Məhkəmə qərarları › İş №2-1(112)-5519/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5519/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5519/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin özəlləşdirilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində yerləşən 0,6 ha torpaq sahəsinə dair X1 adına bağlanmış 01 noyabr 2005-ci il tarixli 118 nömrəli icarə müqaviləsinə əsasən onun istifadəsinə verilmiş torpaq sahəsi iddiaçı tərəfindən etibarnamə əsasında alınmış və Balaxanı qəsəbə bələdiyyəsi tərəfindən müvafiq sənədləşdirmələr aparılaraq yerli bələdiyyə büdcəsinin vergi ödəyicisi olmağı haqqında şəhdətnamə verilmişdir. Hal-hazırda həmin torpaq iddiaçının tam istifadəsindədir, ondan başqa torpağa iddiaçı yoxdur. Həmin torpağın icarəyə verilməsi üçün 04.10.2005-ci il tarixində 30 saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən vətəndaş X4 və Balaxanı qəsəbə bələdiyyəsi tərəfindən 15 illik müddətə icarə müqaviləsi bağlanılmışdır.Hal-hazırda həmin icarə müqaviləsi başa çatmışdır. İddiaçı torpağı öz adına sənədləşdirmək istəsə də, Balaxanı qəsəbə bələdiyyəsi tərəfindən imtina edilərək həmin torpağın iddiaçının istifadəsində olmasına dair akt tərtib edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə 17.11.2020-ci il tarixində müraciət edərək istifadəsində olan torpağın özəlləşdirməsini xahiş etmişdir. 16.03.2021-ci il tarixində xahişindən imtina edilmişdir. dair çıxarışın və plan və ölçüsünün verilməsi üçün müraciət etmişdir. İddiaçı hesab edir ki, ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 13.03.2019-cu tarixli, **********96 nömrəli məktubu istinad edilərək verilən cavab əsassızdır. Əlavə olaraq bildirmişdir ki, 2-ci dərəcəli müharibə əlilidir, müharibədə aldığı kəllə-beyin travması səbəbindən ünvan 1 ünvanındakı 9 mərtəbəli binanın 9-cu mərtəbədə yaşaması gündən-günə çətinləşir və həkim həyət evində yaşamağı məsləhət görmüşdür. Özəlləşdirməni həyata keçirməkdə məqsədi torpaq sahəsinin hüquqi vəziyyətinin dəqiqləşdirilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsidir. Torpağı özəlləşdirdikdən sonra niyyəti orda kiçik həyət evi tikməkdir. İddiaçıya məxsus torpağın yerləşdiyi Odlar Yurdu küçəsində orada yaşayan sakinlər tərəfindən yaşayış evləri tikilmiş və hal-hazırda sakinlər həmin evlərdə yaşayırlar və küçə abadlaşdırılmışdır.

3. Məhkəmə iddiaçıya hüquqi yardım məktubu göndərərək təklif etmişdir ki, iddia tələbi formal tələblərə uyğunlaşdırılsın. İddiaçı iddia tələbini dəyişdirərək məhkəməyə müraciət etmişdir.

4. Məhkəmənin 07.05.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin X3 istifadəsində olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması və həmin torpağa aid daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinı qoyulması kimi dəyişdirilməsi qərara almışdır. Cavabdehin nümayəndəsi tələbin dəyişdirilməsinə etiraz etməmişdir.

5. Məhkəmənin 08.05.2021-ci il tarixli qərardadı ilə Balaxanı bələdiyyəsi iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Məhkəmənin 07.05.2021-ci il tarixli qərardadı ilə - Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunması; Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində yerləşən 0,06 ha torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq kateqoriyası barədə (kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları); Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüququn forması barədə (dövlət, bələdiyyə və xüsusi mülkiyyət); Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində yerləşən 0,06 ha torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənmə (məhdudiyyətlər) barədə mütəxəsis rəyinin alınmasını qərara almışdır. Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti araşdırmanın nəticəsi olaraq mütəxəsis rəyində bildirmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquluşu Layihə Tədqiqat Mərkəzi”nin mütəxəsisləri tərəfindən araşdırma aparılmış və ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində yerləşən 0.06 ha torpaq sahəsi koordinatları müəyyən edilməklə ölçülmüşdür, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan və neft-qaz hasilatı məqsədilə Balaxanı Əməliyyat Şirkətinin idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir, sənayə təyinatlıdır və dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmçinin həmin torpaq sahəsinin hər hansı fiziki şəxsə ayrılması və ya hər hansı hüquqi və texniki sənədin verilməsi barədə məlumat aşkar edilməmişdir.

8. Məhkəmə baxış iclası zamanı (şifahi məhkəmə dinləmələri) iddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

9. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

10. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

11. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).

12. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

13. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

14. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

15. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X5 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

16. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

17. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

18. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

19. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

20. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

21. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

22. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığına yoxlamaq zərurəti mövcud deyildir.

23. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir

24. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar