Məhkəmə qərarları › İş №2-1(112)-5517/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5517/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5517/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki 3 il üzrə əlilliyə görə müavinətin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki 3 il üzrə əlilliyə görə müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 3-cü dərəcə əlil olması ilə bağlı üç il üzrə nəzərdə tutulmuş müavinətin hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Artıq uzun müddətdir ki, ankoloji xəstəliyə tutulmuşdur. Belə ki, ATU-nun Onkoloji klinikasında, sol süd vəzidə olan törəmə şikayəti ilə əlaqədar müraciət etmişdir. Aparılan kilinik, laborotor və instrumental müayinələr əsasında "Sol süd vəzinin Cr-iT2N1MO İİ(B) mərhələ, İİ kl. qar" diaqnozu qoyulmuşdur. Lakin, burada əməliyyat olunmaqdan qorxduğu üçün imtina edərək Türkiyədə xx.xx.2014-cü il tarixində "Sol süd vəzinin orqan saxlayıcı" əməliyyatı icra olunmuşdur. Xəsətlikləri ilə bağlı ona 2015-ci ilin fevral ayından 2-qrup əlillik verilmiş və buna dair müvafiq olaraq pensiya təyin edilmişdir. Lakin, 05 fevral 2021-ci il tarixdən heç bir əsas göstərilmədən ona təyin edilmiş pensiya dayandırılmışdır. Xəstəliyi ilə bağlı Türkiyə Respublikasında müayinələr və müalicələr olunduğu üçün Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinə Müraciət etməyi ləngimiş və yenidən müraciəti əsasında ona xx.xx.2024-cü il tarixdən 3-cü dərəcəli əlillik təyin edilmişdir. Əlilllik təyin edilərkən ona bildirilmişdir ki, o, ötən 3 il ərzində müraciət edərək verilməyən pensiya məbləğini tələb edə bilər. Cavabdeh orqan, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müracəti əsasında ona aylıq müavinət təyin etmişdir. Müavinət ona ilk dəfə veriləndə, müavinətin əlilliyinin verildiyi tarixindən hesablandığını, əvvəlki üç il üçün müavinətin ödənilmədiyi məlum olmuşdur. Qanunverici orqan birmənalı olaraq müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən əlillik müddətinədək təyin edilir. Odur ki, 3-cü qrup əlil olması ilə bağlı heç bir əsas olmadan onun əlilliyini ləğv etməklə sosial ödənişdən 3 ildən artıq müddət məhrum olması nəzərdə tutulmuş müavinətin ona fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi və verilməsi Azərbaycan Respublikasının Konstitusiyanın 12-ci və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququmun, habelə Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulması deməkdir, onun geriyə 3 il müddətinə aylıq müavinətin verilməməsinə əsas ola bilməz. Bu səbəbdən imtina cavabını yuxarıda qeyd edilən əsaslara və normalara əsasən qanunsuzdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı cavabdehə müraciət edərək ona təyin edilmiş əlilliyin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən əlilliyin yenidən müəyyən edildiyi xx.xx.2024-cü il tarixədək olan dövr üzrə əlilliyə görə sosial müavinətin ödənilməsini xahiş etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Ə-296087/2024 nömrəli məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-xx.xx.2024cü illər arasındakı dövr üzrə sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq həmin tarixdən iddiaçıya sosial müavinət təyin edilmişdir. İddiaçının əlilliyinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq ona təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək iddiaçıya ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 45 faizi pozulmasına görə əlillik təyin edildiyinə görə iddiaçının əmək pensiyasının ödənişi xx.xx.2024-cü il tarixdən 342.61 manat olmaqla bərpa edilmişdir. İşin faktiki hallarına əsasən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq iddiaçıya təyin edilmiş sosial müavinətin ödənişi ona təyin edilmiş əlilliyin müəddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa müvafiq olaraq sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Fərmanına əsasən). Həmin maddəyə müvafiq olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitdikdən sonra 6 aya qədər dövr ərzində yenidən əlilik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Əlilliyin təkrar qiymətləndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddət ötürüldüyündən iddiaçının ötən müddət ərzində əlil hesab edilməsi və ona həmin müddət üçün sosial müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 03 dekabr 2024-cü il tarixli, 3-17-1/2-Ə-296087/2024 nömrəli məktubla imtina edilmişdir.

8. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-17-4/2-13477/2025 nömrəli məktubla İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

İddianın növü və mümkünlüyü

9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

13. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişlər, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

14. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

15. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ...

18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (xx.xx.2023-cü il tarixli, 2-1(102)-864/2023 nömrəli) qəbul etdiyi qərarında qeyd edilir ki: “24. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsinə yönəlmişdir.

25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu qərarın 15-16-cı bəndlərində istinad olunan normalara görə, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

26. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Eyni zamanda xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə birinci, ikinci və üçüncü dərəcə əlillik müəyyən olunur.

27. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur.

28. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçıya əlillik xx.xx.2015-ci il tarixdə beş il müddətinə təyin edilmiş, növbəti dəfə iddiaçının əlillik vəziyyətinə baxılaraq “əlavə ixtisaslaşmış müalicəyə ehtiyacı olması” və “Göndərişin natamam doldurulması” səbəbi ilə imtina verilmişdir. Bundan sonra, iddiaçının əlillik vəziyyətinə xx.xx.2022-ci il tarixdə yenidən baxılmış, ona 3-cü qrup müddətsiz əlilliyin müəyyən edilməsi ilə bağlı qərar qəbul edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir.

29. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin 2.12.2020-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 11 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz.

30. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. 31. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilməlidir.”

20. Beləliklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarında sərgilənən hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra, onun əlilliyi yenidən xx.xx.2024cü il tarixdə müəyyən edilərək ona xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək iddiaçıya ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 45 faizi pozulmasına görə əlillik təyin edildiyindən və onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 11 aydan çox müddətdə təyin edildiyindən, ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilmədiyindən iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.) tələbləri baxımından təmin edilə bilməz.

21. Odur, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar