Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5521/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan), Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 (hüquq sektorunun müdiri, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (3-cü şəxs Qərbi Kaspi Universiteti cəlb olunmaqla) “maddi ziyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakışəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya dəymiş 50.000 manat məbləğində maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 aprel 2021-ci il tarixli Qərardadına əsasən Qərbi Kaspi Universiteti 3-cü şəxs qismində işə cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o 1992-ci il tarixində Qərbi Kaspi Universitetinin (əvvəlki Qərb Universiteti) "İşgüzar İnzibatçılıq" fakültəsinin Biznes Menecment ixtisasının axşam şöbəsinə daxil olmuşdur. 25.05.1996-cı il tarixində ailə vəziyyəti ilə əlaqədar akademik məzuniyyət götürmüş, lakin sonradan o 01.02.2000-ci il tarixində universtetdən xaric edilmişdir. Belə ki, 27.08.2019-cu il tarixində ərizə ilə Qərbi Kaspi Universitetinə tələbə sıralarına bərpa olunaraq, təhsilini davam elətdirmək üçün müraciət etsə də, müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5\2 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəsisələrinin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların tələbələr sırasına bərpa adlanan 4-cu maddəsinin 4.1-ci bəndinə əsasən "Ali təhsilin bakalavriat və magistratura səviyyələrində əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəsisəsinə bərpa olunmaq hüququna malikdirlər. Hesab edir ki, cavabdeh Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5\2 nömrəli qərarı onun həm konstitusion hüquqlarını pozmaqla yanaşı, həmdə maddi ziyan vurmuşdur. O təhsilini bitirib ixtisası üzrə işləyib çalışıb pul qazana bilərdi. Göründüyü kimi cavabdehin 15.11.2017-ci il tarixində qəbul etdiyi qərar onu gələcəkdə gəlir əldə etməkdən məhrum etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı Təhsil Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1992-ci ildə Qərbi Kaspi Universitetinə daxil olmuş və ailə vəziyyəti ilə əlaqədar 1996-cı ildə akademik məzuniyyət götürmüşdür. 2000-ci ildə Universitetdən xaric edilmişdir. 27.08.2019-cu ildə Universitetə bərpa olunmaq üçün Təhsil Nazirliyinə müraciət etmiş və nazirliyin ona ünvanladığı məktubla ali təhsil müəssisəsinə bərpa olunmaq üçün 15 illik müddət keçdiyini bildirilmişdir. İddiaçı hesab edir ki, nazirlik onun hüquqlarını pozduğundan ona maddi ziyan dəymişdir. Qeyd edilən əsasla maddi ziyanın ödənilməsi barədə məhkəməyə mürciət etmişdir. Cavabdeh hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı Qərb Univeritetinin 25.05.1996-cı il tarixli, 109 saylı əmri ilə 1995/1996-cı illər üçün ailə vəziyyəti ilə əlaqədar akademik məzuniyyət götürmüş və 01.02.2000-ci il tarixdə sənədlərini geri götürməklə bağlı universitetə müraciət etmiş, universitetin 01.02.2000-ci il tarixli, 10 saylı əmri ilə, öz ərizəsinə əsasən tələbələr sırasından xaric edilmişdir. O, 03.06.2019-cu ildə ali təhsil müəssisəsinə bərpa üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Təhsil Nazirliyinin 27.08.2019-cu il tarixli, Ə-6219/10-24 saylı məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistartura səviyyəsində əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyətin götürülməsinə dair” Qaydaların tələblərinə görə, tələbələr sırasından xaric edilmiş şəxslər xaric olunma vaxtından 1 semester keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Təhsil Nazirliyinin cavab məktubundan göründüyü kimi, nazirlik tərəfindən ali təhsil müəssəsindən xaric edilən şəxslərin bərpa edilməsi üçün normativ müddətin mövcud olduğu qeyd edilmişdir. Nazirlik cavab məktubunda bu sahəni tənzimləyən və həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlara istinad etməklə məlumat vermişdir. Qeyd edilən müddət normativ-hüquqi aktlarla tənzimləndiyindən və cavabdeh tərəfindən bu norma ərizəçiyə izah edildiyindən, iddiaçıya hər hansı maddi ziyan vurulmamışdır. Qanunvericiliyə əsasən iddiaçının pozulmuş hüququnun bərpası üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və hüququ pozulmasayda gələcəkdə əldə edə biləcəyi gəlirlər barədə məhkəməyə hər hansı bir subut təqdim etməmişdir. Eyni zamanda sənədlərdən göründüyü kimi, iddiaçı öz ərizəsi ilə Qərb Universitetinin tələbələri sırasından xaric edilmişdir. Onun təhsil almaq hüququ univeristet tərəfindən məhdudlaşdırılmamış, ona ailə vəziyyəti ilə bağlı akademik məzuniyyət verilməsinə baxmayaraq, iddiaçı öz iradəsinə əsasən ərizə verərək, təhsil müəssisəsindən xaric edilmişdir. Digər tərəfdən Təhsil Nazirliyinin məktubundan göründüyü kimi, iddiaçın təhsil müəssisəsinə bərpa üçün müraciətinə imtina deyil, həmin sahəni tənzimləyən qanunvericilik normaları izah edilmişdir. Qeyd olunalara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçının 09.12.2019-cu il tarixli, Ə-6219/01 nömrəli müraciətinə baxılaraq, bildirilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”a əsasən, bakalavriat səviyyəsi üzrə tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi (birinci semestr istisna olmaqla) tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması yay və qış tətili dövründə həyata keçirilir. Bərpa barədə ərizəyə akademik arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir. Eyni zamanda bildiririlmişdir ki, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 17 dekabr 2020-ci il tarixli, Ə-14050/11-24 saylı məktubdan görünür ki, iddiaçının müraciəti araşdırılmış və bildirilmişdir ki, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar" Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən iddiaçının ali təhsil müəssisəsinə bərpa olunmağı məsələsinə baxmaq mümkün deyildir. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdeh tərəfindən iddiaçıya dəymiş 50.000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edir. İddiaçı cavabdeh Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5\2 nömrəli qərarının onun hüquqlarını pozmaqla yanaşı, eyni zamanda, ona maddi ziyan vurduğunu qeyd edərək iddia tələbini əsaslandırmağa çalışmışdır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı 1992-ci ildə Qərbi Kaspi Universitetinə daxil olmuş və ailə vəziyyəti ilə əlaqədar 1996-cı ildə akademik məzuniyyət götürmüşdür. 2000-ci ildə Universitetdən xaric edilmişdir. 27.08.2019-cu ildə Universitetə bərpa olunmaq üçün Təhsil Nazirliyinə müraciət etmiş və nazirliyin ona ünvanladığı məktubla ali təhsil müəssisəsinə bərpa olunmaq üçün 15 illik müddət keçdiyini bildirilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin izahatından müəyyən edilmişdir ki, İddiaçı Qərb Univeritetinin 25.05.1996-cı il tarixli, 109 saylı əmri ilə 1995/1996-cı illər üçün ailə vəziyyəti ilə əlaqədar akademik məzuniyyət götürmüş və 01.02.2000-ci il tarixdə sənədlərini geri götürməklə bağlı universitetə müraciət etmiş, universitetin 01.02.2000-ci il tarixli, 10 saylı əmri ilə tələbələr sırasından xaric edilmişdir. Bu hal məhkəmə iclasında iddiaçı tərəfindən təkzib edilməmişdir. İddiaçı sonradan 03.06.2019-cu ildə ali təhsil müəssisəsinə bərpa üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, sonuncu 27.08.2019cu il tarixli, Ə-6219/10-24 saylı məktub əsasında iddiaçıya Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistartura səviyyəsində əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyətin götürülməsinə dair” Qaydaların tələblərinə görə, tələbələr sırasından xaric edilmiş şəxslər xaric olunma vaxtından 1 semester keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malik olduğunu bildirmişdir. Təhsil Nazirliyinin cavab məktubundan göründüyü kimi, nazirlik tərəfindən ali təhsil müəssəsindən xaric edilən şəxslərin bərpa edilməsi üçün normativ müddətin mövcud olduğunu izah edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya qeyd olunan məsələlərin tənzimlənməsinə dair və həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlara istinad edilməklə məlumat vermişdir. Beləliklə işin araşdırılan halları ilə iddiaçının sözügedən tələblə bağlı cavabdeh tərəfindən hər hansı hüquqlarının pozulması, o cümlədən maddi ziyanın vurulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilən maddi hüquq normalarının mahiyyətinə görə, zərərin əvəzinin ödənilməsini tələb edən şəxs məhkəməyə müraciət edərkən, əvvəla hüquq pozuntusunun baş verməsini sübut etməli, hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməlidir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5521/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5521/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver