Məhkəmə qərarları › İş №2-1(112)-5523/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5523/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5523/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının verilməsi tələbinə dair işə məhkəmə hazırlıq icraatı mərhələsində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya 16 aprel 2021-ci il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən edildi ki, iddia tələbinin iddiaya cavab verməli olmayan inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəlmişdir. Məktubda həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən veteran adı və müvafiq vəsiqələri şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq tələb olunan sənədlər (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) əsasında Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verildiyi, işdə olan sənədlərə əsasən iddiaçının 157 saylı Goranboy rayon Ərazi Özünümüdafiə batalyonunda xidmət keçdiyi, belə olan halda hazırki iddia tələbi üzrə iddia tələbinin yönəldiyi cavabdehin iddiaya cavab verməli orqan olmadığı, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edə biləcəyi və inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edildiyi təqdirdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilmə hüququnun olduğu izah edilmişdir. Lakin iddiaçı tərəfindən müvafiq hərəkət edilməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin ünvan 1 ünvanında yaşayan İddiaçı göndərdiyi xx.xx.2021-ci il tarixli, 1/B-4629 saylı cavab məktubunda göstərilir ki, Sizə "Müharibə Veteram" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə AR Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və 662 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 662 nömrəli protokolu aşağıdakı əsaslara görə qanunsuz hesab edilməli və ləğv edilməlidir: Belə ki, T. Bayramova məxsus ******* saylı Hərbi biletdə onun "könüllü olaraq Goranboy rayon özünümüdafiə batalyonunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı" təsdiq edilmişdir. Həmçinin Goranboy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(045)-2160/2016 saylı qətnaməsi ilə ünvan 2 ünvanında yaşayan İddiaçı 157 saylı Goranboy rayon Ərazi Özünümüdafiə batalyonunda xx.xx.1992-ci il tarixdən xx.xx.1992- ci il tarixədək döyüşlərdə iştirak etməsi və hərbi xidmətdə olması faktının müəyyən olunması qət edilmişdir. Qətnaməyə əsasən, mövcud sübutlar və dindirilmiş şahidlərin - X2 və X1 ifadələrinə görə təsdiq edilir ki, həqiqətən də İddiaçı 157 saylı Goranboy rayon Ərazi Özünümüdafiə batalyonunda xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüşlərdə iştirak etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməini xahiş etmişdir. İddianın mümkünlük məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, həmin iclasa tərəflər gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab etmişdir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Qeyd edildiyi kimi İnzibati prosessual qanunvericiliyin tələbinə görə iddianın mümkünlük şərtlərindən biri də cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı 157 saylı Goranboy rayon Ərazi Özünümüdafiə batalyonunda xidmət keçmişdir. Eyni zamanda iş materiallarından iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi və inzibati orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən veteran adı və müvafiq vəsiqələri şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq tələb olunan sənədlər (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) əsasında Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbində də konkret olaraq göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktm qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarınm pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqmda, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddia ərizəsində inzibati icraatın mümkünlüyünün qanunla müəyyən edilən zəruri şərtlərinin mövcudluğu aşkar olunmur. Buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar