Məhkəmə qərarları › İş №2-1(112)-553/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-553/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-553/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, tərəflərin iştirakı olmadan, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.10.2020-ci il tarixli **********140920 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.10.2020-ci il tarixli **********140920 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səyyar vergi yoxlamasının nəticələrinə dair 02.09.2020-ci il tarixli **********189847 saylı aktına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə 2017-2018-ci il tarixli dövrləri əhatə edən müddətdə vergilərin güya azaldılması müəyyən edilmişdir. Nəticə də, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 19.10.2020-ci il tarixli **********140920 saylı qərar qəbul edilmişdir. Qeyd edilən qərar əsassız və qanunsuz olduğu üçün onun ləğv edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmişdir, lakin bu günədək müraciətinə cavab verilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 27.12.2018-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) birləşdirilmişdir və bu barədə Dövlət Vergi Xidmətində müvafiq qeydiyyat aparılmamışdır. Belə olan halda hansı əsasla 2019-cu il üçün "xxxx" MMC-yə vergi borcu yazılması qeyri-müəyyəndir, eyni qaydada 2017-2018-ci illər üçün vergi borcu olduğu halda MMC-nin digər MMC-yə birləşməsi mümkün olmazdır. Yoxlama zamanı aşağıdakı çoxsaylı pozuntulara yol verilməklə, "xxxx" MMC və onun hüquqi varisi "xxxx" MMC-nin qanunla qorunan hüquq və mənafeləri ciddi şəkildə pozulmuşdur. Vergi yoxlaması 13.09.2019-cu il tarixində başlamış və 02.09.2020-ci il tarixdə başa çatmışdır. Səyyar vergi yoxlaması qanunsuz olaraq dəfələrlə uzadılmışdır. 2017 və 2018-ci illərin mənfəət vergisi bəyannaməsi üzrə hesablama sənədlərin təqdim edilməməsi əsas gətirilərək Nazirlər Kabinetinin 55 saylı qərarı ilə təsdiq edilmiş vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergi hesablanmağı təklif edilmişdir. Müəssisənin etil spirtinin və alkoqollu işkilərin idxalı və topdansatışı ilə məşğul olduğundan bütün alışlar elektron qaydada əldə edilmiş gömrük bəyannamələri, satışlar isə elektron qaimələrdən ibarətdir. Başqa sözlə bütün əməliyyatlar, o cümlədən alışlar, satışlar, xərclər və ödənişlər tam rəsmi aparıldığından vergi orqanında asanlıqla əldə edə biləcəyi şəkildə elektron hökümət portalında mövcuddur. Bu məlumatların hər biri yoxlama aparan vergi orqanının əməkdaşına təqdim olunmuşdur. Səyyar vergi yoxlaması qanunvericilikdə nəzərdə tutulmuş müddətdə xeyli uzun çəkdiyindən yoxlama müddətindən yoxlama əməkdaşı dəyişmişdir. Bu dəyişiklik zamanı təqdim olunmuş sənədlərin yoxlama aparan vergi əməkdaşları zamanı bir-birinə düzgün ötürülməməsi və ya təhvil-təslim edilməməsi də mümkündür. Bütün bu qeyd edilənlər, o cümlədən pandemiya şəraitində karantin rejimi dövründə, xüsusilə elektron auditi imkanlarının genişləndiyi və mütərəqqi AVİS-nin mövcud olduğu dövrdə vergi orqanı tərəfindən bu məlumatları əsas almadan 55 saylı qərarın tətbiq edilməsi vergi məcəlləsinin 36.2-ci və digər maddələrinin kobud şəkildə pozmaqla qərəzli yanaşmasının nəticəsidir. Bundan başqa 2019-cu il mənfəət vergisi bəyannaməsi və 2019-cu ilin fevral ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 2017-ci ilin əvvəlinə mal qalığı, yoxlama dövrü üzrə idxal və daxili alış, yoxlama dövründə təqdim olunmuş mallar və birləşmə nəticəsində “Caçıoğlu Group MMC”-yə keçən mal qalığını əsas alaraq yaranmış fərqə ƏDV hesablamaq nəzərdə tutulmuşdur. Hesablama zamanı mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində malın dəyəri sətri nəzərə alınmış, lakin bir sıra malların maya dəyərləri mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində 221.15-ci sətrdə qeyd edilmişdir. Bütün bunlar, vergi orqanı tərəfindən əhəmiyyətli hal kimi nəzərə alınmamışdır. Bu da vergi orqanı tərəfindən vergi yoxlaması aparılarkən səthi yanaşılaraq bütün halların nəzərə alınmadığını göstərməkdədir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi" haqqında 12.09.2019-cu il tarixli **********189819 nömrəli qərarına əsasən "xxxx" MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01.01.2017-ci il tarixdən 30.09.2019-cu il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama 02.09.2020-ci il tarixli **********189847 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlanılan dövr üzrə müəyyən edilmişdir ki, vergi ödəyicisi faktiki olaraq alkoqollu və digər içkilərin idxalı və topdan satışı ilə məşğul olmuşdur. Cəmiyyətin hüquqi ünvanı ünvan 1ş, faktiki olaraq da orada fəaliyyəti göstərmişdir. Cəmiyyətin direktoru X2 olmuşdur. Yoxlama aparılması üçün qərar 12.09.2019-cu il tarixdə açılmış, həmin dövrdə də cəmiyyətin anbarında hər hansı qalığı olmamışdır. Yoxlama gedişatında “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" 13.09.2019-cu il tarixli **********189849 nömrəli Tələbnamə Cəmiyyətin rəhbəri X1 təqdim edilmiş Cəmiyyətin rəhbəri Tələbnaməni qəbul edərək imzalamışdır və sənədlər mövcud olmadığı üçün yoxlamaya təqdim edə bilməyəcəyini bildirmişdir və bu barədə 30.09.2019-cu il tarixli akt tərtib olunmuş həmin akt Cəmiyyətin rəhbəri tərəfindən imzalanmışdır. Bundan sonra "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" 16.10.2019-cu il tarixli **********191613 nömrəli Qərar çıxarılaraq Cəmiyyətin rəhbəri X1 təqdim edilmiş Cəmiyyətin rəhbəri Qərarı qəbul edərək imzalamışdır və sənədlər mövcud olmadığı üçün yoxlamaya təqdim edə bilmiyəcəyini bildirmişdir və bu barədə 17.10.2019-cu il tarixli akt tərtib olunmuş həmin akt Cəmiyyətin rəhbəri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi sənədləri və əşyaları həmin akt Cəmiyyətin rəhbəri tərəfindən imzalanmışdır. Vergi ödəyicisi sənədləri və əşyaları vermədiyi üçün Vergi Məcəlləsinin 43.11-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edilmişdir. Yekun olaraq Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 19.10.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********140920 nömrəli Qərar qəbul etmişdir. Həmin qərar 19.10.2020-ci il tarixində vergi ödəyicisinə təqdim olunmuşdur. "xxxx" MMC-nin 01.01.2017-ci il tarixdən 01.10.2019-cu il tarixə qədər olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması aktı ilə əhatə olunmuş və nəticəsi 19.10.2020-ci il tarixli **********140920 məsuliyyətə cəlb edilməsi haqqında qərarla rəsmiləşdirilmiş 1018653,98 manat vergi borcu hesablanmışdır. Yoxlanılan dövr üzrə müəyyən edilmişdir ki, vergi ödəyicisi faktiki olaraq alkoqollu və digər içkilərin idxalı və topdan satışı ilə məşğul olmuşdur. Cəmiyyətin hüquqi ünvanı ünvan 1ş, faktiki olaraq da orada fəaliyyəti göstərmişdir. Cəmiyyətin direktoru X2 olmuşdur. Cəmiyyət yoxlama dövründə artıq rəhbərin özününü müraciəti əsasında ləğv prosesində olduğu üçün, işçilər artıq olmamış, hər hansı bir digər əmlakı və nəqliyyatı olmamışdır. Belə ki, "xxxx" MMC-ti "xxxx" MMC-yə birləşdiyi üçün 19.12.2018-ci il tarixdə rəsmi təhvil-təslim aktı əsasında bütün əmlakları, borcları, iştirak payları "xxxx" MMC-yə keçmişdir. Yoxlama dövründə cəmiyyət faktiki olaraq fəaliyyət göstərməmişdir. Yoxlama aparılması üçün qərar 12.09.2019-cu il tarixdə açılmış, həmin dövrdə də cəmiyyətin anbarında hər hansı qalığı olmamışdır. Mənfəət vergisi üzrə: Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirin 12 644 076,55 manat, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlirin 7 118,64 manat, ümumi gəlirin 12 651 195,19 manat, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 60 728,58 manat, çıxılmalardan sonra ümumi gəlirin 12 590 466,61 manat ümumi gəlirdən çıxılan xərclərin 12 535 238,12 manat, Vergiyə cəlb olunan mənfəətin 55 228,49 manat, Mənfəət vergisinin 11 045,70 manat olduğunu göstərmişdir, Müəssisə tərəfindən alkoqollu içkilərin və digər malların müxtəlif vergi ödəyicilərinə təqdim edilməsi məlum olsada yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı hər-hansı sənəd, material hesabatı təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarına əsasən hesablanmışdır. Həmin qaydaların 6.1 -ci maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəəti müəyyən edilmişdir. Beləliklə vergi ödəyicisinin ********.35 manat ümumi xərcinə əsasən ********.62 manat gəlir müəyyən olunmuş, gəlirdən xərc çıxıldıqdan sonra vergiyə cəlb olunan mənfəət 2276280.27 manat, mənfəət vergisi 455256.05 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrində vergi məbləğinin 11045,70 manat olduğunu nəzərə alıb 444210.35 manat əlavə vergi və VM 58.1-ci maddəsinə əsasən azaldılmışdır. Müəssisə tərəfindən 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən malların təqdim edilməsindən gəlirin 5 548 140,89 manat, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlirin 8 644,08 manat, ümumi gəlirin 5 556 784.97 manat, çıxılmalardan sonra ümumi gəlirin 5 556 784,97 manat, ümumi gəlirdən çıxılan xərclərin 5 326 134,91 manat, vergiyə cəlb olunan mənfəətin 230 650,06 manat, mənfəət vergisinin 46 130,01 manat olduğunu göstərmiş, müəssisə tərəfindən alkoqollu içkilərin və digər malların müxtəlif vergi ödəyicilərinə təqdim edilməsi məlum olsada yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı hər-hansı sənəd, material hesabatı təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş, vergi ödəyicisnin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarına əsasən hesablanmışdır. Həmin qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəəti müəyyən edilmişdir. Beləliklə də vergi ödəyicisinin 5515116.31 manat ümumi xərcinə əsasən 6618139.57 manat gəlir müəyyən olunmuş, gəlirdən xərc çıxıldıqdan sonra vergiyə cəlb olunan mənfəət 1103023.26 manat, mənfəət vergisi 220604.65 manat olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrində vergi məbləğinin 46130.01 manat olduğunu nəzərə alıb 174474.64 manat əlavə vergi və VM 58.1- ci maddəsinə əsasən azaldılmışdır. Müəssisə tərəfindən 2019-cu il üzrə də mənfəət vergisi bəyannaməsi təqdim edilməmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Müəssisə tərəfindən 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilməmiş, müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yoxlama dövrünün əvvəlinə 3 834 685,19 manat dəyərində mal qalığı göstərilmişdir. Müəssisə tərəfindən yoxlama dövründə ********.55 manat dəyərində (invoys dəyəri 8294131.33 manat, idxal rusumu 738989.06 manat, aksiz 5969038.62 manat, digər rusum və vergilər 74215 manat, e-qaimə məlumatlarına əsasən əldə olunmuş malın dəyəri 107811.49 manat) mal əldə edilmiş, 15 513540 mal manat (2017-2018-ci illər üzrə mənfəət vergisi bəyannaməsinin 221.4-cü səturləri) dəyərində mal təqdim edilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 26.12.2018-ci il tarixə aşkar edilmiş 1 166 826.52 manat dəyərində mal birləşmə nəticəsində yaranan hüquqi şəxs Carçıoğlu Group MMC-yə (VOEN **********) keçmiş, yoxlama ilə 2338504.22 manat dəyərində malların faktiki olaraq mövcud olmadığı müəyyən edildiyi üçün Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş qaydalara əsasən vergi ödəyicisinin xərcləri əsasında gəlir müəyyən edilmişdir. Həmin qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəəti müəyyən edilmişdir. Beləliklə də vergi ödəyicisinin 2338504.22 manat ümumi xərcinə əsasən 2806205.06 manat gəlir müəyyən olunmuş, gəlirdən xərc çıxıldıqdan sonra vergiyə cəlb olunan mənfəət 467700.84 manat, mənfəət vergisi 93540.17 manat olduğu müəyyən edilmişdir. ƏDV üzrə: Müəssisə Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni Vergilər idarəsinə təqdim etmiş 23.04.2005-ci il tarixli **********54 saylı ƏDV ödəyicisinin qeydiyyat şəhadətnaməsini almışdır. Qeydiyyat 01,04.2002-ci il tarixdən qüvvəyə minmişdir. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yoxlama dövrünün əvvəlinə 3 834 685,19 manat dəyərində mal qalığı göstərilmişdir. Müəssisə tərəfindən yoxlama dövründə ********.06 manat dəyərində (tam qiyməti manatla 9104673.38 manat,idxal rusumu 738989.06 manat, 5969038.62 manat aksiz,74215 manat digər rusumlar və vergilər) mal idxal olunmuş, 107811.49 manat dəyərində e-vhf-si əsasında mal alınmış, 15 513540 manat (2017-2018-ci illər üzrə mənfəəət vergisi bəyannaməsinin 221.4-cü səturləri) dəyərində mal təqdim edilmiş, Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 26.12.2018- ci il tarixə aşkar edilmiş 1 166 826.52 manat dəyərində mal birləşmə nəticəsində yaranan hüquqi şəxs Carçıoğlu Group MMC-yə (VÖEN **********) keçmişdir. Bununla da Vergi Məcəlləsinin 67.15-ci maddəsində nəzərdə tutulmuş qaydada yoxlama dövrünün sonuna 3149046.22 manat dəyərində malın əskik gəldiyi aşkar olunmuşdur. 01.10.2012-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq 250.00 (ƏDV ilə birlikdə) manat olmaqla "xxxx" MMC (VÖEN **********-16002) tərəfindən icarəyə götürülmüş ünvan 2 ünvanında yerləşən 25 kv m ofis sahəsinin icarəsindən əldə olunan gəlirə uyğun olaraq 2019-cu ilin yanvar ayında 211.86 manat daşınmaz əmlakın icarəsindən gəlirə görə 38.13 manat, 2019- cu ilin fevral ayında 91.81 manat daşınmaz əmlakın icarəsindən gəlirə görə 16.53 manat ƏDV hesablandı. Ümumilikdə Vergi Məcəlləsinin 159.1 -ci maddəsinə əsasən əskik gələn mal və icarədən əldə edilən gəlir nəzərə alınmaqla 3149349.89 manat dəyərində vergiyə cəlb olunan əməliyyata görə 566882.98 manat ƏDV-nin azaldılması müəyyən olundu həmin məbləğdən kameral yoxlama ilə hesablanmış 76585.82 manat ƏDV çıxıldıqan sonra (kameral vergi yoxlaması ilə 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna əsas vəsaitlərin qalıq dəyərinin sıfır olmasını əsas götürərək 2019-cu ilin fevral ayı üzrə təqdim olunmuş ləvğ bəyannaməsinə 425 476.79 manat əsas vəsaitlərin təqdim olunmasına görə 76 585,82 manat ƏDV hesablanmış lakin həmin əsas vəsaitlər birləşmə nəticəsində yeni yaranan hüquqi şəxsə keçdiyi üçün kameral yoxlama ilə əsas vəsaitlərin təqdim olunması kimi təsdiqini tapmamışdır. O cümlədən 2017-ci İlin fevral ayı üzrə hesablanmış 185623.58 manat ƏDV təsdiqini tapmadığı üçün əsassız hesab olunmuş) səyyar vergi yoxlaması ilə 2019-cu ilin yanvar və fevral ləğv bəyannaməsinə 490297.16 manat, 2018-ci ilin mart ayına 828.00 manat ( 2018-ci ilin mart ayı üzrə əvəzləşdirilən yük gömrük bəyannamələri AR Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud olmadığı üçün əvəzləşməsi nəzərə alınmamışdır) ƏDV-nin hesablanması və ümumilikdə 491199.33 manat ƏDV-nin azaldılması,186708.77 manat artıq hesablanması müəyyən edilmişdir. Əmlak vergisi üzrə: Əmlak vergisinin yoxlanılması zamanı verginin 1308.26 manat azaldılması müəyyən edilmiş, azaldılmaya səbəb vergi ödəyicisi tərəfindən təqdim olunmuş mənfəət vergisi bəyannaməsinin əlavəsi ilə müqaisədə əsas vəsaitlərin qalıq dəyərinin düzgün əks etdirilməməsi olmuşdur. ÖMV üzrə: Ödəmə mənbəyindən tutulan verginin yoxlanılması zamanı 630.0 manat verginin azaldılması müəyyən olundu azaldılmaya səbəb Gəncə şəhəri, Yevlax şossesi 15 ünvanda yerləşən 169.5 kv.m sahəsi olan anbarın aylıq 500 manata vətəndaş X3 tərəfindən idxal MMC-yə icarəyə verməsi ilə əlaqədar həmin məbləğdən ödəmə mənbəyində verginin tutulmaması olmuşdur. Qeyd olunanlardan əlavə hesab edirik ki, məhkəmə ilk öncə iddianın mümkünlüyünü yoxlamalı daha sonra mahiyyəti üzrə işə baxılmasını davam etdirməlidir. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə 19.10.2020-ci il tarixli **********140920 saylı qərar yuxarıda da qeyd olunduğu kimi iddiaçıya 19.10.2020ci il tarixdə təqdim edilmişdir. Elektron məhkəmə sistemində əks olunan məlumatdan aydın olur ki, iddiaçı qərarı 11.01.2021-ci il tarixdə mübahisələndirmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddia ərizəsinə görə iddiaçının tələbi qərarın ləğv edilməsi tələbindən ibarətdir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ərizəsinə əlavə edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Apelyasiya şurasına edilmiş 29 oktyabr 2020-ci il tarixli “**********140920 nömrəli səyyar vergi yoxlamasının qərarından verilmiş” şikayətə əsasən görünür ki, iddiaçıya mübahisələndirdiyi qərar 2020-ci ilin oktyabr ayında təqdim edilmişdir. İddiaçı məhkəməyə iddia müddətini buraxmaqla müraciət etmişdir. Məhkəmə tərəfindən 22 iyul 2021-ci il tarixli məktub ilə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıdan Məcəllə ilə müəyyən edilmiş müddət buraxıldığı halda, buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edilməsi bildirilmiş, lakin iddiaçı tərəfindən məhkəməyə hər-hansı bir ərizə daxil olmamışdır. Həmçinin, məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclasları 09.03.2021-ci il, 22.07.2021-ci il, 08.09.2021-ci il, 29.12.2021-ci il və 09.03.2022-ci il tarixlərə təyin edilmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclaslarda hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndində göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.10.2020-ci il tarixli **********140920 saylı qərarın ləğv edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,32, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.10.2020-ci il tarixli **********140920 saylı qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar