Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5533/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «cavabdehin qərarının ləğv edilməsi və yeni müqavilə bağlanaraq bank ödənişlərinin davam etdirilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı «cavabdehin qərarının ləğv edilməsi və yeni müqavilə bağlanaraq bank ödənişlərinin davam etdirilməsi» tələbini irəli sürərək ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizədə bildirilir ki, iddiaçının şikayəti cavabdeh “xxxx” MMC-nin qanunsuz qərarındandır. Belə ki, ipotekaya qoyulan İsmayıllı şəhəri, Məhsəti küçəsi, 20 ünvanında yerləşən ev Bank tərəfindən 2017-ci ildə qiymətləndirilmiş və hərraca çıxarılmışdır. Həmin vaxtdan 4 il keçdikdən sonra “xxxx” ASC tərəfindən yenidən həmin evlə bağlı məsələlər gündəmə gəlmiş, evin açıq hərracda satılması təklifi qaldırılmışdır. Devalvasiya ilə əlaqədar 10.000 ABŞ dolları və yaxud 17.000 manatadək borcu restrukturizasiya olunması barədə qərar qəbul olunmuşdur. Amma bununla bağlı iddiaçıya bank tərəfindən pul vəsaitinin ödənilməsi və ya ödənilmiş kreditlərin müvafiq hissəsinin çıxarılması ilə bağlı heç bir məlumat verilməmişdir. İddiaçı hesab edir ki, qəbul olunmuş məhkəmə qərardadından məlum olduğu gündən 10 gün müddətində şikayət verə bilər. Ona görə də şikayət vermək hüququndan istifadə edərək, Bakı Kommersiya Məhkəməsinə şikayət verdiyindən və bu hal icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılmasına əsas verir. Hesab olunur ki, xxxxnin hərəkətləri qanunsuzdur. Həmin evin sahibi X1 16 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Göstərilənlərə və «İcra haqqında» AR Qanununun 17.1.7, 19.1.6, 87.1-ci maddələrinə, İPM-in 73.2-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 35, 149 – m151-ci maddələrinə, AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsaslanaraq, cavabdehin 10 mart 2021-ci il tarixli 01/738 nömrəli qərarının ləğv edilməsi, yeni müqavilə bağlanaraq bank ödənişlərinin davam etdirilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmə daxil olmuş “ərizə”də iddiaçı və cavabdehin göstərildiyini nəzərə alaraq, həmin ərizəni “iddia ərizəsi” kimi qəbul etmiş və bu halı formal xəta qismində qiymətləndirmişdir. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (2.2.4) inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); - (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Azərbaycan Respublikası Mülki Prosessuaıl Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, İddiaçı iddiası iki tələbdən ibarətdir: - cavabdeh “xxxx” MMC-nin 10 mart 2021-ci il tarixli 01/738 nömrəli qərarının ləğv edilməsi; - yeni müqavilə bağlanaraq bank ödənişlərinin davam etdirilməsi. Məhkəmə qeyd edir ki, cavabdeh “xxxx” MMC inzibati orqan olmadığından və onun məhkəmə qərarının icrası ilə əlaqəli olsa da, qəbul etdiyi qərar inzibati akt sayılmadığından, iddiaçının 10 mart 2021-ci il tarixli qərarının ləğvi tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçının ikinci tələbinə gəldikdə, ümumiyyətlə bu tələb mülki xarakterlidir və cavabdehin hansı orqan (qurum, təşkilat) olmasından asılı olmayaraq publik hüquq sahəsinə aid deyil. Ona görə də həmin tələb inzibati məhkəmə icraatında iddianın predmeti kimi çıxış edə bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5533/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5533/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver