Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5527/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “avtomobilin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Toyota Prius” markalı 4238 (21) İX tranzit nömrə nişanlı, JTDKB20U983366969 ban nömrəli, 2007-ci il buraxılışlı avtomobilin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Toyota Prius” markalı 4238 (21) İX tranzit nömrə nişanlı, JTDKB20U983366969 ban nömrəli, 2007-ci il buraxılışlı avtomobilinin qeydiyyata alınması üçün 16 noyabr 2021-ci il tarixdə cavabdehə təqdim etmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zaman avtomobilin ban nömrəsi olan hissəsinin kəsilib yenidən qaynaq işləri aparılması və şassi birkasız olması müəyyən edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. Bundan sonra fakt üzrə toplanmış material araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqatlar İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinə göndərilmiş və material üzrə araşdırma aparılmış və 11 dekabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Toplanmış material üzrə araşdıma aparılaraq bu nəticəyə gəlinmişdir ki, “Toyota Prius” markalı 4238 (21) İX tranzit nömrə nişanlı, JTDKB20U983366969 ban nömrəli, 2007-ci il buraxılış avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin zavod lövhəsi üzərində ban nömrəsi cırılmışdır. Bununla belə avtomobilin arxa sağ sol qapılarında avtomobilin stasionar ban nömrəsinə uyğun olmayan digər bir “JTDKB20UX83339814” ban nömrəsi göstəricisi vardır. İddiaçı də avtomobili bu vəziyyətdə alınmasını göstərmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri 17 simvolun içərisində avtomobilin istehlakçısı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücüsünün göstəriciləri və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə qeydi, yəni ban nömrəsi üzrə kodlaşdırma qüsurlu olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban nömrəsi üzrə kodlaşdırma qüsurlu olur. Hansı ki, qeyd edilən 17 göstəricisi üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricisinin fərqli olmasına dəlalət edir. ...bununla belə avtomobildə aşkar edilmiş qüsur və uyğunsuzluqla bağlı İddiaçı əməlində hər hansı bir cinayət tərkibi olmadığından qeyd edilən fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş istintaq və Təhqiqat idarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisəsinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsi nəqliyyat vasitəsinin qeydiyyata alınması üzrə səlahiyyətli deyil. İddiaçı bundan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 idarəsinə qeyd edilən avtomobilin təkrar qeydiyyata alınması ilə bağlı elektron müraciət etmiş, həmin idarə 10.01.2021-ci il tarixli cavab məktubu ilə xahişini rədd edərək məhkəmə orqanlarına müraciət etməsi tövsiyə etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaya münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş 11 dekabr 2021-ci il tarixli qərarı ilə, İddiaçı əməlində cinayət tərkibi olmadığından onun barəsində bu fakt üzrə cinayət işi başlanması rədd edilmiş və toplanmış material üzrə araşdırma aparılaraq bu nəticəyə gəlinmişdir ki, “Toyota Prius” minik markalı, 423821İX tranzit nömrə nişanlı, xetçbek tipli, “JTDKB20U983366969” ban nömrəli, 2007-ci il buraxılışlı avtomobilin ban nömrəsinin ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin zavod lövhəsi üzərində ban nömrəsi göstərilən sahə cırılmışdır. Bununla belə avtomobilin arxa sağ və sol qapılarında avtomobilin stasionar ban nömrəsinə uyğun olmayan digər bir “JTDKB20UX83339814” ban nömrəsi göstəricisi vardır. İddiaçı də avtomobilin bu vəziyyətdə alınmasını göstərmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban nömrəsi üzrə kodlaşdırılma qüsurlu olur. Hansı ki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Göründüyü kimi “Toyota Prius” minik markalı, 423821İX tranzit nömrə nişanlı, xetçbek tipli, JTDKB20U983366969 ban nömrəli, 2007-ci il buraxılışlı avtomobildə zavod istehsalı zamanı vurulmuş ban nömrəsi olan hissəyə müdaxilə edilməklə ban nömrəsi qaynaq edilmişdir. Avtomobilin növündən asılı olaraq ban və ya şassi nömrəsi istehsalçı zavod tərəfindən stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Bununla belə avtomobilin zavod lövhəsi (birka) avtomobilə bərkidilməklə avtomobilə aid məlumatları özündə daşımaqla izlənilən detalların təkrarlayıcı göstəricisi olur. Lakin “Toyota Prius” minik markalı, 423821İX tranzit nömrə nişanlı, xetçbek tipli, JTDKB20U983366969 ban nömrəli, 2007-ci il buraxılışlı avtomobildə qapı dirəklərində sağ və sol tərəfdə aşkar edilmiş zavod lövhəsi isə ban nömrəsi ilə zidiyyət təşkil etməklə digər göstəriciləri təkrarlamır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; V hissəsinə əsasən, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. V-İİ hissəsinə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Vİ hissəsinə əsasən, Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. XV hissəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. 1.3-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. 2.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin aqreqat nömrələrində uyğunsuzluğun aşkar edilməsi göstərilmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, mübahisə predmeti avtomobilin ban nömrəsinin ətrafında qaynaq işləri aparılmış, avtomobilin zavod lövhəsi (birka) üzərində ban nömrəsi göstərilən sahə cırılmış, avtomobilin ön şüşəsinin alt hissəsində ban nömrəsi olması nəzərdə tutulan hissədə ban nömrəsi yoxdur və arxa sağ və sol qapılarında isə avtomobilin stasionar ban nömrəsinə uyğun olmayan digər bir ban nömrəsi vardır. Qeyd edilən hallar, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 07 dekabr 2021-ci il tarixli 21/1710a nömrəli tədqiqat haqqında arayışında göstərilmiş və iddiaçı tərəfindən də təkzib edilməmişdir. Bu hallar isə, ağlabatan mühakimə əsasında avtomobilin ban nömrəsinin dəyişdirildiyi və iddiaçının istinad etdiyi ban nömrəsinin həmin avtomobilə aid olmaması qənaətinə gəlməyə əsas verir. Nəzərə alınmalıdır ki, həmin avtomobilin üzərində digər bir ban nömrəsi də vardır. Belə olan halda, iddiaçının əməlində cinayət tərkibinin olmaması özlüyündə həmin avtomobilin dövlət qeydiyyatına alınmalı olmasını şərtləndirmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli, 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.5-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə texniki baxışlararası müddətlərdə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən avtonəqliyyat vasitələrinin istismarını qadağan etmək onları qeydiyyata alan orqanın əsas vəzifələrinə aiddir. DİN-in 16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X2 nəzarəti qaydaları barədə Təlimat”ın 1.4-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş texniki tələblərə və bu tələblərin icrası üzrə DYP-nin göstərişlərinə riayət etməlidirlər. Həmin Təlimatın 6.3.10-cu bəndinə əsasən dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrinin qeydiyyat sənədlərindəki yazılarla uyğun gəlməməsi, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta üsulla nömrələrin vurulması halları aşkar edildikdə sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, mübahisə predmeti olan “Toyota Prius” markalı 4238 (21) İX tranzit nömrə nişanlı, JTDKB20U983366969 ban nömrəli, 2007-ci il buraxılışlı avtomobilin ban nömrəsinin dəyişdirilməsi işin məhkəmə araşdırması ilə öz təsdiqini tapdığından, hazırkı iddia təmin edilməməlidir. Beləliklə, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, cavabdehin imtinası inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “avtomobilin dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-5527/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5527/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver