Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5520/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (əvvəlki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozunun ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, **********49 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda Abşeron rayon Zeytun sovxozu direktorunun fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması barədə xx.xx.1998-ci il tarixli, 13 nömrəli əmrinə dair arxiv arayışının təqdim edilmədiyini, **********75 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda isə iddiaçı tərəfindən təqdim edilən Abşeron rayon İcra Hakimiyyəti başçısının 16 mart 1998-ci il tarixli, 71 saylı sərəncamın arxiv arayışında ərizəçinin adı və ayrılmış torpaq sahəsinin ölçüsünün qeyd olunmadığını, elektron kadastr baza məlumatına əsasən perimetrik ölçü fərqinin mövcud olduğunu və torpaq sahəsinin "2 nömrəli Zığ Zeytunçuluq” sovxozunun ərazisi olmaqla, baza məlumatlarına əsasən yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyini, torpaq sahəsi sovxoz ərazisində yerləşdiyindən "2 nömrəli Zığ Zeytunçuluq” sovxozu rəhbərinin əmri, əmrin arxiv arayışı və qanuna uyğun yerləşmə sxeminin təqdim edilmədiyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Zeytun sovxozu direktorunun xx.xx.1988-ci il tarixli, 13 nömrəli əmri ilə ona fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahəsinə dair çıxarışın və plan ölçünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Abşeron rayonu Zeytun sovxozunun direktorunun xx.xx.1998-ci il tarixli, 13 nömrəli əmri ilə ona fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh təşkilata müraciət etmiş, müraciətinə xx.xx.2021-ci il tarixli, **********49 saylı məktubla cavab verilmişdir ki, Abşeron rayonu, Zeytun sovxozu direktorunun fərdi evi tikmək üçün torpaq sahəsi ayrılması barədə xx.xx.1998-ci il tarixli, 13 nömrəli əmrinə dair arxiv arayışı təqdim edilməmişdir. Qeyd olunan sənədi arxivdən əldə etdikdən sonra cavabdehə yenidən müraciət etmişdir. Müraciətinə bu dəfə xx.xx.2021-ci il tarixli, **********75 saylı məktubla cavab verilmişdir ki, təqdim edilən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 16 mart 1998-ci il tarixli, 71 saylı sərəncamının arxiv arayışında ərizəçinin adı və ayrılmış torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Elektron kadastr baza məlumatına əsasən perimetrik ölçü fərqi mövcuddur və torpaq sahəsi “2 nömrəli Zığ Zeytunçuluq" sovxozunun ərazisidir. Həmçinin baza məlumatlarına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Torpaq sahəsi sovxoz ərazisində yerləşdiyindən ”2 nömrəli Zığ Zeytunçuluq" sovxozu rəhbərinin əmri, əmrin arxiv arayışı və qanuna uyğun yerləşmə sxemi təqdim edilməmişdir. Bu səbəbdən də müraciətinin həllindən imtina edilmişdir. Tələb olunan sənədlər və sözügedən torpaq sahəsinin elektrik veriliş xətlərinin mühafizə zonasında yerləşməməsinə dair xx.xx.2021-ci il tarixli, 01/02/12-13/K-160/7822 saylı arayışı cavabdehə təqdim edərək torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təkrar xahiş etmişdir. Müraciətinə bu dəfə xx.xx.2021-ci il tarixli, **********27 saylı məktubla cavab verilmişdir ki, torpaq sahəsi ilə bağlı müraciətinə **********75 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Cavabdehin imtinası tam əsassız və qanusuzdur. Belə ki, qeyd olunan torpaq sahəsi ona ayrıldığı vaxtdan daş hasara alınmışdır və onun istifadəsindədir. Torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. İmtina məktubunda iradların tam aradan qaldırılmadığı bildirilsə də, həmin iradların nədən ibarət olduğu göstərilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********42 saylı iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəblərdən məhkəmədə iştirak edə bilmədiyinə görə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, iddaçı bu sənədlərdən heç birini təqdim etməmişdir. Belə ki, işdə olan Abşeron Rayon İcra Hakimiyyəti başçısının Respublika Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 84 saylı qərarı ilə ayrılmış həyətyanı torpaq fondundan paylanmamış hissəsinin həyətyanı altına verilməsi haqqında xx.xx.1998-ci il tarixli, 71 nömrəli sərəncamına gəldikdə, həmin sərəncamdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 14 fevral 1989-cu il tarixli 84 saylı qərarı ilə 2 saylı Zeytun sovxozundan 6 hektar həyətyanı fond üçün torpaq sahəsi ayrılmasının və həmin torpaqdan əvvəllər 4,5 hektarının həyətyanı torpaq sahəsi kimi verildiyi, 25 ailə üçün 1,5 hektarının ehtiyat fondunda saxlanıldığı barədə 2 saylı Zeytun sovxozunun direktoru A.Hüseynov cənablarının məlumatının nəzərə alınması, sovxozda həyətyanı torpaq sahəsinə olan ehtiyacı nəzərə alaraq hər ailə üçün 0,06 hektar hesabı ilə 25 ailə üçün nəzərdə tutulmuş 1,5 hektar həyətyanı torpaq fondunun torpaq qanunvericiliyinə uyğun sovxoz tərəfindən vətəndaşlar arasında bölünməsinə icazə verilməsi, torpağın sovxoz komissiyasının rəyi və sovxozun əmri ilə paylanması qərara alınmışdır. Göründüyü kimi, bu sərəncam ümumi xarakter daşımış, torpaq sahəsi ayrılan şəxslərin adları qeyd olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aid edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci hissəsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Göründüyü kimi, qanunverici yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxoz rəhbərinin (direktor və s.) əmrinə əsasən torpaq sahəsinin qeydiyyatının o halda aparılması nəzərdə tutulmuşdur ki, həmin əmr “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil edir. İşdən görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona Abşeron rayonu Zeytun sovxozunun direktorunun xx.xx.1998-ci il tarixli, 13 nömrəli əmri ilə verilməsinə istinad etmiş və həmin əmrin surətini təqdim etmişdir. Həmin əmrə əsasən Abşeron rayon 2 saylı zeytun sovxozunun ərazisindəki kənd təsərrüfatına yarasız 6 hektar torpaq sahəsi fərdi yaşayış evi tikinisi üçün ayrılması haqqında Abşeron Rayon İcra Hakimiyyəti başçısının Respublika Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 84 saylı qərarı və Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 71 saylı sərəncamı ilə sovxozda həyətyanı torpaq sahəsinə olan ehtiyacı nəzərə alaraq 1,5 hektar torpaq sahəsini torpaq qanunvericiliyinə uyğun olaraq sovxoz tərəfindən vətəndaşlar arasında bölünməsi və həmin qərara əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün 0,6 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Lakin işdə olan Abşeron rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 370 nömrəli arxiv çıxarışında qeyd edilmişdir ki, Abşeron rayon 2 №-li Zığ Zeytun sovxozu tərəfindən Abşeron RİH-in xx.xx.1998-ci il tarixli 71 nömrəli sərəncamı əsasında 1998-ci ildə fəhlə və qulluqçulara həyətyanı torpaq sahəsi ayrılıb verilməsi barədə sovxoz rəhbərliyinin əmri və torpaq alanların adbaad siyahısı arxivdə yoxdur. Çünki sovxozun ancaq 1997-cı ilədək olan dövrünün sənədləri arxivə təhvil verilmişdir. Göründüyü kimi, iddiaçının torpaq sahəsinə dair təqdim etdiyi hüquqmüəyyənedici sənəd - sovxoz rəhbərinin (direktor və s.) əmri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivində mövcud deyil. Belə olan halda aydındır ki, həmin əmrin dövlət arxivində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etməsinin müəyyənləşdirilməsi mümkünsüzdür. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsinə uyğun olan əsaslardan hər hansı birini təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçı qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi təqdim etmədiyindən məhkəmə imtinanın digər dəlillərinə münasibət bildirməyə zərurət görmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5520/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5520/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver