Məhkəmə qərarları › İş №2-1(112)-5522/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5522/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5522/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «mənzil növbəsinin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başıçısının 139 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamının ləğv edilməsi və onun ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1994-2013-cü illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, kapitan rütbəsinə kimi yüksəlmişdir. 19 il boyunca layiqincə Vətənə xidmət etmişdir. 2013cü il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirinin 077 saylı əmri ilə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. O və ailə üzvləri - həyat yoldaşı, oğlu və qızı ünvan 1 ünvanında qeydiyyatda olduqları üçün ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunmaları üçün Cavabdehnə müraciət etmişdir. Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün tələb olunan müvafiq sənədləri təqdim etdikdən sonra Cavabdeh Başçısının 216 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ilə o, 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edilmişdir. Rayon İcra Hakimiyyətinin balansında yaşayış sahəsi mövcud olmadığından 2013-cü ildən 2020-ci ilin iyun ayına kimi rayon İcra Hakimiyyəti tərəfindən hər ay mənzil kirayə haqqı ilə təmin olunmuşdur. Hal-hazırda ailə üzvləri ilə birlikdə Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 1, 16 saylı mənzildə kirayə yaşayırlar. 2020-ci ilin may ayından bəri mənzil kirayə haqqı onlara ödənilmir. Şifahi olaraq Cavabdeh ilə əlaqə saxladıqda bildirdilər ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığı üçün o və ailə üzvləri ehtiyatda olan hərbi qulluqçuların mənzil növbəsindən çıxarılacaqlar. Bununla bağlı Cavabdeh tərəfindən ona bir neçə dəfə xəbərdarlıq edildi, o, rayon icra Hakimiyyətində qəbulda olarkən ona yenidən mənzil növbəsindən çıxarılacağı bildirildi. Bundan sonra Rayon İcra Hakimiyyətinə dəvət olunmuşdur və mənzil növbəsinin ləğv olunması barədə sərəncam ona təqdim olunmuşdur. Cavabdeh Başçısının 139 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından onun və ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Həmin sərəncam ilə o, ailə üzvləri ilə birlikdə Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır və növbəsinə dair Cavabdeh Başçısının 216 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ləğv olunmuşdur. Bununla bağlı olaraq Cavabdehnə ərizə ilə müraciət edərək Cavabdeh Başçısının 139 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamının ləğv edilməsini xahiş etmişdir. Lakin Cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən qeyd olunan məsələ ilə əlaqədar xahişinin yerinə yetirilməsinin mümkün olmaması bildirilmişdir. Cavabdehin qeyd etdiyi əsas qanunvericilikdə nəzərdə tutulmadığı üçün hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iş üzrə iddiaya qarşı cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli 216 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 11 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 7 saylı evin yaşayış sahəsi 47,0 kv.m olan 3 otaqlı, qayınatasına məxsus olan 21 saylı mənzildə qeydiyyatdadır, lakin ailəsi ilə birlikdə başqa ünvanda kirayədə yaşayır. O, Rayon İcra Hakimiyyətinə müraciətində uzun müddət orduda zabit olaraq qulluq etdiyini, hazırda isə ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qeydiyyatda olduğunu bildirərək, gələcəkdə yaşayış şəraitinin yaxşılaşdırılması üçün ona verilmiş imtiyazları nəzərə alıb, 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, qızı) güzəştli mənzil növbəsinə qəbul olunması üçün sərəncam verilməsini xahiş edir. İddiaçı bu barədə müvafiq sənədləri təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı yaşayış yeri üzrə 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, qızı) güzəştli əsaslarla mənzil uçotuna görürülməsi və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 139 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Başçısının 216 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ilə vətəndaş İddiaçı yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür və mənzil-uçot siyahısına daxil edilmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından İddiaçı və onun ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı və onun ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması, Cavabdeh Başçısının 216 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamının ləğv olunması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, Ə-188-068 saylı məktubda qeyd olunur: Sizin Cavabdehnə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətiniz ilə əlaqədar olaraq bildiririk ki, Siz «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmağınız səbəbindən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən mənzil növbəsinə götürüləcək ehtiyata buraxılmış hərbi qulluqçu kimi nəzərdə tutulmadığınızdan Cavabdeh Başçısının 139 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Siz və ailə üzvləriniz ehtiyatda olan ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışsınız. Qeyd olunan məsələ ilə əlaqədar xahişinizin yerinə yetirilməsi mümkün deyildir. İş materiallarında olan İddiaçı məxsus EZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2013-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2013-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin 077 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin xx.xx.2013-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1994-cü ildən xx.xx.2013-cü ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası müdafiə nazirinin 077 nömrəli xx.xx.2013-cü il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən ehtiyata tərxis olunub. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X3 xx.xx.2006-cı ildə nikaha daxil olmuşlar, onların birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X6, xx.xx.2008-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mübahisələndirilən sərəncamların verilməsinə əsas olmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü, xx.xx.2015-ci, xx.xx.2017-ci, xx.xx.2018-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixli arayışlarına əsasən İddiaçı, X1, X4 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2013-cü ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası müdafiə nazirinin 077 nömrəli xx.xx.2013-cü il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən ehtiyata buraxılmışdır, yəni 19 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli 216 nömrəli Sərəncamına əsasən iddiaçı yaşayış yeri üzrə 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, qızı) güzəştli əsaslarla mənzil uçotuna götürülmüşdür. Lakin Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 139 nömrəli Sərəncamına əsasən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığı əsas gətirilməklə iddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 216 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamı ləğv olunmuşdur. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı X3 ilə xx.xx.2006-cı ildə nikaha daxil olmuşdur, onların birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X6, xx.xx.2008-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. İddiaçı, X1, X4 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alınmamışdır. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında kirayədə yaşayır (mənzil kirayə müqaviləsi iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin norma «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 19 ildən çox olması iş materialları ilə müəyyən edilir. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunanlar iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Eyni zamanda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ müəyyən edilərkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılan hərbi qulluqçular istisna edilməmişdir. Həmin normada qeyd olunan hüquq ümumiyyətlə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən istinad edilən hal («Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılma) iddiaçının mənzil növbəsinə götürülməməsi və ya onun ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması üçün əsas kimi çıxış edə bilməz, cavabdehin belə bir əsasa istinad edərək iddiaçını ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarması qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 139 nömrəli Sərəncamı qanunsuzdur. Ona görə də həmin sərəncam ləğv edilməli və iddiaçı 4 nəfər ailə üzvü (özü, arvadı, iki nəfər övladı) ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-70, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh Başıçısının 139 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamı ləğv edilsin və İddiaçı 4 nəfər ailə üzvü (özü, arvadı, iki nəfər övladı) ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə bərpa olunması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar