçüncü şəxsin izahatı alınmadan, maraqlı şəxs kimi iddiaçıya həmin razılığın müvafiq qaydada cavabdehə inzibati araşdırma dövründə təqdim edilməsinə şərait yaradılmadan imtina cavabı verilmişdir. Halbuki, məhkəmə tərəfindən inzibati məhkəmə icraatı çərçivəsində aparılan araşdırma üçüncü şəxsin uşağın adının dəyişdirilməsinə razılığının mövcudluğu, müraciətin təmininin istisna əsasının mövcud olmadığı sübut edilmişdir. Ailə Məcəlləsinin 54.1-ci maddəsinin tələbindən də göründüyü kimi uşağın adının dəyişdirilməsinə cavabdeh üçün imtina əsası ola biləcək valideynlərin birgə xahişinin olmaması iş üzrə müəyyən edilməmiş, əksinə hər iki valideynin uşağın adının dəyişdirilməsinə razı olduqları təsbit edilmişdir ki, qeyd olunan uşağın mənafeyi də nəzərə alınmaqla adın dəyişdirilməsi ilə bağlı iddia tələbinin təmin edilməsini qanuni və əsaslı edir. AR İPM-nin 14.3-cü maddəsindən də müəyyən edildiyi kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin faktiki hallarından, o cümlədən üçüncü şəxsin razılıq ərizəsindən də göründüyü kimi hazırkı növ iddia üzrə inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut edilə bilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyətindən, məhkəmə iclasında verdiyi ifadədən də aydın olur ki, iddiaçı övladının adının Ruslan olaraq qeyd edilməsinə razılıq verilməsini məhkəmədən xahiş edir. Məhkəmə AR İPM-nin 52-ci maddəsinin tələblərini də nəzərə almaqla iddia tələbini 09.07.2016-cı il təvəllüdlü X2 “Daniyal” adının “Ruslan” adına dəyişdirilməsinə icazə verilməsi kimi qəbul edir. Maddənin tələbindən də göründüyü kimi məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı övladı 09.07.2016-cı il təvəllüdlü X2 “Daniyal” adının “Ruslan” adına dəyişdirilməsinə icazə verilməsi vəzifəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5517/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5517/2021
12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver